manera.az
manera.az

Mənəviyyatımızın Qaracaoğlanı

Mənəviyyatımızın Qaracaoğlanı
İnsanın mənəvi ucalığa çatmasına xalq ruhundan doğulmuş sənətkarların böyük təsiri olur. Belə sənətkarlar öz yaradıcılıqları ilə həmişə yaddaşlarda dərin kök salır, xalq isə öz əxlaqi dəyərlərini onların timsalında yaşadır.

XVII yüzilin böyük türk ozanı Qaracaoğlanın (təxminən 1606-1679) həyatı və yaradıcılığı da özündən sonrakı ozan-aşıq sənətinə və aşıq şeirinə əhəmiyyətli təsir göstərib. Qaracaoğlanın şeirləri Azərbaycanda da geniş yayılıb, aşıqların və xalq şeiri bilicilırinin diqqətini çəkib.

Qaracaoğlana qədər türk ozan sənəti zəngin yol keçsə də (Yunus İmrə, Qurbani, Pir Sultan Abdal, Öksüz Dədə, Qol Mehmet və b.) aşıq şeir dilini cilalayıb örnək səviyyəsinə qaldırmaq yolunda onun xidməti danılmazdır. O, özündən əvvəlki ustadların yaradıcılığından yararlanmaqla xalq dilindən qaynaqlanan sadə, aydın və dərin mənalı poetik nümunələr yaratdı, həm də öz üslubunu və yolunu formalaşdırdı. Qaracaoğlanın bu uğuru özündən sonrakı aşıq şeiri ustadlarının yaradıcılığına da təsir göstərdi. Başqa sözlə desək, o, nəsillər arasında varislik körpüsü saldı, xələfləri Dadaloğlu, Bəyoğlu, Aşıq Ələsgər, Dərdli, Seyrani, Aşıq Veysəl və bir çox saz-söz əhli böyük sənət aləminə həmin körpüdən keçməklə qədəm qoydular.

Doğulduğu yer haqqında bir çox rəvayətlər dolaşsa da, daha çox Türkiyənin Osmaniyyə vilayəti Fərsax kəndində dünyaya gəldiyi güman edilən, “Könül, sənə məkan tapdırmadım”, - deyən Qaracaoğlan (müxtəlif fərziyyələrdə əsl adının Mehmet, Həsən, Xəlil, yaxud İsmayıl olduğu qeyd edilir) əksər ozanlar kimi, tərki-vətən olub dərvişsayağı Balkan ölkələrini. Şərqi, bütövlükdə türk ellərini gəzib. “Göyçədən Ağrıya uzanan yolları biləyinə dolayan Qaracaoğlan qoşqular qoşdu, ürkək-ürkək kəlmələr söylədi, südlü-qaymaqlı düzgülər düzdü. Onun sözü-sovu kərə yağı oldu, ürəklərə yayıldı, cana sindi, kösöv olub donmuşları yandırdı, yananların oduna od qoydu” (Prof. K.Vəli Nərimanoğlu).

Professor Q.Namazov haqlı olaraq qeyd edir ki, Azərbaycan Qaracaoğlanın ikinci vətənidir. Neçə əsrlərdir ki, bu Haqq aşığının şeirləri Azərbaycanda “xalq mahnıları” adı ilə saz havalarının qanadında ellərimizi oymaq-oymaq gəzib dolaşdı, könülləri fəth etdi. Beləcə, ozan-şairin poetik siqləti ümumtürk mənəvi sərvətimizə çevrildi. Onun haqqında yaranmış neçə-neçə dastan-rəvayətlər məhəbbəti ömürdən uca tutan bu bənzərsiz eşq əhlinə hörmət və diqqətin miqyasını bir daha təsdiq edir.

Qaracaoğlana hüsn-rəğbət təkcə xalq kütlələrinin deyil, ayrı-ayrı dövrlərdə yaşamış ustad Azərbaycan aşıqlarının da diqqətini çəkib. Onun zərif duyğuları incə zövqlə tərənnüm edən poetik tapıntılarına heyrətlərini gizlədə bilməyən onlarla saz-söz əhli Qaracaoğlanın şeirlərinə, rədiflərinə bənzətmə və nəzirələr yazmışlar. Bu baxımdan, Qaracaoğlanın sehirli təsiri XVIII əsrin sonu-XIX əsrin birinci yarısında yaşayıb-yaratmış Yəhya bəy Dilqəmin yaradıcılığında daha aydın duyulur. Oxşar taleli insanların şeirlərində eyni üslub, yaxın bədbin notlar, küskün əhvali-ruhiyyə üstünlük təşkil edir:

Qaracaoğlan:

O görünən dağın başı qarmola?
Ətəyində qönçə gülü varmola?
Həsrətindən yaş axıdan yarmola?
Bülbül güldən, mən yarımdan ayrıldım.


Yəhya bəy Dilqəm:

Ərizə yazaram səba yelinnən,
Ərizəm canana yetişərmola?
Fələk məni tərki-vətən eylədi,
Nazlı yar əhvalım soruşarmola?


Qaracaoğlanın poetik nəfəsi şeirlərində açıq-aydın duyulan el şairlərimizdən biri də Molla Cümədir. Bu məqama xüsusi diqqət göstərən araşdırıcı, professor S.Paşayev haqlı olaraq yazır: “Bir çox sənətkarlar Qaracaoğlan poeziyasının cazibəsindən çıxa bilmədiyi kimi, Molla cümə də onun “Bənzər” gəraylısının təsirindən kənarda qala bilməyib”. Hər iki söz sərrafının eyni rədiflə eyni obyektlərə müraciət etdikləri gəraylının bəzi məqamlarına diqqət yetirək:

Qaracaoğlan:

Gəlin hurilərdən biri,
Qızsa mələklərdən biri.
Gəlin köksü busə yeri,
Qız tumurcuq gülə bənzər.


Molla Cümə:

Bulaq üstdə bir qız gördüm,
Kəsilməmiş nara bənzər.
Yanında bir gəlin durmuş,
Ağ sinəsi qara bənzər.


Hər iki sənətkarın yaradıcılığından götürdüyümüz cəmi bir bənd də müqayisələr aparmağa imkan verir. Göründüyü kimi, Molla Cümə səsin pərəstiş etdiyi ustadı Qaracaoğlanın səsinə qatmaqla öz şeirinin ahəngini sələfinin əsərinin notlarına kökləyə bilib. Buna görə də səsindən sətrinə, vəznindən rədifinə kimi diqqət çəkən oxşarlıq, ritm və axıcılıq oxucunu heyran edir. Ən önəmlisi budur ki, hər iki söz ustası orijinal bədii təsvir və ifadə vasitələrindən yararlanmaqla heç vaxt təravətini itirməyən, biri digərindən geri qalmayan sənət əsərləri yaratmışlar.

Heç şübhəsiz, Aşıq Alı, Aşıq Ələsgər kimi, söz xiridarları da ünlü bir türk xalq şairi ilə sənət yarışına çıxmağı özlərinə borc biliblər. Xüsusilə Aşıq Ələsgərin şeirlərinin ruhunda Qaracaoğlanın təsiri aydın hiss edilir.

Qaracaoğlan:

Atlılar dağları aşır,
Badələr dolduqca daşır.
Ay gözəl, turuncu düşür,
Qoynundan xəbərin varmı?


Aşıq Ələsgər:

Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən.
Məmən çıxıbdı köynəkdən,
Tülündən xəbərin varmı?


Və yaxud

Qaracaoğlan:

Mənim yarım həm sultandır, həm xandır
Dadlı canım o gözələ mehmandır.
İnci deyil, sədəf deyil, mərcandır,
Qolbağısı, daşı-qaşı qırmızı.


Aşıq Ələsgər:

Qüdrətdən çəkilib qaməti şahbaz,
Mərnus dizlik geyib, çəpkəni atlaz,
Buxaq düymələnib kağızdan bəyaz,
Mərcan düzüb boyunbağı qırmızı.

Hər iki sənətkar müxtəlif zamanlarda və məkanlarda yaşasalar da, gəraylı və qoşmalarındakı ruhi bağlılıq onları eyni bir poetik orbitdə birləşdirir.
Qaracaoğlan şeirini Azərbaycan aşıq poeziyası ilə bağlayan, doğmalaşdıran oxşarlıqlar bir deyil, beş deyil, onlarladır. Bütün bunlar bir daha onu göstərir ki, Qaracaoğlanın yaradıcılığı zəngin ədəbi hikmət məktəbi olub, orta əsrlər məktəbinin çığırdaş sənət nümunələri ondan sonra gələn saz-söz əhlinə bələdçilik edib:

İnsanın kəmağlı yaxşılıq bilməz,
Qursaqsıza öyüd versən də almaz.
İnsan çiy süd əmmiş, etibar olmaz,
Qapında xidmətkar qulundan çəkin.


Heç şübhəsiz, “Çəkin” rədifli bu klassik nəsihətnamə gələcəkdə yaranacaq ustadnamələrin mövzu dairəsini daha da genişləndirdi, zənginləşdirdi və inkişafına rəvac verdi. Bu xoş sözləri ustad sənətkarın “Nədir?” bağlamasına da şamil etmək olar:

Yıxılmaz Mövlanın yapdığı yapı,
Haqq Məhəmməd dini – tapdığım tapı.
On iki bağçada qırx səkkiz qapı,
Önündə gözləyən iki qul nədir?


Filoloji tədqiqatlar təsdiq edir ki, mühüm dini-elmi səciyyə daşıyan klassik bağlamanın bu sadə nümunəsi saz-söz sənəti tarixində müəyyən mərhələ keçib aşıq şeirinin qanuni növlərindən birinə çevrildi. Məzmun, forma və mündəricə etibarı ilə zənginləşən müasir aşıq sənəti əlbəttə ki, Qaracaoğlan kimi ulu sələflərinə minnətdardır.

***

“Eşq yolunda yandıraram özünü”, - deyən Qaracaoğlanın həyat və yaradıcılığında məhəbbət insanı mənəvi cəhətdən ucaldan, onun məğrurluğunu təsdiq edən əsas keyfiyyətdir. Onun şeirlərində bu hiss intim-subyektiv münasibətlər çərçivəsindən çıxıb bəşəri məzmun kəsb edir, ağıla, hiss və düşüncəyə qida vermək qüdrətinə malik olan vasitəyə çevrilir. Bolqar tədqiqatçısı Rza Mollov haqlı olaraq yazır ki, “Qaracaoğlan ədəbi aləmə təkcə türk gözəlini tərənnüm edən bu cür şeirlərini versəydi belə, yenə ədəbiyyatdakı ölməzlər arasında nəhəng söz adamı kimi öz yerini tutacaqdı”.

Ustadın gözəlləmələrində zahirən adi görünən söz və ifadələr fikrin dərin qatlarından xəbər verir. Təbiətin sevdalanan vaxtında qoynuna qışın qəhrindən çıxıb gəlmiş gözəlin tərifini bundan gözəl vermək çətindir:

Şükür olsun ol Xudaya,
Yenicə yazlar gələyir.
Muştuluq sənə, söyüdlər,
Kölgənə qızlar gələyir...


Qaracaoğlan təkcə salxım söyüdə yox, əlvan xəzəllərə, qarlı dağlara, hətta yağıdan qalmış körpülərə belə xəbərdarlıq edir, onları qaragözlü qızların qulluğunda durmağa çağırır. Bu da onun könül açdığı elat gözəllərinə verdiyi ən böyük dəyərdir.

Qaracaoğlan qadına, qız-gəlinə dəfələrlə müraciət etsə də, həmişə eyni obyektə yeni poetik nöqtədən baxmağı bacarır. Bu da onu yersiz təkrarçılıqdan qoruyur, oxucu eyni mövzuda müxtəlif zahiri və mənəvi keyfiyyətlərin ifadəsini görür:

Bədirlənib doğdun uca fələkdən,
Camalın seçilməz huri-mələkdən.
Məxmər köynəyini atdın biləkdən,
Güntək parlar qolun-əlin, sevdiyim.


“Harda gözəl varsa, orda qalarsan”, - etirafl ustad Qaracaoğlanın həyatında əbədi sevərliyin tərcümanıdır. Dəlilik – Məcnunluq mərtəbəsinə yüksəldiyindənonun Eşqdən, Böyük Ağrıdan, Mərhəmətdən danışmağı gerçək görünür. Odur ki, Eşqin yükü bəzən ömrün digər yüklərindən ağır olanda lirik “mən”in içindəki İlahi Eşqin qüvvəsi ona hər bir çətinliyi unutdurur. Beləcə, məhəbbətin hikmətini şeirə hopdurub misra-misra oxucularına ötürür, özünün dərdinə şərik edir, “Pir olmayan eşqə gəlməz” hikmətini anladır:

Qaracaoğlan, o da yanar kül kimi,
Saç üzündə sıralanıb tül kimi.
Bahar çağı bağda açan gül kimi,
Qoxan dilbər məni Məcnun eylədi.


Qaracaoğlanın poetik irsi bizə həm də gözəllə gözəlliyin vəhtətini çatdırır. Bu baxımdan, onun bədii düşüncəsində təbiətin xüsusi yeri var. Göylərin durna qatarı, dağların sis-dumanı, yaylağın sərin mehi, hətta ilk baharın tənha gözəli olan bənövşənin duruşu onun duyğularına təsir edir:

Yaz gələndə həvəslənib bitərsən,
Yay gələndə ləçək salıb gedərsən.
Axı neyçün boynun əyri tutarsan,
Bəyəm, dərdin məndən betər, bənövşə?

Ustad “Dağlar var”, “Gümanım dağlar”, “Üzü dağların”, “Yaylanın” və b. şeirlərində dağlara sevgisini də, gileyini də misralara hopdurub.

***

Bəxtinə qürbət ağrıları düşən Qaracaoğlanın yadına xalqın lətafətli dili, məmləkətinin gözoxşayan çölləri, güllərinə sığal çəkən yelləri düşəndə dil, çöl və yel nisgili çəkir, “Bu dil bizim dillər deyil”, “Bu çöl bizim çöllər deyil”, “Bu yel bizim yellər deyil” kövrək misraları qərib ruhunun pıçıltısı kimi səslənir. Ustadın Vətən, Torpaq, Yurd sevgisinə həsr olunmuş şeirləri bəşəri sevgisinin tərkib hissəsidir:

Zirvəsində nəmli-nəmli qarım var,
Obasında ala gözlü yarım var.
Neçə ildən bəri intizarım var,
Yol ver, dağlar, vətənimə gedəyim.


Qürbət ağrısı hopmuş misralar uzunmüddətli intizardan, həsrət dolu sevgidən yaranıb, bu səmimi duyğular da onu Vətən məhəbbətinin nəğməkarına çevirib. Dərd əlindən dərbədər düşən ustadın üz tutduğu məkanlar bəlli olsa da, bu səfərlər onun özünüaxtarışı kimi səciyyəvidir. Nəhayət, qürbətin hər üzünü görən ustad məşhur atalar sözünün yeni poetik libasda ifadəsini yaradıb:

Qürbət eldə şahtək ömür sürməkdən,
Vətənində yoxsul olmaq xoş imiş.


Qaracaoğlana ümumxalq sevgisinin bu qədər geniş miqyas almasının bir səbəıbi də onun soy-kökünə bağlılığı və gen yaddaşına sədaqəti, vəfanı, duğruluğu, halallığı vəsf etməsi, mənəvi neməti maddi nemətdən uca tutması, yolunu azanları, nadanları, naxələfləri tənqid eyməsidir. Bu dəyərlər onun nəsihətnamələrində özünü xüsusilə aydın göstərir:

Yoldaş olma yolun azan yolsuza,
Könül vermə dilbilməzə, karsıza.
Meyil etmə ədəbsizə, arsıza,
Axırda irzinə hiylə gətirər.


Göründüyü kimi, böyük xalq ozanı həm də sonsuz ağıl və idrak sahibidir. Onun poeziyası incə zövqləri oxşayan gözəl sənət əsərləri kimi diqqəti çəkməklə yanaşı, hikmətin dərinliyinə, nəsihətin yükünə görə də təqdirəlayiqdir.

Qaracaoğlanın poeziyasındakı dil gözəlliyi, təşbehlər, mübaliğə, lilotalar (yunan sözü olub “kiçiltmək”, əhəmiyyətsizləşdirmək” deməkdir) aşıq şeirinin bugünkü tələbləri baxımından da maraqlıdır. Onun örnək misralarının və bədii ifadələrinin əksəriyyəti (məsələn, “İgid kölgəsində igid gizlənər”, “igidin ilqarı, gözəlin sözü, Təzə yağı bala qatmış kimidir”, “Od düşdüyü yeri ütər, Zimistanda gülmü bitər?” və s.) xalq arasında zərb-məsəl, öyüd-nəsihət kimi də işlənir.

Qaracaoğlanın həyat və yaradıcılığı türkiyəli tədqiqatçılarla yanaşı, Azərbaycan şifahi xalq yaradıcılığı araşdırıcılarının da diqqətini çəkib. 1920-ci illərdən başlayaraq Salman Mümtaz, Hümmət Əlizadə, Rəfiq Zəka Xəndan, Sədnik Paşayev, Rüstəm Rüstəmzadə, Azad Nəbiyev, Kamil Vəli Nərimanoğlu kimi adlı-sanlı alimlər ustada elmi məqalələr həsr edib, şeirlərindən nümunələr gətiriblər. Filoloq alim Xalidə Quliyeva-Qafqazlı Qaracaoğlanın həyat və yaradıcılığından aydıca monoqrafiya (“Elm” nəşriyyatı, 1985) yazıb, İsmayıl Öməroğlu və professor Qara Namazov isə Qaracoğlanın “Aramızda qarlı dağlar dayanıb” adlı kitabını (“Yazıçı”, 1991) hazırlayıb nəşr etdiriblər.

Şübhə etmirik ki, böyük türk ozanının həyat və yaradıəcılığı bundan sonra da araşdırıcıların diqqətindən kənarda qalmayacaq.

Fərhad XUBANLI,
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru

Mənəviyyatımızın QaracaoğlanıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31