manera.az
manera.az

Qundaqdakı qızıl diş - Anar Adilin hekayəsi

Qundaqdakı qızıl diş - Anar Adilin hekayəsi
İçimdəki say-seçmə narahatlıq duyğuları məni həmişə sovetdən qalma divanın üstünə atırdı.

Orada yayılıb, alın yazısı tələm-tələsik yazılan ömrümü bir-iki saata vərəqləyib bitirirdim. Di gəl, fərli-başlı xatirələr həndəvərimə gəlməzdi...

Uşaqlıqda aldığım travmaları indiyədək göz bəbəyi kimi qoruyub saxlamışdım. Burnumun üzərində qurdalanan milçəyə belə əl qaldıra bilmirdim. Yox, yox... yox! Mərhəmət hissimdən deyildi, öz döyülməyim yadıma düşürdü. Hələ atamın belindən açılıb kürəyimdə dalğalanan o beş ulduz kəməri də unuda bilmirdim. Gördüyüm ilk inqilab olub. Qorxumdan saralmış üzümün arxasında gizlənmişdim.

Nə isə... Öz-özümlə deyinib qurtarandan sonra az-maz da olsa, rahatlanardım. Sonrası da ki məlum, əsəbi yuxu şığıyıb başımın üstünü alardı; bir də səhər ayılardım.

Bu dəfə isə tam tərsi idi. Birinci dəfə idi ki, səhərin açılmağını istəmirdim... Həmişəki kimi, divanda uzanıb sakitləşməyə çalışırdım. Tapşırdım ki, birdən yuxu tutsa, bir-iki saata oyatsınlar məni. Vaxtı belə amansızca xərcləmək günah olardı. Bəlkə, fikirləşib bir çarə, çıxış yolu tapdım. Axı İlham sabah ata olacaq.

Ananın səhhəti təbii doğuşa imkan vermədiyinə görə uşağı əməliyyatla götürəcəklər. İlhamın da ümid yeri, gümanı təkcə mənəm. Doğuş xərclərini ödəmək üçün mənə ağız açıb. Əcəb edib... Doğuş xərcləri isə deyiləsi deyil. Sağlam ürək lazımdır ki, dözə bilsin. Amma fərq etmir. Adamın qanından-canından biri dünyaya gəlirsə, sənə atalıq, analıq hissini yaşadırsa...

Təsəvvür edirəm, İlham sabah doğum evinin qarşısında o anı necə ümidlə gözləyəcək. Özü də tək. .. Tək niyəki?! Qismət olsa, məndə yanında olacağam. Kimi var axı?..

Lənətə gəlmiş yuxu məni necə ağuşuna alıbmışsa, bir də ayıldım ki, günəş qonşunun damındadır, mən də yorğan-döşək də. Ağır əməliyyat keçirən xəstə reanimasiyadan palataya köçürülən kimi, zalım balası da məni sürüyüb atıb yun döşəkçəyə. Özü də, deyəsən, səhərə kimi yatmayıb. Mənşəyin tapmadığı əsrarəngiz sıxıntılarıma şərik olmaq istəyib.

Ayağa qalxmağa heyim-taqətim qalmamışdı. Güc-bəla yerimdən qalxıb, ac qarına siqaret yandırdım. Boğunuq səslə arvadıma, “Bir stəkan çay ver”, – deyib siqareti yarımçıq tulladım.

– Get əl-üzünü yu, sən canı, dişlərini də yaxala, ağzından pis iy gəlir. Mən də sən gələnə kimi çayı dəmləyim. Hə, istəsən, yaxalan; bir belə yol gedirsən, bir dəfəlik çimib rahatlan.

Hamam həyətin qurtaracağında yerləşirdi. O vaxtdan necə tikilibsə, elə də qalıb. Dəsmalı çiyinlərimə atıb, iti addımlarla düz hamama tərəf şığıdım. Çimmək üçün əlverişli olan temperaturu tənzimləyib, verdim özümü duşun altına. İsti su alnımdan, qulaqlarımdan, gözlərimin üstündən axıb töküldükcə dünəndən yığışıb qalan kədərində məndən ələnib töküldüyünü hiss edirdim. Ağlamağımı görməməyimsə əla idi. Göz yaşı suya qarışıb gedirdi.

Bir az özümə gəlmişdim. İsti suyun buxarında gizlənən güzgüyə bir-iki ovuc soyuq su atdım ki, özümü görə bilim. Güzgü ilə üzbəüz və çarəsiz durmuşdum. Dişimi yuyub getməliydim. Vaxt itirə bilməzdim. Sadəcə getməliydim. Diş fırçası ətimi ürpədirdi, ona görə də məcunu barmağıma sıxıb fırça əvəzi barmağımla dişimi sürtürdüm. Məcunu barmağıma sıxıb dişlərimi sürtə-sürtə güzgüdəki çarəsiz adamıda seyr edirdim. Rəngi-ruhu özünə gələn qızıl dişlərim təmizləndikcə parıldayırdı.

Cavanlığımın səhvi və dəbi idi. “Nahaq o vaxt qızıl elətdirdim. Ancaq... Hə də... bunları verib yerinə ağ diş düzəltdirə bilərəm. Qızıldır da... Elə bil banka pul qoymuşam”, – deyə düşünürdüm. “Heç diş vaxtıdır, ay axmaq? !” – Özümü ayıltmağa çalışdım. Beş-on saniyəlik sükutdan sonra təəccüblə “qızıl... diş... mənim qızıl dişim var”, – deməyə başladım. Ancaq sevinc hissi səsimi bir anlıq necə batırdısa, ömürlük danışa bilməsəydimdə, vecimə olmazdı. “Elə diş. .. qızıl diş vaxtıdır”, – dedim.

Sən demə, çarə-çıxış yolu mənim ağzımda gizlənib, xəbərim yoxmuş. Dünənə qədər onlardan utanırdım, indi isə onlar məni utanc hissindən xilas etməyə hazıridi. Şalvarı əynimə keçirdib, başımı qurulaya-qurulaya özümü evə atdım. Hamamda başıma gələnləri evdə demədim. Deyə də bilməzdim. Çətini evdən çıxana kimidir. Hər şey düzələcək.

“Axşama görüşərik”, – deyib gülər üzlə evdən ayrıldım.

Həyət qapısından çıxan kimi Samirə zəng etdim. Samiri uzun illərdir tanıyıram. Peşəkar stomatoloqdur. Qızıl dişlərimi o düzəldib. Gedək, indidə öz əlləri ilə dağıtsın... Çoxdandır zəngdə etmirəm. İndi nömrəni görüb deyəcək ki, səhər-səhər, görəsən, nə istəyir?

– Alo, sabahın xeyir, Samir. Necəsən, doktor?

– Salam, salam, buyur.

– Mənəm də, tanımadın?

– Tanıdım, elə şey olar, tanımayım?!

– Doktor, mən qırx dəqiqəyə, uzağı bir saata yanındayam, təcili işim var sənlə.

– Gəl, gəl görək.

Yolda gedə-gedə Samirin mənə verə biləcəyi suallara qondarma cavablar axtarırdım.

Evdəkilərin verəcəyi sualın cavabını isə artıq tapmışdım.

Hə də... deyəcəm ki, içmişdilər, avtobusda söyüş söyürdülər. Mən də “Utanmırsız, əəə, söyüşü gedin evinizdə söyün!” – dedim. Sözümüz çəp gəldi, dalaşdıq. Vurdular ağzımı partlatdılar, dişimi qırdılar...

Bu qədər asan?

İlahi, öz ağzımı özüm necə əzişdirəcəm!? Məcburam, evdəkiləri inandırmalıyam. Mən bu gün həm yaxşı aktyorluq bacarığımı, həm də peşəkar satıcılıq məharətimi görsətməliyəm.

Samirin kabinetinə çatana yaxın diş ağrımdan dözə bilmirmişəm kimi davranmağa başladım. Zarıya-zarıya otağın qapısını döydüm.

– Gəlmək olar?

– Hə, gəl, gəl...

Salamlaşandan sonra bir nəfəsə uydurduğum yalanı döşədim Samirə.

– Öldürür məni, dünən gecəni yatmamışam. Elə bu gün-sabah deyib yanına gəlməliydim. Qızıl dişimi çıxartdırım, ağ diş saldırım. Yəqin, dibi irinləyib, onun ağrısıdır. Qızıl dişin dəbi də qurtarıb artıq.

– Sənə ağrıdan xilas olmaq lazımdır, ya dişdən?

– Elə hər ikisindən... Hə, sən mənə de görüm, ağ dişin biri neçəyə başa gələcək? İşimi bilim. Yaxın günlərdə gəlim, canla-başla işə başla...

– İndi çıxartdığım dişləri ağ dişlə əvəzləyə bilərik. Barter... Vəssalam. Pulun da çıxmaz, – Samir məni küncə sıxışdırmaq istəyirdi.

– Ən yaxşısı, sən qiyməti de, razılığa gələk. Mən bu dişləri... bəlkə, arxadakıları qızıl düzəltdirdim yenə.

– Yaxşı, gəl otur, mən dişləri çıxardım, sonra nə var, nə yox, hamısını deyəcəm.

Təxminən beş-on dəqiqədən sonra Samir qızıl dişləri söküb çıxartdı. Dişləri salfetə büküb, “Buyur, əlində-ovcunda qalsın”, – deyəndə dişimlə bərabər, qəlbimi də söküb çıxartdı. Salfetə bükülmüş qızıl dişlər beşiyində yatan çağa təsirini bağışlayırdı mənə; qucaqlayıb bağrıma basmaq istəyirdim. Dünyaya körpə gətirən ana övladını qucağına alıb necə sevinirsə, mən də eləydim. Samirin çürük atmacasına cavab verməyi də unutmadım.

– Hə, doktor, əziz ginekoloq, qalsın, əlimdə-ovcumda qalsın...

Sözüm Samiri yaman tutdu. Tutdu yox, üzündə partladı, bəlkədə.

Sağollaşıb getmək vaxtı idi.

– Mən asta-asta tərpənim. İşim var şəhərdə. Sözündən, qulluğundan? – Yaxşı yol. Yaxşı yol. Hələlik.

Geriyə baxmadan Samirin kabinetini tərk etdim. Hə, indi bir siqaret çəkmək olar. İşin birinci mərhələsi bitdi. Uğurlu nəticə. Eybi yox, Bir- iki günə öyrəşərəm ağzımdakı boşluğa. Geninə- boluna ah çəkib, avtobusa mindim. Arxada, pəncərənin yanında oturub gözlərimi yummağa çalışdım. Bərk də acımışdım. Yanımda oturan bir nəfər telefonla danışırdı. Deyəsən, danışdığı yaxın adamıydı. Kefin-halın soruşurdu. Yüksək səslə, “Özünə fikir ver, eşitdin.. . Canına qulluq elə. Əsas da yeməyinə fikir verməlisən. İştah dişin altındadır”, – deyirdi.

“İştah dişin altındadır” sözləri məni necə doydurdusa... Aclığımı unutdum. Elə bil mənə sataşırdı. “İştah dişin altındadır” – onun sözləri qulaqlarımda bir neçə dəqiqə cingildədi. Mənim dişimin altında iştah yerinə, canını tapşırmağa heç kimi tapmayan adam qalmışdı.

Yerimdən qalxıb sürücüyə tərəf irəlilədim. Az qalıb son dayanacağa. Birinci özüm düşməliyəm. Əcəmi metrosunun sağında-solunda, yaxın ətrafda nə desən, tapmaq olar. Məşhur “Moskva” univermağı da öz adət-ənənələrini qoruyub saxlayıb. Qızıl, brilyant mağazaları, boyunbağılar, üzüklər, sırğalar sevimli müştərilərini gözləyir. Müştərilərin də hamısı satıcı üçün sevimlidir...

Pilləkənləri qalxa-qalxa giriş qapısına qədər uzanan yolda “Ən yüksək qiymətə qızılın alışı-satışı” yazılan yazıları balaca köşklərin pəncərəsindən gördükcə əhvalım bir qədər də yüksəlirdi.

Bir-iki köşkdə qızılın çəkisini, satıcının verdiyi qiyməti öyrənəndən sonra fikir eləməyə bir səbəb də qalmadı. Lazım olan məbləğ düzəlirdi. Hətta özümə də beş-on manat qalırdı.

Univermağa, qızıl şöbəsinə baş çəkməyə də ehtiyac qalmadı. Dişləri bayırdakı köşklərin birində satdım. Pulları alıb, doğma yerə – döş cibimə qoydum.

Bəlkə də, dişləri satdığım adamın qarşısına indiyə qədər mənim kimi dözümlü və sevimli müştəri çıxmayıb. Məni nə vaxtsa arzulayacaq. Mənsə heç vaxt arzulamayacam səni, fevral... Mənim yorğun və fədakar ayım. Sən bir də gəlmə!

Külək künc-bucaqda veyillənən toz-torpağı nəfəsimə qovur, boynu əzik küçənin üstünə yıxılan zir-zibilləri yaxamdan medal kimi asırdı. Mən də irəli-geri, sağa-sola baxmadan dişimi dişimə sıxa-sıxa gedirdim.../"Ulduz" jurnalı.-N9, 2019/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930