manera.az
manera.az

Şərəfli yol - Nemət Mətin

Şərəfli yol - Nemət Mətin
Hekayə

Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz ruhuna ithaf edirəm...

Kənd toyu idi. İri qazanlar, kəfkirlər, qablar, qaşıqlar yan-yana düzülmüşdü. Gombul nənələr piş-düş edirdi. Pərli-budaqlı əmi, yemək bişirən nənələrə şirinlik verib təbrik alırdı. Həyatda hər şey alver prinsipi üzərində qurulub. Zamanını xərcləyib bir şey alırsan. Bəzən gəncliyini qurban verib təhsil alırsan. Ağlındakı fikirləri satıb biznes qurursan. Hislərini satıb sevgi alırsan. Canını verib vətəni alırsan. Söhbətdən çox uzaqlaşdım... Toy çadırına yığılan camaat həyətdə onlar üçün əziyyət çəkən nənələrin nə çəkdiyini anlamırdılar. Biri bozbaşı yağsız istəyir, biri kartofun xırda olmağını tələb edir, başqa biri isə naz ilə ikinci kasanı sifariş verir. Minnətlə “yaxşı küftə gətir görüm” deyənlər də olur. Yenə də qan-qaraçılıq salan yoxdur. Ovuc içi boyda problemləri kənara qoyub toy məclisindən zövq alır hamı...

Mərasimin qızğın vaxtında, kabab paylanan ərəfədə sinif yoldaşım qolumdan tutub rəqs meydançasına sürüklədi. Qulağına “mən oynaya bilmirəm” desəm də eşitmədi. Daha doğrusu dediklərimə əhəmiyyət vermədi. Həqiqətən də rəqs edə bilmirdim. Mənasız bir şey hesab edirdim oynamağı. Bir dəfəni nəzərə almasaq heç məktəb şənliklərində də oynamadım. Axı, nəyə lazımdır oynamaq? Kimçün oynayırsan? Hansı günün şərəfinə? Sanki ətrafda hamı gözlərini mənə zilləmişdi. Özümü Ahasverus kimi günahkar hiss edirdim. Ahasverus İsanı çarmıxa çəkməyə aparanda ona dincəlməyə qoymamışdı. Əzaba düçar olan Ahasverus İsa Məsih yenidən zühur edənə qədər ah-vay edib şikayətlənən əfsanəvi personajdır...

Oynamaq üçün əllərimi yana açdım. Özümü bu dəfə İsa Məsih kimi çarmıxa çəkilmiş gördüm. Ayaqlarım xirtdəyəcən toz-torpaq udmuş xalçaya yapışıb qalmışdı. Utanıram. Başımı aşağı salmağımla yanaqlarımın qızarması bir oldu. Birtəhər hərəkətlər etməyə çalışdım. Uğursuz rəqqas obrazından qaçmaq üçün əl çalmağa keçdim. Bədənim həyəcandan və istidən tərləmişdi. Köynəyim zəhərli kentavr dərisi kimi bədənimə yapışmışdı.

Səhəri gün toyun yorğunçuluğunu nəzərə almasam, yaxşı başladı. Çağırış gəlmişdi. Bir ay sonra hərbi hissəyə sovet dövründən qalmış hərbi maşında getdim. Hərbiçi olmaq çoxdankı arzum olsa da, hələ əsgər olub çox şeyi öyrənməli idim. Düşmənimin qarşısına bilikli və güclü çıxmalıyam. Silahı mənə əsgər yoldaşım sevdirdi. Silah görəndə sanki sevgilisi ilə görüşə tələsirdi. Gözlərinə işıq gəlir, əllərini ovuşdururdu. Hamıdan sürətlə silahı söküb yığmaq ona xüsusi həzz verirdi. Biz sadəcə ona baxıb fəxr edirdik. Onun əlinə baxıb texnikasını mənimsəməyə çalışırdım.
Şərəfli yol - Nemət Mətin
Bir il altı aylıq əsgərlik dönəmi ən böyük arzuma tabe olaraq tez ötüb keçir. Hər gün fiziki məşqdən sonra kitab oxuyub beynimi gücləndirirdim. Əsgərlikdə xüsusi təyinatlı bölüyə keçəndən sonra Quranı da oxumağa başladım. Ən sevdiyim surə Fil surəsi idi. Əbabil quşlarının hücumu. İki şey mənə güc verirdi. Boks və namaz. Biri xarici, digəri daxili zərbələrdən qurtarırdı məni. İllər ötüb keçsə də, səngərdə vətənin keşiyini çəksək də, bu iki güc meyarı məni tərk etmədi. Mənə təkcə bir hadisə əzab verirdi. Vətənimizin bütöv olmaması. Düşmən vəhşicəsinə analarımızı, bacılarımızı, uşaqlarımızı, körpələrimizi zorlamışdı, öldürmüşdü. İçimi yeyən ağrılardan qurtulmaq üçün nəsə tədbir görməliyəm. Sizif kimi daşı nə qədər dağın başına qaldırsam da, çatar-çatmaz aşağı sürüşürəm. Axilles kimi ən zəif yerim idi. Vətən... Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Teseydə deyiləm ki, Ariadnadan ip alım. Çıxış yolu yoxdur.

Bəlkə də düşmən üzərinə heç kimə xəbər vermədən getdikdən sonra atama zəng açacaqlar. Canım atam, gözüm anam nələr hiss edəcək? Məni atam yaxşı anlayır. O, mənə inanır. Hər zaman da inanıb. Həmişə olduğu kimi bu gün də atama zəng vurdum. Hələ vaxta var idi. Ona görə atamı, anamı yavaş-yavaş öyrəşdirmək üçün başqa nömrədən zəng vurdum. Atamın səsini eşidəndə səsimi dəyişərək dedim:

-Mübarizin dostudur danışan. Mübariz ermənilərin üstünə getdi...

Atacağım addımı düşündükcə ölüm gözümdə adiləşirdi. Son bir ayda tək idman edirdim. Yavaş-yavaş hamı ilə vidalaşırdım sanki. Qisas günündən iki gün qabaq yeməkdən imtina etdim. Boğazımdan bir tikə də keçmirdi. Daha fiziki gücü də qidadan almırdım. Məni yaşadan, mənə güc verən qisas arzusu ilə alışıb yanmağım idi. Qulaq asdığım qəmli mahnılar da məni ovutmurdu. Mən heç vaxt şən mahnılara qulaq asmadım ki...

Mənə həmişə sual edərdilər ki, niyə evlənmirsən? Oğul-uşaq sahibi olmursan? Qısa olaraq "mənlik deyil, bəlkə hərbidən dönəndən sonra" deyirdim. Gözəl ailəm ola bilərdi. Hestiya kimi bir xanımla xoşbəxt yaşayardım. Lakin o hayda deyildim...

Məktəb dövründə riyaziyyata həvəsim olmadı. Düşmənin sayı da mənə maraqlı gəlmədi. Bircə ədəbiyyatı və tarixi sevdim. Tarix özünü, xalqını, torpağını, vətənini öyrənməyə, tanımağa kömək edirsə, ədəbiyyat içindəki təlatümləri, hissləri oyatmağa yardımçı olur. Ən sevdiyim şair Mikayıl Müşfiq idi. Hələ məktəb dövründə imtahanlarda parta yoldaşım mənə riyaziyyatdan kömək edəndə borclu qalmırdım. Mən də ona tarix və ədəbiyyat fənlərindən kömək edirdim. Bir dəfə sinifdə nadir hallarda zarafat etdiyim günlərdən idi. Sinif yoldaşım qızın dəftərini götürüb vermədim. Sinifdə on dörd nəfər idik. Demək olar bütün sinif üstümə düşüb dəftəri almağa çalışdı. Elə o vaxtdan tək mübarizəyə hazırlaşırdım.

Son günlər ağır keçdi. Bir dəfə televizora baxanda əsgər yoldaşıma özüm də bilmədən demişdim:

-Öləcəyəm.

Səhər namazı iki rukət olsa da, sanki bir ömür davam etdi. Asta-asta namazımı qılıb son rahatlığa qovuşmaq üçün xeyli dua etdim. Gecə on ikiyə işləmiş postu tərk etdim. Səngərə getdiyimi desəm də, səngəri keçib daha irəli getdim. Səngərə getdiyimi görəndə bir əsgər də mənimlə gəlmək istədi. Gecə posta tək çıxmırdıq. Lakin, mən ona əmr verdim ki, yerində qalsın. Özüm tək gedəcəkdim. Ta az yaşlarımdan bu günə qədər apardığım tək mübarizənin imtahan günü idi. Səngəri aşıb erməni postuna yaxınlaşdım. Bir həmlə ilə dörd əsgəri yerə sərdim. Silahlarını ələ keçirib qarşıdakı posta addımladım.

Orada səkkiz düşmən əsgəri var idi. Atışma başladı. Onları da az güllə sərf edərək məhv elədim. İrəlidəki üç postda nə etdiklərim gözümə görünmürdü. Artıq qan gözümü almışdı. Sonu olmayan çaya düşüb axınla gedirdim. Sanki bu gecə ay da qırmızı idi. Yaxşı görmək üçün yoluma qırmızı işıq salırdı. Ayağımın altındakı torpaq öz vətənimin bir hissəsi olduğundan mənə güc verirdi. Neçə insan öldürməyim yadımda deyildi. Postları keçmişdim. Qarşıda batalyon var idi. Erməni dığalarının qaçaraq qışqırmaları, həyəcan siqnalları, təşvişə düşmələri yaxşı yadımdadır. Artıq dörd saat tək başına mübarizə aparsam da yorulmaq bilmirdim. Son bir saat çətin keçdi. Maksimum erməni öldürüb sonra canımı tapşırmaq istəyirdim. Bir də arxada qoyub gəldiklərimi unuda bilmirdim. Atamın iniltisi, anamın ah-naləsi, komandir və əsgərlərin göz yaşları. Əlbəttə məni qınayanlar da olacaq. Onlara səbr diləyirəm.

Erməni əsgərləri çaş-baş qaldıqları üçün mövqe səhvləri edirdilər. Mən də zəif nöqtələrindən vurub yıxırdım. Hələ səngərdə olarkən əlaqə cihazımıza gizli soxulub təhqiramiz sözlər işlədərkən, analarımızın, bacılarımızın, körpələrimizin qisasını nə üçün almadığımızı soruşanda kənara çəkilib tir-tir əsir, nə vaxtsa qisas alacağımı səbrsizliklə gözləyirdim.

Zaman yetişir. Ölmək vaxtıdır. Bağışla vətən səni bütöv azad edə bilmədim. Ümid edirəm insanlara vətənpərvərlik hislərini aşılaya bildim. Mənim kimi xeyli qisas arzusu ilə yaşayan əsgərlərimiz var. Vətən, səni azad edəndən sonra ruhum çöllərində, dağlarında, yamaclarında, meşələrində rahatlıq tapacaq. İnşallah qovuşarıq...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31