Aşiqə bəla eşqdən gələr | Manera.az

Şakir Xanhüseynlinin yeni şeirləri..
1
göz işlədikcə bir kədər
uzanıb gedir...
ilğımlara qarışır ümidlər...
göz işlədikcə bir səbir
uzanıb gedir,
o səbrin olduğu hər yerdə daş dəyir ayağımıza ağır-ağır;
indi gəl boynundakı zəncirdən bir həlqə qır...
göz işlədikcə uzanıb gedən bir darlıq-
dünyamızdan çox-çox böyük, gen bir darlıq!
2
qəliz işlərdən bəhs edir
bu sadə şair
mələz adamların arxasında duran
bütün dağları yıxmaq
içilməli andların hamısı bulaq suyudur
ilk dəfə bələk bağıyla sarıldıq
qol açma imkanlarımız kısıtlı
qazanımın içində əllərim qaynayır
3
sanki gizli gəldik gizli də gedəcəyik,
sanki uzağıq gerçəklərdən.
Qopuruq bir köynəkdən bir düymətək...
Bu gizlilik-gizlinlik...
haçansa
bir yerdən görünəsiyik,
düşüncələrdən, fikirlərdən görünəsiyik
və o vaxt üz-üzə gələcək hamı
özüylə-
əsl üzüylə,
ən gizli sözüylə...
ŞAİRİN LİRİKA dəftərindən
Belə bir veriliş var idi radioda, kim xatırlayır?
***
Kimin yarı olmalıydın, bir gör kimin yarı oldun,
İndi qara saçlarını ağ hör, kimin yarı oldun.
Qollarımı çarpazlayıb boynumdan asmışam naçar,
Sinədəki yaram edir qövr, kimin yarı oldun.
Hər gün üzü fəlakətə bir qapı açırmış kimi,
Ömrüm boyu sürəcək bu cövr, kimin yarı oldun.
Götür yerdən bir daş onu vur ehmal başına, yox, yox,
Öz qəlbindən istəginən üzr, kimin yarı oldun.
Sən orda- şəklində xoşbəxt- üzün gülür, gözün gülür,
Az qalır ki, mən eləyim hövl, kimin yarı oldun...
***
külək də tövşüyüb əsir,
nəfəsimi təngiyir.
tez-tez yeriyən o adam
harayasa ləngiyir.
bir xəbərdən üşüyürəm,
sözə bürünsəm də, heç...
Yorğun düşmüş ruhum kimi
Ocaqda od səngiyir.
bir yetişmiş- yetişkin də
kallığını eləyir;
dediklərini axıra
çatdırmamış kiriyir...
ULARTI
səninki
sanki səsini içinə çəkib ulamaqdı-
hər cəhdin,
hərəkətin-
asan, ya çətin-
ulamaq...
dərin xəyala gedib
bir fikir ulayırsan
yadına düşür anan qaladığı ocaq,
saldığı təndir, ulayırsan...
bu, nə sayaq ulartıdı;
bəlkə alnına
yazılan yazıdı bu yalqızlığın-
yalquzaqlığın...
***
nə olacaq- sonrasını bilmirəm
sən də çıxılanlardan çıxılacaqsan
orasını-burasını bilmirəm,
qəfəsin genişsə də, sıxılacaqsan...
çox sözlərin cin hürküdən cındırı
yamaq vurulur yırtıq cana candərdi
adam elə dözümlü ki, çıldırmır
amma bir gün içindən burxulacaqsan
aşiq-məşuq oyunu bitib dünyada
düşüb bitab,
özündə batıb dünya da
bəs hara sığınacaqsan
neçə işıq keçdi burdan vah dedim
neçə işıq keçdi birdən ah dedim...
əsdin qəfil titrədin səntirlədin
yapış özündən yoxsa yıxılacaqsan
****
hər şeyə görə sevinmirsən
şair ən qəmli sözünə sevinər
xoşbəxtdir bir qara günlü
yavan tikəsinə sevinər
səfa əhlindən çevrilib
bir cəfa əhlinə döndün...
dəli üzgüçü suların
üzər əksinə, sevinər
ağlama ki, ta bitirəm
ey əbədiyyət sevdalısı...
çöldə yolunu itirən
bir qurd izinə sevinər
ifçin nallanmış atlar mindin, nə atlar
qeyb etmələr erkən oldu, çox erkən...
aşiqə bəla eşqdən gələr-
qanı gül olar köksünə, sevinər
YOLAYRICINDA
bura yolayrıcıdı-
burda yollar ayrılır;
Yolların da ayrılması acıdı-
qəlbi acıdır...
ancaq biləndə ki,
bəzən bu ayrılan yollar
həm də qovuşuğa aparır,
lap gecə olsun, işığa aparır,
toxtayır adam...
yolayrıcı...
hansı yol xoşbəxtliyə götürür bizi-
sağa, ya sola gedənmi,
başlayan, ya bitənmi?..
yolayrıcı...
yolların
kəsişən nöqtəsindəyik ömrümüz uzunu,
unutma bunu;
durduğumuz yer
yolayrıcı deyilsə də...
Tural Adışirinin təqdimatında