manera.az
manera.az

Qara sevdaları yaşamaq zülüm - Afiq Muxtaroğlunun şeirləri

Qara sevdaları yaşamaq zülüm - Afiq Muxtaroğlunun şeirləri
...Allahdan SÖZ ADAMI olan Afiq Muxtaroğlu insanlığını ruhunda tapıb. Bunu SÖZə də, insanlara da, həyata da münasibətində görmək olur…
Afiq Muxtaroğlu, Nurafiz demiş, ürəyini söykəyə biləcəyin, ünsiyyətdə olanda adama duruluq, saflıq bəxş eləyən adamdı…
Yaşı əllini ötsə də hələ kitabını nəşr etdirməyib. Amma bunda nə darılır, nə də darıxır, əksinə, içini vərəqlərə töküb yüngülləşdiyinə görə, əməlli-başlı rahatlıq hissi keçirir…
Bəlkə də əsl yaradıcı insan ömrü budu…

Nəriman Əbdülrəhmanlı

***
Bəlkə unudubsan mən də bəndənəm,
Yaxın döngədənəm, əyri tindənəm,
Mən yazıq zalımla eyni dindənəm,
İşinə qarışmaq olmasın, Allah!..

Sən məni davada-dalaşda yordun,
Qorxuda sınadın, təlaşda yordun,
Zalım meydanında – güləşdə yordun,
İşinə qarışmaq olmasın, Allah!..

Neyləyim örtülmür qorun üzəri,
İçimdə gör neçə kösöv közərir,
Düz deyil bəndənin giley-güzarı,
İşinə qarışmaq olmasın, Allah!..

Dərd başda əyləşib, başa açılıb,
Əllərim önündə qoşa açılıb,
Əllərim boş qalıb, boşa açılıb,
İşinə qarışmaq olmasın, Allah!..

Yaxından-uzaqdan dünyana baxdım,
Özümü yüz dəfə yandırdım-yaxdım,
Kefiyin pis vaxtı yazıldı baxtım,
İşinə qarışmaq olmasın, Allah!..
Aprel 2014

***
Qaydadır oyunu ağlar başlayar,
Həmişə bir addım düşər irəli;
Ağların bir əli tutsa da yerdən,
Yapışar günəşdən, aydan bir əli.

Ehtimal böyükdür ağlar udacaq,
Qaralar olacaq yenilən tərəf;
Tarixə düşəcək ağların adı,
Onlara aiddir şan-şöhrət, şərəf.

Qaralar gözünü açana qədər,
Ağ atı səyirdib gedəcək ağlar,
Qaralar yanacaq yayı aranda,
Alacaq ağları qoynuna dağlar.

Başdadır hər zaman ağların yeri,
Ağların bəxtinə yazılan ağdı;
Bağlanaydı bəxti qaraların kaş,
Alnında qarası nağdıdır, nağdı...
07.04.2014

***
Kəbə qulpuydumu kəpənək əlin? –
Heç tuta bilmədim əlindən sənin;
Sənsizlik içimi atəşə verdi,
Nə olsun düşmədim dilindən sənin.

Baxış bucağımız tutuşmadı heç,
Kəsişə bilmədi baxışlarımız.
Sən ayrı, mən ayrı islanmadıqmı? –
Bir vaxta düşmədi yağışlarımız.

Kim silib üzündən təbəssümünü,
Özünmü yuyubsan bir səhər elə?
Gözündən salıbsan məni bilirəm,
Baxırsan ətrafa bir təhər elə.

Mən sənin gözündən düşüb getmişəm,
Salıb itiribsən gözündən məni.
...Üzüm yox, qayıdıb tutam yerimi,
Qopar at, sən Allah, özündən məni...
May 2014

***
...Gəlincə xəzinə dediyin yerə,
Gedincə deyirsən qara şahıdı...
Neçə gəliş görüb bu qoca dünya,
Eh, neçə gedişin olub şahidi.

Dünya sevindimi gəlişimə heç,
Dodağı qaçdımı, üzü güldümü?
Atılıb düşdümü quşları görən,
Səhrası güldümü, düzü güldümü?

Günəş gəlişimlə qımışdımı ki,
Qızdımı quşların yuvası bir az?
Onda qızardımı payızın üzü,
Dəyişdimi görən havası bir az?

Gəlişin mənası yozuma sığmaz,
Gedişin mənası yüz cür yozular.
Dünya nə itirər gedişimlə de,
Uzağı dostların kefi pozular.

...Nəyi dəyişəcək mənim gedişim,
Dünyanın bir yanı boşmu qalacaq?
Dünyanın bir yeri ağrıyan deyil,
Dünyanın gözləri çaşmı qalacaq?..

***
Ürəyim varıymış mənim də bir vaxt,
Limlimə doluymuş atəşlə, odla;
Qanlı yaraları sağalmaz oldu,
Yüz yol ovuşdurdum məlhəmlə, yodla.

Ürəyim varıymış dənizdən betər,
Bir qız yuyunurmuş dalğalarında.
Ürəyim gedibmiş elə o zaman,
O qızın saçının halqalarında.

Ürəkli olmuşam bir zaman mən də,
Köksümə sığmırmış ürəyim onda;
Kədərmi qoparıb, dərdmi görəsən,
Beləcə ürəksiz qalmışam sonda.

Ürəyim oynayıb yerindən o vaxt,
Çıxıbmış ürəyim yəqin kökündən.
...Ürəyi var olsun ürəklilərin,
Mən çoxdan azadam ürək yükündən...

Deyirlər, ürəkli olmuşam bir vaxt,
İçində atəşi, odu varıymış.
...Bəlkə də yalanmış ürək yerinə,
Ürəyin quruca adı varıymış...

***
Bu ömür deyəsən uzun çəkəcək,
Gör neçə ahı var, ofu var hələ;
Zirvəyə çıxmağın dərdi bir ayrı,
Zirvədən yıxılmaq xofu var hələ.

Ağrının ağırı durub qabaqda,
Bu ömrün nə qədər karıxmağı var.
Qırıq ümidlərin soyuq üzünə,
Boylana-boylana darıxmağı var.

Bu ömrü gözləyir neçə yol-yolaq,
Neçə səfər durur, neçə yolçuluq.
Sağçılıq damğası almayıb hələ,
Hələ ki cəzb edir onu solçuluq.

Bu ömür çaş gedər yolunu hərdən,
Tərəddüd içində hələ döyünər.
Şikayət eyləyər arada bəxtdən,
Dodağı altında bir az deyinər.

...Bu ömür, deyəsən, təzə başlayır,
Kədəri təzə-tər, qəmi pöhrədi;
Bakirə dərdləri yaşayan ömür,
Bir yanıq ürəkdi, solğun çöhrədi...

***
Qara sevdaları yaşamaq zülüm,
Böyük sevgiləri yaşatmaq zordu.
Eh, kiçik adamın böyük sevgisi,
Canına yağıdı, alovdu, qordu.

Ümidin azı da bəs edər, könül,
Daha nə lazımdır? – buyur yaza çıx.
Böyük sevdalara dayanmaz ürək,
Könül küllüyündə yer də azacıq.

Hər şeydən bir damcı daddınmı yetər,
Hər şeyin azına alışmadınmı?
Bir aləm eyləyər hər şeydən bir az,
Bir ömrü sən buna çalışmadınmı?

Bir qırıq ümidə sığınan könül,
Eşqin zirvəsindən yıxılmadınmı?
Uzanır hələ də ömür möhləti,
De görüm, yorulub, sıxılmadınmı?..
04.07.2014.

***
Nə var, nə yox oralarda?
Məsaj yolla bircə sətir.
Uzaqlardan dönüşündə,
Unutma ha, sevgi gətir.

Nə vaxt gəlsən gülüşündə,
Sevinc gətir, ümid gətir.
Alov gətir gözlərində,
Saçlarında qoxu-ətir.

Mən yarıda sönmüş şamam,
Alovunla yandır məni.
Sən gedəli tək qoymayıb,
Dərd adında andır məni.

Dəniz gətir – geniş, mavi,
Sən dəniz ol, mən də gəmi;
Sənsiz olmur buralarda,
Üzə çıxır işin kəmi.
Gəl ovundur mən dəlini,

Bir az ağlat, bir az kirit;
...Mat qoy məni gəlişinlə,
Vur ağzıma qıfıl-kilid...

***
Bu gün döymə qapımı,
Gəlib sabah döyərsən;
Sözünü hələ saxla,
Saxla sabah deyərsən.

Hələ işim-gücüm var,
Hələ əlim boş deyil.
Vallah, düzünə qalsa,
İşim də bir iş deyil.

Dərddi hələ qonağım,
Başım ona qarışıb.
Çoxdan olub gələli,
Gəlib yaman yaraşıb.

Təntitmə məni – dedim,
Dedim: – işim-gücüm var.
Görmürsənmi üstümə,
Neçə yerdən hücum var.

Dayansana, dursana,
Nəfəsimi bir dərim.
Sabah soruş deyəcəm,
Nələr olub, ay pərim.
08.08.2014.

***
Baharımda gedən çiçək,
Qayıdıbsan payızıma.
Otur indi yavaş-yavaş,
Günahları say üzümə.

Xatirələr vərəqlənsin,
İşıqlansın hər bir məqam.
Qara payız qapımızda,
Hava sərin, “daha nə qəm”.

Gəl, dinləyək ötənləri,
Nə olubsa eşidərik.
Sarsın bizi xatirələr,
Yoxsa, vallah, üşüdərik.

Ağrılarla ödəmişəm,
Yazın, yayın faizini.
Hava sərin, xatirə bol,
İsidərmi payızımı?
26 avqust 2014

***
İşə saldım inadımı,
Kimsə məni qınadımı?
Ümid adlı qanadımı,
Bir qanadsız quşa verdim.

Sizdən anrı söz olmasın,
Necə yanım köz olmasın?
Kimsə mənə üz olmasın,
Mən oxumu daşa vurdum.

Sevincimi aldı illər,
Gülüşümü sildi yellər,
Yorğun saldı, yordu yollar,
Mən bahardan qışa vardım.

Bəxtin üzü yaman sərtdi,
Gör bir məni hara dartdı,
Yaşamaq da bir cür dərddi
Mən ömrümü boşa verdim.
2014

***
Kölgəsindən qovdu palıd,
Su vermədi qara bulud,
Çilikləndi arzu-ümid,
Qaldım qovrula-qovrula.

Aparmadı yollar məni,
Götürmədi sellər məni,
Çox oynatdı yellər məni,
Qaldım sovrula-sovrula.

Sular dondu, şüşələndi,
Dərd üstümə şeşələndi,
Ömrüm-günüm üşələndi,
Qaldım qıvrıla-qıvrıla.
26.09.2014

***
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla.
V. Səmədoğlu

Çox çəkibsən zülümümü,
Sal yadına olumumu,
Ucuz tutma ölümümü,
Mağıl ağla, həzin ağla.

Qarlar yağa lopa-lopa,
Baxma sözə, baxma gapa,
Yad gözlərdən sapa-sapa,
Bir az gizlən, yazın ağla.

Yoxa çıxan ağılarmı?
Dörd tərəfin yağılarmı?
Qoca dünya dağılarmı?
Dur ayağa, gəzin ağla.

Örtük salma güzgülərə,
Ruhum bəlkə güzgülənə,
Vermə məni özgələrə,
Otur məni özün ağla.
2014Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31