manera.az
manera.az

Əyil səndən keçim dünya - Ağamalı Sadiqin şeirləri

Əyil səndən keçim dünya - Ağamalı Sadiqin şeirləri
MANERA.AZ "Unudulmazlar" rubrikasında unudulmaz şair Ağamalı Sadiqin şeirlərini təqdim edir:


***
Məmməd İlqara

İşdi bir gün məni səndən sorsalar
De ki, o da yandığını yazardı.
De ki, onu alıb getdi ruzigar,
O hardasa indi bir tək məzardı.

De ki, onun umacağı yox idi,
Nə qohumdan, nə yaxından, nə yaddan,
De ki, onun gözü-könlü tox idi,
Əli açıq köçüb getdi dünyadan.

De ki, o da belə, bir cür adamdı,
Qohum-qardaş susamışdı qanına.
De ki, bir gün bu dünyaya sığmadı,
Uçub getdi yaradanın yanına.

De, yurdunda yalqız idi o qərib,
Damağında doğma torpaq, daş dadı.
De hardasa məzarından göyərib,
Bəlkə yenə yaşamağa başladı.


***
Görürəm arabir gileylənirsən,
Deyirsən, kasıblıq, eh nəyimiz var?
Gülüm, səni necə inandırım mən,
Ürəyi dolunun evi boş olar.

Hamıya bir baxmaz taleyin gözü,
Kimi şirə çəkər, kimi qəm çəkər.
Sən dağlar qızısan, axı, əzizim,
Dağların zirvəsi daim nəm çəkər.

Demə boş xəyaldı bu dediklərim,
Az-çox baş tapıram dünya işindən.
Bilsəm ürəyində üşüyür yerim,
Heç zaman bu evə qayıtmaram mən.


***
Mən elə bilirdim ki, kəsirlər məni,
Kəsirlər obanın, elin içində.
Qulağı eşitmir ana vətənin,
Ölürəm bir sonsuz zülm içində.

Ölürəm, meşənin vecinə deyil,
Ölürəm yanımda qardaşım, bacım.
Bu qoca palıdlar kordu elə bil,
Kordu bu fələk də, kordu, anacan.

Bu quzey kollara çətin gün düşər,
Bu xəlvət dərənin əriməz qarı.
Bir qozbel kişiyə qalıb bir müşə,
Ağacın düzünü kəsib aparır.

Baltalar endikcə içim göynəyir,
Sanki gözlərimi oyurlar, ana.
Düz ağac Nəsimi dönməzliyidi,
Soyurlar dönməzi soyurlar, ana!

Soyurlar səhrada, eldə, obada,
Kəsirlər aranda, dağda, meşədə.
Bütün qozbellərin əli baltalı,
Bütün əyrilərin canı şüşədə.

Bu dünya uyuyur bu keşməkeşə,
Torpaq günahkarmı, yer günahkarmı?
Bir qozbel kişiyə qalıb bir meşə,
Ağaclar qorxudan əyri göyərir
Gərən bu torpağın sahibi varmı?
Görən bu millətin sahibi varmı?

Dağlar

Yenə könlüm sizi yaman arzular,
Ayrılıqdan çəkdim aman, a dağlar
Saz da yoxdu çalam dərdim dağılsın
Həmdəm olmur mənə kaman, a dağlar.

"dilqəm" üstə sükutları pozaydım,
Soyadımı budaqlara yazaydım,
Çən gələydi , Çınqıllıda azaydım,
Bürüyəydi məni duman, a dağlar.

Qarağatı salxım-salxım dərəndə,
Əvəliyi dəstə-dəstə hörəndə,
Kol dibində körpə bulaq görəndə,
Döyünər qəlbimdə ümman, a dağlar.

Sadiq Qurban bəyaz-qulac qollara,
Zülf dağılıb, dodaq batıb ballara,
Həsrət-həsrət boylanırmı yollara,
O ay qabaq, qaşı kaman, a dağlar.

Kaş sağlıq olsun

Doğma oylaqların həsrətindəyəm,
Gedib görüşərəm,kaş sağlıq olsun.
Küskün bənövşənin yanaqlarından.
Öpüb barışaram, kaş sağlıq olsun.

Bilirəm sonalar yenə dillənib,
Çaylar məcrasından daşıb sellənib,
Yaşıl talalara şeir çilənib,
Yığıb döşüyərəm kaş sağlıq olsun.

Dumana dönmüşəm,dağ dumanları,
Oduydum sönmüşəm, dağ dumanları,
Sizi çox anmışam,dağ dumanları,
Gəlib qarışaram kaş sağlıq olsun.

Sevdası sinəmdə yanan torpağa,
Dosta-dost,düşmənə yaman torpağa,
Məndən təzə şer uman torpağa.
Bir dastan qoşaram,kaş sağlıq olsun.

Ətri gəlir

Bu gövhər torpağı əyil sən də öp,
Qışda da qoynundan yaz ətri gəlir.
Bulaqlar çəkilib buz gərdəyinə,
Hələ şəlalədən saz ətri gəlir.

Sinəsində həsrət,saçlarında dən,
Min şair keçibdi Muğan düzündən.
Amma bu ceyranın qara gözündən
Yenə yazılmamış söz ətri gəlir.

Baharda qoynunda binə saldığım,
Güllü güneyində tütək çaldığım,
Bu qarlı dağlardan,qurban olduğum
Vətən torpağının öz ətri gəlir.


***
Bu dünyanın axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçəndə daşa dəydi inadım,
Korun-korun,gilə-gilə yaşadım.

Sən əylənmə,aylı dağda qar azdı,
Mənim yolum Həkəridi,Arazdı
Görən yazan taleyimə nə yazdı?
Göz yaşımı silə-silə yaşadım.

Babam dedi-ulusun var,elin var.
Nənəm dedi-danışmağa dilin var.
Mən fağırın qabağında ölüm var.
Ölümümü bilə-bilə yaşadım.

Azərbaycan

Misqal, misqal
İnfarktıma
Köçən ana!
İçin- için kövrələn
Oğul- oğul,seyrələn, ana!

Dünənin şöhrət çələngi başında
Urusetə ruzi dalınca
qaçanlara bax.
Soruşsan türkəm deməyə
dili gəlməz ancaq.

Dili gəlməz desin acam.
Vətəndə çörəyə, suya
möhtacam.

Bu vətən nə verib ona?
Yaşı qırxı keçib
evi yox, ünvanı yox.
Qansız ha doğulmamışdı
içini sorublar
Damarda bir qaşıq
isti qanı yox.

Baxışları buz kimi,
Arzuları buz kimi,
Arzuları oxam-oxam.
- Acsınız, çörək kəsin, əfəndi.
- Əfv edin, müsyö, toxam,
- Əfv edin, ser, toxam...


***
Dünya, sənin anan ölsün,
Bic oğlu bic dünyasanmış.
Hayıf mənim göz yaşıma,
Sən ki, gülünc dünyasanmış.

Çırpındım, uça bilmədim,
Barından keçə bilmədim.
Elə qapıların oldu,
Qılıqsız aça bilmədim,
Anana ölsün gidi dünya.

Səni deyib gələnə bax,
Gəlir ağlaya-ağlaya.
Səndən dönüb ölənə bax,
Ölür ağlaya-ağlaya.

Bu necə hərəkətdi, dünya?
Bu zəmin kim becərdi?
Kim yedi, tükətdi, dünya?...

Bundan anrı ucalım yox,
Dayanmağa macalım yox,
Yüz dəfə öldüm, dirildim,
Mənən adəməm, acalım yox
Əyil səndən keçim, dünya!

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31