manera.az
manera.az

Ana, Vətən həsrətli şeirlər - Zakir Məmməd yazır

📅 25.02.2019 15:26

Ana, Vətən həsrətli şeirlər - Zakir Məmməd yazır
Tapdıq Yolçunun "Bir ömürdü yol gedirəm" adlı yeni kitabına ön söz

Bir xalqın ədəbi təfəkküründə onun milli-mənəvi bioqrafiyasının tarixi-xronoloji əksi labüd olduğu kimi, həmin xalqın təkcə mənəvi əraziləri deyil, ərazilər üzrə ədəbi həyatı və taleyinin araşdırılması prinsipcə aktual problemlərdən hesab edilməlidir. Bütöv Azərbaycan ədəbi düşüncəsi, ya ədəbiyyatımızın hansı ədəbi-tarixi mühitdə və şəraitdə meydana gəlməsi, tərəqqisi problemləri ədəbiyyatşünaslıq elminin vacib işlərindəndir. Dünyanın müxtəlif regionları üzrə xalqların lobbiləşməsi mədəniyyətsiz, ədəbiyyatsız mümkün deyil.

Milli mahiyyəti və coğrafi anlayışa nəzərən inkişaf tendensiyalılığı şüurda və ürəkdə dərindən-dərinə izlər qoymaqla, bilgilər, təəssüratlar yaratmaqla bəlirlənən böyük bir ədəbi hadisədən söhbət gedir. Çünki bu ədəbi toplumun həyat və yaşam tərzinə hopmuş tarixi-mədəni hadisələrin miqyası olduqca genişdir. İndiki müstəqil Azərbaycan Respublikasının dörd bir tərəfi qədim bir türk qövmünün və türk dilli tayfa və qəbilələrin təkcə məskunlaşıb yaşadığı yerlər kimi yox, həm də öz sənəti, peşəsi və ciddi yaradıcılıq tarixi kimi araşdırılmağa layiqdir. Qədim Azərbaycan ədəbiyyatının ən güclü qollarından biri kimi, qonşu Gürcüstanda yaşayan azərbaycanlı yazarların xalqa bəxş etdiyi ədəbi irsdən çox yazmaq lazımdır. Gürcüstanın baş şəhəri Tiflis – indiki Tbilisi uzun bir dönəm üçün mədəniyyətlərin, o cümlədən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin təmərküzləşdiyi məkan kimi yaddaşlara həkk olunubdur.

Bizim eranın XII əsrindən və tarixin daha dərin qatlarından üzü bu yana orada boy atıb yarpaqlayan zəngin ədəbi əlaqələr və ədəbi məfkurə sahəsində çox maraqlı olayların baş verməyindən bəhs etmək geniş və faydalı tədqiqatların predmeti kimi ədəbiyyatşünaslığın vəzifəsi olmalıdır. Bu barədə ən dolğun informasiyanı ala biləcəyimiz mötəbər mənbə kimi 2012-ci ildə Tbilisi şəhərində “Universal” nəşriyyatında çap olunmuş 1300 səhifəlik “Ədəbi Gücüstan” adlı monumental toplunu qeyd etmək lazımdır. Həmin kitabı ərsəyə gətirənlərin böyük zəhməti sayəsində ədəbiyyatımızın – şərti olaraq belə adlandırsaq – Gürcüstan qolu barədə kifayət qədər ətraflı məlumatlar əks olunmuşdur. Hesab edirəm ki, çox məşhur imzaları bədii fikir və siyasət tariximizə bəxş edən bir diyarın indi orada yaşayıb işləyənlərin yaratdıqları söz sənətinin məzmunundan, inkişaf tendensiyasından yazmaq vacib bir işdir.
Ana, Vətən həsrətli şeirlər - Zakir Məmməd yazır
Mən bu yazımda tanınmış şair, hazırda Gürcüstan Respublikasının Qardabani rayonunda yaşayan Tapdıq Yolçunun çapa hazırlanan yeni kitabı ilə əlaqədar fikir və düşüncələrimi bölüşmək istəyirəm. Bir yazarın üslubu ilə ilk tanışlığı, təxminən, eyni aracda yol getdiyin müsafirlə söhbətin tutub-tutmayacağı çəklində təsəvvür edirəm. Tapdıq bəy yazı manerası ilə ilk baxışda qeyri-adi təsir bağışlamasa da, sözündə, misrasında həyata qutsal duyğularla yanaşan və daxili saflıq yaşantıları ilə özünü təqdim edən, poetik təsvirlərində başqasına bənzəməmək, fərdi yazı üslubu ilə işləməyə meyilli ədəbi şəxsiyyət kimi diqqəti cəlb edir. Hətta onun cümlə konstruksiyasında bilərəkdən tanış söz və ifadə variantlarından imtina edilməsi cəhdlərini fəhm etmək olur. Bu, yaxşı haldır. Ütülü, “seçilmiş-sonalanmış” danışıq tərzi bütün hallarda zövqləri oxşaya bilmir. Yazarın xarakteri onun misrasının həm də strukturu, söz və fikir sırası ilə üzə çıxmalıdır. Tapdıq Yolçu bir şair və obraz olaraq, mərd və təmənnasız insandır. İnsan kədərinə dərindən vaqif olduğunu, bu motivin yazılarında geniş yer tutduğunu, bu dünyanın əyləncəsinə onun aldanmadığını əsərlərindən təyin etmək olur.

“...Bu sinəm dərd arxıdır,
Sevinc sızmaz bu arxa”.
deyir.

“Mənə qəm durub arxa” yazan şairin yaradıcılığında bu qəmin konturları təkcə həyatın faniliyi ilə təyin olunmur. Ayrılıqlar, görüşlər də adamı igiləndirir, dünyaya bağlanmağa, ya ondan üz çevirməyə stimul olur. Ömür boyu öz-özüylə söhbətlər formatında düşüncə və mühakimələrini misra-misra bəyan edən şairin ən kövrək yeri vətən, bir də ana həsrətidir. Görünür, anasını erkən yaşlarında itirdiyindən şairin gah tanrıya, gah da payıza, durnalara ünvanladığı çox saylı sualların poetik tərkibində qəm-qüssə dərindən-dərinə ürək göynədir.

“Ay Allah, mən niyə insan yarandım? –
Ya bahar olaydım, ya da qaranquş...”


İnsan olmağın məsuliyyəti çoxdur. Söhbət təkcə dərd-qəmə giriftar olmaqda deyil. Qarşısında ağır vəzifələrin yerinə yetirilməsi öhdəliyi ilə də bağlı ola bilməz. Görünür, həmin misralardakı yanğı daha işıqlı, xeyirxah arzulardan, istəklərdən soraq verir. Bahar kimi yer üzünü bir andaca yaşıllığa qərq etmək niyyəti, ya da qaranquş kimi dünyaya, insanlara xoş müjdələr gətirmək ehtirası bu şeirlərin yazılmasına səbəb olur. Amma bu cür gözəl arzulara ulaşmamağın illətini sözlə kompensasiya etmək mümkündür.

Niyə yaşadım, niyə,
Ay qanan, qandır məni?!
Can dərmanı olmadım,
Söz yazdım – can dərmanı!


Sözlə dərdə çarə qılmaq doğru üsuldur. Uzaq yolçuluğunda nə yaxşı şair sözə güvənir, yol yoldaşı kimi onun etibarına arxalanır.

Tapdıq bəyin şeirlərində zamandan giley-güzar olsa da, onun qələmində demaqogiya yox, həyata çağırış intonasiyası, yaxındakı və uzaqdakı dostlarına, bir sözlə, insana ünvanladığı pozitiv informasiya və nikbin ovqat üstünlük təşkil edir. Publisistik informasiya poetik qəlibdə təqdim olunarkən ədəbi mövqe aydınlaşır və yazara uğur gətirir. Məsələn, deyilir ki, görüşlər bağlantı yaradır. Bədii kontekstdə isə görüş ayrııqlarla birgə kontakt yarada bilir. Görüşlər və ayrılıqların sayəsində insan dünyaya təmas edir, yurd-yuva bağlayır. Hələ ayrılıqlar da iki cürdür. Əbədi ayrılıq adamı daha çox göynədirsə də, “bağlılıq” daha etibarlı şəkildə təşkil olunur. Şəksiz, burada məzar yerinin, əslində ata-baba yurdlarının Abbas Səhhətin təbirincə desək, mədfən, məskən şəklində aşkarlanması da var.

Bizi bağlayan nədir –
Bir görüş, bir ayrılıq.
Qəlbimizi göynədir,
Bir görüş, bir ayrılıq


Doğrudan da, ayrılıq insanları bir-birinə daha çox yaxınlaşdırır. Kövrək lirizm T.Yolçunun yazı üslubunda xüsusi yer tutur.

“Bu güz qaça biləydim,
Burdan köçə biləydim,
Mən də uça biləydim,
Durnalar gedən yerə”.


Burada durna köçünün xatırladılması bir neçə mənada izah oluna bilər. Deməli, durna əhvalatına istinad etməyin, ya onun ayrı nümunələrini yazmağın şeirimizdə çoxlu örnəkləri vardır. Payızın bir xüsusiyyəti köçdür. Baharda gəlmək, payızda getmək var. Amma durna köçünə qoşulmaqda lirik xəyalatda, görünür, çox ruhani bir hissin gizləndiyini sezmək olur. Sonrakı bəndlərdə “gedəm üzüm sürtməyə, Həsrətimi örtməyə” yazırkən həsrətin haradan gəldiyi məlum olur.

“O yer bura uyarmı,
Məni tutar, sayarmı,
Anam bilsə, qoyarmı,
Durnalar gedən yerə?”


Demək ki, şairin uçan durnaya ismarışı həm də ana həsrəti ilə bağlıdır. “Getmədim, söz göndərdim” yazır. Bir sözlə, Tapdıq bəy oxucunun kövrək damarına düşə bilir. Hər şair həyatın bilinməz, görünməz sirlərindən xəbər verməklə məşğul olur. T.Yolçuda xəbər vasitələri bəzən dəyişir, sanki, bir qədər texnologiyaya uyğunlaşdırılır. Məsələn göy üzü dənizlə, su yolu ilə, “qasid” də gəmi ilə əvəzlənir. Gəmi nisbətən müasir nəqliyyat vasitəsi sayılır. Həsrətin daşınmasında daha “əlverişli” vasitədir.

“Gəlib, görüb, gedəcəm,
Həsrət, hicran biləcəm.
Mən sahildə öləcəm,
Gəmilər də dənizdə”.


Ayrılıqları və görüşləri əziz tutan çox yanıqlı misralardır. T.Yolçunun şeirlərində “payız”, “durna”, “bənövşə” kəlmələri çox işlənir, tanrıya müraciət edilir. Bunlar poetik təəssüratları ətə-qana doldurur. Ata-ana nisgilindən şeirinin sətirlərinə süzülən qəm adamı daha çox mütəəssir edir.

Atam əkən ağaclar,
Qollarını qaldırıb,
Bəlkə məni qucaqlar?

Tapdıq bəyin vətənin hər yerində, sadiq, vəfalı dostları var. Atalarımızın əkdiyi bu qollu-budaqlı “ağaclara” qucaq açmaq yaxşıdır. Dərdi ovutmağa bu yeni kitaba yazılmış sözün mehri, ülfəti yetər. Beləliklə, Tapdıq Yolçu poeziyası ilə baş-başa qaldıqdan sonra oradan, o ilahi hislərin çulğaşdığı sənət bucağından göz yaşı tökmədən ayrılmaq çətindir. Amma bu əbədi və sonsuz kədər qəlbləri riqqətə gətirən şeir hadisəsi ilə nəticələndiyinə görə kitab insanı – oxucunu nikbin ovqata kökləyəsidir. Bir ömür yol gedən söz adamının son mənzili elə söz olasıdır. “Can dərmanı” söz. Sözə doğru yolu açıq olsun şair dostumun!

Zakir MƏMMƏD

MANERA.AZ


Baxış sayı - 1 965 | Yüklənmə tarixi: 25.02.2019 15:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031