manera.az
manera.az

Bir yuxudur gerçək olan, bir həyat - Yeni şeirlər

📅 01.02.2021 10:02

Bir yuxudur gerçək olan, bir həyat - Yeni şeirlər
MANERA.AZ gənc şair Səddam Laçının yeni şeirlərini təqdim edir:

Yuxu

Yum gözünü, bəlkə hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldir,
Oyanma.
Oyandınsa, yuxulara inanma.

Bir yuxudur gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.

Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki, ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla qızım, utanma.

Bir eşqi ki, qurban verdik bir səhvə,
Yüz dəfə də "gəlmə" desəm, bir dəfə
Gəl, amma
Evdə səni gözləyirlər, yubanma.

Şeir qız

Eşqin qəzəlini yazan adamın
Yazdığın ən gözəl yazan adamın
Yaza bilmədiyi yeganə kəssən.
Addımın səridir, yerişin xəfif,
Dodağın qafiyə, kirpiyin rədif,
Sən özün şeirsən, sən mənə bəssən.
Sən ömür nuş edən, sən nifrət qusan,
Sən mənim qəlbimdə ömürlük susan,
Beynimin içində duyulan səssən.

Bir qarışlıq adam

Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.

Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik
Ürəyin dünya boyda olsa da, biz bilirik -
Bir qarışlıq adamsan.

Saçında ağ tellərin qaralarla yarışır
Belə də davam elə, sənə də bu yaraşır -
Tam yarışlıq adamsan.

Gözlərindən axanlar gözünə bir də baxmır
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?

Ahın yerdən göylərə, heç çatmasın, əzizim
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.


***
Gedəndə bir "sağ ol" de,
Nə vaxtsa qarşılaşsaq,
Salamlaya biləsən.
Ay yarımçıq qalanım,
Məni tam anladın ki
Tamamlaya biləsən?

Biz ayrılan axşamı
Sən elə "hey gedirəm",
Mən isə boynu bükük,
Ancaq "qayıt" demişdim.
Yadındadır, gedəndə
Sən bir "sağ ol" demişdin,
Mən "sağ qayıt" demişdim...

Qadınsan

Yaman kövrək olmuşam, ürəyim dərd tapalı
Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı
İnandığım qadınsan

Heç kəsim yoxdur axı, dərdimi ovutmağa
Göz-gözə gəlmək nədi, əllərindən tutmağa
Utandığım qadınsan

Sən ayrısan əzizim, ifadə etmək olmur
Gözlərindən uzağa gördüm ki, getmək olmur
Dayandığım qadınsan

Səndə həqiqət tapıb, inanmışam sevgiyə
Hər doğulan günəşlə daha çox sevim deyə
Oyandığım qadınsan


***
Çalış göz-gözə gəlmə, vədə vermə axşama
Sənə alışmayıblar, girmə könül baxçama
Çiçəklər qısqanırlar

Ən gözəl rəssam mənəm, bu da əsərim deyib
Qurban olduğum Allah, elə gözəllik verib
Mələklər qısqanırlar

Üz çevirib gedirsən, getmə, qayıt deyəndə
Dağınıq saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.

Şeirlik adam

Xəyal qurma, Ay üzlüm,
Ömür icazə verməz.
Elə ömür demişkən,
Mənim nə ömrüm var ki?!
Dörd fəsillik adamam.
Ömür qısa, arzu çox,
Mən şeir müəllifi yox,
Tam şeirlik adamam.

Məni sevmə, əzizim,
Sən bir ömürlük qadın,
Mən bir illik adamam.

Adsız qız

Biz tərəflər nə qəribə yerlərdi belə
Burada eşitmədiyi adını təmiz saxlamaq üçün yaşayan qızlar
Bətnlərində uşaq, çiyinlərində uşaqlıq daşıyan qadınlar var

Burada qızlara adları sadəcə şəxsiyyət vəsiqəsi boş qalmasın deyə qoyurlar
Burada qızlara heç adları lazım da olmur.
Onları tanıyanlar da adları ilə deyil
filankəsin böyük qızı, bəhmənkəsin ortancıl gəlini kimi tanıyırlar
Birinin bacısı kimi, birinin arvadı kimi hörmət edirlər

Biz tərəflər nə qəribə yerlərdi belə
Burada anası qocalar evində olanlar üçün də
Ən ağır söyüş ana söyüşüdür

" Biz hər şeydən cütlər ( erkək və dişi) yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız"
Biz tərəfdə ateistlər belə Allahın bu kəlamına iman gətirir
Hətta xəyanətin belə erkəyinin, dişisinin olduğuna inanırlar
Kişilər xəyanət edəndə ayıb olsun,
Qadınlar xəyanət edəndə ölüm olsun deyirlər

Biz tərəflər nə qəribə yerlərdi belə
Nələr demirlər ki, burada
Sonu hamı kimi ölüm olan qadınlara doğmursa "sonsuz"
Doğursa da onsuz bir söz tapıb deyirlər



***
Sinoptiklər deyir ki,
Uzağı bir həftəyə
Boran gəlir, qar gəlir

Biri çıxıb demir ki,
Bakıya qış yaraşmır
Buz kimi insanların
Küləklər şəhərinə
İki bədən dar gəlir

Günəşin olmamağı
Gün görməyən şəhərin
Bütün eyiblərini
Gün üzünə çıxardır

Bakı da öz güvənli,
Kilolu model kimi
Arsız, incə bel kimi
Həqiqətin önündə
Nahaq şivən qopardır

Bu şəhər insanlaşıb
Arıqlamaq yerinə
Onu arıq göstərən
Əlbisələr axtarır

Gözünə sürmə çəkir
Qaşı yadından çıxır
Ayağına çatanda
Başı yadından çıxır
Bəzən lap uşaqlaşır
Yaşı yadından çıxır

Bakıya nə uşaqlıq
Nə də ki, qış yaraşır


Baxış sayı - 1 672 | Yüklənmə tarixi: 01.02.2021 10:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031