manera.az
manera.az

Taclı mələklər - Koronavirusla bağlı müsabiqənin QALİB HEKAYƏSİ

Taclı mələklər - Koronavirusla bağlı müsabiqənin QALİB HEKAYƏSİ
MANERA.AZ Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”ndə Natiq Məmmədlinin 1-ci yer qazanan "Taclı mələklər" hekayəsini təqdim edir:

Üç gündür, atasının-anasının kürrüyünü eləyən altı yaşlı nəvəm indən sonra həyətə də düşürtməyəcəyimizi biləndə hikkəsindən evin altını üstünə çevirməyə başladı. Yarıya qədər getdiyi məktəbəqədər hazırlıqda öyrəndiyi hərfləri divar kağızlarının üzərinə yazmağa girişəndə özümdən çıxsam da, anam nəticəsinə qahmar çıxıb “qoy nə istəyir, eləsin” demişdi. Bilməzdim ki, görəcəkli günlərimiz qabaqdaymış – karantin müddəti uzandıqca təzəcə təmirdən çıxmış mənzilimizin divarları yavaş-yavaş Qobustan qayalarını xatırladan rəsmlərlə “bəzənəcək”, adama gəl-gəl deyən ilıq yaz havasında tumurcuqlayan ağaclara, kimsəsiz küçələrə pəncərədən boylanacaq nəvəm, hər gün günəş və çiçək şəkilləri çəkib ürəyimi paramparça edəcəkdi. Bir tərəfdən uşağı qınasam da, heç özüm də bir yerdə qərar tuta bilmirdim.

Qəribəydi, həmişə evdə olmağı, vaxtın qovhaqovunda yarımçıq qalan işlərimi tamamlamağı arzulamışdım. Ən azından müdafiə ərəfəsində olan iki disserta siyaya opponent rəyi yazmalıydım, hələ günü-günə calayaraq yekunlaşdırmağa həvəs göstərmədiyim monoqrafiyama da əl gəzdir mək lazım idi. Elə hey gileylənirəm ki, vaxt edə bilmirəm, indiysə nə qədər desən, vaxtım vardı, amma heç cür əlim işə yatmırdı. Çünki Novruzdan sonra baharın ilıq nəfəsinin qış mürgüsündən oyatmağa çalışdığı dünyamızda işlər yolunda deyildi, biz Aya turist kimi getməyə hazırlaşırdıq, Marsın səthini isə az qala öz aramızda bölüşdürüb qurtarmışdıq və birdən Şərqdən başlayan qrip epidemiyası həyatı mı zın ritmini elə pozdu ki, yeganə çıxış yolumuz birbirimizdən təcrid olunmaq və evdə oturmaq oldu. Ən dərin yuxumuza belə girməyən şeylər sanki həyatımızın reallığına çevrilmişdi.

Mən tarixçiyəm, bəşəriyyətin bu vaxta qədər dəhşətli müharibələrdən keçməsi, epidemiyaların milyonlarla insanın həyatına necə son qoyması barədə oxuduğum kitabları bir daha vərəqləməyə başladım. Amma biz orta əsrlərdə yox, mikrobioloqların, gen mühən dislərinin az qala hər il Nobel mükafatı aldığı XXI əsrdə yaşayırdıq və birdən sadə bir qrip inkişaf eləmiş dünyanın sakinlərini öz evlərində həbs edir. Gen mühəndisliyi demişkən, bunun heç də sadə qrip olmadığını izah eləmək üçün sosial şəbəkədə roliklər paylaşan Genetika İnstitutunda çalışan rəfiqəm dönə-dönə deyirdi ki, vaksinin tapılması üçün əvvəlcə virusun genini təyin eləmək lazımdır. Amma bu, heç də asan məsələyə oxşamırdı, bəlkə də, bir il gözləmək lazım gələcəkdi.

Dünyamızsa suyu qurumuş dəyirmana bənzəyirdi, maşınların şütüdüyü küçələr, insanların qaynaşdığı səkilər, baharın ətri gələn yaşıl xiyabanlar ölü sükuta dalmışdı. Hərəmiz öz damımızın altına sığınıb dünyamızdan gələn səksəkəli xəbərləri təəssüflə izləyirdik, virusun qızdırmalı, öskürəkli nəfəsi qapımızın kandarında dayananda isə artıq bunun yuxu olmadığını hiss eləməyə başladıq. Qorxurduq. Bəla hər yerdə ardımızca sürünürdü əlimizin dəydiyi, nəfəsimizin toxunduğu nə vardısa, hamısında qripin taclı virus ları pusquda dayanıb yolumuzu gözləyirdi. Biz görüşəndə qucaqlaşıb öpüşərdik, indisə üz-üzə gələndə yolumuzu dəyişir, sifətimizi gizlətdiyimiz maskanın üstündən daha çox acizliyin, bir balaca da ümidin parıltısı ilişmiş gözlərimizlə bir-birimizə təskinlik verməkdən başqa əlimizdən bir iş gəlmirdi. –

Mən həyatım boyu o qədər epidemiyalar görüb yola vermişəm ki, bütün dünyanı iflic edən beləsini təsəvvür eləməzdim, – doxsan beş yaşlı anam televiziya xəbərlərində virus - dan ölənlərin hər gün yenilənən elektron lövhəsi qarşısında aparıcının həyəcanlı məlumatlarını dinləyərkən belə dedi.

Anam artıq çoxdan təqaüdə çıxmış infeksionist uşaq həkimiydi, yarım əsrlik fasiləsiz əmək fəaliyyətinin on ilini vaxtıyla adına “uşaq Allahı” deyilən, Bakının məşhur pediatrı Qindesin rəhbərliyi altında işləmişdi. Anam yoluxucu xəstəliklərlə mübarizə aparanda biz uşaq idik, dumanlı şəkildə xatırlayıram ki, atüstü evimizə dəyib, təzədən xəstəxanaya yolla nan da rəhmətlik atam işini-gücünü buraxıb bütün gününü bizim şıltaqlığımıza dözərək keçirirdi. Amma biz bunun adının pandemiya olduğunu və həyatımızın indiki kimi təhlükədə olduğunu hiss eləmirdik. Heç valideynlərimiz də işin yükünü evə gətirməz, bizim yanımızda çətinliklərdən söz açmaz dılar, bildiyimiz bir o idi ki, atamız şərqşünas, anamızsa “sözəbaxmayan uşaqlara” iynə vuran həkim idi.

– Ana, yəqin, sizin vaxtınızda infeksiyalar indiki kimi sürətlə yayılmırmış, ölənlərin sayı da çox deyilmiş, – soruşdum.

– Nə danışırsan, qızım? Ölənlərin sayı indikindən dəfələrlə çox idi. Bakının da, elə o biri şəhərlərin də xəstəxanaları dolub-daşırdı. Amma sovet hökumətiydi, çox şey gizlədilirdi, düz-əməlli hesab-kitab aparan da yox idi. Hə, indiki kimi hərənin əlində bir telefon da yox idi axı. Mən də eynən Nadirə kimi gecəmi gündüzümə qatmışdım. Həkimlər az, xəs - tələrsə bir ucdan artırdı. Çatdıra bilmirdik, bala, – Nadirə anamın öz adıdı, qardaşım oğluna atamın adını vermişdi, mən də qızım dünyaya gələndə heç düşünmədən anamın adını qoydum. Hardan biləydim ki, balaca Nadirə də böyüyəndə adını daşıdığı nənəsi kimi həkim olacaq, həm də infeksionist və elə bir gün gələcək ki, pandemiya başımızın üstünü qara buludtək kəsdirəndə o da eynən nənəsi kimi mübarizəyə qoşulacaqdı. Tarix təkrarlanır, amma peşəkar tarixçi kimi bilirəm ki, bu heç də yaxşı hal deyil. O, insanların səhvlərini, buraxdıqları boşluqları xatırlatmaq üçün təkrarlanır, zamanın kəm-kəsirini gərək vaxtında ödəyəsən. Lakin filosofluq eləmə - yimin artıq anlamı qalmamışdı, çünki tarix, doğrudan da, təkrarlanmışdı, özü də tək ana - mın və qızımın yox, bütün insanların taleyində.
Taclı mələklər - Koronavirusla bağlı müsabiqənin QALİB HEKAYƏSİ
– Yadımdadı, müharibədən sonra, 40-cı illərin axırlarında “səpmə yatalaq” epidemiyası elə sürətlə yayıldı ki, yoluxan zavallı körpələrin yarıdan çoxunun həyatını xilas eləmək mümkün olmadı, – anam danışmağa başladı. Atam da, elə mən özüm də həmişə onun yaddaşına həsəd aparmışıq, faktları, rəqəmləri, hətta fikir vermədiyimiz xırda detalları elə gözəl xatırlayır ki, sanki tarix kitabı oxuyursan, – 50-ci illərin ortalarında “qayıtma yatalaq” xəstəliyi tüğyan eləməyə başladı. Həmin vaxtı biz bütün sutkanı gözümüzü qırpmadan işləyirdik…

– Hə, o vaxtlar, dumanlı da olsa, yadıma gəlir. Bizi bağçaya getməyə qoymurdunuz.

– Çünki yatalaq təzə anadan olan uşaqları, bir də qocaları oraq kimi biçirdi. O zaman mənim əynimdə adicə ağ xalat, bir də hər gün spirtlədiyimiz adicə maska var idi. Allahın işinə bax ki, nə mən, nə də həmkarlarımdan heç kim yoluxmadı. Bilirsən, biz həmin xalat və maskayla illərlə vərəm şöbəsində də işləmişik, heç vaxt da qorxmamışıq, ağlımıza gəlməyib ki, yoluxa bilərik. Amma indi Na - dirənin əynində skafandr təsəvvür edəndə ürəyim ağrıyır. Hələ Arifin burnunun üstün - dəki qızartılar…

Arif qızımın həyat yoldaşıdı, universiteti də bir yerdə oxumuşdular, ikisi də infeksionist olsa da, fərqli xəstəxanalarda işləyirdilər. Lakin karantin zamanı hər ikisi vəziyyəti daha ağır olan şəxslərin yerləşdirildiyi xüsusi ayrıl - mış xəstəxananın reanimasiya şöbəsinə təh - kim olunmuşdu. Dünən gecə yarısı qızlarına baş çəkməyə gələndə nəvəm yatmış dı, yaxşı ki, zavallı qızcığaz valideynlərinin o halını görmədi. İkisinin də rəngi qaçmış sifətində taxdıqları maskanın buraxdığı dərin izlər gendən sezilirdi, Arifin gözlərinin altı qaralıb tuluqlanmış, burnunun üstündə qızartılar peyda olmuşdu, Nadirəninsə gözləri yol çəkir, danışa-danışa eləcə dizlərini ovxalayırdı.

Onların yorğun sifətinə baxanda anam heç əhvalını pozmadı, əksinə, cavanlığını xatır - layırmış kimi sualları yağıştək yağdırırdı və mənə elə gəldi ki, hətta gecənin bu saatında təzədən ağ xalatını geyinib nəvəsinə qoşulmaq üçün himə bənd idi. Mənsə nə qızımı, nə kürəkənimi heç vaxt belə heyi kəsilmiş görməyə adət eləməmişdim, sanki ağır döyüşdən çıxıb yolüstü doğmalarına baş çəkməyə gəlmişdilər və təzədən döyüş meydanına qayıtmaq üçün tələsməliydilər. Onlar nigarançılıqlarını gizlətməyə çalışsalar da, vəziyyətin ciddiliyini, bəlkə də, çıxılmaz olduğunu yorğun gözlərindən oxuyurdum. Etiraf edim ki, onların gəlişinə kimi adi qripin dünyamızın altını üstünə çevirəcəyinə elə də ciddi yanaşmırdım, bunu hansısa dərman firmalarının, beynəlxalq güclərin uydurduğu informasiya imitasiyası hesab edirdim.

Qızım da, kürəkənim də bacardıqları qədər bizə təskinlik verməyə çalışırdılar, lakin başımızın üstünü hazırlıqsız kəsdirən elan olunmamış savaşın addım səsləri artıq evimizin kandarın - da eşidilirdi. “Bəs nə edək?”, – dərsini bilmə - yən uşaqlar kimi onların rəngi qaçmış sifətinə baxıb dillənəndə hər gün sosial roliklərdə eşitdiyimiz sözlərdən savayı bir şey demədilər – “Evdə qalın, əlləri tez-tez yuyun, aranızda məsafə saxlayın”. Qızım ürəyimə bələd idi, onsuz da onlardan sarı nigaran qalacağımı bilirdi, odur ki, mənə toxtaqlıq vermək üçün iş şəraitlərinin yaxşı olduğunu, vaxtında yeyibiçdiklərini, səkkiz saatdan çox işləmədiklərini söylədi.

– Səkkiz saat nədi ki? Biz o vaxtlar bütün sutkanı ayaq üstə keçirərdik, – uşaqlar gedəndən sonra anam dilləndi.

– Elə bilirsən, başa düşmədim, məni tox - tat maq üçün elə dedilər. Onlar da çox işləyir, ana…

– Elə də olmalıdı, – anam soyuqqanlı cavab verib əllərini yumaq üçün vanna otağına keçdi. Yəqin, uzun illərin formalaşdırdığı peşə vərdişindən irəli gəlirdi ki, o, atamdan da, elə mənim özümdən də fərqli olaraq, heç vaxt təm kinini pozmazdı, hər halda biz anamızı nə vaxtsa əsəbiləşib özündən çıxan görməmişdik.

Atamın işiylə bağlı altmışıncı illərdə ailəmizlə birlikdə iki il Əfqanıstanda yaşayan - dasa anamı təzədən kəşf elədim, tək ana kimi yox, yüzlərlə tanımadığı xəstələrə şəfa verən həkim, dağ ürəkli insan kimi. Qardaşım məndən iki yaş böyük olsa da, indi soruşanda çox şeylər yadına yuxu kimi gəlir, mənsə vətənimizdən uzaqlarda, yad adamların arasın da atamın narahat günlərini, anamınsa necə gecəsini gündüzünə qatmadan işlədiyini xatır layıram. Xaricə yollanarkən elə bilirdik ki, nəhayət, anam bütün gününü bizimlə keçirə - cək, heç başqa ölkədə çalışmaqdan ötrü rəsmi icazəsi də yox idi.

Başında həmişə qara buludları əskik olmayan Əfqanıstanda o zamanda çiçək xəstəliyi tüğyan eləyir, həkim çatışmır, uşaqlar kütləvi şəkildə qırılır, sağalan larınsa ömürlərinin axırına qədər üzgözləri çopur bağlayırdı. Sizcə, anam rahat oturardımı? Yenə də ağ xalatını geyinib maskasını spirtlədi.

Yadıma salanda indi də heyrətlənməyə bilmirəm, ictimai əsaslarla – yəni bir qəpik belə ummadan çiçək pandemiyası ilə mübarizəyə qoşuldu. Tərslik dən həmin vaxt qardaşım, ondan təxminən iyirmi gün sonra mən də çiçəyə yaxalandıq. Atam təşviş içindəydi, üzə vurmasa da, bizi Əfqanıstana gətirdiyinə görə çox peşman olmuşdu. Anam tanımadığı əfqan balalarının başı üzərində pərvanətək dolandığı kimi, bizi də xəstəliyin ağuşundan xilas elədi. Yeganə qorxumuz çopur qalacağımız idi, şükürlər olsun ki, hər şeyi yaxşı adlada bildik.

– Bu da keçib gedəcək, qızım, özünü darıxdırma, – anam hələ də pəncərənin qabağında dayanıb Nadirəgilin maşınının arxasınca baxdığımı görüb dilləndi.

– Ana, Əfqanıstan yadındadı?

– Hə, kasıb ölkə, hər yanı cənginə alan lənətə gəlmiş çiçək, bir də hədiyyə kimi mənə verilən bahalı qaragül dərisindən kürkü geri qaytarmağım… Hamısı yadımdadı.

– Qaragül dərisindən kürk? Bax, o, mənim yadımda deyil.

– Çünki heç sizə deməmişdim də. Amma atan o kürkdə gözüm qaldığını bilirdi, günlərin bir günü ondan yaxşısını alıb gətirdi. Biz kimdənsə hədiyyə ummurduq axı. Qaldığımız şəhərin merinin oğlu vərəmə tutulmuşdu. Adı nəydi onun? Hə, Məhəmmədəli. Altı yaşında, elə mehriban, istiqanlı uşaq idi ki. İki qaşının arasında hind qızları kimi yumru qara xalı varydı. Bütün günü də ağlayırdı “Mənim hələ altı yaşım olmayıb. Mən ölməyəcəm, ölməyəcəyəm”, deyirdi.

– Mən elə bilirdim ki, təkcə çiçək yayılmışdı.

– O zamanlar vərəm də çiçəklə qol-qola verib varlı, kasıb demədən bütün komaları, imarətləri dolaşırdı. Məhəmmədəlini müalicə eləyib sağalda bildim, amma əkiz əmisi uşaqlarını xilas eləmək mümkün olmadı. Şəhər merinin arvadı mənə qaragül dəri sin - dən olduqca gözəl, həm də bahalı bir kürk gətirmişdi. Rəhmətlik atanın bircə qıyqacı baxışı kifayət elədi ki, hədiyyəni geri qaytarım. Biz sovet adamları idik, öz prinsiplərimiz vardı… Bakıya qayıdandan sonra aradabir Məhəmmədəlidən məktublar alırdım, rəssam olacağını yazırdı. Sonra əlaqəmiz kəsildi. Eh, gör aradan nə qədər illər keçib.

– Rəssam? Mən də rəssam olacam!, – gözlərini ovuşdura-ovuşdura yatağından qalxıb bayaqdan bizə qulaq asan nəvəm İradə gileyligileyli dilləndi.

Hə, yadımdan çıxmamış deyim ki, nəvəm də mənim adımı daşıyır. Düzdü, bunu qızımdan, ya kürəkənimdən heç vaxt xahiş eləməmişdim. Özləri belə istəmişdi, nə gizlədim, elə mənim də ürəyimə yatmışdı.

– Bəs dünən deyirdin, müğənni olacam. Nə tez fikrini dəyişdin? – anam mənə göz vurub dilləndi.

– Müğənni də olacam də. Şəkil çəkən müğənni olmur ki? – nəvəm də hazırcavablığından qalmadı.

– Nə deyim, bala, heç bizim nəsildən mahnı oxuyan çıxmayıb. Biz yaxşı həkim oluruq…

– Yox, mən həkim olmayacam! Həkimlər çox, hamıdan çox kitab oxuyurlar. Axşamlar da evlərinə gəlmirlər. Müğənni yaxşıdı, hamı səni tanıyır, qəşəng evlərin, maşınların olur, – qoca nənəsinin nəsə deməsini gözləmədən nəvəm zümzümə eləyərək yan otağa keçdi. Yavaşyavaş uşağın cır səsi bütün evi başına götürdü. İndi o, rəngli karandaşlaryıla divar kağızları üzərində “rəssamlıq” məharətini göstərir, həm də səsinin yetdiyi yerə kimi dayanmadan mahnı oxuyurdu.

– Görürsən, zəmanə uşaqlarıdı, – anam dedi, – nəyəsə məcbur eləmək olmur. Elə söz - lər danışırlar ki, adamın matı-qutu quruyur. Biz bu yaşda
ev, maşın haqqında nəinki fikir - ləşmirdik, heç istəsək də, fikirləşə bilməzdik.

– Ana, belə baxanda uşağı da qınamaq olmur axı. “Aşıq gördüyün çağırar”, – dedim. Sonra yenidən anamın xatirələrini çözələməsi üçün söhbəti Əfqanıstandan saldım.

...Evimizə qapandıqca vaxtın necə keç mə - sinin heç bir anlam kəsb etmədiyini duymağa başladıq. Elə bil bələkdə qırxı çıxmayan uşaq idik, yavaş-yavaş gecəylə gündüzün yerini səhv salırdıq. Anamın xatirələri təkrarlananda və bir də müğənni olacağını az qala hər gün israrla sübut eləməyə çalışan nəvəmin “repertuarı”nda təzə mahnılar peyda olanda evimizin divarları arasında zamanın hələ dayanmadığını hiss edirdim. Ömrünün əlli ilindən çoxunu çiçək, vəba, qızılca, vərəm kimi yoluxucu bəlaların qarşısını almağa həsr eləmiş doxsan beş yaşlı anam hər gün əllərini yuyur, spirtləyir, məni də, nəvəmi də bunu eləməyə məcbur edirdi. Bu bəlanı da adladacağımıza elə əmin idi ki, onun opti miz mini paylaşmamaq mümkün deyildi. İsti divarlarımızdan kənarda – ölkələrini, şəhərlərini, kəndlərini gəzməkdən doymadığımız dün - yamızda vəziyyət hələ də yaxşı deyildi.

– Həkim, düzünü deyin, mən ölməyəcəm, hə? Belə yaşlı görsənməyimə baxmayın ha, heç altmış yaşım olmayıb. Həkim, mən ölməyəcəm, eləmi?

Bakıda Novruz şənliklərində iştirak eləmək üçün İrandan Azərbaycana gələn turistlərin bəzilərində virusu təyin edən testin nəticələri müsbət çıxmışdı. Onlardan vəziyyəti ağır olanları isə Nadirəylə Arifin çalışdığı xəstəxananın reanimasiya şöbəsində yer ləş - dirmişdilər. İki qaşının arasında hind qızları kimi yumru qara xalı olan kişinin nəfəs almağı çətinləşəndə süni nəfəs aparatına qoşmaqdan başqa əlac qalmamışdı. Az qala hər gün Nadirənin skafandrın qalın eynəyinin arxa - sından parlayan çuxura düşmüş gözlərinə baxaraq günahsızlığını sübut eləməyə çalışan uşaqlar kimi hələ altmış yaşının tamam olmadığını dönə-dönə söyləyirdi.

– Bilirəm, bu, elə bir dərdi ki, qocaları götürür. Amma, həkim, Allaha and olsun ki, mənim heç altmış yaşım olmayıb. Vallah, altmış yaşım yoxdu…

– Sizə heç altmış da vermək olmaz, – Nadirə onun xəstəlik tarixçəsinə göz gəzdirib dilləndi. Öskürək hələ ki şiddətli olmasa da, qızdırma artıq öz işini görmüşdü; kişinin dodaqları çat-çat olmuş, burnunun ətrafı və gözünün altı göyərmişdi, nəfəs almağı çətinləşdikcə nəbzinin ritmi də aşağı düşürdü. Xəstə müalicəyə adekvat görünürdü, lakin bir vaxtlar vərəmin zədələdiyi ağ ciyərləri hərarətin artacağı təqdirdə həyatını təhlükə altında qoya bilərdi. Onunla eyni palatada yatan xəstəni artıq xilas eləmək mümkün olmamışdı.

Elə başqa xəstəxanalardan gələn xəbərlərdə də ürəkaçan bir şey yox idi. Kişi qara qızdırmadan ayılıb özünə gələndə hər gün eyni şeyləri danışırdı. Bəlkə də, sayaqlayırdı, amma Nadirə üçün onun danışığına qulaq asmaq, vaxt tapdıqca söhbət eləmək elə müalicə qədər vacib idi. Virusun caynağında çırpınan xəstələrin çoxu heç sayaqlaya da bilmirdilər. İnsan bir göz qırpımında statistik rəqəmə çevrilirdi – hər gün bu qədər yoluxdu, bu qədər öldü, bu qədər sağaldı. O sanki özünün rəqəm olma - dığını sübut etmək üçün mücadilə aparırdı, yalnız və yalnız sağalanların cərgəsində dayanmaqda israrlı idi. Bu xəstəxanada sayaq - lamağı bacarmaq elə nəfəs almaq qədər vacib idi.

– Altmış nədi ki, hə, həkim? Altmış nə yaşdı ki?

– Əlbəttə, bir yaş deyil. Siz də, maşallah, yaxşı görünürsünüz…

– Həkim, mən sizin şəklinizi çəkəcəm. Mən rəssamam axı… rəssamam…

– İnşallah! Sağalandan sonra, amma skafandrda yox.

– Mən bilirəm, necə çəkəcəm. Sizin şəklinizi… özüm bilirəm… Skafandrda olsanız da, sizi görürəm… Altmış yaş boş şeydi, eləmi?

– Yaşınızı özünüzə dərd eləməyin artıq.

– Yox, həkim, mən özüm tez-tez belə deyirəm ki, qoy əzrail də eşitsin. Mən bayrama gəlmişdim axı... Heç bayram vaxtı da adama qıyarlar? Altmış yaş nədi ki?..

– Bəs nə çəkrisiniz? Portret, peyzaj…

– Mən müharibə adamlarından çəkirəm, həkim. Bilirsiniz nə qədər müharibələr gör - müşəm? Biz Əfqanıstan qaçqınıyıq. Çoxdan… Çoxdan qaçmışıq... müharibədən… İndi Təbrizdə… – öskürək şiddətləndiyindən nə qədər çalışsa da, sözünün davamını gətirə bilmədi. Nadirə onun başını dikəldib su verdi. Hərarəti də artmışdı. İndi o, hər gün qılığına girdiyi əzraillə növbəti savaşa başlamışdı. Həkim dan yeri sökülənə qədər alnı hind qızları kimi xallı xəstənin başının üstündən çəkilmədi. “Yox, mənim altmış yaşım yoxdu… yox… yox… altmış nə yaşdı ki…”, – o, bütün gecəni bax beləcə sayaqladı. Səhər Nadirəni Arif əvəz edəndə xəstə bir az toxtamışdı, ağırağır da olsa, nəfəsi gedib-gəlirdi.

Dünyanın bütün xəstəxanaları dolubdaşırdı, sanki bəşəriyyət eyni vaxtda savaş vəziyyəti almışdı. Hamı səbirsizliklə Şərqdən yayılan bəlanın kökünü kəsən vaksinin hazırlanacağı günü gözləyirdi. Günlər uzan - dıqca evə qapanmış adamların səbri də tükənirdi. Yalnız təbiət öz işindəydi; baharın nəfəsi toxunan ağaclar çoxdan tumurcuqlayıb çiçək açmışdı, köhnə “beşmərtəbə”lərin hə - yətində yumrulanmış alçalar, göyərmiş əriklər pıtrax budaqlarına dırmaşacaq dəcəl lərin yolunu gözləyirdi. Novruzu yola verən dən sonra Pasxanın çıxmasına bəndmiş kimi sərçələr civildəşərək pəncərələrimizi döyəc - ləyir, hər səhər onları yemləyəcək adamların yolunu gözləyən alabəzək göyərçinlər, kimsə gözə dəyməsə də, yenə də ümidlərini itir - məyib səkilərin kənarına qonurdular. Əslində, ümidini itirməyən tək onlar deyildi, insanların dəvə səbri tükənsə də, göyərçin ümidi hələ öləziməmişdi.

Nadirə artıq başqa xəstəxanaya təhkim olun muşdu, Arifsə reanimasiya şöbəsində işinə davam edirdi. Sağalanların sayının yavaşyavaş artdığını da birinci onun dilindən eşit - dik. Xəbərlər proqramlarında karantin rejiminin artıq yumşaldılacağı barədə ara-sıra söhbətlər gedirdi. Bizim göyərçin ümidimiz günü-gündən qanadlanır, evimizin divarları arasında qərar tutmayıb doğma şəhərimizin yaşıl xiyabanlarının üzərindən ötmək istəyirdi.
Arif hamımızı, hətta aylardı ki, müğənni olacağını israrla söyləyən nəvəmi də heyrətə salan müjdəli xəbərini isə mayın ortalarında verdi.

Pandemiyadan sonra ilk dəfəydi ki, ailəlikcə nahar süfrəsinə toplanmışdıq, az öncə xaricdəki qardaşımla da “Skyap”la söhbətləşməyimiz anamın nigarançılığına son qoymuşdu. Dünyamızın yavaş-yavaş özünə gəlmək istəməsi hamımızı sevindirdi. Arif əlin də iri dördkünc bağlama evə gələndə nəvəm bunun ona hazırlanmış növbəti sürpriz oldu ğunu düşünüb civiltili səsini başına atdı. Bu aralarda könlünü almaq üçün, demək olar ki, hamımız ona balaca da olsa nəsə sürpriz edirdik axı.

– Bunu xəstəxanaya gətirmişdilər. Sənə gəlibmiş, – Arif çiyinlərini çəkərək bağlamanı Nadirəyə göstərdi, – özü də Təbrizdən.

Qızım gözlərini döyüb üzümüzə baxdı. Nə bizim İranda qohumlarımız var idi, nə də onun rəfiqələri. Hər halda mənə elə gəldi ki, bu, yenə Arifin növbəti zarafatlarından biridi. Yorğun, üzücü günlər yaddaşımızda ilişmiş pis yuxu kimi arxada qalmışdı və biz yavaş-yavaş pandemiyadan əvvəlki həyatımızın ritminə qayıtmağa cəhd göstərirdik. Zarafatlar isə bir zamanlar həyatımızın az qala gündəlik normasına çevrilmişdi. Nadirə bağlamanı açandasa bunun zarafat yox, gözəl bir portret olduğunu gördük – çuxura düşmüş göz - lərindən sevinc yağan əsmər sifətli həkim başını azca yana əyib gülümsəyirdi. Gur, qara saçlarını boynunun arxasından buraxmış, əllərini ağappaq xalatının qarşısında çarpaz - lamışdı, başındasa üzündəki yorğun təbəs - sümü tamamlayan şahzadəsayağı zərif bir tac var idi.

Rəsmin aşağısında kursivlə bu sözlər yazılmışdı – “Xilaskarım – taclı mələk. Məhəmmədəlidən. Təbriz”. “Məhəmmədəli” adını oxuyan kimi Arif onun reanimasiyada Nadirənin müalicə elədiyi hind qızları kimi alnı xallı kişi olduğunu söylədi. Qızım son aylarda sayını itirdiyi xəstələrinin arasından hər gün əzraili yola gətirmək üçün altmış yaşının tamam olmadığını söyləyən təbrizli rəssamı da, ona verilən sözü də unutmamışdı. Lakin hamıya qəribə gələn portretin nəvə Nadirədən çox, nənə Nadirənin cavanlığını xatırlatması idi. Bunu hamıdan yaxşı mən bilirdim, çünki bütün ömrüm çuxura düşmüş gözlərindən heç vaxt sevincini əsirgəməyən, ağ xalatında mələyə oxşayan əsmər simalı qadının gözlərinin qabağında keçmişdi. Xa - tirə lərimizin köhnəldiyini zənn etdiyimiz anda üstündəki beton qatını yararaq günəşə sarı boy göstərən körpə fidan kimi təzə xatirələr göyərir və yaddaşımızı korşalmağa qoymur.

İş ondadı ki, taclı virusun gətirdiyi pandemiyanın həyatımıza qatdığı “müjdə”lər bunun la da bitmədi. Dünənə qədər müğənni olacağını israrla söyləyən nəvəm divardan asdığımız “taclı mələyin” portretini görər-görməz indi də həkim olmaq həvəsinə düşmüşdü. Amma bu dəfə, deyəsən, lap ciddi idi; səhər açılandan axşama kimi hamını müayinə edir, qızdır ma - mızı ölçür, əllərimizi spirtləyirdi – pandemiya qurtarmışdı, amma bizim evdə “profilaktik tədbirlər”, görünür, hələ çox davam edəcəkdi. /Ulduz.-Avqust.-2020/

Aprel, 2020Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031