Qarabağ qələbə meydanı olsun! - Şeir

MANERA.AZ şair Əli Məhərrəmovun Tovuz döyüşləri zamanı Azərbaycan əsgərinə yazdığı şeiri təqdim edir. Hazırda Əli döyüş meydanında torpaqlarımızı işğaldan azad edir.
Azərbaycan əsgərinə
Mənim dərdlərimin bircə adı var,
Mənim istəyimin ünvanı birdi.
Mən oğul deyiləm, kişi deyiləm,
Torpağım əsirdi, yurdum əsirdi.
Ən mahir həkim də sağalda bilməz,
Dərdimin dərmanı səndədir, ancaq!
Bir belə töhmətnən, bir belə suçnan,
Ölsəm bağışlamaz məni bu torpaq.
Sınan qürurumu, itən arımı,
Bilirəm, sən mənə qaytaracaqsan.
Yanılda bilmərəm duyğularımı,
Sən alnıaçıqsan, sən üzüağsan.
Ayıq ol, sayıq ol, ay əsgər bala,
Sək düşmən üstünə qızılquş kimi!
Öpürəm o silah tutan əlindən,
Məkkədə öpülən Qara daş kimi.
Yağılar görəndə bağrı çatlayar-
Qəzəbdən titrəyən dodaqlarını.
Qaldır ayağını sinəm üstə qoy,
Daş-kəsək əzməsin ayaqlarını.
Çox da uzaqlarda deyil bu zəfər,
Əminəm, tezliklə bu olacaqdır.
Darıxma, Şuşada-Cıdır düzündə,
Bir əsgər heykəli ucalacaqdır.
Bir zaman işğalda olan torpaqlar,
Qoy indi hünərin ünvanı olsun.
"Qələbə meydanı" Bakımızda var,
Qarabağ qələbə meydanı olsun!!