manera.az
manera.az

Rəşad Məcidin "Şuşa" və "Cıdır düzü" şeirləri - VİDEO

📅 11.11.2020 03:00

Rəşad Məcidin "Şuşa" və "Cıdır düzü" şeirləri - VİDEO
MANERA.AZ tanınmış yazıçı-publisist, AYB katibi Rəşad Məcidin Şuşaya yazdığı iki şeiri təqdim edir.

Cıdır düzü

Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.

Dili tutulubmu torpağın, daşın,
Görən niyə belə səssizdir bu yer.
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer.

Sükuta bürünüb Cıdır düzümüz,
Bülbülün səsinə dalandan bəri.
Torpaq dərd əlindən qayalaşıbdı,
Ellər Natəvansız qalandan bəri.

Göz dikib bu yerə yağılar yadlar,
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu zirvəyə qalxa bilməyib.

Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var.

Deyirəm, dünyada sevgi tapılmaz,
Övladın torpağa sevgisi kimi.
Bu yurd yaddaşımda qalacaq mənim,
Tarixin möcüzə sərgisi kimi.
1979

Şuşa

Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.

Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
2021

Rəşad Məcidin "Şuşa" və "Cıdır düzü" şeirləri - Müəllifin ifasında


Baxış sayı - 2 279 | Yüklənmə tarixi: 11.11.2020 03:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031