Qürbətmi məndədi, mənmi qürbətdə - Məmməd Həsənlinin şeirləri

Gürcüstanda, Qarayazıda doğulub-böyüyən Məmməd Həsənli ötən əsrin 70-ci illərinin sonu-80-ci illərində ən çox çap olunan, şeirləri ədəbi mühitdə müzakirə olunan söz adamlaından biri idi. Quruluş dəyişən vaxtlarda bir çoxları kimi o da “itdi”, uzun müddət sorağını ala bilmədim. Sonra Məmməd Həsənlinin səsi Belorusun Bobruysk şəhərindən gəldi. Tapışdıq, imkan olanda zəngləşdik, uzun illər Məmməd söz yanğısını o zənglər vasitəsilə söndürməyə çalışdı. Qismət oldu, bir neçə il əvvəl Rusiyaya gedəndə Belorusa – Bobruyska da baş çəkdim, təxminən 30 ildən sonra Məmməd Həsənliylə təzədən görüşdük.
Deyir, bilmirəm, neçə yaşım olardı. Qonşumuzda Sara xala çağırdığımız bir qadın vardı, gözəl nağıllar danışırdı. Bəlkə elə onun nağıllarını eşitdiyim məqamdan. Atam Qasım kişi aşıq poeziyasını ağlagəlməz dərəcədə sevirdi, həm də gözəl bilirdi. Ola bilsin, ondan şeirlər və dastanlar eşitdiyim gündən yazıram.
Bu şeirlər də onun yazdıqlarından seçmələrdi...
Nəriman ƏBDÜLRƏHMANLI
MƏKTUB
Salam, mənim Bakım! Necəsən özün?
Xəzərin yenə də ləpələnirmi?
Ulduzlar hər gecə hey şabaş təki
Yenə də başına səpələnirmi?
Özgə nə var, nə yox, küləyin necə,
Kəpənək qızları atıb-tuturmu?
O yay gecələrin, o sahil, dəniz
Ürəkdə məhəbbət odu çatırmı?
Hərdən qübarlanıb kənd cavanları
Bir az bədxərclik edirmi yenə?
Qəzet süfrələrə kənd sovqatından
Düzüb, bülbül kimi ötürmü yenə?
Hər gecə qoşulub gedən qatara,
Yuxular çıxırmı kənddə səhərə?
Simsiz teleqraflar hər gün, hər axşam
Xəbər daşıyırmı kənddən şəhərə?
Bağışla bu qədər, di salamat qal!
Gözlərim yollara iz sala-sala.
Qulağım səsdədi, əlim havada
Cavab gözləyirəm bir məktub yolla!
1973
BU GECƏ SÜD RƏNGLİ DƏNİZƏ DÖNDÜ
Ayın süd rənginə boyandı gecə,
Bu gecə süd rəngli dənizə döndü.
Bu süd dənizinə eviniz sanki
Ləngər vura-vura gəmitək endi.
Yumdu gözlərini pəncərəniz də,
Uyudu gecənin süd dənizində
Bu süd dənizində, kayut otaqda
Yəqin ki, yatmısan elə özün də.
Yuxulu-yuxulu yol gedən gəmi,
Hardasa bir tənha sərnişin qalar.
Hansı kayutdasa ay öpüşləri
Bir qız tellərini yuyar, daraqlar.
Belə gecələrdə qəmlə köklənən
Bir qərib mahnıya dönər ürəyim
Yuxusuz gözümə varmı bilmirəm
Bir təsəlli verən, bir layla deyən?
1974
YOLLAR O YOLLARDI…
Yollar o yollardı, cığırlar eynən,
Kollar o kollardı, verib əl-ələ.
Ulduzlu gecələr, qızıl səhərlər
Yenə o yerlərdə yaşayır hələ.
Günlər o gün deyil, günlərə nə var,
Günlər çözələnir bizdən xəbərsiz.
Bir həzin nəğmə var, vaxtsız qocalar
Kiminsə qəlbində səssiz-səmirsiz.
Bir soyuq baxışdan, soyuq görüşdən
Nəhəng palıdın da əyilər beli.
Bir mehriban sözdən, titrək öpüşdən
Sevinər körpəcə pöhrələr beli.
Pöhrələr, çiçəklər yam-yaşıl düzlər
Sevilmək kövrəlmək, sevmək çağında.
O yollar, cığırlar, o doğma izlər
Addım sorağında, səs sorağında.
1974
DƏLİQANLI MART
Atılır fevralın qolları üstdən
Meydan oxumağa dəliqanlı mart.
Kəl oğlu kəl kimi girər meydana
Gəzər hirsli-hirsli, dolanar sərt-sərt.
Sonuncu ümidtək ağaran qarı
Dağların başından atar dərəyə.
Çırpınar ağaclar, silkinər yollar,
Toz-torpaq duman tək çəkilər göyə.
Kür də kürlüyünü danar bu yerdə
Quruyar dodağı, soğular gözü.
Sərv boylular da belə günlərdə
Ötkəm yerişini itirər, düzü.
Deyingən qarılar, dəcəl uşaqlar
Baxar küçələrə, hey baxar mat-mat...
Bu arzu-istəkdən şığıyıb keçər
Kəl oğlu kəl kimi dəliqanlı mart.
Döyər qapıları, pəncərələri
Gəzər qocaların əsəblərində
...Hardasa qızların zərif əlləri
Ovcunda baharı böyüdər indi.
1975
BİR SƏS HARAYLADI MƏNİ BİR GECƏ
Bir səs harayladı məni bir gecə,
Boğula-boğula qonşunun iti
Bütün o gecəni səhərə kimi
O səsin səmtinə zəncir çeynədi.
Səsin acığına qonşunun qızı
Məni qaş-gözüylə hey acıladı.
Bacım da dözməyib, atamdan gizli
Səsin kölgəsini hey qılıncladı.
Bir gecə titrəyib yox oldu o səs,
“Qurbağa gölünə daşmı atdılar?”
İndi xatirələr izinə düşüb
Elə hey uzanır, uzanır yollar.
Çox şeyə, çox şeyə gecikdim o vaxt,
Mən kimə yalvarım: “Bağışla məni”.
Mən kimə yalvarım: “Döndər yolundan
O səsi, həvəsi, həlim gecəni”.
...Bir səs harayladı məni bir gecə,
Nədənsə o səsə mən oyanmadım.
Bir qəlb çağırışının o zaman, o vaxt
Gizli sevincini mən duyammadım.
1976
GETDİ
Gözlərimə həyan gözlər var idi,
İzlərimə həyan izlər var idi,
Sözlərimə həyan sözlər var idi,
Məni gecə-gündüz göynədib getdi.
Saçımda laylaya dönən ağ əllər,
Üzümə meh kimi toxunan tellər,
İçimdə sevgiylə oxunan illər
Məni kəhər kimi oynadıb getdi.
O çöllərə düşən sərin yağışlar,
İlmə-ilmə keçən yaşıl naxışlar,
Gözümə tökülən odlu baxışlar
Məni bir ney kimi qaynadıb getdi.
Getdi göy səmanın gölündən köçüb,
Getdi bulaqların gözündən içib.
Getdi ürəyimin içindən keçib
Qaynadıb, oynadıb, göynədib getdi.
1978
BÖYÜK GÖY ÜZÜ
Bir də sevdim səni, anam göy üzü,
Sevdim özün qədər ucalığını,
Sevdim dünya qədər qocalığını.
Birdə sevdim səni anam göy üzü,
Sevdim boy verməyən uzaqlığını.
Gördüm dönə-dönə sənə açılan
Əllərin, gözlərin yazıqlığını.
Dolu buludların - hamilə qadın,
Dolu buludların - ünvanım, adın,
Dolu buludların böyüklüyündür.
Anasız oğullar tez dolan olur,
Sənə anam dedim, böyük göy üzü.
1981
MƏNİM TƏKLİYİMDİ BU SÖNƏN ÇIRAQ
Mənim təkliyimə yağır bu yağış,
Mənim təkliyimə dardı bu otaq,
Mənim təkliyimdən tutulur qulaq,
Mənim təkliyimdi bu sönən çıraq
Asılıb tavandan kor gözü kimi.
Mənim təkliyimdi bu çılın-çılpaq,
Ayaqları yalın dilənçi uşaq.
Gömgöy əllərini açıb yağışa
Adamlar yağışdan qaçırlar kimi,
Qaçırlar uşağın dizinin üstdən,
Qaçırlar uşağın sözünün üstdən,
Qaçırlar uşağın üzünün üstdən
Gömgöy əllərinə dəymir adamlar.
Toxunmur adamlar açıq əlinə.
Hərdən elə-belə sızıldamağa
Gömgöy əl gərəkdi bu adamlara.
1983
BİLƏ-BİLƏ
Yazıçı Şahmarın xatirəsinə
Gözüm Şahmar, bu dünyamız əzəldən,
Bir az yağış, bir az külək, bir az qar.
Baharlı, sevincli günləri də var,
Neyləmək, çirkini çoxdu gözəldən.
Gözüm Şahmar, bu dünyada, hələ ki,
Dünən haqlı olan bu gün haqsızdı.
Bu gün dostlu olan, köməkli olan
Kim bilir, bəlkə də sabah yalqızdı?
Gözüm Şahmar, bu da bizə təsəlli,
Geci-tezi Haqq yeriyib yer tapar.
Adamlar var, öz-özünü tapmamış
Əmi tapar, dayı tapar, yar tapar.
Belə-belə işləri var dünyanın,
Bilə-bilə çoxlarını itirdik.
Öz halalca torpağımız üstündə
Əlimizlə qanqal, çayır bitirdik.
1984
QIFIL
Bir vaxt dilimizə vurulan qıfıl,
İndi qapımıza vurulub, ana.
Çıxmışıq yollara oğullu-qızlı,
Bir tikə çörəyin düşüb oduna.
Bacadan giririk öz evimizə,
Bacadan çıxırıq tüstüqarışıq.
Bir deyən tapılmır hara gedirsiz,
Hardan qayıdırsız, ay oğul-uşaq?
Düşmüşük yollarda qaraçı kimi,
Qaraçı yükü döy bizim yükümüz.
Gündə neçə dəfə dəyişir hava,
Gündə neçə dəfə itir çəkimiz.
Bu gün qapımıza vurulan qıfıl,
Sabah ayağımıza vurula bilər.
Mənə doğma olan o el, o oba,
Oğluma-qızıma yad ola bilər.
Budur qapımıza vurulan qıfıl,
Budur dilimizdən açılan qıfıl.
Neçə min ürəyin şah damarından
Paslana-paslana asılan qıfıl.
2003
QÜRBƏT HEKAYƏSİ
Bir qərib mahnıyam bu qürbət eldə,
Nə bir oxuyan var, nə bir dinləyən.
Vədəli-vədəsiz yağışlar yağır
Qarışıb yağışa mənəm inləyən.
Sadəcə qayadı, daşdı bu qürbət,
Ölsən də, hayına yetişən olmaz.
Bir quş yuvasını dağıdan cocuq
Qurşun harayından bir şey anlamaz.
Qürbətmi məndədi, mənmi qürbətdə
Bəlkə də yer üzü qürbətdi elə,
Bəlkə, göy üzünə çəkilib gedək,
Ağlaya-ağlaya, gah gülə-gülə.
Ağlaya-ağlaya, gah güllə-gülə,
Minilik davası yetişsin sona.
Güllə, mərmi, silah - hər oyunbazlıq,
Hamısı, hamısı çəkilsin qına.
Bir qərib mahnıyam bu qürbət eldə,
Nə bir oxuyan var, nə də dinləyən.
Vədəli-vədsiz yağışlar yağır,
Qarışıb yağışa mənəm inləyən.
2013