manera.az
manera.az

Vaqif Osmanov - Dörd misranın ağrısı

Vaqif Osmanov - Dörd misranın ağrısı
Poeziyanın bir vəzifəsi var - insanlara həqiqətləri çatdırmaq. Həqiqətlər nə qədər acı olsa da, onu söyləyəni heç vaxt utandırmır. Poeziya həyatın sübutudur (Volter), poeziya həyatın çırağıdır (Lebbok), sözlərin musiqisidir (Filler), poeziya seçilmişlərin çörəyidir, hər kəsin dişi batmaz (bir Nobel mükafatçısı).

Jorj Sand deyirdi ki, mənim peşəm azadlıqdı. Çox çətin, şərəfli və qibtə edilməli peşədir. Bu peşənin sahibinə əzm, iradə, dəyanət, cəsarət, mübarizlik lazımdır. Azadlğı əldə etdinsə, dünyanın ən xoşbəxt, ən varlı adamısan. Heç kimdən mərhəmət, sədəqə, mərhəmət gözləmədən, ummadan yaşayırsan...

Şairlik də peşədirmi? Peşədirsə, hansı işi görür? Xəlil Cübrana inansaq, şair qanı axan yaranın, və ya gülümsəyən dodaqların nəğməsidir.

“Gülümsəyən dodaqların nəğməsi”nə sözüm yox, amma “yaranın nəğməsi” düşündürücüdür. “Yaranın nəğməsi” görəsən, hansı laddadır? Mənə elə gəlir ki, yanıqlı “Qaragilə”, “Yanıq Kərəmi”, bu gümüzün “Qarabağ şikəstəsi” ladında, ovqatındadır.

Otuz ilə yaxındır ki, Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan Vətənimizin qanlı yaralarıdır, qanı dayanmır, ona görə də qaysaq bağlamır. Qaysaq bağlasaydı, bəlkə də onu çoxdan unutmuşduq, biz unutmağa meyilliyik. Nə qədər ki, əsirlikdə inləyən torpaqların imdadına yetişib ürəyimizlə, əllərimizin sığalı ilə o yaralara məlhəm qoymamışıq, düşməndən qisasımızı almamışıq, sağalmayacaq...

Rus ədəbi tənqidinin atası V.Belinski “şair həqiqəti sübut etmir, onu göstərir” deyirdi. Mən də Azərbaycanın tanınmış on bir şairinin dörd misra ilə Vətən dərdini, torpaq ağrısını necə çəkdiyini, duyduğunu təxəyyülümün imkanı səviyyəsində şərh etmək qərarına gəldim.

“Gülüstan”ı, “Şəhidlər”i, “Özümüzü kəsən qılınc”ı, “Muğam”ı ilə poetik fəlsəfi fikrin zirvəsi saydığım, “itin dilinə hörmətimiz var, təkcə öz dilimiz yaramır bizə” niğarançılığıyla ana dilimizə xor baxan “fasonlu ədəbazlar”a “Vətən çörəyinin qənim” olacağını agah edən, “ilk qaynağından türk oğlu türk” olmağıyla şərəf duyan Bəxtiyar Vahabzadə torpaq itkisinin ağrısına necə dözsün?

Gedən torpaqları qaytarmaq üçün,
Savaşa bilmədik,sülhlə öyündük.
Babamız qurd idi, ancaq biz bu gün,
Əllərdə ot yeyən quzuya döndük...

Azərbaycan poeziyasında bir çox stereotipləri qırıb cəsarətli inqilabi poeziyanın, “yeddi yerdən zavala gələn, Məliyi Beyrəklərinə düşmən xalqın şairi Məmməd İsmayılın “yolunu Hələb meydanı” gözləməsə də canı, anası qədər sevdiyi Vətən onun başına sığalı da qıymadı. Çünki yazdıqları “bibər” dadırdı, güldən, yaza bilmirdi, Qarabağda, Göyçədə canını el üçün verən şəhidləri şair bilirdi, qafiyəbazları yox.

“Vətən tikə-tikə, parça-parçasa, ömür deyilənin sonu borcasa, içindəki qiyam yuxuya gedibsə, demək o özü də şair deyilmiş”. “Bölünməkdən cana gələn” şair “hansı babasının uzaq əsrlərdən qalan cəzasını çəkir”, görəsən?!

M. İsmayıl xalqın alın yazısını “oxuyan” ustaddır: “inamı atüstü, ümidi kövrək, keçəlin saçıtək sevinci seyrək, təpəlin qaşıtək qəmi sıx. Bizə yurd verəndə, yuva seçəndə arxasınca gözü qalıb Allahın. Biz haçandı ancaq üstəgəlməyi yox, bölməyi, çıxmağı bacarırıq. Araz arzuları çin olmadıqca yuxularda ancaq çay görən” Məmməd İsmayıl Vətən qurban istəsə həmişə hazırdır:

Çoxu yelçəkənə oxşadıb səni,
Şimaldan cənuba çoxu tapdadı.
Ayırıb Təbrizi, bölüb Göyçəni,
İndi də Qarabağ haqq-hesabdadı...


Keçən əsrin 70-80-ci illərindən gəncliyin “sevgi şairi” tituluna layiq görülən Nüsrət Kəsəmənli “Getmək istəyirsən...”, “Nazirin qızına”, “Sən uşaq deyilsən ki, sevgi öyrədim sənə” kimi məhəbbət şeirlərindən başqa “Kentavr”, “Ölümün monoloqu”, “Ahın dağlara” kimi xalqın dərdlərinə güzgü tutan ictimai-siyasi mövzuda poetik nümünələrin müəllifidir. Şair oğru olmaq- “əqidəsizləri, vicdanını satanları, anaların sifətinə vaxtsız düşən qırışları, insanların ürəyindən nifrəti, kini, Kərbəladan Füzulinin, Hələbdən Nəsiminin məzarlarını, müharibə deyənlərin saqqızını, cənubdakı neçə milyon əzizimizi, o həsrətli Təbrizimizi” oğurlamaq istəyir. O, “ahımızı dağlara göndərməyək, dağımızın dərdlərə xəzinə olduğuna” təəssüflənir, bizi cihada səsləyir:

Qarabağ kim üçün yağlı bir tikə,
Onu qorumağa canlı hasarıq.
Bu qəm dəryasında ah çəkə-çəkə
Biz Məcnun olarıq, Babək olmarıq!..

XX əsrin Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin nümayəndəsi, nəsri ilə daha çox tanınan Vaqif Nəsib Sarıhüseynoğlunun “Yurd yerləri üstə: Yanıq Kərəmi” şeirində son otuz ilimizin acı həqiqətləri çılpaqlığı ilə qələmə alınmışdır. “Yurdda, yupddan ada verdik, gəlib tutduq bulvarları” kimi ağır çəkili misralar insanı utandırır, “ev-ev nekroloqa dönən” yurdlara çağırış papağımızı qarşımıza vadar edir:

Kərəm yanıb, Əsli qalıb,
Qara keşiş nəsli qalıb,
Kəndirlərdən aslı qalıb
Kişilərin şalvarları.


Arvad, at, torpaq, papaq, şalvar Türk oğlu bu dünyaya gələndən onun namus, qeyrət rəmzi sayılıb. Dünyasını dəyişmiş şair Vahid Əlifoğlu da şeirlərində belə incə mətləblərə tez-tez toxunmuşdur. Hələ keçən yüzilliyin 80-90-cı illərində Bəxtiyar Vahabzadə yazırdı ki, Vahid Əlifoğlunun şeirlərində hisslər, deyim tərzi, fikirlər təzədir, canlıdır, özünəməxsusdur. V.Əlifoğluya görə, “Vətən adlı ilk məhəbbətin sərhəddi, bölgüsü, arası”, eləcə də “həmişə bir yaşda olan düzlüyün cavanı, ahılı, qarısı olmur”. Şair bu dünyanı vaxtsız tərk etsə də, sözünün ağrısı əbədi bizimlədir:

Baxt bu yolu saldı göyə,
Gümanımız qaldı göyə,
Allah, bizi qaldır göyə,
Torpağı satmışıq gedib.

Qüruru, ləyaqəti, təvəzökarlığı və istedadı ilə hamımıza örnək olası iki qazi şair haqqında həmişə bütün səmimiliyimlə fikirlərimi paylaşmışam.

Süleyman AbdullaRəfail Tağızadə. Alfons de Lamartinin deyimidir: “Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər”.

Süleyman Abdullanın Ana Vətəndən bircə ricası var: ”Mənə nə deyirsə de, namərd demə, heç zaman döyüşdən qaçmadım”. O, “Qarabağın futbol topu kimi o atıb, bu tutan” halına dözə bilmir. Vətəni qorumaq üçün gəncliyini, canını fəda etməyə hazır olanlar buna dözə bilərmi? Ona görə də, Süleyman Abdulla, Bəhruz Məmmədov kimi qazilərin “acı gülüşündən tank oda düşür, səngər gözlərindən cəsədlər çıxır, xatirələrindən dil yanır, dağ odlanır, nağıllarında göydən alma yox, Allah eləməsin, raket-zad düşür”.

1992-1993- cü illərin Qubadlıda, Laçinda, Füzulidə döyüşən qara beretli Milli Qvardiyaçısı (xüsusi təyinatlı) bu gün də “ən qorxulu anlarda başının güvəndiyi şanlı, şərəfli qara beretini, hərbi gödəkcəsi”ni geyinib ön cəbhədə yağılardan qisas almağa hazırdı. O,”ölümün ölümü”nü görən Vətən oğludur.

Əgər Qarabağ müharibəsi haqqında şeir antologiyası nəşr olunsaydı, Süleyman müəllimin “Hərbi gödəkcə nağılı”nı kitabın ilk səhifələrində yerəşdirməyi tərtibçilərdən xahiş edərdim. Bu şeirdə elə həssas məqamlar var ki, insanı haldan-hala salır, kədərləndirir, sevindirir. Əksər qazilər kimi “içində ulu Mən, düşmənə atılan gülləsi şən olan, hər kəs dəyərinə yetişən Vətənə əsgər gərəkli dövrdə” qazinin igidi dünyaya gəlir. “Nə maşını, nə də cibində lazım olan qədər pulu olan” qazinin qundaq əvəzinə “barıt qoxulu hərbi gödəkcəsinə bükdüyü, təlaşla tez-tez yoxladığı, hərbi gödəkcəsini içində puçur-puçur tərləmiş balası ”bu gün atası kimi Vətənin əsgəridir.

Qazi şair “o gödəkcəni çoxdan əynindən çıxarsa da, o uşaq onun gödəkcəsindən çıxmayıb”. Şair estafeti etibarlı əllərə verib. Hərbi gödəkcə qundağı olan həmin Vətən oğlu “hər səhər işə gedəndə” ata Süleyman qürurla “hərbi geyiminə baxır”. Çünki “gödəkcəsi Vətən sevgisiylə doludur’. “Ot kökü üstə bitər” deyib babalarımız. Oddan, alovdan keçib gələn şair “ölümü yıxıb gəlmiş, əcəli gözlərinə taxıb gəlmiş, son gülləni alnına sıxıb gəmiş” qazidir:

Mənə ölüm dərsini keçmə, əfəndim, keçmə,
Mərdliyin nə hiyləsi... yoxdur nə fəndi, keçmə.
Üzü qara Qarabağ dümağ kəfəndi, keçmə,
Biz qazılan qəbrinə baxıb... gəlmiş adamıq...


Lamartinin dediyi “tayfa”nın bir nümayəndəsi də Rəfail Tağızadədir. Həm şair, həm də qəhrəman. Rəfail müəllimin ”dərdlərinin ən böyüyü torpaq dərdi”di. Ağdamda doğulan şairin o qədər həssas ürəyi var ki, iyirmi yeddi il görmədiyi doğma kəndinə “ağır-ağır qar yağdığını, torpaqda addım izlərinin yoxluğunu, odunların evlərin sönmüş ocağında çürüdüyünü, yolların səbri tükəndiyini, boş məhəllənin sovulmuş həyətində açan qızılgülün ətrinin uçuq evlərin sökük divarlarına, qurumuş ağaclara hopduğunu” hiss edir. Rəfail müəllimgilin həyətindəki qurumuş ağac da qızılgül ətri saçır. Amma şairi bu da ovuda bilmir. Çünki “qılıncı qında çürüyür, çaxmağı silahda kiriyir”.

“Kölgəsini üstündən alıb ötən bulud da şairin həsrətini söndürə bilmir, dərdlərini nə qədər basdırsa da, itənlərdən qalanı çoxdur”. Hər kəsin doğulduğu, boya-başa çatdığı, kamilləşdiyi torpaqda yaşamaq, yaratmaq, ahıllaşmaq, sonda Ana torpağa qovuşmaq haqqı var. Rəfail müəllimin də.

Amma...
Daşıdılar, qalmadı,
Torpağımı, daşımı.
Qoymağa yer qalıbmı,
Ayağımı, başımı?


İki şərəfli peşə-şairlik və pedaqoqluq alnına yazılan Osman Fərmanoğlu buna qane olmayıb, “alnına yazılmayan şəhidliyə görə kimi qınayacağını, kimi danlayacağını” bilmir, gecə-gündüz balaca uşağın “hamı Qarabağ deyir, Qarabağ hara gedib?” sualı qarşısında aciz qalıb, dərsini bilməyən şagird kimi. Osman müəllim, indiki uşaqların sualları özlərindən qat-qat böyük olur, bunu məndən yaxşı bilirsiniz. “Qan özü qana calaq Qarabağda nə xarısı, nə sarısı qalan bülbülün səsinə” nə qədər həsrət qalacağıq, müəllim?. Bu da mənim sualım. Xahiş edirəm cavab verəsiniz.

“Telefonunun zəngindəki “Qarabağ şikəstəsi” ilə təsəlli tapanları” torpağı qorumağa çağırır şair, gələcəkdə pay alacaq özü boyda qəbir yerinə sahib olmaq üçün. Nə ATƏT-ə, nə də AŞ-a güvənək. Torpaq verilmir, hünərlə, alın təri ilə, qanla alınır:

Bütün dinən ağızlardan bir hava çıxır,
Oynayanlar oynayırlar öz havasına.
Qarabağlı danışıqlar bedava çıxır,
Boş-boşuna vaxtdı gedən söz davasına.


“Veysəllidə uşaqlığı əsir götürülən, buralarda qocalığı xəcalət çəkən”, bu gün “xatirələr muncuğu düzə-düzə” şərəfli ömür yaşayan, “bu qarışıq dünyada imzasını urvatda saxlaya bilən” (“Azərbaycan” jurnalı), “hələ də Qarabağ ətri”ni (Ədalət Nicat) özündə gəzdirən 82 yaşlı müdrik el saqqalı şair Əşrəf Veysəllini “poeziyaya anasının laylaları, bayatıları, qoşmaları gətirib”. Əşrəf müəllim çox görüb, çox eşidib. Amma anasının “ölmüşəm... gəl məni götür ay bala” fəryadını, “bu cür həyəcanlı zəngi 1992 ci ildə ermənilər Veysəllini gülləbaran edəndə eşidib, görüb.

Əşrəf müəllim həyat eşqli, yaratmaq həvəsli, gülərüz və səmimi insandır, zarafatından da qalmır, “vəziyyət necədir? soruşanlara vəziyyətdən “v” düşüb, qalıb yerdə qalanı” deyir. Amma onun torpaq həsrəti həmişə simasından, gözlərinin dərinliyindən boylanır:

Əfv et günahımı, ey Vətən, əfv et,
Bağışla bu qədər ahla, günahla.
Məni Qarabağın əliynən dəfn et,
Məni Qarabağın diliynən ağla.


Ayaz İmranoğlu imzası nəsrsevərlərə yaxşı tanışdır. Onun “Məcnunsuz dünya”, “Təzə gəlin” povestləri, yüzlərlə hekayələri, milli ruhumuzun pozitiv və neqativ cəhətlərini əks etdirən şeirləri “İnsanlıq himni”dir. “Müqəddəs sabahlar uğrunda özüylə döyüşən, həmişə özü olmaq istəyən, insanlığın mənasını dözümdə, mətanətdə, özünü ucaltmaqda”, kamilliyə çatmaqda görən Ayaz İmranoğlu “adamlıqdan İnsanlığa yol gedən sufidir, dərvişdir. Adı, soyu İnamdır.

Ayaz müəllim özü özünə yalvarır ki, “qaytar məni özümə”. “Çörək ağacı rolunu baş iki cür oynayır: işləməklə və əyilməklə”. Bu deyim dövrümüzün böyük filosofu Safruhundur. A.İmranoğlunun qüruru onun başının əyilməyinə heç vaxt imkan verməyib.

“Özgələşmək”dən qaçan, “Nəsiminin hər kəlməsini Babəkin qılıncına” bənzədən şair-yazıçı ulus nisgili ilə kövrəlir, ancaq ulu Vətən torpağına baş əyir, anaların, nənələrin diliylə yurd ağısı söyləyir:

Qanım düşmən qaşığında,
Yandım dərdin işığında.
Dünya-yar-yaraşığında,
Zəngilanım, sənsizəm mən.


Azərbaycan poeziyasının ən kövrək lirik şairi, deyərəm ki, Şahmar Əkbərzadədir. O, “Mərkəzi poçtxana”, “Laçın dağlarında” “Şahverdi dədəyə” şeirlərini yazan əyyamlarda biz o yerlərin həsrətini çəkmirdik, heç ağlımıza da gəlmirdi ki, Rəfail Tağızadə demişkən, o yerləri ancaq kosmosdan görəcəyik. Şahmar Əkbərzadə o vaxt bircə payız gedə bilmədiyi Qarabağın-“dizin-dizin iməklədiyi torpağın könlünü almaq” üçün poçtxanada əlac axtarır. “Dağların marala qalan çağına, otların sarala qalan çağına zəng vurmaq üçün kod” istəyir. O kod tapılmayanda ürəyi təşviş içində bir suala cavab axtarır: “Anamın ətrini hardan alım bəs?!”.

Sinəsinin “dağlarını dağlarda dağlayan, “Qəbirli yal”da ölmək istəyən, amma anasının ün salıb “hardadır Şahmarım mənim?!” carından qorxan” Şahmar Əkbərzadə ürəyinin dərdinə məlhəm tapmayanda “ölü torpaqlara məzar qazılmır” harayı ilə təkcə özünü yox, hamımızı qınayır, bədəninin bir hissəsi kəsilmiş Vətəni xilas etməyə çağırır: “yığışın, ay ellər, anamız ölüb!”.

Yerlərə, göylərə sığmaz bu günah,
Qatil özümüzük, müsibətə bax!
Öləni torpağa gömərlər, Allah,
Bəs ölmüş torpağı hara basdıraq?


Nobel mükafatçısı Pablo Neruda “realist olmayan şair nə ölü, nə də diridir, yalnız realist olan şair də ondan heç nə ilə fərqlənmir” deyirdi. Axı poeziya real və romantik duyğulara hamilə söz sənətidir. Örnək göstərdiyim on bir Azərbaycan şairinin qırx dörd misrasının mayasında, nüvəsində reallıqla romantiklik əkiz taylar kimi yanaşı durub. Əslində hər şairin vurğuladığım dörd misrası onların kimliyidir.

Həqiqi şair mənsub olduğu xalqın miniatür portretidir...

Vaqif OSMANOV
aprel 2020
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031