manera.az
manera.az

Yazla payızın arasında nigaran duyğular

📅 07.03.2019 11:38

Yazla payızın arasında nigaran duyğular
Süleyman Abdullanın “Tanrı nəfəsi” şeirlər kitabına bir neçə söz

Özünüifadə üçün zəruri düsturu həyatın özündə tapan şairlərin poeziyası obrazlı dillə desək, külək kimi ötəri olmur, zaman karuselində həmişə fırlanır. Hər insanın həyatından keçən zaman başqasının həyatında təkrarlanır; məsələn bizim 25 yaşımızın zamanı indi başqa bir gəncin eyni yaşında təkrarlanır və poeziya da (söhbət həqiqi poeziyadan gedir) bu xüsusiyyətlərə malikdir.

80-cilər ədəbi nəslinin son dərəcə istedadlı nümayəndələrindən olan Süleyman Abdullanın şeirləri zamanın sözə boyanmış rəngidir. Bu yaxınlarda onun “Tanrının nəfəsi” adlı 440 səhifədən ibarət samballı şeir kitabı çap olundu. Tam məsuliyyətimlə deyirəm ki, bu kitab son dövr Azərbaycan poeziyasında bir hadisədir. Di gəl... ədəbi tənqidin laübalı münasibəti bu kitabdan da yan ötdü. Əksər istedad sahiblərinə xas olan təvazö, abır-həya hissi ona özünü təbliğ etməyə imkan vermir. Amma ortada böyük bir yaradıcılıq nümunələri var və bu poetik külçə heç bir vəchlə diqqətdən kənarda qala bilməz. Düşünürəm ki, Süleyman Abdullanın poeziyası mütləq öz layiqli qiymətini almalıdır.

Onun şeirlərinin əksəriyyəti formaca ənənəvi olsa da məzmunca tamamilə yeni bir təfəkkür hadisəsidir. Bu şeirlər poetik tapıntılarla, orijinal ifadələrlə, dərin metaforalarla zəngindir. Onlar assosiativ düşüncə yaratmaq gücünə malikdir. Şair predmetə alternativ düşüncə qatından baxmağı bacarır. Bu şeirləri oxuduqca düşünürsən ki, bircə “Ol” sözüylə yaranan dünya elə sözlə də yenidən durulacaq, öz ilkinliyinə qayıdacaq. Poeziya ruhun evolyusiyasıdır, həqiqi bədii söz ruhun dərin qatlarına endikcə insan üst mərtəbəyə qalxır.

İşıq sonrakı işdir,
Əvvəl göz olsun gərək.
Ümid özü də sözdür,
Söz də söz olsun gərək.

Gözlər var ki, hər şeyi görür, təkcə işıqdan başqa. Dünya işığına həsrət qalan adamlar var ki, içi büsbütün işıqla doludur. Bu da təzadlarla dolu dünyanın bir qəribəliyidir. Demək, işığı görmək üçün təkcə göz kifayət etmir. Şair yaşadığımız dünyanı bir kənara qoyub alternativ bir dünya yaradandır, hərçənd şeir öz mayasını bu dünyadan, yaşadığımız gerçək dünyadan tutur. Amma Ottavio Pasın dediyi kimi, “şairin bütün qavrayışları araşdırıb yenidən dəyərləndirərək (biçimləndirərək) onlara həyat verməsini necə inkar edə bilərik?”
Yazla payızın arasında nigaran duyğular
Süleyman Abdulla yaşının elə bir çağındadır ki, bu yaşda artıq insan dünyanı öz içindən keçirib gərdişi-dövranın hər fitnə-felinə vaqif olur. “Tanrının nəfəsi” kitabına toplanan şeirlər də müdrik bir insanın, söz adamının göft-gularıdır, həm özüylə, həm də dünya ilə həsb-halıdır. Füzuli beş əsr bundan öncə deyirdi ki, “bir dövrdəyəm ki, nəzm olub xar”. Bu gün Füzulinin ən çox xatırlanan misralarından biri də budur. Yenə nəzmin xar olduğu zamanı yaşayırıq, amma söz əbədi yolçuluğundadır. Kütlənin cırlaşan “estetik tələbat”larını efirləri işğal etmiş manıslar ordusu ödəməkdədir. Dədə Füzulinin xəbərdarlığına heç məhəl qoyan yoxdur. Amma nə yaxşı ki, “Tanrının nəfəsi” üstümüzdədir. Bizi yenə də gözəlim SÖZ xilas edəcək.

Görürsən ağ bulud açıb çətrini,
Qorxma, yıxılmağa yer yoxdur orda.
Sonsuz ənginliklər istər xətrini,
Boş-boş sıxılmağa yer yoxdur orda.

Əbədi sükutun tərpənməz tükü,
Sevincin gözəli ağlamaq olar.
Atarsan çiynindən ən böyük yükü,
Böyüyər, böyüyər, qəlbin dağ olar.

Açıb gözlərini heyrətlə bax, bax,
Bütöv kainatı qucmağı öyrən.
Yerdə sürünməkdən de nə çıxacaq?
Çalış, bircə kərə uçmağı öyrən.

Şairlik həm də “uçmağı” öyrənməkdir. Yer üzünün ağrıları canını sıxanda Göy üzünün təmizliyinə sığınmaqdır şairlik. Süleymanın şeirləri ümidsizliklə ümidin, yazla payızın arasındakı məsafənin şeirləridir. Kitabda “Bir yaz səhəri” kimi gələcəyə ümidlə dolu nikbin şeirlər də var:

Güllər nəğmə nəğmə yırğalanırdı,
Xoşbəxtlik yağırdı mehin üzündən.
Bir şüa boyanıb rəng rəng yanırdı,
Baxırdı dünyaya şehin üzündən.

“Tanrı nəfəsi” kitabında bir məqam diqqətimi çəkdi; müəllif şeirləri kitaba heç bir tematik bölgü aparmadan daxil edib və məncə, düz edib. Şeirdə bölgü, təsnifat aparmaq mənə bir qədər qəribə görünür. Bu şeirlər oxucunun həmsöhbətidir, iki insan arasında söhbət müxtəlif məqamlara haçalandığı kimi, Süleymanın şeirləri də ağrılardan yorulanda sevgiyə keçid edir, sevgiylə ruhumuzu sığallayandan sonra yenə yerüstü həqiqətlərin boyunu ölçür. “Şair ölçü ilə qidalanır, ölçüsüz şair olmaz”. (Ottavio Pas)

Bir də görürsən ki, dəyişir hava,
Yayın ortasında qəfil qar yağır.
Özü gülümsəyən, sözü güldürən
Adamın qəlbindən ahu-zar yağır.


Və sonda deyir:

Daha unutduğum yolda bir sən var,
Öndə qatı duman, arxada çən var...
Gözün düşdüyü var, gözdən düşən var,
Mənim gözlərimdən adamlar yağır.


İlk bəndlə son bəndin arasında keçilən yolun məntiqi nəticəsi poetik fəhmlə əldə olunur. Təbiət hadisəsi (qarın yağması) ilə təbiətin bir parçası olan insanın içində gedən proses (gözdən adamlar yağması) personifikasiya olunur. “Gözdən düşmək” frazeoloji birləşmə kimi etibarı itirmək anlamında işlənir. “Gözlərimdən adamlar yağır” eyni mənanı bildirsə də məlum fikrə yeni don biçməkdir, sözün libasını təzələməkdir. Süleyman Abdullanın şeirlərində yüzlərlə belə nümunələr var. O, unudulmuş sözləri şeirə gətirir, şeir leksikonunu zənginləşdirir. Məsələn, “dörbaş”, “ciblis”, “çisk”, “idim”, “qaraxamır” və sair onlarla bu kimi sözlər misraların içində gözə dəyir və bizə dil yaddaşımızı təzələməyi tövsiyyə edir.

Süleyman Abdullanın şeirləri müasir insanın narahat dünya qarşısında gələcəklə bağlı nigarançılığının ifadəsidir. Amma içimizdə möhkəm bir inam kök salıb: Tanrının nəfəsi üstümüzdədir...

Kənan HACI

MANERA.AZ


Baxış sayı - 1 901 | Yüklənmə tarixi: 07.03.2019 11:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031