manera.az
manera.az

Markes, Kamyu və mükəmməl dünya icmalı

Markes, Kamyu və mükəmməl dünya icmalı
Əlibala Əhmədov yazır...

Yeniyetməlik illərindən bu yana böyük yazıçılarda sezib onların böyüklüyünə nümunə hesab etdiyim cəhətlər vardı - onlardan bəzilərini saymaq istərdim.

Gözəl üslub, çünki yeniyetməlik dövründə adamın gözəlliyə olan hərisliyi o dövrün təmiz romantikası və xəyalpərəstliyinə qarışşaraq xeyli güclü və həssas olur. Üslubun bədii əsərdə yaratdığı ecazkarlıq qəlbi sehrləyir, adam mətnin havasına və sehrinə asanca düşür, heyranlıq və zövqün üfüqləri sonsuzadək genişlənir.

"....O isə, uzun barmaqlı əlini masanın üstünə qoymuş, dikildiyi yerdən sakitcə mənə baxırdı. Hər gecə olduğu kimi göz qapaqları parıldayırdı. Bu an həmişə təkrarladığımız ifadəni xatırladım və:

- Mavi itin gözləri, - dedim.

O da, əlini masadan götürmədən:

- Bəli. Artıq bu sözü əsla unutmayacağıq, - dedi və içini çəkərək masanın yanından uzaqlaşdı, - Mavi itin gözləri. Bunu hər yerə yazmışdım. "

("Mavi itin gözləri" hekayəsi, Markes)

Belə sətirlərin təsirindən çıxmaq o vaxtlar hansısa yuxular səltənətindən real dünyaya qayıtmaq kimi çətin idi.

Süjet səliqəsi və hadisələrin dəqiqliklə bir - birinə bağlanması - Viktor Hüqonu oxuyarkən zehni götür qoylar və qarışıqlıqdan, diqqət dağınıqlığı və səliqəsizlikdən əziyyət çəkən hansı adam zövq qarışıq qibtə hissindən, qibtə hissinə qarışmış kiçilmə duyğusu və sarsılmışlıqdan can yanğısı çəkməyib?

Mühakimələr və fikir süjetin içində açılır, onun tərkinə minir və ovuc - ovuc aydınlanmış fikirlərin qoyulacağı yer - süjetin bu yük üçün necə düzgün yonulub hazırlanmasından heyrətlənməyə bilmirsən.

Müəllifin universallığı və bütün obrazların kimliyi və necəliyindən tam agah olması - yenidən Hüqonu xatırlayaq. Bir fəsildə biz onu siyasi mühakimələr yürüdən coşqun ağıllı adam, o biri fəsildə həyat haqqında hır şeyi bilən qəmgin və solğun filosof, birində müharibə meydanlarını, onlarda yaşanıb - baş verənləri dəqiqliklə, az qala hər xırdalıqlarına qədər təsvir edib, gələcək nəsillərə ötürən, Huqomonun Vaterloo gerçəyini, Napaleonun Velinqton və Allaha məğlubiyyətini qələmə alan tarixçi, ən nəhayət kimsəsiz çöllərdə bir kəlmə belə kəsə bilmədiyi istəkli qadını axtaran, ürəyi - qəlbi həsrətdən üzülən romantik gənc kimi görürük.

Mariusun Kozzetaya duyduğu eşqin qəmli çöllərdəki platonik halını, ona "Torağay" ləqəbi verib eşq və həsrətindən necə uğunduğunu, Lüksemburq bağındakı yeni aşiqlərin ürəyindəki dağılan yadlıq hissinin həyəcanını və sonrasa xoşbəxtliyini təsvir edərkən yaşlı və müdrik Hüqonun tonlu mühakimələrdən ayrılıb, bir körpə budaq kimi necə incəlib, nazildiyini və gəncliyin saflığını necə ustalıqla ələ gətirdiyini duya bilərik.

"Kozetta onun üçün bir qadın deyil, rayihəydi. İçinə çəkirdi onu. Gənc qız heçnəyi rədd etmir, o heçnə istəmirdi. Kozetta xoşbəxt, Marius məmnun idi. Bir ruhun digərini nura qərq etməsi kimi müqəddəs bir halla yaşayırdılar."

"Axşam orada olanda bu bağça sanki yaşayan müqəddəs bir yerə çevrilirdi. Çevrələrindəki bütün çiçəklər açır və onlara rayihələrini göndərirdi. Onlar da ruhlarını açıb, çiçəklərin üzərinə yayırdılar. Qüdrətli bitki toplumu bu iki məsumun çevrəsində sərxoşluqla daşıb ürpəşir və ağaclar onların bir - birinə söylədiyi eşq kəlmələrinin təsirindən titrəyirdi".

( "Səfillər" Viktor Hüqo)

Yazıçı bütün bunların üstündə ustaddır, çünki bu fərqli obrazların gətirdiyi fərqli mövzuları və situasiyaları bilir. Oxucu bunu tez duyur və yazıçının onun qəlbindəki avtoritarlığını və diktəsini böyük zövqlə qəbul edir.

Gözəl cümlələr, təsvirlər, aforizm sətirlər vı s. - bu heyranlıq siyahısını xeyli uzatmaq olar və şərt onda deyil ki, bunlar yeniyetməlik dövründən başlayıb - bu hislər elə indi də ürəyimdə qalır.

Amma böyük yazıçıların, zirvə insanlarının qadir olduğu bir bacarıq - yeniyetməlikdən sonra , son zamanlarda zehnimdə sezildi.

Bu böyük gerçəklikləri kiçik həcmlərdə görülən, duyulan etmək, bəşəri genişliyin sonsuzluğundakı mütləq gerçəkləri fiqurlaşdırmaq və başqa sözlə desək, yaratdığın əsəri onun hər cəhətini göstərən kiçik modelə çevirməkdir.

Bu göstərilən bədii əsər vasitəsilə göz önünə sərilib, qəlbə nüfuz etdirilən gerçəklik bir dünyalıq bir bəşər tarixi qədər də ola bilər.

"Yüz ilin tənhalığı" sizi əvvəl magiya, sehrli Latın Amerikası mühiti və Markesin əsrarıngiz üslubunun təqdim etdiyi cümlələrlə sehrləyir.

"Və tənhalığını- bədənindən qızıl gül ətri gələn kədərli qadınların yanında səngitməyə çalışırdı."

("Yüz ilin tənhalığı" Markes)

Lakin hadisələr çoxaldıqca siz anlayırsınız ki, əslində romanda hansısa quruculuq işi gedir, nələrsə tamamlanmaqda və hardasa bir tikili tavanı kimi örtülməkdədir. Aurelianolar, Xose Arkadiolar və bir nəslin hər üzvündə peyda olaraq, artan eyni tənhalıq hissi çoxluğu biraz da böyüdür və əsəri hardasa bir xaos bürüyür. Lakin məsələ də bundadır, əgər diqqətli olsaq, hiss edə bilərik - bu çoxluq hər dəfə artıqca sanki əsas tema mövzu da Buendialar nəslindən kənara çıxır, Markes bu çoxluğu davam etdirdikcə, bu qarışıqlığı artırdıqca sanki getdikcə bir nəsli deyil, bir xalqı, bir xalqı deyil - ən sonda bir növə mənsub varlıqları - bütün insanları, onları bürüyən tənhalığı təsvir edir. Bura artıq təkcə Latın Amerikası, onun kiçik, xəyali bir kəndi Makondo deyil, bütün dünya və onun halının necəliyidir. Əsəri bütünlüklə Markesə xas rəngarənglik, əcaiblik bolluğu və fərqliliklər müşayiət etsə də, onun əsas teması eyniyyət - bir nəslin bütün fərdlərində peyda olan fərqli temaların eyni bəxti - tənhalıqdır.

Markesin məqsədi də budur - bütün obrazların demək olar eyni adları daşıması (Təkrarlanan Aurelianolar, Xose Arkadiolar, Ursulalar və s.) eyniyyəti artırır, bu oxşarlığın və çoxluğun yaratdığı qələbəlik - arealı böyüdür, adlar və kimliklər "insanlar" a, insan çoxluğuna çevrilir, fon genişlənir, tezliklə əsərdəki hadisələr və obrazların taleləri sanki bir xəritə üstünə yayılaraq, bütün dünyanı bürüyür və siz anlayırsınız ki, bu təkcə Latın Amerikası və Buendialar nəslinin deyil, bütün dünya və insanlıq gerçəyinin hekayəsidir.

Bu yaxınlarda bir dostumun yazdığı bir sətri oxumuşdum "Bütün insanların qəlbində öz tənhalıqları var - bunu onların gözlərindən sezə bilərsiniz."

Bir anlıq metro və axınlardakı yorğun, oxşar insan toplumunu düşünün......

Mən uzaq Krakov xəstəxanasında anasının ondan ayırdığı məşuqu Maurisio Babilonyanın adını pıçıldaya - pıçıldaya ölən Buendialar nəslinin üzvü Memenin, Bir gün küçədə hamısı rejim düşməni olan ataları - liberalların nümayəndəsi polkovnik Aureliano Buendiadan qisas naminə alnından vurularaq güllənən Aureliano qardaşlarının, hökümət tərəfindən həyata keçirilən canlı qətliamın dəhşətini və onun necə ört - basdır edilməsini görən və Makondoda bu həqiqəti bilən tək adam olub, axtarıldığına görə özünü cadulu perqamentlərlə dolu otaqda gizlədən ikinci Xose Arkadionun taleyini oxuyanda dünyada indi dəmövcud olan çox gerçəyin onlarla necə eyniyyət təşkil etdiyini gördüm.....

Əslində əsərdə təsvir edilən əcaibliklər və ümümən bütün hadisələrə məna qazandıran da budur - Bendialar nəslinin başına gələnlər bütöv insanığın başına gələnlərdir, bu tənhalıq, bu həyatsızlıq, bu ağılsızlıq və qəribəlik həyat içində, insan fərdlərində olduqca boldur.

Əcaibliklər isə insan nəslini tutan bəlaların maskalanmış formasından, daha öncə tənqidçilər tərəfindən bəhs edilən gerçəklik parodiyasından başqa bir şeyil.

Bir körpənin qarışqalar tərəfindən yeyilməsiylə, hansısa radiaktiv qəzada - məsələn Çernoblda və ya hansısa bir bombardmanda tanınmaz hala düşməsi arasında ciddi bir qəribəlik və dəhşət fərqi yoxdur.

"Saysız və ağlasığmaz hadisələrlə başları gicəllənən Makondolular artıq çaşqınlıqlarının harada başladığını da bilmirdilər...."
("Yüz ilin tənhalığı")

Hər şeyin sonunda yüz ilin tənhalığına məhkum edilmiş insan nəslinə yer üzünə qayıtmaq qadağan edilir.

Siz Markesin fəlsəfəsini adi bir elmi məqalənin bu müharibələr, qırılmalar fonunda, tükənən sərvətlər və aclıq bəlası gerçəyinə verdiyi real ehtimallarında da görə bilərsiniz. Amma həmin ecazkar formada deyil.

Onun gücü də bundadır.

Təsadüfi deyil ki,
Çilili şair Pablo Neruda "Yüz ilin tənhalığı" romanını "Servantesin "Don Kixot"undan sonra yazılmış ən böyük vəhy" adlandırmışdı. Amerikalı yazıçı Uilyam Kennedi isə bu romanı İncildən sonra bəşəriyyətin oxuması üçün vacib olan birinci kitab hesab etmişdi.

....Çünki Markes və ya Kamyu bir əsərlə bir bəşəri sonsuzluğun icmalını verir.

Hələlik mənimlə razılaşmaya bilərsiniz. Amma "Patriarxın payızı" nı oxuyandan sonra məşhur filmimizdəki obrazın bir neçə kitabı oxumasıyla quşların, çiçəklərin, daşların dilini dərk etdiyi kimi diktatural və ya avtoritar hakimiyyətlərdəki az qala bütün hadisə və gedişlərin səbəb və mənasını bu əsər sayəsində əlinizin içi kimi biləcəksiniz.

Bir dünyanın, bir ideologiyanın sirri, bir qalanın sirri kimi sizin üçün açılacaq.

Eləcə də Kamyunun Taununda bir şəhəri bürüyün bir müddətlik epidemiyanın təsviriylə əslində bütün insanlığın ürəyini bürüyən xəstəlikdən - taundan bəhs edilir.

" Hamımızın qəlbi taunludur, həkim, insanlar narahatdır, çünku hamımız birazca buna yoluxmuşuq" Taru deyir.......

Qran sevdiyi qadın üçün vitrin önündə uzun illərdən sonra ürəyində qabar bağlamış yaranı əridərək ağlayır, Taru ölüm hökmü verən hakim atası və bu hökmün dünyada mövcudluğuyla bir ömür barışa bilmir və Kotar taundan yararlanıb qaçaqmalçılıq işlərinə başlayır, onun bitməsini istəmir və bitəndə isə havalanıb, ağlını itirir və polislər tərəfindən güllələnir.
Beləcə epidemiyanın yayılmasından əvvəl və sonra da əslində hər kəsin ürəyində bir taun daşıdığı önə çıxır.

Və əsərin sonunda həkim taunun bitməsindən şənlənən insan kütləsinə baxıb düşünür - onlar bilmirlər ki, taun mikrobu heçvaxt ölmür və yenidən qayıda bilər.

Bu əsəri oxuyarkən hələ də nevrotik problemlərim davam edir və mənim "taunum" Kamyunun taununu oxumaqda mənə mane olurdu.

Belə bir dünya və ümümən içində taun kimi gerçəkləri saxlayan bir həyat özü bir taun deyilmi?

Və hər birimizin ruhunda bu və ya digər formada bitmək bilməyən taun mövcud deyilmi?

Gecə narahatlıq yatmağıma imkan vermir. Nevrotik xəstəlik bütün varlığımı, düşüncəmi xərçəngvari bürüyür və gərginləşdirir. Elə onda Kamyunun "Taun"unu və oradakı nigaran, qorxmuş insanların yazıq arzularını xatırlayıram - " ....Bircə bu zəhrimar qurtarıb getsəydi......"

.....Və ən sonda - nə Markes nə də Kamyu - sadəcə bir nəsilin qəribəliyi və əcaibliyi və ya bir epidemiya əhvalatının gedişatını təsvir etməyi hədəfə alacaq qədər adi yazıçı deyil.

Bu fikir yazımızın qısa icmalıdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031