manera.az
manera.az

Bizim millət - Mirzəbəy Əzimlinin hekayəsi

Bizim millət - Mirzəbəy Əzimlinin hekayəsi
Günortanın qovhaqovu rayon bazarında elə tünlük salmışdı ki,üç addımlığında nələrin baş verdiyini sezmək hər satıcının işi deyildi.

Piştaxtalardakı meyvə-tərəvəzin verdiyi ətir,iyul ayının bədənlərədən çıxartdığı xoşagəlməz qoxuya qarışıb əsl
kənd seyrəkliyini yaradırdı.

Əliyar kişinin üç kisə soğanı səhərdən əlində qalmışdı. Hər gələn bir mız qoyub,yanından uzaqlaşırdı. Dişləri arasında gəmirdiyi dodaqları söz də tutmurdu ki,içində var-gəl edən nifrət hissini büruzə versin.

-A kişi,bizim millət belədir də! Özgə ölkədən bura soğan vursan,o dəqiqə daraşıb kilosunu manatdan alıb apararlar evə,gəl ki,
mən bədbəxtin balası kisəsini dörd manatdan satıram. Gör heç alıb zənbilinə dolduran var bu xarabda? Gərək ki,elə hər şey bunlara xaricdən gəlsin! Pah! Urusun malı qiymətli olub mənimçün! Günü sabah ingilisinkində satacaqlar,baxarsız!

Şalvarı əynindən sallaşan həmkarı Ağarəhimin də şansı bu gün istədiyi kimi gətirməmişdi. Malı gözü önündə çürüyən hərifin,elə bil içinə cin salmışdılar. Əlində bikara tutduğu tərəzini yerə çırpıb,elə qışqırıq saldı ki,qarşısından ötüb keçən yayılığı güllü arvadın ürəyi qopdu. Hələ bir,ölənlərinə rəhmət də oxudu.

-Sözünə qüvvət,Əliyar! Ayə,vallah bizim millət düzələsi deyil ha! Dünən xəbərlərə baxırdın? Qonşu kəndin bələdiyyəsi Qara Səid varıydı e? Əllərinə döndüyüm qaramaskalılar gecəylə gəlib evindən götürüblərmiş sümsüyü. Düz,on beş min manat pul mənimsəyibmiş köpəyoğlu!

Bunu deyəndən sonra,Əliyar kişi üst-üstə yığdığı soğan kisələrinə xüsusi şövqlə
ard-arda iki təpik ilişdirdi.

-Nə əcəb olub! Səkkiz ildi yerindən tərpənmək bilmirdi alçaq,gördüyü işi də başına dəysin! O pulları alanda yox e, verəndədir günah! Rüşvət ölkəni götürüb ay qardaş,kim nə deyir desin! Hər yerdə qanunsuzluq baş alıb gedir! Nə olar axı hamı qayda-qanuna əməl eləsə? Guya rüşvətsiz dolana bilmir bu camaat? Yox əşi,bizim millət düzələn deyil!

Bu vəlvələdə bir-birini eyni bəhanələrlə tapan iki adamın söhbəti nədənsə uzaq məsafələrdən Günəşin od-alovuna su səpib söndürməyə cəhd göstərən uşaqları xatırladırdı.

-Hamı,hamı öz qohum-əqrəbasını qabağa verir! Doğru demirəm,Ağarəhim? Bu bazarın yiyəsidə elə həmin Qara Səidin dayısı uşağlarındandır! Qohum-qardaşı qabağa çəkən adamlardan nə gözləyirsən ki?! Qoy,kim mənə nə edəcəksə eləsin! Onsuz da bezmişəm,bu dəqiqə od vurub yandıracam buraları!

Axırıncı sözlərindən özü də bir qədər təlaşa düşdü. Qələbəliyin vəlvələsi getdikcə azalmağa başlayır,ona tərəf burulan baxışlarda da nəsə narahatçılıq duyulurdu.
Sir-sifətindən tökülən yazıqlığı,altına girdiyi ağırlığı qaldırmağa tən deyildi. Gözləri əmin edirdi ki,danışdığı hər nə varsa heç özü də sağ-salamat dərk edib başa düşə bilmir.

-Əşi,mən nə danışarm e? Ağarəhim,səncanı qoy oturmuşam yerimdə,məni çox danışdırma qurbanın olum!

Bazarda saatların yorğunluğu açıq-aydın duyula bilməsə də,bir-iki nəfər çiyinlərini hər yanından ötənə çırpıb harasa yoxa çıxırdı. Ayaqlanan pomidorları,iki bölünmüş erkənsayaq qarpız dilimlərini,vız-vız salan milçək hənirtisini,bir də müştəri səsləyən satıcının həyasızlığlını yan-yana qoyanda yenə nələrsə düz getmirdi.

***

-Ayə,bu Əvəzağa deyil? Özüm ölüm bu Əvəzağadır! Qardaşoğlu,qardaşoğlu bir bu yana bax! Özüdür ki,var! - ağzının kənarında tüstüləyən müştüyü əlinə alan kişi,nə baş verdiyini özüdə bilmədən Əliyarın qucağına sinəsini verib hönkürtü qopardı.

-Əvəzağa,gör səni neçə aydır görmürəm mən,bəs rayona gəlmisən əminə niyə xəbər eləmirsən?

-Elə bu gün səhər özümü çatdırmışam kəndə...

-Qulaq as,gör nə deyirəm sənə! Bu soğanı görürsən ki,rəhmətlik dədəmin goruna and ola öz əllərimlə yetişdirmişəm. Kisəsini də dörd manatdan satıram,mənim qardaşım oğlu üçün iki kisəsi beş manatdan götür apar! - Əvəzağanın sözünü yarı qoyub öz dərdinə əlac çəkdi.

-Vallah,özüm dünən şəhərdən gələndə nə lazımdır al...

-Əvəzağa,canım üçün öz əmingilin həyətinin məhsuludur a,almasan inciyərəm!
Bütün bazar od qiymətinədir,daha sən mənim qardaşım oğlusanda neçəyə verməliyəm sənə?

-Yaxşı,yaxşı ver görək nə olur. Belədəki mən ya bu camaat,fərqi nədir ki? Hamıya neçəyə satırsan,mənə də o qiymətə ver. Dedin kisəsi dörd manatdı? Götür bu on manatı,axşam yolu bizə sarı salarsan,həm bir az söhbət eləyərik,olub-keçəndən də dəm vurarıq. - üzündə silkələnən sıradanlıq yanğısı Əliyara xoş gəlmədi.

-Necə yəni hamıya necə,sənə də elə? Sən mənim özümünküsən e,qardaşoğlu! Elə söhbət ola bilməz! Bizim millətə fikrin getməsin,onlar hər çətinlikdən baş çıxarmağı yaxşı bacararlar...

Arabir Əliyarın gəvələdiyi sözlər sol yanındakı piştaxta da könülsüz-könülsüz gileylənən Ağarəhimə gəlib çatanda sualedici baxışlarını gah soğanlara,gah da bu gün yaxşı pul vuran satıcılara gedib fikirə dalırdı. Necə ola bilərdi ki,az əvvəl bazar yiyəsini Qara Səidin qohumu olmaqda günahlandırıb,şəksiz monopoliyanın yaradıcıları olaraq hədələyən Əliyar kişi,indi "bizim millət"-ə xilaf çıxır? Yoxsa elə hamısı on manata qədər idi?

Hərhalda nəyəsə cavab tapmaq indi üçün çox gec addım olardı. Etməli olacağı tək şey bayaq göyə qaldırıb yerə çırpdığı tərəzini əvvəlki kimi əlinə alıb,o yan,bu yan yelləmək olacaqdı. Cibində şaqqıldayan qəpik-quruşu da özü kimi yaradığı şey yox idi. Ya evə qayıdanda məscidin həyətindəki nəzir qutusuna guruldadacaqdı,ya da ki vergi əvəzi kimisə görəcəkdi. Görmək. Olmaz olsun belə görmək. Elə bil,qanımıza hopub vələdüzzina! Şirinlik dedikləri qanımızı zəhərləyib,hörmət adlandırdıqları hörmətdən salıb bizi. Əliyarın az öncəki çıxışını hələ də yadından çıxarda bilmirdi.

"...o pulları alanda yox e, verəndədir günah! "

Əliyar doğurdan da haqlı idi. Rüşvəti sən verməsən,mən almasam,heç o adlı məxluqat qalarmı ki ortada? Yaxşı ki,Əliyar kimi adamlar hələ də aramızdadır. Amma,bayaqkı söhbəti Ağarəhimə heç də ürəkaçan gəlmirdi.

"...bizim millətə fikrin getməsin,onlar hər çətinlikdən baş çıxarmağı yaxşı bacararlar."

***

Damağında közərən müştük bu dəfə barmaqları arasında küllənirdi. Yaxalığı istidən bir təhər olub ölgünləşmişdi. Qırış salan köynək-şalvarı da demək olar qənaətbəxş sayılmırdı. Hərçənd,büzük cibindən topa manatları çıxarıb sayanda,nədənsə əlavə xarizmatik görkəm almışdı. Aciz görkəminə yüngül qüdrət damcıları səpilmişdi. O yerdə bizim millət üçün nə fağırlığı yada düşərdi,nə də görkəmi hansısa önəmli faktor rolunda çıxış edərdi. Hər nə var idisə,elə on manata qədər imiş.

-Əliyar əmi! Gəldi çatdı! Gəldi çatdı! - yaşı təxminən səkkiz-doqquz aralığında olan kirin-pasın içində bir nəfər təşviş içərisində Əliyar kişin qabağını aldı.

Əliyar kişi çoxdan idi ki,bu sözlərə vərdiş etmişdi. Alnına yığılan düyünləri bir andaca hiss etdirməyə başlayır,təzəcə əlinə aldığı şax onluğu gəldiyi kimi də geri verməyə macal gəzirdi.

-Polis serjantı Manaflı! - əlini qulaqları dibinə aparan iri cüssəli bir pəzəvəngin kölgəsi Əliyar kişin başının üstünü aldı.

Təzəcə üz cizgilərinə verdiyi xoşniyyətliliyi,daxilində cövlan edən əsəb dalğası əvəzlədi. Qara-qura tökməyə hazırlaşdığı bariz idi.

-Vətəndaş,artıq üçüncü dəfədir ki, qanunla nəzərdə tutulmamış ərazidə satış işləri aparırsınız, - dilinə yatmayan ədəbi danışıq forması qəribə səslənirdi - əgər belə getsə sizinlə başqa cürə danışmalı olacağıq.

-Rəis,başına dönüm,mən də beş-üç manat qazanmalıyam ya yox? Arvad-uşaq bir tərəfdən,sizdəki heç də...

-Qazanırsan qazanda. Hərə bir fason nəsə qazanmalıdı axı, - getdikcə nəyəsə eyham vurmağa başlayırdı - düz demirəm?

Dodaqlarının kənarları şaquli şəkildə gülümsünməyə əyilirdi. Ovucu ilə barmaq uclarını ovuşdurmağa başladı.

-Belə mənim gözüm üstə! Qanuna hamımız tabeyik,gəl səni bir qucaqlayım.

Döşünü qabağa çəkib serjantı qolları arasına aldı. İkisi də baş-başa gəlib bir neçə saniyəlik incə duyğular yaşadı. Əliyarın
uzun əlləri serjantın kürəyinin ortasından yavaş-yavaş aşağı enirdi. Yayın hərarəti bir az da cuşa gəlib münasibəti cilovladı.
Hərdən,nəfəsləri bir-birinə toxunanda baş verən ehtirası hələ indiyədək heç biri yaşamamışdı. Nəsə ilıqlıq,qadın islaqlığı fikirlərini başlarından çıxarırdı. Serjantın quru dodaqları alnından süzülən tərə qarışıb susdu. Elə,Əliyar da danışmaq niyyətində deyildi. Ürək döyüntüləri bir candan səslənirdi,yüksək eşqlə çırpınırdı. Yormadılar bir-birini. Əliyarın əlindən on manatı sürüşüb serjantın cibində özünə yer etdi.

Daha artıq-əskiyə gərək yox idi.

-Gördün ki? Qanun hamımız üçün eynidir. Amma,gələn dəfə bu qədər görmə.

Əliyar başını aşağı-yuxarı edib piştaxtaya çəkildi. Qəmgin sifəti yenə həminki Əliyar olduğunu ona xatırladırdı. Bir qədər də məhzunluq ona Ağarəhim tərəfdən gəlirdi.
Az əvvəlki söhbətləri hər ikisinin yaxşı yadında idi.

-Əliyar,bəs "bizim millət" necə oldu?

Ağarəhim bu sualı ünvanlayanda qətiyyən cavab filan gözləmirdi. Nə də olsa bu da bizim millətin sərvaxtlığı idi. Qınamağa da adamın heyi gəlmirdi.

Ağarəhim altında cırıldayan nataraz taxta kətildən qalxıb,çürük mallarına bir daha baxıb köks ötürdü. Əliyarın riyakarlığını özünə bağışlaya bilmirdi.

-Yox əşi,bizim millət düzələn zad deyil!

Mirzəbəy ƏzimliБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031