manera.az
manera.az

Sevəndə uşağıydım, ayrılığın böyütdü - Şeirlər | Manera.Az

📅 19.12.2020 12:59

Sevəndə uşağıydım, ayrılığın böyütdü - Şeirlər | Manera.Az
MANERA.AZ Vasif Süleymanın təqdimatında Mücirəddin Mübarizin şeirlərini təqdim edir:

Görsən məni xatırla

Qoyar yol ayrıcında bu vaxt bu zaman bizi,
Bir gün kəsər səsini göz yaşı yağışların.
Qanadlarının altı gecələr ana dizi,
İşıq dirəklərində yuxulayan quşları—
Görsən məni xatırla.

Ocağı sönən hisslər qaynayır da, daşır da,
Qarışmaz təbəssümə ürəyinin göynəyi...
Xəyal baş alır görsə əlləri çamaşırda,
Zümzümə sədasıyla balaların köynəyin-
Sərsən məni xatırla.

Canın canı yansa da qəsdlər könüllərdədir,
Qurtarmadı nədənsə imdadım,dadım məni.
Ən uca abidələr, büstlər könüllərdədir,
Unutsun daş üstünə yazılan adım məni –
Bir sən məni xatırla...

Nə yaxşı sevdim səni

Köksümdə şirin ağrı nə şiddətlən ,nə də kəs,
Sənsizliyi danışır səssizlikdən gələn səs...
Ay könlümdə həsrəti ana qədər müqəddəs,
Nə yaxşı sevdim səni!

Yaslı ruhu sən toya, büsata qaytarmısan,
Duran vaxtı,zamanı saata qaytarmısan,
Ölən həyat eşqimi həyata qaytarmısan,
Nə yaxşı sevdim səni!

Ya yol, ya ömür bitə, göz yoldan yığışardı,
Sənsiz heç bir gedişin yox xoş sonu, xoş ardı,
İçimdəki boşluğa bir dünya sığışardı,
Nə yaxşı sevdim səni!

Bir vaxtı mənimyidi o quş çalan qanadlar,
İndi isə varlığım yolundan çıxan qatar,
Hər canım acıdıqca dilimdə tək kəlmə var,
Nə yaxşı sevdim səni!

Xəyalınla doludur yaddaşımın hər qatı,
Ya zümzümən olaydım , ya sevdiyin bayatı.
Atsan götürməzdi it yaşadığım həyatı,
Nə yaxşı sevdim səni!

Səni elə sevmişəm

Könlümün uman yeri ayağının tapdağı,
Bu təklik şəhərində evim var,ünvanım yox.
Nə qaldıra bilirəm daş dolu yaşamağı,
Nə yolunda ölməyə bir məzarlıq canım yox.
Səni elə sevmişəm!

Dünyam oldu dünyada dünyalıqdan devrilən,
Sənsiz hər gün çıxmada ruh bədəndən tər kimi.
Səngərində ümidi qəlpələrə çevrilən,
Sonuncu mərmisinə sarılan əsgər kimi-
Səni elə sevmişəm!

Mən səni düşünəndə yas düşür, toy dağlışır,
Bir ürəyə qənimdir fəlakətlər beləcə.
Hisslərimin sadəlövh dalğaları qarışır,
Faciəvi röyadan ayılıram hər gecə-
Səni elə sevmişəm!

Aldığın nəfəsin də ağ yalana dönəndə,
Darıxmağın yerinə boğazını udarsan...
Axı gözəlləşəndi qadınlar seviləndə,
Görünsə sevgim gözə tanrını unudarsan-
Səni elə sevmişəm!


***
Günəşə qapı açmır pəncərəmin pərdəsi,
Kəsdin ümidlərimi məni zülmətdə qoydun.
İçimi silkələdi qəlbimin haray səsi,
İşıq dirəklərində donan quşlar da duydu.
Bir tək sən eşitmədin...

Bilsəm mənzilin hara,hardan gəlib keçirsən,
Dönəm bir qərib daşa yollarında don durub.
Mənimlə qəsdin nədir? Axı neyləmişəm nən?
Gözlərimin yaşını yanağımda dondurub-
Dağları üşütmədin!

Sənə dünya doğmadı, mənə köhnə bir tanış,
Arzuların qoynunda qəbirdə neçələri...
O qız xəyallarında arada yerdən danış,
Sən şəhərdə şah yolu, mənsə kənd küçələri.
Mənimlə kəsişmədin...

Bir onu bilirəm ki

Unutmağı bacarmır səni sevən bu fərsiz,
Hərdən yada düşürsən,göynəyir yaddaş yerim.
Məni sənə aparır hər yol, hər cığır, hər iz,
Könlümün indi əziz düşməni öz gözlərim-
Bir onu bilirəm ki...

Mən də baxar kor kimi göz tikirəm bir yerə,
Gözlərimin önündən arzular keçib gedir.
Ümidlər parçalandı, dönüşdü zərrələrə,
Ömür - gün yas içində taleyim köçüb gedir-
Bir onu bilirəm ki...

Bu payız havaları içimə elə hopdu,
Səndən gələn bu hicran saralsaydı nə dərdim.
İsmin çəkilən yerdə köksümdə ağrı qopdu,
Hər aldığım nəfəsi sonuncu dəfə dərdim-
Bir onu bilirəm ki...

Gecəmə gecə qatır yuxu qovan fikirlər,
Şam işığı qəlbimi misra - misra əritdi.
Torpağa açılacaq tanrı bilən bu sirrlər,
Sevəndə uşağıydım, ayrılığın böyütdü-
Bir onu bilirəm ki...


***
Qoxla körpələrini ciyərinə yayılsın,
Huşsuz hissin ayılsın.
Gözlərində gülüşü cild - cild dərc elə,
Sat ağrını, xərc elə.
Pəncərən ağlayanda qoşulma buludlara,
Bax çırpınan quşlara.
Xəyalları səfərdə yağan yağışa baxma,
Axma, yollara axma.

Arzulara ayaq aç, diləklərin üstə get,
Sevinci təsəvvür et.
Saçını daramağa ayna gəzsin həvəsin,
Əllərin inciməsin.
Edam eyləyir məni könlündə düşən yasın,
Qaşların çatılmasın.
Səni xoşbəxt görəndə göyərir qara daşım,
Mənim gizli sirdaşım.

Bil, köksündə acılar bir gün tufan qoparsa,
Uçar nəyim vardısa...
Gülüşlərin dağların əridər qarın, qalmaz.
Sən güldüyün gündü yaz.
Ürəyini buz kimi, yuvanı isti saxla,
İsin evlə, otaqla.
Yad olma bu həyata alış, darıxmayasan,
Bilirəm, deyil asan-
Çalış darıxmayasan.

İllərin yorğunluğu gözlərində mürgülər,
Baxışın dərd sərgilər.
Tutub göyə çıxası içində yağan dolu,
Yanağın Araz qolu.
Günəş də qaşlarına yas saxlayır bəlkə də,
Dünya qalıb kölgədə.
Ürəyinin yanğısı ovucumu tərlədir,
Necə də qəribədir...

Əllərin toxunan gül çiçək açar fəsilsiz,
Barmaqların misilsiz.
Üzündə təbəssümü görmək arzum səfərbər,
Dodağın ümid kəsər.
Gülsən, zülmət otağa elə bil ki, gün düşər,
Könül açar gülüşlər.
Dəryalar xəfif mehdən dalğalanmaz , əzizim,
Sakitləş ay dənizim.

Misralar kəpənək tək işığına yığışar,
Düşüncələr dağlışar.
Salıb ömürdən belə illəri pərən-pərən,
Axtarma, yoxdur görən.
Bugünlər, gələcəklər zamanla vidalaşır,
Gün qaynayır, vaxt daşır.
Yorulub çiyinlərin dizlərinə düşməsin,
Yer göyə birləşməsin.


***
Xəyallar gedən yerə dəyməz insan ayağı,
Milyon işıq ilidi uzaq düşən yaxınlar...
Aqibəti ağrılı könül edən sorağın,
Çox vaxt ümidsiz ölür ümidlə yaşayanlar.

Hər addımı başında arzuların nöqtəsi,
Düşünənin varlığı ruhu sarankölgədi.
Gözlərində keçilən nəyinki yer kürəsi,
Darıxan adamlara nəfəsi yad ölkədir.

Gərək dözə biləsən ağrısız ağrılara,
Gərək səsin çıxmasın acı daldalananda.
Gərək boş təsəllilər baş aldada bir sıra,
Gərək sıxılmayasan təkliklə tək qalanda.

Ürək yetim uşaqlar arzu yazan divardı,
Tanrı əlifbasında oxu istər sirrini.
Ömür candan illərin yorğunluğun çıxardır,
Ciyərdən çıxan nəfəs boş qoyanda yerini.

Beyləqan rayonu


Baxış sayı - 742 | Yüklənmə tarixi: 19.12.2020 12:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031