manera.az
manera.az

Bəxtiyar Vahabzadənin yetişdiyi ədəbi-tarixi mühit

📅 04.05.2019 21:28

Bəxtiyar Vahabzadənin yetişdiyi ədəbi-tarixi mühit
Ələmdar BAYRAMOV ( Ələmdar Cabbarlı)
filologiya üzrə fəlsəfə doktoru, dosent


Bəxtiyar Vahabzadənin yaradıcılığa başladığı dövr özünün ziddiyyətləri və spesifikası ilə xarakterikdir. Bu dövrdə şair və yazıçılardan təzə həyatın diqtəsi ilə yazmaq, sovet quruluşunu tərənnüm etmək, sosializm realizmi deyilən ədəbi metodun tələblərindən kənara çıxmamaq tələb olunurdu. 30-cu illər repressiyalarını yaşamış, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi ədiblərin aqibətlərini göz önünə gətirən şair və yazıçıların müəyyən bir hissəsi istər-istəməz bu axına qoşulmuşdular.

Onların bir qismi dövrün tələbləri ilə yazılmış əsərlərində minillik poeziyamızın özünəməxsus intonasiyasını, obrazlar sistemini, düşüncə tərzini inkar edirdilər. Belə bir mürəkkəb dövrdə Bəxtiyar Vahabzadə mümkün qədər tərənnüm mövzularından qaçır, öz əsərlərini, obrazlar sistemini milli ədəbiyyatımızın ovqatına uyğun kökləyirdi. XX əsrin 40-cı illərində ədəbiyyata gələn Bəxtiyar Vahabzadənin fəal yaradcılıq dövrünün ilk mərhələsi ötən əsrin 50-ci illəri hesab edilə bilər.

Bu dövrdə artıq onun şeirləri mətbuat səhifələrində müntəzəm olaraq yer alır, kitabları nəşr olunurdu. Səməd Vurğun ədəbi məktəbinin layqili davamçılarından olan Bəxtiyar Vahabzadənin bu illərdə fərdi yaradcılıq üslubu, poetikası formalaşırdı. Şair bu dövrdə əsərlərinin mahiyyətinə, qaynaqlarına, obrazlar sisteminə və düşüncə tərzinə görə milli ədəbiyyatımızı təmsil edirdi və milli ruhlu şair kimi məşhurlaşırdı. Ana dilimizin yasaq edildiyi, sıxışdırıldığı, dövlət qurumlarında “böyük qardaş”ın dilindən istifadə edildiyi bir dövrdə şair yazırdı:

Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil, - əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.


Şair eyni zamanda öz ana dilində danışmaqdan utanan, yad dillərdə danışmaqla öyünənləri lənətləyirdi. Yad dildə danışanların və elə danışdıqları dildə də düşünənlərin hakim olduğu 1954-cü ildə bu misraları yazmaq sənətkardan böyük cəsarət tələb edirdi:

...Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədabazlar
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq Vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.

Bəxtiyar Vahabzadənin yetişdiyi ədəbi-tarixi mühit
Bəxtiyar Vahabzadə 50-ci illərdə bir sıra poemalar da qələmə almışdır. Bəxtiyar Vahabzadənin bu illərdə qələmə aldığı ən şah əsəri isə heç şübhəsiz “Gülüstan” poemasıdır. 1959-cu ildə qələmə alınan poema mərkəzi mətbuatda deyil, Şəkinin “İpəkçi” qəzetində çap edilir. Əsər qısa zaman ərzində əlyazma şəklində daha geniş yayılır, geniş oxucu kütləsinin dərin rəğbətini qazanır. Əsərin xalq arasında geniş şəkildə yayılması, əldən-ələ gəzməsi hakim rejimi narahat edir, bu əsərə, eləcə də şairin bütünlüklə yaradıcılığına, fəaliyyətinə təqiblər başlayır.

Qadağan edilmiş bir mövzunun milli ruhlu şair tərəfindən ustalıqla, yüksək sənətkarlıqla, xalq dilində, xalqın ruhuna biçilmiş bir ovqatda işlənməsi onun təzyiqlərə məruz qalması, “millətçi” damğası ilə təqib edilməsi ilə nəticələnir. Poemanı Azərbaycanın birliyi və istiqlalı uğrunda mücadilə aparan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin xatirəsinə ithaf etdiyini bildirən şair əsərdə eyni zamanda sətiraltı ifadələrlə cənubi Azərbaycanın İranın əsarətində olduğunu bildirməklə yanaşı, quzey Azərbaycanın da sovet imperiyasının əsarətində olduğunu bildirirdi:

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o qol da atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək.


Şair əsərdə İran irticası ilə rus irticasına heç bir fərq qoymur, hər ikisini eyni adla çağırırdı:

Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi?
Hər ikisi yad!

Amma şair ümidsizliyə qapılmır, oxucusunu da nikbin ovqata kökləyir. Şairə görə bu müqaviləyə imza atan eynəkli cənabla təsbehli ağa dərk edə bilmədi ki, bir xalqı yalnız kağız üzərində ikiyə bölmək olar. Onun ruhunu, mənəviyyatını, gələnəklərini heç zaman bölmək və bir-birindən ayrımaq olmaz. Təbriz də, Bakı da bütöv Azərbaycandır, bir bədən, bir can kimi birbirinə bağlıdır və bu mənəvi bağlılığı heç bir kağız, heç bir müqavilə, heç bir qoşun poza bilməz:

...Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qoşundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!


Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin poeziyasında Vətənimizin bütövlüyünə, eləcə də cənub mövzusuna həsr edilmiş şeirlər xüsusi silsilə təşkil edir. Onun bu mövzuda yazdığı əsərlər milli ədəbiyyatımızda özünəməxsus yer tutur. Bəxtiyar Vahabzadənin yaradıclığı ideya-məzmun baxımından insanpərvər, humanist olmaqla bərabər, eyni zamanda milli məzmun kəsb etməsi ilə də xüsusilə seçilir. Bəxtiyar Vahabzadə gurultulu sovet mövzularının və obrazlarının əksinə olaraq xalqımızın tarixini, taleyüklü, öz həllini gözləyən problemlərini də cəsarətlə ədəbiyyata gətirirmişdir.

Eyni zamanda onu yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının, türk xalqlarının taleyi narahat etmişdir. Şairin 1961-ci ildə yazdığı “İstanbul” adlı şeirdə bu nahatlığı və ümumiyyətlə onun bir şair kimi cəsarətli və uzaqgörən mövqeyini sezməmək olmur. Bu misralarda türk dünyasının bu günkü birliyinə hələ illər öncədən böyük bir inam ifadə olunub:

Tapacaqdır, əminəm,
Türk oğlu haqq yolunu.
O, hələlik seyr edir
Sağını, solunu...
...Axtarır,
Axtarır,
Axtarır.
Qarşıda işıq var,
Axtaran tapar!..

Şair 70-80-ci illər yaradcılığında bu xətti –türkçülük, turançılıq xəttini daha da inkişaf etdirdi. 1980-ci ildə qələmə aldığı “Salam, Özbəkistan” adlı şeirində o, türk xalqlarının birliyindən, qardaşlığından, dilimizin, soykökümüzün, Vətənimizin birliyindən bəhs edir. Onun fikrincə, Azərbaycan da, Özbəkistan da Vətəndir, böyük türk dünyasıdır, bir bədəndə bir candır və eyni yolun, eyni amalın yolçusudur. Sovet dövlətinin ən qüdrətli çağlarında qələmə alınan bu misralar türk dünyasının gəlcək birliyinə bir mesaj idi:

...Biz bir canıq, bir vahidik binadan
Bu Vətənə o Vətəndən salamlar.
Biz bir yolun yolçusuyuq hər zaman
Sənə məndən, mənə səndən salamlar.

Bəxtiyar Vahabzadə 60-cı illər yaradıcılığında da poema janrına yer verib. Onun bu illərdə qələmə aldığı poemalar arasında böyük Azərbaycan şairi Sabirə həsr etdiyi “Ağlar-güləyən” (1962) poeması diqqəti daha çox cəlb edir. Bu poemada da şair daha çox azadlıq ideyalarını təbliğ edir, şairlərimizin də, xalqımızın da ən böyük xəstəliyinin, ən böyük bəlasının, dərdinin, ağrı-acısının dərmanının məhz azadlıq olacağını vurğulayır.

Onun fikrincə “arizi qəmlər əlindən” ciyəri dağlanan, ürəyi şişən Sabirin dərdinə həkimlər, dava-dərmanlar fayda verə bilməzdi. Çünki onun xəstə edən millətinin dərdi, millətini ağrısıdır, bu dərd indi də milli şairləri narahat edir və bu dərd yalnız xalqımız öz azadlığına, istiqlalına qovuşanda sağalacaq:

Həkimlər bilmədi, bir xəstəliyin
Dərmanı həmişə eyni deyildir.
Həkimlər bilmədi, dərdli şairin
Dərmanı – azadlıq, loğmanı – eldir.

Artıq 70-ci illərdə milli ruhlu şair kimi SSRİ rəhbərliyinin və xüsusi xidmət orqanlarının “diqqətini cəlb edən” Bəxtiyar Vahabzadənin yaradıcılığına təqiblər açıq şəkil aldı. Onu dərs dediyi Azərbaycan Dövlət Universitetinin auditoriylarından kənarlaşdırmaqdan tutmuş əsərlərinə çapına qoyulan yasağa qədər bir sıra ağır sınaqlar gözlıyirdi. Belə bir şəraitdə şair özünün yazdığı kimi “inandığı dostlarının məsləhəti ilə” “Leninlə söhbət” (1974) poemasını yazdı.

Şair sonralar əsərin yazılma səbələrini bu cür izah edirdi: “Özümü hücumlardan qorumaq və hakim ideologiyaya zidd olmadığımı “sübut etmək” üçün, bir sözlə, özümü “sığortolamaq” üçün inandığım dostlarımın məsləhəti ilə “Leninlə söhbət” poemamı yazdım. Fəsillərin başında Lenindən gətirdiyim misallarla demək istədiyim fikirlərə qalxan tuturdum”.

Müəllifin sonralar bir hissəsindən imtina etdiyi “Leninlə söhbət” poemasını oxuyanda həqiqətən də açıq-aşkar görünür ki, şair fəsillərin əvvəlində Leninin əsərlərindən gətridiyi sitatlar və bu sitatların ovqatı ilə yazdığı misralarla yenə öz sözünü deyir, Leninin yazdıqlarının həyata keçmədiyini, bu sözlərin yalnız kağız üzərində olduğunu sətiraltı məna ilə oxuculara çatırırdı. Şair əsərin “Xalq” adlandırdığı fəslində özünü xalqdan ayrı tutan, xalqın adından danışıb amma xalqa qənim olan sovet və partiya rəhbərlərini hədəf seçirdi:

...Özünü xalqından üstün sananlar
Xalqın dühasından çox geri qaldı.
Xalqın ciyəriylə nəfəs alanlar
Xalqa enə-enə xalqdan ucaldı.


“Leninlə söhbət” poemasından cəmi bir il sonra Bəxtiyar Vahabzadə özünün milli ruhlu daha bir əsərini – “Muğam” poemasını yazdı. Poemada xalqımızın gələnəkləri, musiqi mədəniyyəti həvəslə, yüksək sənətkarkılqla və bədii zövqlə qələmə alınmışdır. Poemanı oxuyanda bir daha oxucuya bəlli olur ki, şair həqiqətən də Lenin haqqında poemasını özünün də qeyd etdiyi kimi “özünü hücumlardan qorumaq, hakim ideologiyaya zidd olmadığını “sübut etmək” məqsədilə yazıb.

Əsərdən aydın olur ki, onun üz tutduğu, bəhrələndiyi kitablar heç də Leninin kitabları, dövrün zamanın diqtə elədiyi kitablar deyil, özündə xalqımızın mədəniyyətini, folklorunu, tarixini daşıyan muğamlarımızdır, mənəvi abidələrimizdir:

...Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.


Şair “Leninlə söhbət” əsərindən dərhal sonra bu əsəri yazmaqla bir daha sübut və təsdiq etdi ki, həyat kredosuna, milli ədəbiyyatımıza, bütövlükdə xalqına, Vətəninə sadiqdir və bütün təqiblərə baxmayaraq ömrünün sonuna qədər də bu cür qalacaq, bu yoldan onu heç bir təqib və təzyiqlər, qadağalar çəkindirə bilməz. Bu əsər “Gülüstan” poemasını yazmış Bəxtiyar Vahabzadə qələminə cəmiyyətdə, xalqda olan inamı daha da möhkəmləndirdi.

Oxucu onun əsl, ürəklə yazılmış əsərinin “Leninlə söhbət” deyil, məhz “Gülüstan”, “Muğam” kimi əsərlər olduğunu bir daha müəyyənləşdirdi. Oxucu bir daha əmin oldu ki, dünya nə qədər fırlansa da, “dünənin həqiqətləri bu gün tərs yozum olsa da”, “çox əyilməz başlar əyilsə də”, “dünənin alqışları” bu gün “ünvanını dəyişsə də”, “bütlər gəlsə də, getsə də” onun şairi dəyşməzdir, əqidəsində möhkəmdir:

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.


Bəxtiyar Vahabzadə yaradıcılığının növbəti mərhələsi xalqımızın müstəqillik uğrunda mübarizə apardığı illərə aiddir. Yaradıcılığa başladığı ilk illərdən etibarən öz şeirləri ilə xalqımızın düşüncə mədəniyyətinin, milli özünü dərkinin və milli şüurunun formalaşmasında mühüm rol oyanamış Bəxtiyar Vahabzadə milli azadlıq mübarizəmizdə öz şeirləri və ictimai fəaliyyəti ilə iştirak etmişdir./ Filologiya məsələləri, № 16 2018/

MANERA.AZ


Baxış sayı - 2 180 | Yüklənmə tarixi: 04.05.2019 21:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031