manera.az
manera.az

Pandora qutusu - Hekayə

📅 26.11.2020 15:27

Pandora qutusu - Hekayə
“Doğrudan da bəla elə bir şeydir ki, hamının başına gələ bilər, amma bəla başının üstünü alanda belə, adam onun varlığına inana bilmir”.
Alber Kamyu “Taun”

Ağrı-acı, xəstəliklər, ölüm kimi içimizdə sıxıntı doğuran, həmişə özümüzdən qovmağa çalışdığımız mövzular barədə çox tez-tez düşünürəm. Uşaq ikən fikirləşirdim ki, həyatda belə şeylər olmur, hamısını yalandan uydurublar, hadisələri gərəyindən artıq şişirdib camaatı qorxutmağa çalışırlar. Axı adam niyə ağrı-acı hisslərini keçirsin, yorğan-döşəyə düşüb əzab-əziyyət çəksin, sonra da dünyasını dəyişsin?

Daim haralardasa, kimlərinsə başına bir iş gəldiyini, insanların nəinki öldüklərini, hətta ölümdən də betər hallara düşdüklərini eşidirdim. Keçmişdə də - insan yaranandan - saysız faciələr olmuşdu. Min bir dərd-bəlayla üzləşilib tarixin keşməkeşli, məşəqqətli yollarından keçilmişdi: müharibələr, təbii fəlakətlər, xəstəliklər, epidemiyalar... Həyat irəliləyərkən milyonlarla adam dünyasını dəyişib, zamanın dibsiz dərinliyindəcə yoxa çıxıb. Amma kim nə desə, kitablar nə yazsa da, mən öz sadəlövh, uşaq ağlımla bunlara inanmırdım. Bədbəxtliklərin bizdən uzaq olduğuna əmin idim. Ən azından yaxın çevrəmdəkilərdən, ailəmdən, ya da təkcə məndən uzaq idi. Bəlkə də, belə düşünmək, buna inanmaq istəyirdim sadəcə, bilmirəm.

Mən heç vaxt ağıllı, məsuliyyətli, sözeşidən bir uşaq olmamışam. Uşaqlığımda da, gənclik dövrlərimdə də kimsənin sözünə baxan deyildim.

Dərslərimi oxumaz, kitabdan, mütaliədən uzaq qaçardım. Başımda mənalı-mənasız nə vardısa, hamısı ordan-burdan eşitdiklərim idi. Kimlərinsə ağzından yalan-palan, doğru-yanlış eşitdiklərimdən yaddaşımda qalanlar... Heç nə haqda ciddi düşünməyib, hər şeyə səthi yanaşardım. Laqeydliyim, vecsizliyim, saymazyanalığım da vardı, cahilliyim, kütbeyinliyim, tərsliyim də... Söylənilənlərə yalandan “hə, hə” deyər, hamını həmişə yola verib öz bildiyimi edərdim.

Epidemiya haqda ilk dəfə eşidəndə, əvvəlcə fikirlərimi hansı məcrada cəmləməli olduğumu aydınlaşdıra bilmədim. Sonra ağlımdan təsadüfi fikirlər keçirib, tez-bazar nəticə çıxarmağa çalışdım: “Əşi, boş şeydir hamısı, camaat havayıdan qorxu-təlaşa qapılıb! Nə olursa, dünyanın o başında, bizdən çox-çox uzaqlarda olur onsuz da! Uzaq-uzaq diyarlarda, tamam özgə insanların, millətlərin başında...”

Zamanla mənim kimi düşünənlərin də çox olduğunu gördüm, fikirlərim lap qətiləşdi: “Bəlkə də, saxta, uydurma xəbərlərdir, axı nə bilmək olar, indiki zəmanədə o qədər yalan danışırlar ki! Kimə inanıb-inanmayacağını ayırd edə bilmirsən, yolunu azmış uşaq kimi çaşıb qalırsan eləcə...” Mən hamıdan bilikli olmadığımı az-çox dərk edirdim, amma “bilən”lərin də, əksərən, özlərini bilən kimi göstərdiklərinə şübhəm yox idi.

Epidemiya dünyaya yayılıb, ölənlər çoxaldıqca fikirlərimdə yanıldığım aydın oldu, xəstəlik ölkəmizə də gəlib çıxmışdı. Hər yerdə bu mövzudan danışılsa da, mən yenə olanlara məhəl qoymurdum: “Axı çox az adam yoluxub bu virusa, hamı xəstələnəcək, bütün insanlar öləcək deyə bir şey yoxdur. Milyonda bir ehtimaldan söhbət gedir! Ona qalsa, durduq yerdə daş da düşə bilər başımıza. Gərək evdən bayıra çıxmaya, əl-qolu bağlı dörd divar arasındaca oturasan...” Tez də əlavə edib fikirlərimi möhürləyirdim: “Adam heç nədən qorxmaz, olacağa çarə yoxdur, alnımıza nə yazılıbsa o!”
Həm də, virus nə idi ki, mənim kimi boy-buxunlu, cavan oğlan qaçıb gizlənə, evə qapanıb həyatın dadını çıxarmaqdan vaz keçə?! Nə qədər haqlı olub-olmadığımı bilmirdim, fikirləşib həqiqəti tapmağa isə həvəsim yox idi. Nəticədə, bütün yaşananlara mən səbəb oldum. “Pandora qutusu”nu mən açmışdım hər halda...

Hər dəfə keçmişi - “uzaq-uzaq” keçmişdə yaşadıqlarımı yadıma salanda az qalıram havasızlıqdan boğulam; nəfəsim çatmır, ürəyim sıxılır. İçimdəki hisslərin düyün düşüb bir-birinə qarışdığını görürəm: peşmanlıq, acı təəssüf, hirs-hikkə, qəzəb, özünənifrət... Yəqin, nə zamansa yazdıqlarımı oxuyan kimsə tapılacaq, başıma gələnlərdən xəbər tutub, kiçik də olsa, dərs çıxaracaq. Başqa da nə lazımdır ki mənə?! Hadisələr sanki bir göz qırpımındaca, qorxunc bir yuxu, kabus kimi olub keçdi. Yaşananların ağrı-acısı, əzabı isə hələ də didib-tökür məni: qəlbimi sızıldadır, varlığımı sarsıdır...

Pandemiyanı ciddiyə almadan dostlarla, tay-tuşlarla zarafata salıb lağlağı edirdik. Bir azca şitliyin, mövzunu əyləncəyə, məzhəkəyə çevirib kefimizi açmağın nə zərəri vardı ki? Gör nə qədər adam bu işə barmaqarası yanaşırdı: Nemətin atası Fərrux dayı, bazarda işləyən Səttar əmi, məhəllə qonşumuz Nisə xala; Rza, Nazim, Lalə bacı, hətta yüksək vəzifələrdə çalışmış Tələt kişi... Biri deyirdi, hamısı dünyanı idarə eləyən hegemon dövlətlərin işidir, o biri deyirdi, Allahın yaramaz bəndələrinə göndərdiyi bəladır.

Tək-tənha yaşayan qonşumuz – saçı-saqqalı ağarmış Mirzə müəllim isə tamam başqa söz danışırdı. Başını bulaya-bulaya, dodağını büzə-büzə deyirdi:

- Yox, a bala, hər şey siz fikirləşən qədər də sadə deyil. Hadisələrə bu cür üzdən, məsuliyyətsiz yanaşmaq olmaz axı! Zarafata salmaq, lağlağı etmək, boş-boş şeylər uydurub danışmaq... Hamısı savadsızlıqdandı, bilgisizlikdəndi, cəhalətdəndi! Bilmirsənsə, öyrən, bir kitab-jurnal üzü açıb maariflən. Yoxsa hər ağlın kəsəni danışmaqla deyil ki! Sonra da hər şeyi yıxın hansısa dövlətlərin, ya da Tanrının üstünə... Belə getsə, axırımız necə olacaq? Hara gedib çıxacağıq bu düşüncəylə?..

Mən tarixdən bizə dərs demiş Mirzə müəllimin sözlərinə çox da fikir vermirdim. İçimdəcə: “Qoca kişidir də, yetmişdən çox yaşı var, qoy nə qədər istəyir danışsın, boşaltsın ürəyindəkiləri” – deyirdim. Sən demə, uşaqlıq dostum Cəlil də eynən mənim kimi düşünürmüş:

- Sənin bu Mirzə müəllimin əməlli-başlı xərifləyib, başı qaçıb, deyəsən. Yenə bizi qabağına qoyub ağıllı-ağıllı danışmağa başladı. Qocalıqdır də, neyləyəsən, insan yaşlananda belə olur, yəqin. İki cavan görən kimi, “müdrikliyin” tutur, söhbətə girişib başlayırsan özünü göstərməyə. Nolsun ki, müəllimimiz olub, onun da bilmədiyi çox şeylər var.

Cəlillə biz bir bağçaya gedib, bir sinifdə oxumuşduq, məktəbdən sonra da yoldaşlığımız davam edirdi. Atasının puluna görə Cəlilə böyük “hörmət”im vardı. Həmişə ona diqqətlə qulaq asır, fikirlərini dərhal təsdiqləyirdim.

- Sən çox düz deyirsən, Cəlil, ağıllı-ağıllı danışan adamlardan mənim də xoşum gəlmir. Yaxşı ki, iki kitab oxuyub, üç-beş kəlmə söz əzbərləyib Mirzə müəllim. Daha hamını cahil yerinə qoymalı deyil ki! Yaşına görə hörmətini saxlayırıq, getsin şükür eləsin. Day baş-beynimizi aparmasın...

Epidemiyanın geniş vüsət aldığı, karantin tədbirlərinin lap sərtləşdirildiyi günlərdən birində, Mirzə müəllimin xahişiylə aptekdən, ona təzyiq dərmanını almışdım. Evinə aparıb verəndə məni əlində əlcək, üzündə maskayla qarşıladı, qapının ağzındaca sözə tutub, hirsli-hirsli deyinməyə başladı:

- Bəs sənin maskan, əlcəyin, spirtin-filan hanı, a bala?! Beləmi qoruyursan özünü?! Bu cür başısoyuqluq, səhlənkarlıqmı olar?! Xəbərin varmı, tarixdə nə qədər xəstəliklər olub, milyonlarla insan qırılıb?! Şikəst qalanlar, yarımcan olanlar, faciəvi günlərə düşənlər; qıtlıq, aclıq, səfalət... De görüm, tarixin təkrarlanmasından kim sığortalayıb bizi?! Axı eyni şeylər yenə ola bilər! Səninsə heç vecinə deyil, öz aləmindəsən elə, – Mirzə müəllim danışdıqca, üzümdə gülümsəmə, başımı aşağı-yuxarı yelləyirdim. – Axı niyə əməl eləmirsən qaydalara? Bir nizam-intizamın, dərketmən olsun, daha nə qədər küçələrdə veyillənəcəksən?! Özünü fikirləşmirsənsə, ata-ananı, balaca bacını, yaşlı nənəni fikirləş heç olmasa.

Mən “hə, hə, düzdür, müəllim, əlbəttə, baş üstə...” deyib qocanı yola versəm də, içimdə ağzımı əydim: “Yenə başladı da ağıl öyrətməyə, Cəlil demiş, lap xərifləyib bu kişi...”

- Amma şükür, indi başqa zəmanədi, çox fərqli bir dünyada yaşayırıq biz, - Mirzə müəllim köks ötürüb sözünə davam etdi: - Bugünləri elm var, tibb var, səhiyyə gün-gündən inkişaf edir. Gecə-gündüz araşdırma aparan alimlər, xəstələrə görə canını qoyan həkimlər, tibb bacıları... Bu çətinliklərdən də keçəcəyik. Xəstəliyin peyvəndi tapılacaq, yaxşı olacaq hər şey. Ona kimi isə qaydalara əməl etməliyik, özümüzü də qorumalıyıq, ətrafımızdakıları da. Hamılıqla, bir nəfər kimi...

Az sonra dözməyib mən də ağzımı açdım:

- Mirzə müəllim, bəs deyirlər, Allah günahlarına görə insanları cəzalandırır. Bir də deyirlər, bəzi dövlətlər xəstəliyi camaatı qırmaqdan ötrü yayırlar. Çox adam da deyir ki, böyük-böyük ölkələrin gizli planıdır, bir-birlərini zəiflətmək üçün virusdan silah kimi istifadə edirlər.

- Sən nə qədər “deyirlər-deyirlər” deyəcəksən, a bala?! - Mirzə müəllim lap hövsələdən çıxıb səsini qaldırdı. – Adam oxuyub-öyrəndiklərindən danışar. Min dəfə demişəm, hər sözə inanma, şübhəylə yanaş ağılsız adamların fikirlərinə! Bir azca düşüncən, məntiqin olsun! Söylədiklərinin hamısı uydurmalardı, sayıqlamalardı! Elmdə adı da var bunun – konspirologiya! Başa düşürsən, əsassız, mənasız-mətləbsiz konspirologiyalar...

Mən daha bir söz deməyib, söhbəti çox uzatmadım. Mirzə müəllimin nə dərəcədə haqlı olub-olmadığını bilmirdim. Bunu tapmağa nə başımdakı bilik imkan verirdi, nə də dayaz, primitiv məntiqim. Ağlımı işlədib nəyisə aydınlatmaq isə mənlik deyildi. Ən yaxşısı, boş vermək, hər şeyi başından atıb həyatına davam etmək idi. Başqa heç nə...

Atamla anam, nənəm də çox elə savadlı, təhsilli deyildilər. Anam dilsiz-ağızsız evdar qadın idi, atam isə ailəsinə çörəkpulu qazanmaqdan ötrü gecə-gündüz çarpışan adi bir usta, fəhlə. Bununla belə, virusun dünyanı bürüyüb, ölkəmizə yayılmasından çox narahat idilər. Məndən fərqli olaraq, karantin rejiminə əməl edir, hər vəchlə özlərini qorumağa çalışırdılar: tez-tez əl-üzü sabunlayıb yumaq, evdən çıxanda maska-əlcəklə “silahlanmaq”, daim yanında spirt gəzdirmək.

Evdəkilər gündə neçə dəfə məni qabaqlarına qoyub təbliğat aparsalar da, beynimə heç nə girmirdi elə bil. Anam - hardansa təzə xəbər eşidən kimi
- həyəcanla, qorxu-təlaşla başımın üstünü alır, nəfəs dərmədən söylənməyə başlayırdı:

- Xəbərin varmı, bu gün nələr olub, bala?! Yenə virusa neçə nəfər yoluxub, nə qədər adam ölüb! Kimsəyə rəhmi yoxdu bu xəstəliyin, indən sonrasını isə bir Allah bilir. Bəs biz yoluxsaq, neyləyərik?! Halımız nə olar, başımıza necə bir çarə qılarıq?! Gəl indi xəstəxanalara düşüb canınla əlləş! Sən də sözə bax daha! Bəsdir, deyilənlərə əməl elə!! Eşidirsənmi məni, eyyy..?! Küçəyə-bayıra çıxma! İnsanlarla məsafə saxla! Kimsəylə görüşmə!!

- Yaxşı, ay ana, yaxşı. Axı niyə narahatsan? Bilirsən ki, mən özümü qoruyanam, ehtiyatlıyam. Gündə əlli dəfə əl-üzümü yumaqdan, spirtlənməkdən birtəhər olmuşam.

Anamı sakitləşdirər-sakitləşdirməz eyni fikirləri başqa-başqa cümlələrlə atam təkrarlayırdı:

- Sən də səhər-axşam az sülən küçələrdə! Gündə on dəfə evdən çıxıb qayıdırsan. Saatbaşı haralara gedib, kimlərlə görüşürsən axı?! De görək küçədə-bayırda nə işin var, hansı vacib məsələləri həll edirsən?! Yenə bir işin qulpundan yapışsan, dərd yarı! Axı niyə sözə baxmırsan?! Otur evdə, əlinə kitab-dəftər al, oxuyub-savadlanıb adam ol, adam!

- Baş üstə, atacan, mütləq, sabah səhərdən evdəyəm bütün günü.

Nənəm isə valideynlərimə baxanda çox yumşaq, mülayim idi:

- Mənim əziz, gözəl nəvəm, bu virusun kimsəyə amanı yoxdu. Nə uşağa baxır, nə də cavana. Yaşlılara isə lap ağır təsir göstərir, deyəsən. Bilirəm, sən ağıllısan, tədbirlisən, amma yenə də muğayat ol özündən, çox evdən bayıra çıxma. Qoy vəziyyət düzəlsin, görək nə olur. Özünü fikirləşmirsənsə, nənəni fikirləş. Bəs mən xəstələnsəm, necə olar, həə?..

Anamla atam, nənəm, üstəlik, birinci sinifdə oxuyan bacım səhər-axşam eyni sözləri təkrarlayıb, yola gəlməyimi istəyirdilər. Amma məni evdə saxlaya bilən yox idi: yenə bütün günü çöldə-bayırda, tində-bucaqda... Küçələrdə dönə-dönə polislərdən xəbərdarlıq alır, cərimələnir, arabir də jurnalistlərlə qarşılaşırdım. Hamısı da pandemiyadan danışıb evə dönməyimi, qayda-qanunları pozmamağımı tələb edirdilər. Nə qədər başa salmağa çalışsalar da, xeyri yox idi. Eşitdiklərim bir qulağımdan girir, o biri qulağımdan havaya sovrulurdu.

Əgər vəziyyət belə ciddi, qorxulu idisə, onda polislər, jurnalistlər, həkimlər, ya digər peşə sahibləri niyə evdə oturmurdular? Nəyə görə işlərinin başında idi hamısı, gecə-gündüz demədən çalışır, əlləşib-vuruşurdular? Sadə vətəndaşların qayğısını çəkdiklərinə, sağlamlığını qoruduqlarına görəmi? Ola da bilərdi, olmaya da... Belə şeylər haqda “baş sındırmağa” həvəsim yox idi...

Bir neçə gün sonra hərarətimin yüksəldiyini hiss etməyə başladım, bədənimdə qəfil halsızlıq əmələ gəlmişdi: bərk-bərk öskürür, oynaqlarım ağrıyır, nəfəs almaqda çətinlik çəkirdim. Əvvəlcə soyuqladığımı, adi qripə yoluxduğumu düşündüm, yenə evdə oturmayıb həyətə çıxmağa davam etdim.

Demək olar, bütün yoldaşlarım, hətta Cəlil də bir qəribə aparırdı özünü. Mənimlə məsafə saxlayıb üzlərini o yana tutur, çox ünsiyyətə girməməyə çalışırdılar. “Ha-ha-ha, axı nolub, nə yaman qorxaq imişsiniz siz! Boş verin, hardandı məndə o virusdan, gəlin, gəlin, dostlar, yaxın dayanın bir az!!” – deyib, şaqqanaq çəkdim. Sonra da hamımız gülərək uğunub getdik özümüzdən. Kim idi qaydalara əməl edən, nizam-intizamı qoruyan?..

Evdəkilər də sanki qorxub-çəkinirdilər məndən. Əvvəl-əvvəl məhəllədəkilər kimi, çox yaxınıma gəlmədilər, təmasdan qaçmağa, özlərini “sığortalamağa” çalışdılar. Amma əbəs yerə: hamısını bağrıma basıb bərk-bərk qucaqladım, gedib-gəlib üzlərindən öpdüm. Məndə virus-filan yox idi, özümü lap “əla” hiss etdiyimi deyir, öskürə-öskürə elə hey qəhqəhə çəkirdim. Axı bizə heç nə olası deyildi, insanlar həmişədən başlarına gələnləri çox şişirdib dramatikləşdirirdilər. Ən azından yaxın çevrəmdəkilərə, ailəmə heç nə olası deyildi. Ya da təkcə mənə, bilmirəm...

Yunan mifologiyasında belə bir əfsanə var: “Pandora qutusu”. Zevsin toy hədiyyəsi kimi verdiyi qutunu açmamalı olan Pandora marağına güc gələ bilmir, qutunu açıb içindəki bütün şər qüvvələri - pislikləri, naqislikləri, dərd-bəlaları dünyaya yayır. İnsanlığın yaşadığı fəlakətlər - savaşlar, qırğınlar, xəstəliklər də məhz bundan qaynaqlanır. Mən də eynən Pandora kimi davranıb hər şeyə səbəb oldum: kimsənin sözünü eşitmədim, bütün bu başımıza gələn faciələrin, bədbəxtliklərin baiskarına çevrildim. Nəticədə, nəticədə isə...

Simran QƏDİM


Baxış sayı - 802 | Yüklənmə tarixi: 26.11.2020 15:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031