Koronavirus və tənhalıq
COVID-19 və tənhalıq barədə aparılan iki yeni tədqiqat ziddiyyətli nəticələr ortaya çıxarıb.
Koronavirus pandemiyası bir çox sahələrdə itkilərə səbəb olub. İşin itirilməsi, həyatın itirilməsi, təhlükəsizliyin itirilməsi və nizam-intizamın itirilməsi kimi. Bir çox insanlar böyük əzab-əziyyətlər yaşayırlar, tənhalıq da ictimai sağlamlıq sahəsində getdikcə qabaran problemlərdən biridir. Amma faktlar göstərir ki, həqiqət bizim düşündüyümüzdən də mürəkkəbdir. Bu sahədə aparılan iki yeni tədqiqat işi COVID-19 karantinləriylə tənhalığın dərəcələri arasındakı əlaqələri əks etdirən ziddiyyətli nəticələr ortaya qoyub.
Birləşmiş Krallığın tədqiqatı Birləşmiş Ştatların tədqiqatına qarşı
İlk tədqiqat Birləşmiş Krallıqda aparılıb. 2020-ci ildə aparılan tədqiqat Birləşmiş Krallıqdakı karantinin səbəb olduğu tənhalığı araşdırıb. Burada Psixoloji Sağlamlıq Tədqiqatının COVID-lə bağlı martın 23-dən aprelin 24-nə qədər topladığı data məntiqi reqressiya analizindən keçirilməklə təhlil edilib. Məqsəd tənhalıq məsələsində itimai-demoqrafik, ictimai, tibbi və COVID-19 faktorlarını tədqiq etmək olub.
Araşdırma nəticəsində məlum olub ki, ümumən insanların tənhalıqdan əziyyət çəkməsi artıb. Xüsusilə gənclərin, ayrılanların, boşananların, əvvəldən depressiyada olanların, emosiyalarını idarə etməkdə çətinlik çəkənlərin və pandemiya səbəbindən yuxu problemləri yaşayanların tənhalıqdan geniş miqyasda əziyyət çəkdiyi müəyyən olunub.
Bunun əksinə, ABŞ-da aparılan tədqiqat işində isə karantin zamanı tənhalığın səviyyəsində artım qeydə alınmayıb. 2020-ci ildə aparılan bu tədqiqat karantinin səciyyəvi həssas qruplara göstərdiyi təsirləri araşdırıb. Tədqiqat işi müxtəlif dövrlərdə amerikalı yetkin insanlara fokuslanıb: 2020-ci ilin yanvarın sonu/fevralın əvvəlinə; martın sonuna və aprelin sonuna. Bu araşdırma zamanı tədqiqatçılar üçün panel şirkəti olan “Dynata” yolu ilə həyata keçirilən onlayn “Qualtrics” sorğusundan istifadə edilib. O, iki baza qiymətləndirməsindən və iki əlavə qiymətləndirmədən ibarət olub.
Tapıntılar yalqız yaşayan və ən azından bir xroniki xəstəliyi olan insanların özlərini ümumən tənha hiss elədiklərini, amma Birləşmiş Krallıqdakı tədqiqatdan fərqli olaraq, karantin dövründə özlərini daha da tənha hiss etmədiklərini göstərib. Bu tədqiqat işində tənhalığın dərəcəsində əhəmiyyətli artım aşkar edilməyib, əksinə “insanların koronavirusa qarşı heyrətamiz müqavimət göstərdiyi” müşahidə edilib.
Bu cür ziddiyyətli tapıntıları biz necə həll etməliyik?
Əlimizdə bu cür ziddiyyətli tapıntılar varsa, COVID-19 pandemiyası və davamlı karantin məhdudiyyətləri zamanı tənhalığın dərəcəsində həqiqətən artımın olub-olmadığını necə müəyyən edə bilərik?
Bu suala cavab tapmaq üçün hər iki tədqiqatda istifadə edilən müxtəlif metodologiyaların analiz edilməsi vacibdir. Ümumiyyətlə, bütün faktorlar içərisində ən gözəbatanı yaş fərqidir. Belə ki, əgər Britaniyada tədqiqat zamanı ortalama yaşı 37,11 olan 1964 nəfər arasında sorğu keçirilibsə, Amerikalıların tədqiqatındakı sorğuda iştirak edən 1545 nəfərin ortalama yaşı 53,68 olub. 16,57 ili əhatə edən bu yaş fərqi çox vacibdir. Bununla belə, həm Amerika, həm Britaniya tədqiqatı qeyd edib ki, tənhalıq hisslərinin artımı üçün gənc yaş risk faktorudur.
Axı belə bir fərq nədən qaynaqlanır? Nəyə görə, yaşlı insanlar sanki daha yaxşı vəziyyətdədirlər?
Ziddiyyətli nəticələrə dair veriləcək bir izah yaşlı subayların sosial izolyasiya situasiyalarına artıq uyğunlaşması ilə bağlı ola bilər. Bu əhali qrupu təbii ki, Birləşmiş Ştatlardakı sorğuya qatılmışdı, buna görə də nəticələrə əhəmiyyətli dərəcədə təsir göstərə bilərdi.
Bu ehtimalın arxasında dayanan məntiqin açılması üçün biz uzun müddət tək olan əhali qrupunun məxsusi keyfiyyətlərini daha yaxşı qavramalıyıq.
Bu barədəki vacib bir tapıntı "Xoşbəxt Subaylıq" kitabında belə göstərilib:
“Uzun subay həyatı olan kəslər sosiallaşma üçün fürsətlər axtarmağa öyrəşiblər, buna görə də bir qayda olaraq, onların ətrafında indentifikasiya qurduqları güclü ictimai şəbəkələr olur. Hətta sərt tənqid, ittihamlar, sosial izolyasiya, qəfil həyati dəyişikliklər belə çətin ki, onların şəxsi ovqatına, bununla bağlı olaraq da xoşbəxtlik səviyyələrinə təsir edə bilsin”.
Yəni, uzun müddət tək olan insanlar ictimai həyatlarındakı kəskin dəyişikliklərin öhdəsindən gəlmək üçün daha hazırlıqlıdırlar. Onlar ictimai şəbəkələrindəki kəskin dəyişikliklərə də daha yaxşı müqavimət göstərirlər, çünki əllərində bunun üçün daha çox alət var.
Məhz bu səbəblərə görə, yaşlı subayların uzun illər ərzində qurduqları yüksək-keyfiyyəli şəbəkələr və özlərinə verdikləri dəyər sayəsində onların karantin dövründəki izolyasiyadan daha az təsirləndiklərini demək mümkündür. Yaşlı subaylar sosial həyatlarındakı sərt dönüşlərdən salamat çıxmaq üçün daha yaxşı təchiz olunublar.
Dərs
Əgər bu izah doğrudursa, yaşlı subayların pandemiya dövründəki təcrübələrindən öyrənəcək çox dərs var deməkdir. Sosial təcrid faktının yayğınlaşmasına, karantin rejimlərinə düçar olmalarına baxmayaraq, insanlar ictimai məmnunluq təcrübələrini artırmağa layiqdirlər. Yüksək keyfiyyətli sosial şəbəkələr yaratmaq və özünə qayğını prioritet hala gətirmək isə, cavanlara ictimai izolyasiyadan can qurtarmağa və yaşlı subayların yaşadığından daha az tənhalıq dərəcələri yaşamağa kömək edə bilər. /bilge.az/
Abiqail Vikokur
Yəhudi Universitetinin Rotberq Məktəbinin elmi əməkdaşı