manera.az
manera.az

Quraqlıq - Çağdaş Mərakeş hekayəsi

Quraqlıq - Çağdaş Mərakeş hekayəsi
MANERA.AZ çağdaş mərakeşli yazıçı Muhəmməd Zəfzafın “Quraqlıq” hekayəsini təqdim edir.

Fatimə Təmasluht evin kölgəsində durmuşdu; əlini gözünün üstünə günlük kimi tutub, quru düzəngahda burulan tozlu yola baxırdı. Uzaqda gözünə dəyən yalnız istidən bezmiş, yandırıcı günəşin altında yarpaqları titrəşən ağaclara bağladığı bir-neçə heyvan idi.

Oğlanlarından biri, öz qardaşı ilə top əvəzinə oynatdıqları cır-cındır bağlamasının üstündə dalaşmışdı. Bu cındır topu balaları Fatimənin özü düzəltmişdi – nə edəydi... uşaqları top istəyirdi, onun da pulu yox idi almağa.

Ara yolu dərə-təpəli düzənlikdə burula-burula gedir, gah görünür, gah da, döngədə gözdən itirdi.

Dünən Rukuş bir vedrə su Fatiməyə əlborcu verəndə, belə demişdi:

- Çalış, qənaətlə işlədəsən. Özünə, uşaqlara yemək hazırla ondan, amma elə-belə içmələrinə icazə vermə - içməyə başlasalar, bir vedrə su, bir qurtum kimi olacaq...

Yaxşı ki, Rukuş vardı. Olmasaydı, Fatimənin, uşaqlarının halı necə olardı! Rukuşun əri hər həftə evə iki çəllək su gətirir - quyu evlərinin beş kilometrliyindədir, eşşəkdə daşıyır. Əgər Rukuş Fatimənin əmisi qızı olmasaydı, heç bir udum da verməzdi. Fatimənin əri Rukuşunku kimi su gətirə bilmirdi. Onun buraları yandırıb-yaxan quraqlıqdan heç xəbəri də yox idi. Evlərinə yolu düşən kimsə olanda, həmkəndliləri şəhərdən qayıdanda, ailəsinə onlarla pul yollayırdı; şəhərdə nə bilirlər quraqlıq nə olan şeydir, orada hər şey bol idi, elə suyun özü də...

On ildən çox idi ki, əri şəhər qəhvəxanalarında yerfındığı, balqabaq tumu satırdı, Fatimənin özü isə, ömrü boyu nə qəhvəxana görmüşdü, nə də bar. Əri halal-hümmət arvadı ilə yatmaq, balalarına baş çəkmək, təzəsini düzəltmək üçün ildə iki-üç dəfə kəndə qayıdanda, ona şəhərdən söhbətlər edirdi.

Fatimə isə o həyatı heç cür anlaya bilmirdi. Əri ailəsinə eynən şəhərdəki evlərə bənzər bir ev tikmişdi – daşdan, - özü deyirdi, - amma, Fatiməgilinki daha geniş idi: şəhərdəki evlər lap qəfəsə oxşayır, içinə nə qədər ailə doluşur, ayaqyolusu da, cəmi bir dənə olur, qabağında daim basabas düşür, hərə öz növbəsini gözləyir... Kənd tamam başqadı... Fatimənin gözləri qarşısında bəhərsiz, quruyub cadar-cadar olmuş torpaqlar göz işlədikcə, uzanıb-gedirdi. Cəmi bircə il qabaq ətraf yam-yaşıl idi; hər tərəfdə quzular oynaşır, buzovlar, danalar sakitcə otlayırdı. Mal-qaraları az olsa da, yaxşıca yemlənirdilər. İndi isə hər şeyin ayağı çəkilib, torpaq quraqlıqdan zarıyır, tozu ərşə dirənir.

Oğlanlarından biri soruşdu:

- Fatimə, atam nə vaxt su gətirəcək? Mən su içmək istəyirəm!

- Səsini kəs! Sənə üz versəm, bir vedrəni boğazına birdəfəyə tökərsən! Gözlə bir az; atan tezliklə qayıdacaq, lap tezliklə... Bazara gedib ki, bir-iki çəllək su gətirsin sizinçün.

Əri qəfil gəlib çıxmışdı. Onun heç ağlına da gəlməzdi ki, Allah bütün il boyu buralara bircə damcı su salmayıb. Hərdən şəhərdə rastlaşdığı həmyerliləri ona quraqlıq barədə danışırdılar, amma bu dərəcədə olduğu heç ağlına gəlməzdi. Ona demişdilər ki, sürüsündən neçə qoyun tələf olub, amma güman edirdi ki, elə böyük ziyan dəyməz mal-qaraya. İndi isə görürdü ki, sürünün çoxu yoxdur, üstəlik yerfındığı, balqabaq satıb qazandığı pullara aldığı ağac tingləri də quruyub. Fatimə bütün bunları ona deyəndə, elə bil, keyləşdi kişi. Arvadı çayı da onun yadına salmalı oldu:

- Çayını iç, soyuyacaq.

- Aman Allah! Ayaqlarım elə bil, qəfil təpərdən düşdü.

- Allah səni də, balalarını da saxlasın! Bu bədbəxtliklərin səbəbi elə özünsən. Deyirdim axı: qayıt evə, burada yaşa, axı uşaqlarımın atasısan...

- Qoyunların hamısı qırıldı...

- Əşşi, başqalarınınkı da qırılıb...

- Mən bilirəm ki, başqaları o qoyunları necə ələ keçirib. Mən yazıq isə, bir qəhvəxanadan digərinə ağır yük altında gedənə kimi, ayaqlarım şiş-qançır olurdu, polis görəndə, götürülürdüm ki, əllərinə keçməyim, zopalayıb qoduqluğa atmasınlar...

- Hər şey Allahın əlindədir...

Uşaqlardan hansısa düz qulağının dibində yenə çığırdı:

- Atam nə vaxt gələcək, Fatimə?

Arvad hirslənib, təpiyini uşağın qarnına ilişdirdi. Amma o dəqiqə yazığı da gəldi, istədi sığallayıb könlünü alsın, amma gec idi, artıq qaçıb-getmişdi. Qardaşları da, çəpərin kölgəliyində hırıldaşırdılar.

Əri and içmişdi ki, iki-üç çəllək su ilə qayıdacaq – deyirdi ki, qiymətinin fərqi yoxdur, təki daşımağa bir şey tapsın. Əgər bəxti gətirsə, yəqin, eşşək tapardı...

Fatimə Təmasluht ayaqda durmaqdan yoruldu. Yaxınlıqda yerdən yekə bir qaya parçası boylanırdı, yaxınlaşıb əyləşdi və yenə yola boylandı. Adama elə gəlirdi ki, mal-qara artıq yerindən tərpənə bilmir. Əldən düşmüş arıqlamış heyvanlar sakitcə ölümlərini gözləyirdilər. Əri gələndə, yəqin onların hamısını kəsəcəkdi, ətini dəyər-dəyməzinə satmağa çalışacaqdı. Amma adamlar artıq ət də yemirlər... Yəqin, göyərtinin, hətta pomidorun qiyməti elə buna görə kəlləçarxa qalxıb... Yenə uşaqlarına səsləndi:

- Bura baxın ha! Kimsə gəlib bir qurtum su istəsə, elə çırpılacaq ki, şalvarını bulayacaq!..

Onlar hələ şalvar görməmişdilər, əyinlərində uzun, cırıq-cırıq, nimdaş köynəklərindən başqa heç nə yox idi.

Odur ki, analarının sözünə bir damcı da fikir vermədilər. Hərəsi öz işində idi. Ana da öz işindəydi – yola baxırdı...

...Ərinə dedi:

- Yaxşı olardı ki, qohumlardan biriylə gedəydin su dalınca; Aitdən, ya da elə, Hüsüdən eşşək də alardın, hər halda qardaşlarındır...

- Sən əminsən ki, Ait, ya da lap Hüsünün özü, eşşəyini verəcək mənə?

- Niyə verməsinlər? Qohum deyilsiniz?

- Anam öləndən sonra nə baş verdiyini mən hələ unutmamışam.

- Nə olmuşdu ki? Adi işdir də - küsüşmüşdük. Kimin başına gəlmir ki...

- Mən deməzdim ki, adi işdir. Allaha şükür, məni məcbur etdilər, şəhərə - Kasablankaya yollanım. Əgər bu quraqlıq olmasaydı, onların da torpaqlarını alacaqdım, bellərini büküb, əlimin altında işləyəcəkdilər indiyə...

- Mən deyirəm ki... Onlardan eşşək istəyəydin də, torpağın bura nə aidiyyəti?

- Heç vaxt istəmərəm, başa düşdün?! Onları heç vaxt birinci dindirməyəcəm, lap bazarda üzbəüz gəlsək belə, üzümü yana çevirəcəm. Onlar mənə qardaş-filan deyillər, aramızda heç bir bağlılıq yoxdur!..

Dünən gecə bu sözləri deyəndə, üz sinirlərinin necə gərildiyini, səsinin necə dəyişdiyini xatırladı. Arvad qorxdu ki, indicə dəli olub özündən çıxacaq – belə tutmaları hərdən olurdu. Amma tədricən sakitləşdi və axırda, üzünü ona çevirmədən, elə yanındaca yuxuya getdi. Xahiş etmişdi ki, səhər bir az tez oyatsınlar onu. Amma, dan yeri söküləndə, özü qalxıb, bazara yollandı.

Quru daşın üstündə oturmaqdan Fatimənin belinin sancısı tutdu, məcbur oldu, ayağa dura, amma evə getmədi.

Əgər əri bir, ya iki çəllək su gətirsə, ona da, uşaqlarına da bir müddət bəs edərdi; torpağa tökməyin, tingləri suvarmağın onsuz da mənası yox idi, qoyunların da çoxu qırılmışdı.

Nəhayət, evə dönürdü ki, üfüqdə bir yük maşınının silueti sezildi. Gözləri ilə yaxınlaşan nöqtəni yeyirdi - yük maşını getdikcə iriləşirdi, indi onun qəhvəyi rəngdə olduğunu da seçə bilirdi. Uşaqlar oynamaqlarını kəsdilər, var gücləri ilə maşına tərəf yüyürüşdülər. Onlar nadir hallarda yük maşını görürdü, bu uşaqlar qoşqulu arabaya daha çox öyrənmişdi. Maşın onların bərabərinə çatdı, uşaqlar yoldan çəkildilər, sonra da əllərini havada oynada-oynada, dalınca qaçdılar. Yük maşını onların evinə tərəf gedirdi. Kuzovunda iki əsgər vardı, yanlarında da, ataları oturmuşdu. Maşın dayandı, Fatimə tələsik evə girdi: onun üzünü ərindən savayı heç bir kişi görə bilməzdi.

Kişilər yerə atıldılar, maşından tələsik üç çəllək endirdilər. Sonra əsgərlər eyni tələskənliklə təzədən kuzova sıçradılar, mühərrik nərildədi və hərbi maşın tozlu yollarla, qurumuş ağacların arasıyla şütüdü.

Fatimə evdən çıxdı:

- Hardan tapdın?

- Üç yüz dirhəm verdim suya. Amsakan Vələdi Utaqrit mənə bu iki əsgəri nişan verdi - kazarmadan su oğurlayıb qara bazarda satırlar.

- Əsgərlərdə su hardandır?

- Onlar hərbçidir axı! Hər şeyləri var. Dövlət onları tam təmin edir.

- Bəxtəvərlər!

- Mənə hələ söz verdilər ki, orda-burda danışmasam, nə desən, tapacaqlar: su da, mal-qara da. Uyğun qiymətə olacaq. Odur ki, dilini dinməz saxla.

- Birdən Amsakan Vələdi Utaqrit özü danışdı?

- Nəyinə gərəkdir? Özü də suyu onlardan alır.

- Nəsə, o adama inanmıram da. Etibarlı adam deyil, gör neçə dəfə evlənib-boşanıb.

- Sənə nə var? Bəlkə, ona ərə getməyə hazırlaşırdın?

- Yaxşı, dinmə. Yaxşısı budur, gəl çəlləkləri talvarın altına diyirləyək.

Onlar birinci çəlləyi diyirlədilər, uşaqlar da dallarına düşüb kömək edir, çəlləyin içində pıqqıldayan suyun səsinə sevinirdilər.

Fatimə balacaları qovdu.

- Gedin! Gedin, oynamağa! Bax, su burdadır, əgər hansınızsa icazəsiz çəlləyə yaxınlaşsanız, şapalaq yeyəcəksiniz.

Fatimənin əri alnının tərini silib çəpərin yanında yerə əyləşdi. Qadın qalan çəlləkləri talvarın altına özü diyirlədi. Elə ki, işini bitirdi, əri ondan çay istədi. Cəld evə keçdi. Kişi göyə baxdı – təmiz, parlaq-mavi, bircə bulud belə görünmürdü. Kasablankanın səması da, beləcə buludsuz, parlaq-mavi olur, amma şəhərdə yaşayanların hər şeyi, hətta hovuzlarında suyu belə var. Onların necə üzdüyünü, şərab içdiyini, buterbrod yediyini gözüylə görmüşdü - kişilər qadınları qucaqlayır, ürəkdən gülüşürdülər. Görəsən adamlarda bu qədər pul hardandır?

Fatimə həyətə çıxıb soruşdu:

- Evə keçirsən, yoxsa, ora gətirim?

- Çaydanı gətir, get, işinlə məşğul ol.

Çini çaydanı gətirib onun qabağına qoydu, evə qayıtdı. Kişinin qulaqlarına uzaqdan uşaqların səsi dəyirdi. Özünə çay süzdü. Lap qaynar idi. Bu vaxt oğlanlardan biri yüyürüb özünü yetirdi, zıqqıldaya-zıqqıldaya çay istədi. Fatimə qapıdan boylanıb qışqırdı:

- İmkan ver, atan çayını rahat içsin!

Amma əri başını qaldırıb dedi:

- Ona da stəkan gətir.

Elə bu məqamda, kişi uzaqdan yaxınlaşan maşını gördü - əvvəlcə, elə bil, xırda nöqtə idi. Gözlərinə güc verib diqqətlə baxmağa başladı. Gözü zəif idi, amma inanırdı ki, bu maşın ilğım deyil, gözünə görünməyib. Bəlkə, əsgərlər ona bir çəllək də su gətirir? Arvadına səsləndi:

- Fatimə! Əsgərlər yenə su gətirir deyəsən.

Qadın evdən çıxıb onun yanına yüyürdü. Sonra qayanın üstünə qalxdı, yenə əlini günlük kimi gözünün üstünə qoydu, yola diqqət kəsildi.

- Nəsə, onların maşınına oxşamır. Sənin gözlərin lap pozulub, heç nə görmürsən.

Qadın evə qayıtdı, kişi isə çəpərin o üzünə çıxdı. İndi artıq özü də görürdü ki, gələn yük maşını deyil, adi cipdir. Bu dəm, uşaqlar da yüyürüb gəldi – sevindiklərindən, həyətdə atılıb-düşürdülər.

Onlardan biri çığırırdı:

- Su, su gətirirlər!

Atası hirsləndi:

- İtil burdan! Gedin ananızın yanına!

Fatimənin əri görəndə ki, gələn polis maşınıdır, tələsik evə keçdi, uşaqlar da dalınca.

...Polislər evə soxuldular. Kişi qorxu içində divara söykəndi, rəngi ağardı. Polis nəfərləri qapını çırpıb həyətə çıxdılar, onlardan biri çəpərin yanında işəyirdi, o birisi isə bu vaxt Fatimənin ərinə yaxınlaşdı, durub-durub qəfildən qarnına bir təpik ilişdirdi:

- İt oğlu! Oğrunun biri, oğru! Hərbi kazarmadan su oğurlayırsan! Çəlləklər hanı?

Çəpərin yanındakı polis nəfəri ətrafındakılara məhəl qoymadan şalvarının qabağını düymələyirdi.

Fatimənin əri isə, ağrıdan, yerdə qıvrıla-qıvrıla qalmışdı. Polis nəfəri onun yaxasından tutub qaldırdı:

- De görüm, su hardadır?../kulis.az/

Tərcümə: İlqar ƏlifoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031