manera.az
manera.az

Bəstəboy - Alberto Moravia

Bəstəboy - Alberto Moravia
(hekayə)

Bəstəboy olmaq əcəb işmiş! Hamı səni ələ salıb rişxənd eləyir.

Ucaboy kişilər yalnız qamətlərinə görə yanımızda özlərini ağıllı sayır, qadınlar isə uşaq yerinə qoyub bizə ciddi yanaşmırlar. Məsəl var ki, çaxırın yaxşısı balaca çəlləkdə saxlanır, iri çəlləyə isə pisini tökürlər – lap vedrə ilə içsən də, keflənməzsən. Düşünürəm ki, bu sözü hansısa bəstəboy uydurub, saysız təhqirlərin müqabilində istəyib özünü mükafatlandırsın. Ucaboyların bu məsələdən xəbərləri də yoxdur və bizi ələ salmaq fürsətini fövtə verməzlər.

Mənim bir bədbəxtliyim də var ki, özüm balaca olsam da, xoşladığım yalnız qamətli, ucaboy qadınlardır. Həyatıma təzad qatmaq arzusudur bu, yoxsa başqalarının gözündə hörmətə minmək istəyi, bilmirəm. Ancaq özüm boyda olan qadınlar məndə heç bir hiss oyatmır. Boyu yüz altmış beş santimetr olan ortaboy qadınlar da zövqümcə deyil. Yox ey, sən mənə eləsini nişan ver ki, boyu yüz səksəndən aşağı olmasın! Özü də təkcə boyla iş bitmir, xoşuma gəlir ki, qadın həm də ətli-canlı olsun – yəni yanları enli, döşləri iri, çiyinləri geniş, əlləri, ayaqları güclü, bərk, möhkəm olsun. Fikir verin ki, burda məsələ heç də estetikada deyil. Məsələn, hərdən kimlərsə böyük maşına yox, kiçik maşına üstünlük verəndə buna müəyyən əsasları, səbəbləri olur. Cantaraq qadınlarsa mənim səbəbsiz-filansız xoşuma gəlir. Yəni hədsiz dərəcədə xoşuma gəlir – bunun başqa adı yoxdur. Həqiqətən də, uzaqdan bir ucaboy, qamətli qadın görəndə, hələ heç sifətinə baxmamış ürəyim çırpınmağa başlayır, hiss edirəm ki, maqnit dəmiri çəkən kimi, məni özünə çəkir. Əlbəttə, hisslərimi gizlətməyə qabil deyiləm, öz-özümə elə hey təkrarlayıram: “Təmkinli ol, özünü ələ al, yaddan çıxarma ki, sən cılızın birisən, qadınlar isə, xüsusən də xoşladığın bu tipli qadınlar sənin kimiləri ciddi qəbul etmirlər”.

Bununla belə, rastıma çıxan boy-buxunlu qadınların hamısına girişməyə cürətim çatır. Bəs nəticəsi? Nəticəsi heç nə. Heç nədən də betər – on qadından doqquzu nəinki mənə biganə qalıb, üstəlik, ələ də salıblar. Amma qadınlara min şükür, məni ən çox dolayan dostlarımdır. Hə, aşkarca dolayıb lağa qoyurlar. “Lağa qoymaq” – yaxşı ifadədir, bəzən elə məzələnirlər ki, xasiyyəti mənimkitək yumşaq olmayan istənilən başqası ömürlük inciyərdi. Məsələn, bir dəfə “Viktor Emmanuil” prospektindəki tütün dükanının sahibəsi ilə mənim aramda bütöv bir yazışma düzəldib başımı piyləmişdilər ki, guya bir neçə məktub yazmayınca qadının gözünə görsənməməliyəm. Özləri qadının adından məktub quraşdırıb mənə gətirir, mənimkiləri isə öz aralarında oxuyub gülüşürmüşlər. Axırda səbrim tükənib qadınla danışmağa cürət edəndə, qadın mənə dişinin dibindən çıxanı dedi, söyüb qovladı. Yumşaq desək, yerinə düşməyən zarafat. Belə zarafatları ucaboy birisiylə etsən, bıçaqsız ötüşməz. Onların fikrincə isə biz bəstəboylar bunu xoş niyyətin sübutu kimi dostyana qəbul etməliyik. Buna görə, necə deyərlər, xətrimə azca da toxunmadıqlarını göstərmək üçün incikliyimi uddum, barışıq əlaməti olaraq hətta onları vermuta da qonaq etdim. Amma o hadisədən sonra həmişə ehtiyatlı davranırdım. Mənə guya meyli olan hansısa qadından danışanda saqqızımı oğurlatmır, yayındırıcı cavab verib başımdan eləyirdim. Neyləsələr, nə oyun çıxarsalar da, daha onlara etibarım yox idi, hər sözlərində özümə qarşı tələ görürdüm.

Elə oldu ki, bu qış mən gizlədilməsi mümkün olmayan güclü, xalis sevgi hiss etdim: “Balle” teatrının yaxınlığında bacısı və yeznəsiylə birgə çaxır dükanı işlədən Marçella adlı qıza vuruldum. Bu ailədə hamısı ucaboydur: pəhləvan cüssəli dükan sahibi Teodoro vağzalda lap yükdaşıyan işləyə bilərdi, arvadı Elye gözəl və cavan olmasa da, az qala özündən hündür idi. Uzun boğazı, balaca başı olan heykəl kimi düz qamətli Marçella isə xalis qızılgüldür. Bu ucaboy, bu əzəmətli qızın hələ necə gözləri, necə ağzı vardı! Nazik topuqlar, nazik biləklər. Səsi mələk səsi kimi incə, qəlbi də, cüssəli qadınlara xas xalis uşaq qəlbi! Yəni demək istəyirəm çox utancaqdı, o dərəcədə ki, hər hansı kişinin baxışlarını hiss edən kimi qızarıb üzünü yana çevirirdi. Utancaqlığı ürəyimcə olsa da, di gəl, işləri əməlli-başlı çətinləşdirirdi.

Axşam elektrik cihazları dükanımı bağlayıb şam eləyəndən sonra dostlarımla çaxır dükanına gedirdim. İri zalın divarı boyunca çaxır şüşələri piramida şəklində düzülmüşdü, içəridə bir neçə balaca masa və “ayaqüstü” çaxır satışı üçün piştaxta vardı. Adətən həmişə içkili olan Teodoro masaların arasında gəzişir, gah bunun, gah onun masasında otururdu. Elye müştərilərə xidmət edirdi, qara önlüklü Marçella isə salonun dərinliyindəki piştaxtanın arxasında dayanıb, içəri “tezbazar” girib-çıxanlara çaxır satırdı. Kimə desən inanmaz ki, dükana baş çəkdiyim bütün ay ərzində Marçella bir dəfə də olsun başını qaldırıb mənə baxmadı. Mənsə qəsdən piştaxta ilə üzbəüz oturub onunla göz-gözə gəlməyə, baxışını tutmağa çalışırdım. Dostlar kart oynayır, hərəyə yarım litr, bir litr çaxır içib zarafatlaşır, dükan bağlanana qədər ordan-burdan danışırdılar. Teodoro masanın birindən durub o birində otururdu, özünü elə aparırdı ki, guya hər işi o görür, hər şey ondan asılıdı – halbuki içib çəlləyini doldurmaqdan, bir də kart sıxmaqdan savayı işi-peşəsi yox idi. Elye ilə Marçella müştərilərə xidmət göstərirdi, mənsə gündən-günə qıza daha çox vurulur, sapı qırılmış marionet kimi stulda dartına-dartına əbəs yerə çalışırdım ki, onun diqqətini cəlb edim. Yaxınlaşmaq üçün fərli bir bəhanə tapmırdım, o da piştaxtanın dalından çıxmaq bilmirdi. Əgər tək olsaydım, bəlkə, ortaya söhbət salmağa nə cürsə bir yol tapardım, amma dostlar yaxınlıqdaydı, özləri də məsələdən duyuq düşmüşdülər, məni bir an sakit buraxrmırdılar. Mən qıza tərəf baxan kimi, istehza ilə soruşurdular:

– Nə baxırsan, hə, nə baxırsan? Birdən udarsan ha onu. Yaxşısı budur, karta bax, ya da öz stəkanına.

Baxmayanda da başqa hava çalır, saxta sadəlövhlüklə soruşurdular:

– Nə olub sənə, niyə bu gün ona baxmırsan?

İki-üç dəfə durub candərdi piştaxtaya yaxınlaşdım, amma hər dəfə də məyus geri qayıtdım, hiss etdim ki, arxamda qımışıb məzələnirlər. O ki qaldı Marçellanın qohumlarına, caxırdan başı dumanlanmış Teodoro özünü elə göstərirdi ki, guya heç nə görmür, Elye isə bədxah münasibət göstərirdi, özü də bunu gizlətmirdi, hələ iki dəfə üzümə də demişdi:

– Yaxşısı budur, bacımı rahat buraxasız… Gərək niyəsini özünüz başa düşəsiniz… Ən azı boy fərqinizə görə.

Marçella özü isə... lap heykəl kimiydi, amma hətta heykəl də dərdimə acıyıb vəziyyətimi ondan yaxşı başa düşərdi.

Bu arada özümdə-sözümdə deyildim, şövqüm artmış, əməlli-başlı cuşa gəlmişdim. Marçella rəfdən çaxır şüşəsini götürmək üçün arxaya çevriləndə, əyilib-qalxanda, yaxud sinəsi qara önlüyün altından qabaranda qızın adicə hərəkətindən nəfəsim kəsilir, az qala huşumu itirirdim. Bəzən kart oynaya-oynaya düşünürdüm: “Görəsən, o niyə belə xoşuma gəlir?” Və görürdüm ki, təkcə hündür boyu deyil, qəddi-qamətinin tacı olan qəşəng balaca başı da məni valeh edir. Bəs niyə o tək mənim, məhz mənim xoşuma gəlirdi – burasını bilmirdim. Sevəndə həmişə bu cür olur. Bir sözlə, qıza bir könüldən min könülə aşiq olmuşdum, amma vaxt keçir, o isə mənimçün uzaq, əlçatmaz qalmaqda davam edirdi. Bununla belə, hisslərim sönmək əvəzinə daha da alovlanırdı. Əgər əvvəllər onun barəsində yalnız sevmək istədiyim, ürəyimdən keçən bir qadın kimi fikirləşirdimsə, tədricən o qənaətə gəldim ki, Marçella birbaşa mənimçün – mənim arvadım olmaq üçün yaranıb. Hələ siz məndəki kişi təsəvvürünə fikir verin. Elə ki Marçellaya nazını çəkdiyim qız kimi baxırdım – xəyalımda onunla danışmaqdan, əlini sıxmaqdan irəli getməyə cəsarət etmirdim, könlümdən vur-tut onunla gəzmək, kinoya getmək, kafedə oturmaq keçirdi, amma elə ki evlənmək fikrini beynimə saldım, dərhal qızı öz evimdə, masa arxasında mənimlə yanaşı oturmuş, yaxud dükanımın piştaxtası arxasında dayanmış vəziyyətdə görməyə başladım. Bir sözlə, öz arvadım kimi.

Görünür, bu fikirlər üzümdən oxunurdu, çünki məni dolayan curlarımdan ən şükürlüsü olan Covakkino bir axşam biz dükandan çıxanda dedi:

– Görürəm Marçella ilə danışmağa cürətin çatmır. Sabah sənin yerinə özüm onunla danışaram… Görərsən – səninçün görüşə razılıq alacam.

Az qala sevincdən üstünə atılacaqdım, amma həmişəki kimi, bunun məzə olduğundan ehtiyatlanıb yalnız onu dilə tutmaqla kifayətləndim, hərçənd təklifindən boyun da qaçırmadım. Covakkino kürən, çəlimsiz, nala-mıxa vurmayan inadkar oğlandı, özü də sanki həmişə harasa tələsirdi. Bilsəydim ki, bu barədə heç kəsə deməyib, bəlkə, ona inanardım. Amma səhəri gün axşam çaxır dükanına gələndə, əmin oldum ki, uşaqlar hər şeyi bilir. Hamısının da sirr dolu sifətində nəsə bir təlaş vardı, elə bil tələ qurmuşdular, sui-qəsd hazırlamışdılar.

– Arxayın ol, Covakkino məsələni yoluna qoyacaq, – biri mənə dedi.

– Bir stəkan da iç, bu gün sənin günündür, – başqası ürək-dirək verdi.

Qərəz, məni bərk şübhələndirdilər. Mənə elə gəlirdi ki, kürəyim alışıb-yanır, çünki arxa tərəfimdə piştaxta, piştaxta arxasında da müştərilərə xidmət göstərən Marçella vardı. Bir saatacan kart oynayıb çaxır içdik, sonra Teodoro bizim masadan qalxıb o birinə keçdi. Bu vaxt Covakkino tərəddüd etmədən ayağa durub qulağıma pıçıldadı:

– İndi gedib qızla danışaram.

Vitrinlə qapı arasında Pyemon çaxırının reklamı olan maili güzgü asılmışdı. Güzgüdə Covakkinonun piştaxtaya necə qətiyyətlə yanaşdığını gördüm. Sonra o, piştaxtaya dirsəklənib Marçellaya tərəf əyildi, qızla nəsə pıçıldaşmağa başladı. Marçella gözünü ondan çəkmədən sakitcə cavab verirdi. Danışıqları uzun çəkdi, ən azından mənə elə göründü. Bu arada isə o birilər elə hey məni dümsükləyib gülüşür, zarafatlaşıb əylənirdilər. Marçellaya sözünü bitirib aralananda Covakkino ona nə dedisə, qız xəfifcə qızarıb gülümsədi. Sonra Covakkino təzədən bizim yanımıza qayıtdı.

– Sabah axşam saat yeddidə Müqəddəs Pyotr kilsəsinin yanında, sütunların sağ tərəfində, – o, sakitcə mənə pıçıldayıb razı görkəmlə əyləşdi.

Hamı yer-yerdən məni təbrik edib gözaydınlığı verməyə başladı: yəni iş görülüb, görüş də təyin olunub. Əlbəttə, Covakkinoya təşəkkür etməli, bir stəkan çaxır gətirməliydim ki, görsünlər nankor-filan deyiləm. Xülasə, məndən tələb olunan, öhdəmə düşən hər şeyi etdim, ancaq əvvəl öz xoşbəxtliyimə, sadəcə, inanmırdımsa, indi qəti əmin idim ki, bütün bunlar zarafatdır.

Qış vaxtı hava artıq saat yeddidə qaralır. Əvvəl fikirləşdim ki, görüşə getməyim. Amma əvvəlki peşmanlıqlara baxmayaraq, içimdə hələ də xırda bir ümid yeri qalırdı. Son anda qərar verdim ki, necə olsa, gedəcəm – gedəcəm ki, hər şeyə özüm əmin olum, bu işin axırına çıxım. Axşam vaxtları Müqəddəs Pyotr meydanı daş çöllüyə hər hansı başqa meydandan daha çox oxşayır. Meydanın o başında isə torana bələnmiş Müqəddəs Pyotr kilsəsi ucalır. Hündür sütunlardan asılmış lampaların ağappaq işığında, Ranjero maşınlarının sıralandığı fəvvarənin sağ tərəfində cüvəllağılardan biri gözümə sataşdı. Avtomobilin qabaq şüşəsindən Covakkinonun dumanlı sifətini də görəndə, bunun bir zarafat olduğuna daha heç bir şübhəm qalmadı. Yalandan özümü laqeyd göstərib maşına yaxınlaşdım, əlimi saymazyana yellətdim ki, hər şeyi başa düşdüyümü onlara göstərim, tez də aralanıb getdim. Özümü heç vaxt yuxarısı qatı toranlıqda itib-batmış bu nəhəng sütunların arasından siçovul kimi qaçıb uzaqlaşdığım həmin axşamkı qədər cılız, balaca hiss etməmişdim. Böyrümdən ötən taksilərin arasından tələsik keçib taqətsiz halda evə qayıtdım.

Lakin budəfəki hoqqalarını onlara bağışlamadım. Marçellanı həqiqətən çox sevirdim və hiss edirdim ki, məsələni əvvəlki kimi sülhlə yoluna qoymağı bacarmayacam. Çaxır dükanında daha görünmədim, üstəlik də, xəstələndim (yəqin ki, peşmanlıq və məyusluqdan) və bir aydan artıq evdə oturub qaldım. Sonra bir aylığa kəndə getdim, növbəti ayı da dostlarsız və içkisiz yola verdim – evdən və dükandan başqa heç yerdə olmurdum. Arabir dostlardan gah buna, gah ona rast gəlirdim, amma elə uzaqdan salamlaşır, üzümü yana tutub aralanırdım. Yay belə keçdi.

İyun axşamlarının birində, bazar günü Korso küçəsində gəzişirdim. Qələbəlik idi, camaat dəfn mərasimindəki kimi ağır-ağır yeriyirdi. Kefim yox idi, çünki tək idim. Əlbəttə, çox istəyərdim böyrümdə bir qadın olsun. Həmin qadının Marçella olması isə lap ürəyimdən xəbər verərdi. Qoldoni küçəsi ilə kəsişmədə, işıqforun yanında təzəcə ayaq saxlamışdım ki, birdən düz qarşım­daca Marçellanı gördüm. O, hansısa kişiylə qol-qola gedirdi. Yox, başqası deyildi, məhz Marçella idi – çünki ondan başqa dünyada heç bir əzəmətli qadın bədəninin üzərində bu cür xırda baş ola bilməzdi. Amma ilk dəfəydi ki, diqqətimi Marçella özü yox, onunla yanaşı gedən kişi çəkirdi. Hərif çox balacaydı – cırtdan deməzdim, amma elə mənim kimi balacaydı. Onlar da ayaq saxladılar və danışa-danışa üzlərini bir-birinə çevirdilər. Bir daha əmin oldum ki, qadın həqiqətən Marçelladır. Enli sifətində qalın bığları olan yanındakı yekəbaş kişinin yaşı qırx olardı. Marçella hündür olduğu üçün kişi onun əlindən yapışmışdı – kişi kimi yox, uşaq kimi yapışmışdı. Sonra camaata qarışıb gözdən itdilər. Bu dəfə nəsə ürəkləndim, bütün qış boyu yoxa çıxmış cəsarətim sanki özümə qayıtdı. Səhəri gün, bazar ertəsi istinin ən pis vaxtında durub çaxır dükanına yollandım. Təsadüfən Marçella içəridə tək idi, dükanda ayrı heç kəs yoxuydu. Piştaxtaya yaxınlaşıb birnəfəsə dedim:

– De görüm, dünən Korsoda qol-qola gəzdiyin o kişi kim idi?

Marçella gözlərini qaldırıb üzümə baxdı – onu tanıyandan bəri mənə baxması ilk dəfəydi. Və sakitcə dedi:

– Covannidir, nişanlım… bəyəm bunu bilmirdiniz?.. Bir aydan sonra evlənirik.

Elə bil nəsə məni aşağı dartdı, sanki döşəmə ayağımın altında aralandı, hər iki əlimlə piştaxtadan yapışdım.

– Deməli, o axşam… Müqəddəs Pyotr kilsəsinin yanında…

İndi Marçella qətiyyən utancaq görsənmirdi. Arxaya çevrilib rəfdən çaxır şüşəsini götürdü.

– Həyatda vəziyyətdən istifadə etməyi bacarmaq lazımdır, Françeska, – dedi, – bəyəm bunu bilmirsiz? Bilmirsizsə, bəs onda necə yaşayırsınız?.. Vermut içmək istəmirsiz?

Əl hərəkətiylə imtina edib yorğun, ölgün səslə dedim:

– Mən elə bildim, bunlar hamısı zarafatdır.

Nə cavab versə yaxşıdır:

– Zarafat onlar üçün idi, mənimçün yox.

Bununla da ordan çıxıb getdim; çalışdım ki, bu barədə düşünməyim. Amma əgər əvvəllər dostlarımdan gen qaçırdımsa, indi onlara nifrət edirdim. Gör məni nə qədər ələ salmışdılar ki, axırda xam xəyala düşdüyümə, nəsə əlçatmaz bir şeyə can atdığıma inanmışdım. Heç demə bütün bunlar tamamilə mümkünmüş, bu sevda baş tuta bilərmiş. Adamı heç zaman aldatmayan instinkt mənə əsl həqiqəti söylədi: Marçellaya mənim arvadım olmaq qisməti yazılmışdı. Hələ onu demirəm ki, boy-buxunu, qədd-qaməti istəyimə tam uyğun olan bu qızın özü də bəstəboy ər sorağındaymış. Marçellanın dediyi kimi, bu, sadəcə təsadüf yox, xalis möcüzə kimi bir şey idi.

Və mən bilirdim ki, bu möcüzə bir də təkrarlanmayacaq.

Tərcümə edən: Mahir N.QarayevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031