manera.az
manera.az

Andrey Tarkovski – kinonun şairi

Andrey Tarkovski – kinonun şairi
1984-cü il. Stokholm. İsveç kino institutu. Studiya-2. Rejissor Andrey Tarkovski çəkiliş pavilyonundadır. Onun əlli dörd yaşı təzəcə tamam olub. Dünya şöhrətli rejissor özünün sayca yeddinci filmini çəkir.

O, başıbəlalı vətənində, Rusiyada, Sovetlər Birliyində altı film çəkməyə macal tapıb. Əlli dörd yaşına qədər o, cəmi altı film çəkib. Yeddinci film onun mühacirətdə çəkdiyi ilk filmdi.

Əlli dörd yaşlı rejissor bir az sürtülmüş nimdaş cins şalvar, cins köynək geyinib, ayaqlarında ağ krassovka, idman ayaqqabısı var.

Ana vətənində mədəniyyət bürokratları ilə iyirmiillik mübarizədən sonra ölkəni tərk etmək məcburiyyətində qalıb.

İsveç kino institutu fransız və ingilis prodüserləri ilə birlikdə bu filmin çəkilişinə yeddi milyon marka vəsait ayırıb.

***

Azadlıq və məsuliyyət - insan həyatının mənası haqqında fəlsəfi, şairanə düşüncələr. İnsanın ruhi aləmi ilə maddi dünyanın qarşıdurması - onun bütün filmlərinin qayəsi budur...

***

Kamera. Tarkovskinin gözləri. Bu gözlərin dərinliyində özünü dərk etmiş bir insanın kədəri gizlənib. Amma bu gözlərin dərinliyində təəssüf və qorxu yoxdu. Bu gözlər Stalkerin gözləridi.

""Stalker" filminin ssenarisi üzərində işləyərkən mən bir neçə dəfə Andrey Tarkovski ilə münasibətdə yanlışlıq etmişəm. Mənə elə gəlirdi ki, - əslində elə belə də idi, - o, travial adam deyildi, onun dünyaya baxışı qeyri-adi idi" - Boris Struqitski rejissor haqqında belə yazır.

Bu səbəbdən bəzən onu anlamaq çətin olurdu. Məncə, bir kinorejissorla bir ssenaristin film haqqında təsəvvürləri iki tam fərqli təsəvvürlərdi.

Andrey Tarkovski "Stalker" filmini yeraltı bunkerin labirintində, yəni çıxılmazlıq mühitində lentə alıb.

...Mən də Stalkerəm. Mən də labirintdə yaşayıram.
Andrey Tarkovski – kinonun şairi
***

Axşam. Çəkiliş qurtarıb. Yorğun-arğın rejissor baş montaj otağında təkcə oturub lentə alınmış kadrlara baxır. O, özü çəkdiyi kadrlara baxıb heyrətlənir. O, elə həyəcanlanır ki, həyəcandan gözləri dolur. Bayırda yağış yağır...

***

Andrey Tarkovskinin "Tip" jurnalında dərc olunmuş müsahibəsini vərəqləyirəm - "Bizim sivilizasiya ona görə böhran keçirir ki, disproporsiya əmələ gəlib. Disharioniyada iki anlayış mövcuddur, maddi və mənəvi tərəqqi. Biz orta adamın mənəvi aləminin son dərəcə aşağı səviyyədə olduğu bir cəmiyyətdə yaşayırıq. Hər gecə yatmazdan qabaq düşünürük ki, sabah yuxudan oyanmaya bilərik. Əgər bir sərsəri düyməni bassa, üç bomba planetdə həyatı məhv etməyə bəs edər. Demək olmaz ki, biz bunu anlamırıq, anlayırıq, amma çox zaman unuduruq".

***

Kadr. Böyük dövlətlərdən birinin başçısı televiziya ekranından bəyan edir ki, yaxın günlərdə atom müharibəsi başlayacaq. Və teleekran tədricən qa-ra-lır...

İnteryer. Bayram süfrəsi arxasında beş nəfər əyləşib. Kiminsə doğum günüdü. İndicə ölkə başçısı televiziya ilə çıxış edib. Atom müharibəsi...

Masa arxasındakı qadınlardan biri hıçqıraraq ağlayır.

Filmin qəhrəmanı filosof Aleksandr fəlakətin qarşısını almaq qərarına gəlir. O, insanlığı xilas etmək naminə özünü qurban vermək niyyətindədir. O, özünə əziz olan hər şeyindən, evindən-eşiyindən, sevimli qadınından, balaca oğlundan vaz keçməlidir.

Filosof Aleksandr dəli-divanədirmi? Onun ruhi dəngəsi pozulubmu?

Bir insanın özünü qurban verməsi bu dünyada nəyisə dəyişə bilərmi?

Andrey Tarkovski özü bu ağrılı-acılı, əzablı suallara cavab verir - mənasız qurban olmur. Özünü qurban verən insan nahaq ölmür, o, nahaq yerə ölmədiyinə inanır.

"Qurbanvermə" kamera musiqisini xatırladır - bu film kamera filmidir. Filmdə cəmi səkkiz aktyor var. Film bir insanın, filosof Aleksandrın bütün dünyanın, bəşəriyyətin taleyinin məsuliyyət daşımasından söz açır. Filmin sonu yoxdu, film bitmir, film davam edir...

Biz hamımız - sən də, mən də, küçədən keçən yad adam da, elə rejissorun özü də bu filmin, yəni həyatın personajlarıyıq...

***

1927-ci ildə Luis Bunyuel Parisdə ilk sürrealist film kimi kino tarixinə düşmüş "Əndəlus köpəyi" filmini lentə alıb. Filmin ssenari müəllifi rəssam Salvador Dali idi. "Əndəlus köpəyi" böyük əks-sədaya səbəb oldu.

Andrey Tarkovski bir rejissor kimi Luis Bunyuel sürrealizminin təsiri altında formalaşdığını səmimiyyətlə vurğulayırdı. Tarkovski tamaşaçını həyatla ölüm, yerlə göy, odla su arasındakı mifik sərhəd zonasına səyahətə dəvət edir.

Bəzən kamera uzun müddət bir obyektin üzərində dayanır, sanki rejissor tamaşaçının səbrini sınağa çəkir.

Tarkovski tamaşaçılara deyirdi: "Mənim filmlərimə ömrünüzdən şütüyüb keçən qatarın pəncərəsindən baxırmış kimi baxın".

...Bir zamanlar mən şəhərətrafı qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedərdim. Hələ də bilmirəm ki, nədənsə həmişə üçüncü vaqona minərdim. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüyüm adi mənzərələr hər dəfə təzə bir biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Elə Tarkovski filmlərinin mənzərələri kimi.

Tarkovski filmlərinin qəribə mənzərələri sirli, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador Dalinin, Corce da Krikonun, Rene Maqrittin sürreal tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin şeirləri də mənim qəlbimdə belə bir ovqat yaradır.

Salvador Dalinin, Rene Maqrittin tabloları, Xamisin, Aydının, Baxmanın şeirləri mənim dostlarımdı. Andrey Tarkovskinin filmlərinə baxan insan sanki çıxılmaza düşür. Onun filmləri mürəkkəb metaforalarla, şifrələrlə, işarələrlə, dini rəmzlərlə zəngindir. Mistik dünyaya bələd olmayan, bu dünyada yalnız görmək istədiyini görə bilən, naturanın zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam - tamaşaçı desəm, daha doğru olar - bu filmlərin kodunu aça bilmir. Tarkovski dünyasının qapıları onun üzünə açılmır.

Tarkovski rebuslarını necə, nə cür şifrələmək olar? - Bəlkə bunu rejissorun özündən soruşaq, nə deyirsiniz? Tarkovski belə suallardan diksinərdi, söhbətin mövzusunu məharətlə yayındırardı. Bəzən deyərdi ki, guya öz rəmzlərinin mənasını heç özü də dəqiq bilmir və s.

Tarkovskinin filmləri, bu filmlərin obrazları, rəmzləri tamaşaçıdan intuisiya tələb edir, bu filmlərə soyuq, biganə naturalist rasional təfəkkürlə yanaşmaq düzgün deyil - zira Tarkovski sizin üçün müəmma olaraq qalacaq.

***

Tarkovski göyüzünü, buludları sevirdi. Saatlarla, günlərlə çəkilişi dayandırıb arzu elədiyi buludları səbrlə gözləyərdi.

İndi mən də göyüzündən ötüb keçən buludlara baxa-baxa Nazim Hikmətin misralarını xatırlayıram.

...Tarkovski İtaliyadadır. O, "Nostalji" filmini çəkir. O, bulud gözləyir. Bu anda bəlkə də onu məndən yaxşı heç kəs duya bilməz sanıram, çünki mən bulud adamam. Mən Tarkovskinin çəkdiyi filmin kadrına düşə bilərdim.

...yuxumda bulud idim
bir ilk bahar gecəsi
pəncərədən girmişdim
bir talesiz adamın qaranlıq hücrəsinə
talesiz adam gülümsəyirdi röyada...

Tarkovskinin İtaliyası Fellininin neorealistik İtaliyasına bənzəmir. Tarkovskinin öz İtaliyası var - filmin qəhrəmanı mühacir yazıçı Andrey Tarkovskinin alter-eqosu deyilmi?

Kadr. Mehmanxana nömrəsi (otel odası). Bu səhnə filmin ən uzun kadrlarından biridi. Əsərin qəhrəmanlarından biri qəribə bir vəziyyətdə büzüşüb mürgüləyir, onu yuxu aparır. Pəncərədə öləziyən zəif işıq. Pəncərədə yağış yağır...

***

Andrey Tarkovski əlli dörd il yaşadı, yeddi film çəkdi. Mən Tarkovskinin bioqrafiyasını, çəkdiyi filmlərin süjetini nəql etmək fikrində deyiləm. Bu, ən azından mənim tərəfimdən naşılıq olardı. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam, məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam - azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm...

"Tip" jurnalına verdiyi müsahibədə Tarkovski deyirdi: "Bizim hər birimiz azad adamlarıq, amma azad dövlətdə yaşadığımıza görə azad deyilik. Məsələ bunda deyil. Qədim Romada sonuncu daşyonan da daxilən mütləq azad adam ola blilərdi. Prinsipcə insan azaddır. Əlbəttə, azad adam olmaq çətin işdi. İnsan azad deyilsə, bu, onun öz günahıdır".

***

Andrey Tarkovskinin son filmi - "Güzgü" haradasa avtobioqrafik əsərdi. Bu filmdə rejissor öz uşaqlıq aləminə səyahət edir, film boyunca real epizodlarla irreal, xəyali epizodlar bir-birini əvəzləyir.

Məşhur Argentina yazıçısı Xulio Kortasar deyirdi ki, hekayə sonet kimi yazılır.

Tarkovskinin "Güzgü" filmi sonet kimi çəkilib. Bu film şeirdi, poeziya nümunəsidi.

Kadr. Xəstə, pəltək yeniyetmə hipnoz vasitəsi ilə müalicə kursu keçir. Ruhi sarsıntı keçirmiş yeniyetmənin yaddaşı özünə qayıdır. O, yenidən meşə kənarındakı balaca taxta komada keçmiş xoşbəxt uşaqlıq günlərini xatırlamağa başlayır...

Xoşbəxt uşaqlıq aləminin əsrarəngiz röyaları və şəxsiyyətə pərəstiş dövrünün dəhşətli səhnələri...

Sebastyan Baxın ölməz kantatası səslənir.

Filmdə A.S.Puşkinin romantik məktubları oxunur, kiminsə gözəgörünməz bir adamın, bəlkə də elə Tarkovskinin öz əlləri Leonardo da Vinçinin rəsmlərini vərəqləyir.

140 dəqiqəlik film, 140 dəqiqəlik müəmma, 140 dəqiqəlik poema...

***

Rejissor Nikita Mixalkov mənim fikrimcə, dahi istehsalçıdır, o, kino istehsal etməyin ustasıdır. Andrey Tarkovski isə gerçək sənət fədaisi idi. O, sinematoqrafın mühacir şairi idi.

Əlbəttə, zövqlər müxtəlifdi, necə deyərlər, zövqlər haqqında mübahisə edilmir. Amma mən yenə öz fikrimdə qalıram, Nikita Mixalkov istehsalçıdır, rəssam Nikas Safronov da istehsal rəssamıdır. Əslində hər iki sənətkar bəxtləri gətirmiş sənət tüccarlarıdırlar. Onlara qarşı heç bir qısqanclıq hissi keçirmədiyimə məni yaxından tanıyan insanlar şübhə etməzlər, axı zəif, konyuktur filmlərin Oskar mükafatına layiq görülməsinin şahidi olmuşuq. Nobel ödülü də zaman-zaman siyasi konyukturaya çevrilir...

***

Hər dəfə Andrey Tarkovskinin "Güzgü"sünə baxanda sanki mən də öz uşaqlıq aləmimə geri dönürəm. Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır.

Mən güzgülərlə oynayan uşaq kimiyəm, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girmək mənim ən sevimli məşğuliyyətimdi. Mən güzgüdəki adamam. Güzgülərin birində Van Qoqla, Modilyani ilə, Salvador Dali ilə rastlaşıram, başqa bir güzgüdə Aydın Əfəndi ilə "Malakan bağı"nda mübahisə eləyirəm, bir başqa güzgüdə Kobe Abe ilə sake içirəm...

Başqa bir güzgüdə Tarkovskiyə şeir oxuyuram. Güzgüdəki adamlar, dilinə, dininə, dərisinin rənginə görə bir-birindən fərqlənmir.

Biz kimik, hardan gəlib hara gedirik?..

***

Kadr. Yenə çəkiliş meydanı. Filmin son kadrları çəkilir. Göyüzündə pəmbə bəyaz buludlar axır. Nazim Hikmətin Salvador Dalinin, Andrey Tarkovskinin və mənim buludlarım...

Birdən-birə rejissorun halı xarab olur. Çəkiliş yarımçıq qalır. Təcili yardım maşını onu xəstəxanaya çatdırır. Onu müayinə edən həkimlər bu xəstəliyə "xərçəng" diaqnozu qoyurlar.

***

Kadr. Roma. 1986-cı ilin dekabrı. Ayın iyirmi doqquzunda - yeni ilə iki gün qalmış əlli dörd yaşlı böyük rejissor dünyasını dəyişir, əbədi olaraq güzgülərə çəkilir.../yarpaq.az/

Adil MirseyidБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31