Növbəti stansiya “Uzaqlar”... | MANERA.AZ
manera.az
İllərdir gözümü tavana zilləyib qurduğum xəyallar hələ də ayaqlarını sallayıb yuxarıdan aşağı mənə baxır. İçində bu qədər çıxıb getmək istəyi ola, ayağından bir iş gəlməyə. İşdir birdən uzaqlara gedəcək olsam, çamadanıma portlaşıq, əzik- büzük yığacam paltarlarımı, köynəyimin bir qolu çıxacaq çamadanın arasından. Mənim əvəzimə əl sallayacaq arxamda qalanlara. Paltar şkafımda illərdir atmağa əlim gəlməyən çiçəkli donumu saxlayacam, dönəsi olsam gəlib yenə geyinərəm. Tək gedişlik bilet alıb, aldığım gündən bəri hələ bir dəfə olsun geyinə bilmədiyim qırmızı dikdabanlarımla qaça-qaça çıxacam təyyarənin pilləkənlərini. İstanbula çatmamış uzun zamandır etmək istədiyim dəliliyi edəcəm: “durdurun uçağı, inecek var!” deyib qışqıracam. Düşüb sahil boyu dikdabanlarımı əlimdə yelləyə-yelləyə dayanmadan ayaqyalın gəzəcəm. Sonra Kız kulesinin saçlarından dartıb çəkəcəm yanıma, qarşılıqlı çay içəcik.
Sırf pizza yeməkçün “atüstü” İtlayaya baş çəkəcəm. Julia Robertsin “Eat Pray Love” filmində İtalyaya səyahəti zamanı spagetti yeyərkən tanımadığı insanlarla düşdüyü səmimi ortam, qazandığı dostlar əminəm ki, həmin restoranda oturub məni gözləyir.
Ah Paris, Paris.. Sənin dar küçələrində velosipedlə gəzərkən “press kiosk”ların birinin önündə dayanıb “Vogue” moda dərgisindən alacam. Vərəqlərindən quş düzəldib uçurdacam. ps: Bu fransızların geyim tərzini heç anlamıram. Hündürlük fobiyamı liftlə aşağı endirib özüm mütləq Eyfelin zirvəsinə qalxacam. Görüm doğrudan da fransız xalqı kef edir, ya yox...
Deyilənə görə, Big Ben dünyada zamanı dəqiq göstərən yeganə saatdır. Qoluma taxdığım saatlar heç vaxt zamanı düzgün göstərmir nədənsə. London səfərimdə mütləq mən də Girfield kimi Big Benə söykənib şəkil çəkdirəcəm. Bunu həmişə arzu etmişəm.
Atlantik okeanın ta o tayına keçib New-Yorka səyahət edəcəm. Səni sevirəm New-York. Çoxdandır səndə itirdiyim “rəfiqəmi” axtarmağa gəlirəm. Brodvey küçəsində keçirəcəyim sərgidə ümidvaram ki, onunla qarşılaşacam. Onunla birlikdə havanın 00 temperaturuna inad New-Yorkun küçələrini dondurma yeyə-yeyə qarış-qarış gəzəcəm.
Hə.. Getmək lazımdır bəzən, daha artıq yormadan, daha çox bezdirmədən.. Əgər zamanıdırsa, arxana belə dönüb baxmadan. Can Yücəl bu sözləri yazarkən yəqin mənim kimi xəyalları tavandan asılı qalıbmış. Deyirlər, xəyallarınızın ardınca qaçın, onsuz da bir gün yorulacaqlar. Xəyallarımızın yorulması ümidi ilə.. Qapılar bağlanır. Növbəti stansiya “uzaqlar”..
MANERA.AZ