Küknarlara məktub - Qoderzi Çoxelinin hekayəsi
Dəhşətli yuxular Cğunaya əziyyət verirdi, o, qəfildən diksinib oyandı. Xeyli vaxt başını sallayıb çarpayıda oturdu, yuxusunu xatırlamağa çalışdı. Sonra palçıqlı çəkmələrini geyinib fikirli-fikirli Berinin evinə sarı yollandı.
Günəş çıxdığı yerdən xeyli aralanmışdı. Berinin evinin qabağında kəndin qoca qarıları yığışıb nə haqdasa pıçıldaşırdılar. Berinin arvadı da onların arasındaydı, üzünü əlinə söykəyib evin pəncərəsinə baxır, köksünü ötürürdü. Sakitliyi yalnız hasarın taxtasının başına qonmuş qarğa pozurdu. Qarğa sanki bəd xəbərlər qarıldayırdı.
– Zəhrimar, çor, Allah səsinizi batırsın, – qoca qarılar deyinirdilər.
Cğuna hasardan taxtanın birini qoparıb qarğaya atdı. Qarğa uçub indi də eyvanın üstünə qondu, qarıldamağına davam elədi. Cğuna yerdən yastı daş götürdü, divarın dibinə qısıla-qısıla yaxınlaşıb daşı atdı. Qarğa yalnız yerini dəyişdi. Cğuna qarıların yanına qayıtdı.
– Necədi kişinin halı? – Berinin arvadından soruşdu.
– Gecə yenə ürəyi sıxılırdı.
– İynə vurdular?
– Yox, qoymadı.
– Heç olmasa, bir az quruyubmu?
– Quruyur, elə onun dərdidi də kişini öldürən. Ürəyi də elə ona görə ağrıyır.
– Həkim gəlməmişdi?
– Bu səhər gəldi, – deyib, Berinin arvadı köksünü ötürdü.
– Bəs, nə dedi?
– Əgər yazdığım iynələri vurdurmasa, quruyan deyil, deyir. Nə qədər yalvarırıq, vurmağa qoymur.
– Ayrı dərmanlar yazmadı?
– Hələ yox, içəridədi, danışırlar.
Cğuna evə girdi. Beri çarpayıda oturmuşdu. Paltarının sol çiynini kəsmişdilər, ordan balaca küknar ağacının başı görünürdü. Çılpaq ayaqlarını çarpayının qabağında qazılmış yerə sallayıb, üstünə su tökürdü.
– Belə eləmə, Beri, eləmə, soyuq dəyər, özünü niyə öldürürsən? – altmış yaşına çatmış həkim, alçaqboylu yəhudi qadın yalvarırdı. Bu həkim Qudamağarililərin müalicə mələyidi.
– A kişi, belə də iş olar, iynələri vurmağa qoymursan, özün də ayaqlarını soyuq torpağa – suya salıbsan, belə şeynən dərdinə dərman olar?
– Mənə yox, amma buna köməyi dəyər.
– Beri çiynindəki balaca küknarı göstərdi.
– A sağolmuş, bəyəm, başa düşmürsən ki, sən ölsən, küknar da məhv olacaq? Nə üzə durursan, vurdur da iynələrini.
– İynələr onu qurudar, görmürsən, necə soluxur. Beri ayaqlarını basdırdığı torpağa yenə su tökdü. Bir yad adam otağa girib, onlarla salamlaşdı. Beri onun salamını alıb, damağındakı siqareti göstərdi:
– Söndür, onun tüstüsünün küknara ziyanı dəyə bilər. Təzə gələn adam siqareti söndürüb dedi:
– Mən sizin məktəbin təzə coğrafiya müəllimiyəm, bu qəribə hadisəni eşidib, sizə gəlmişəm. Çox təəccüblüdü, birinci dəfə eşidirəm ki, insanın çiynində küknar bitib. Heç inanmaq olmur. Siz allah, məni başa salın görüm, bu nə işdi belə?
– Burda dərindən başa salınası nə var, elə-belə çıxdı da küknar, vəssalam,
– Beri cavab verdi.
– Siz nə danışırsınız, necə yəni vəssalam. Mənsə eşitmişəm ki, siz küknara öz övladınız kimi baxırsınız. Havada gəzdirirsiniz ki, dərmanlar onu qurutmasın, öz həyatınızı təhlükəyə salırsınız. Ona öz övladınız, canınızın bir hissəsi kimi baxırsınız? Adam lap mat qalır…
– Mənim uşaqlarım yoxdu, – Beri dedi, təzə siqaret yandırmaq istəyən müəllimdən xahiş elədi.
– Mümkünsə, burda çəkməyin.
– Bağışlayın, tamam yadımdan çıxıb. Bir də ki, elə bilirsiniz, məni sizin arvadınız göndərib, yox, bu mənim öz məsləhətimdi: siz mütləq iynələri vurdurmalısınız, yoxsa ürəyiniz sağalmaz. Küknarlar, batono(gürcücə hörmətli müraciət formasıdı (tərc.) meşədə nə qədər desən, var, sizsə bir balaca ağacdan ötrü… .
– Əgər sizin çiyninizdə bitsəydi, neynərdiniz? – Beri soruşdu.
– Sizin kimi ürəyim ağrısa, əlbəttə, dərmanları atardım. Sizsə öz həyatınızı təhlükədə qoyursunuz, bu hərəkətlə də içinizdə yaşayan allahı öldürürsünüz.
– Bəyəm, bu küknar canlı deyil? – Beri dilləndi.
– O küknar onsuz da quruyacaq.
– Bəlkə də qurumur, – deyib, Beri getməyə hazırlaşdı.
– Hara gedirsən? – Cğuna soruşdu.
– Bunu gəzdirməliyəm, burda hava çox bürküdü, doğrudan da, quruya bilər.
– Ürək damcılarını içəydiniz… – həkim xahiş elədi. Beri heç nə deməyib, ensiz qapıdan ehtiyatla çıxdı ki, küknarın budaqları ilişməsin.
– Siz allaha inanırsınız? – həkim müəllimdən soruşdu. O isə özünü itirdi.
– Yox, bunu elə sözgəlişi dedim.
Çox təəccüblü hadisədi: İnsanın çiynində necə bitib? Bundan sonra hər şeyə inanmaq olar. Necə olub ki, bitib küknar?
– Müharibədə yaralanıb, meşədə yarasına küknar tozu tökülüb, – həkim cavab verdi.
– Necə olacaq, görən, köməyi dəyəcək? – Cğuna soruşdu, bu sualla elə bil, dərdini də söylədi.
– Gərək birtəhər iynələri vuraq ki, küknar qurusun.
– Necə vurasan, görmürsən, gecə də yatmır, hey küknarı öz uşağı kimi sığallayır.
– Ürəyi tab gətirməyəcək, müalicə olunmalıdı.
– Doğrudan da, bu məsələ çox dərindən öyrəniləsidi, – müəllim siqaretini tüstülətdi.
***
Beri xeyli qozluqda gəzdi, sonra fikirləşdi ki, fındıqlıqda gəzmək küknara daha çox xeyir verər, ona görə də yuxarı getdi. Yolda meşəbəyi ona rast gəldi.
– Necədi, quruyur? – Beridən soruşdu.
– Hə, nəsə yaxşı deyil.
– Elə bil, sənin ürəyinin ağrısı da bunu gözlüyürmüş.
– Elə onu de də!
– Düzü, allahın rəhminə nə deyim, bu meşələrdə küknar bitmir, sənin çiynində hardan bitdi… Onun əvəzində bir uşaq versəydi…
– Mən elə buna görə də minnətdaram Allaha: kaş, qurumaya.
– Nə qurumaya, görmürsən, artıq soluxur. Bir də, a kişi, a sağolmuş, bəxt deyil, bəs, nədi, niyə allah ayrı ağac bitirmədi, yenə gilasdan-zaddan olsaydı… Tanrının insafı yoxuymuş ki…
– Mən heç də narazı deyiləm. – Beri dedi.
– Elə bir yana baxanda, sən düzünü deyirsən.
Eşitmişəm, küknar qozasından qursaq dərmanı düzəldirlər, bu ağrı məni öldürdü, a kişi. Bizim meşələrdəsə bir küknar da tapmazsan, bütün vələsnən palıddı. Qardaşımsan, əgər qurumayıb, bar gətirsə, barını heç kəsə vermə, mənə ver, bəlkə bu ağrıya dərman oldu. Yoxsa vallah, az qalır öldürə məni.
Beri küknarın ilk barını meşəbəyiyə söz verib, tək-tənha yoluna davam elədi. Təpənin başında oturub dincəldi. Dörd tərəfi açıqlığıydı, həmişə burada ayaq saxlayıb, dincini alardı, küknarı sığallayardı. Bu yer çox xoşuna gəlirdi. Bir az dincələndən sonra qalxdı, kolluqda elə gizləndi, ancaq küknar görünürdü. Beləcə o vaxtacan durdu ki, küknarın üstünə balaca bir quşcuğaz qondu, bir az ciggildəyib, uçub getdi. Beri qalxıb, quşun dalınca minnətdarlıqla baxdı. Sonra yenə bayaqkı yerində, oturub sol çiynini qayalıqdan əsən küləyə yönəltdi. Aşağıdakı Araqvi meşəliyi milyon gözlə ona baxırdı. Lap aşağıda isə təpələrin arasında böyük bir kənd görünürdü. Kolxozun idarəsi bu kənddəydi. Hündür, ağ daşdan tikilmiş binaydı.
Berinin ağlına belə bir fikir gəldi. İdarəyə gedib, sədrdən putyovka istəsin. Özü də elə yerə ki, ora bütün küknarlıq olsun. Bəlkə həmin yerin havası düşdü, onun küknarı qurumadı. Bu fikir ağlına gələn kimi, ürək ağrısı da yadından çıxdı, qaça-qaça aşağıya tərəf üz qoydu. Təəccüblənmiş adamlar Berini görüb, dalınca düşdülər. Kolxoz sədri öz otağında oturmuşdu.
– Putyovka istəyirəm.
– Nə putyovka, başa düşmürəm.
– Sədr təəccübləndi.
– Elə yerə ki, ora küknarlıq olsun.
– Biz burda işlə məşğuluq.
– Bilirəm.
– Bəs, onda nə istəyirsən?
– Bəlkə düzəldə biləsən?
– Mümkün deyil.
– Xahiş edirəm.
– A kişi, nə zəhləmi tökürsən, sənə deyirlər, iynələrini vurdur da!
– Sən də onların tərəfini saxlayırsan?
– Sənə heç kəs heç nə deməyib. Höcətləşmə!
– Mən neyləyim, bitdi də!
– Bitdi! Quruyar!
İndi mənimçün meşəçilik sovxozu aç, belində də kol ək, almadan, armuddan, zoğaldan da içinə qat, bir az da vəhşi heyvanlardan burax. Ovçular girərlər, ağacları kəsərlər, sonra da qoyma məni dincəlməyə, məndən meşəbəyi istə, onlara da maaş verək, sonra birisi bağ evi üçün yer istəsin. Hə, az qaldı, yadımdan çıxsın, üzümlük də sal, çaxır çəkək, beləcə rahat yaşayaq…
Əl çək məndən, yoxdu putyovkam, sənə nə deyiblər, onu da elə. Elə fikirləşmə ki, bunu mənə sənin qarın öyrədib, yox, mən özüm deyirəm sənə, küknarı yox elə! Beri sədrə heç nə deməyib, idarədən çıxdı, yoluna davam elədi.
***
Beri soraqlaşa-soraqlaşa Borjomiyəcən gəlib çatdı. Çiynində ağacı görüb, onu dəli hesab eləyirdilər. Mehmanxanada yer vermədilər. Sanatoriyalar isə dincələnlərlə doluydu. Onda Beri küknarlıqda bir dəyə tikib, gününü orda keçirməyə başladı. Bir neçə gün ürəyinin ağrısı artdı, ancaq sonralar özünü yaxşı hiss elədi. Bir həftədən sonra küknar da yaxşılaşdı, dirildi, yaşıllaşdı. Küknar birdən-birə boy atdı, Beri onun köklərini sinəsində hiss eləyirdi, budaqlarını üzünə toxundurub, xoşhallanırdı. İndi o, küknarın hər fikrini başa düşürdü, başqa ağaclarla danışığını duyurdu. Beri təzə, gözəgörünməyən, naməlum, sirlərlə dolu bir kainat hiss eləyirdi. İndi onun bədənində axan iki ruh bir-birinə sığınmağa çalışırdı. Bədən vahidliyə can atırdı. Onlar bir-birini soğurdular, yavaş-yavaş bir bütövü doldururdular. Bir aydan sonra Berinin başından yuxarı qalxmış küknar öz qonaqlarını – quşları qarşılayırdı. Berinin ürəyi arvadını, Cğunanı istədi. Meşəbəyiyə verdiyi söz də yadından çıxmamışdı.
– Qorxma, qozalarımı verəcəm, özünü qurtararsan.
Belə qərara gəldi ki, kəndlərinəcən meşənin içiylə piyada getsin, nə adamlarla rastlaşar, nə də küknara qorxulu bir şey olar. Küknar meşəsilə vidalaşıb, geri, kəndə yola düşdü.
***
«Küknarlara məktub!» Bu məktubu kənddən yazıram. Özüm də yaxşıyam. Tez-tez meşədə gəzirəm. Kəndçilərim yaxın gəlmirlər, məndən qorxurlar. Dünən coğrafiya müəllimi məndən xahiş elədi ki, yeni ildə küknarımı bəzəsinlər. Mən də razılaşdım, ancaq qorxuram ki, budağımı sındıralar. Bircə nəfərlə adam kimi danışmaq olur, o da meşəbəyidi. Barımı ona söz vermişəm, ancaq acgöz adamdı, mənim küknar olmağımla heç razılaşmaq istəmir. Hərdənbir yenə deyinir ki, kaş, gilas olaydın, ağzımı şirin eləyərdim. Bu gün yenə gəzməyə çıxmışdım. Arvadım məndən ayrılmır, qorxur ki, budağım ağırlıq elər, uçuruma-zada düşərəm. Öz taleyilə barışıb.
Cğuna ayrı kəndə köçdü, daha biz tərəflərə gəlmir. Ürəyim yaman istəyir onu, yaxşı dostuydu. Keçən həftə toya getmişdim, bir qəşəng qıznan rəqs elədim. Onun da mənim kimi bədöy bədəni vardı. Burda bir əyyaş kimi yaşayır, hər keflənəndə, baltanı götürüb itiləyir, deyir:
– Berini kəsəcəm! Berini kəsəcəm!
Ondan uzaq gəzirəm qorxuram, nə desən, gözləmək olar kefli adamdan, birdən doğrudan da, kəsər məni. Burdakı meşələr artıq saralır. Onlar çox təəccüblənirlər ki, mən yamyaşılam, rəngim dəyişmir. Məni yeriyən görəndə, dəli olurlar. Yəqin belə hesab eləyirlər, göydən gəlmişəm. Elə qısqanırlar ki…
Mən onlara başa saldım ki, göydən-zaddan gəlməmişəm. İnanmadılar, dedilər:
– Əgər torpaqda yaranıbsansa, niyə bizim kimi rəngin dəyişmir. Yerdəki ağaclar yerimirlər, sənsə hara istəsən, gedirsən. Həm də sənin yarpaqların bizimki təki deyil.
– Nə deyə bilərəm? Nəynən inandırım onları? Vələsi yenə inandırmaq olar, qalanları isə yaman inadkardılar. İstəmirəm, meşəni pərt eləyim, bir tərəfdən də onlarsız durammıram.
Meşənin lap ortasında balaca bir çinar var, onu hər gün görməsəm, dözəmmərəm. Məni görəndə, elə əsir ki… Yəqin o da məni sevir.
Axır vaxtlarda çox yaxınlaşıram, deyəsən, arvadım şübhələnib. Qorxuram, məni hədələyən o kefli kişini tovlayıb, çinarı kəsdirsin. Məncə, kəndçilərim də ağaclar kimi şübhələnməyə başlayıblar. Kəndin qırağında bir qoca kişi yaşayır, bu dünyada bir kimsəsi yoxdu. Qabaqlar allaha inanmırdı, ona görə də kənddən aralandı. Kəndin qurtaracağında ev tikdi, elə bir hasar çəkdi ki, ora quş da səkəmməz. Bütün ömrünü allaha söyməklə keçirdi. İndi qocalıb, canı-cəsədi üzülüb, kasıblıq da belini büküb. Hərdən ona allah xətrinə çörək-su verən ola-olmaya. Qurumuş bədənində nəfəsi zorla durur. İndi hər gün allaha yalvarır, günahının bağışlanmasını istəyir. Meşəyə gedən yol bu kişinin evinin böyründən keçir. Hər dəfə onu görəndə, yazıqlığına ürəyim ağrıyır. Dizi üstə çökür, göyə baxıb deyir:
Ey göydəki, mənə kömək ol! Öz ətəyinə sığındır məni. Bax, bu gözlərimi yum. Bax, bu dil-ağzımı susdur. Bax, bu dizlərimi qır, Canımı oraq kimi əy. Və apar məni!… Bu həyatdan çıxar məni. Daha yoruldum, bu qaranlıq quyuda gözləməkdən yoruldum – və bu vaxt məni görəndə, titrək səslə yalvarmağa başlayır: Xahiş elə fələkdən, mənə köməyə gəlsin. Xahiş elə, köməyə gəlsin. Kömək elə, xahiş elə.
Bu kişiyə, yaman yazığım gəlir heç özüm də bilmirəm, necə kömək eləyim. Xətrinə dəyməsin deyə, mən də əllərimi yuxarı qaldırıb, deyirəm:
– Kömək elə, kömək elə! Heç kim də görünmür. Gecikir…
Gecələr yaman möcüzəli yuxular görürəm, gah görürəm ki, havada uçuram, gah aşağı enirəm, torpağın ürəyinə girirəm, onun döyüntüsünə qulaq asıram. Yer insan kimi nəfəs alır, hələ onun nəfəsini də eşidirəm. Elə bilirəm, üstündəkilərin hamısı onun özünün yuxusudu. Gah da yuxuda çox hündürə qalxıram, ordan baxıram ana torpağa.
Yuxarıdan başqa cür görünür: O canlıdı! Çaylar – onun qan damarlarıdı. Dənizlərlə okeanlar – ciyərləridi. Meşələrlə nəfəs alır o. Hava – onun ruhudu. Adəm də özüdü, Həvva da. Dünyada hər şeyin torpaqdan necə çıxdığı, necə yenə torpağa qayıtdığı uzaqdan yaxşı görünür…
Kaş, hərdənbir mənim yuxuma baxasınız, görəsiniz necədi ana torpaq.
Göylər? Mən ona inanıram, çünki torpağa inanıram, biz isə torpağın bir hissəsiyik. Yəqin ana torpaq da göylərin bir hissəsidi. Bunu hələ yuxuda görməmişəm. Ancaq torpaqdan çıxan şeylər geri, torpağa qayıtdığı kimi, eləcə də torpaq göylərə qarışır. Bilirəm, mənim halımla çox maraqlanırsınız. Heç fikir çəkməyin, indi ürəyim az ağrıyır.
Bu gün qaratoyuq budaqlarımda elə şirin oxudu ki, ağrım tamam yadımdan çıxdı. Burdakı meşəlikdə küknar bircə mənəm. Təpənin başında bir yeri çox sevirəm, tez-tez orda dururam, ordan hər tərəf görünür. Gecələr yuxuda mənə elə gəlir ki, köklərim torpaqdadı. Ürəyim sizi istəyir. Öpürəm çoxlu-çoxlu…"
Məktubun üstündə ünvan yazılmışdı: «66793 Borjomi. Bu məktubu küknar meşəsinə tullayın. Beri».
***
Payızda Berinin ürəyinin ağrısı artdı. Bir gecə isə küknarın köklərinin dizlərindən aşağıda hiss elədi. Ürəyi yaman darıxırdı. Aylı gecədə evdən çıxdı, beli götürüb, meşəyə tərəf gedən yola çıxdı. Qış yaxınlaşırdı. Ayın işığında çılpaq ağaclar göylərdən rəhm istəyən adamlara oxşayırdılar. Meşəbəyinin daxmasını keçdi. Gecəyarı öz sevimli yerinə çatdı. Burdan hər yer aydın görünürdü. Beri dərin xəndək qazdı, içinə girdi, sonra ayaqlarının üstünə torpaq tökdü. Beləcə durdu. Ən axırda Beri iki bədənin bir-birinə necə axdığını vahid bir bədən olduğunu, nazik köklərin necə böyük sürətlə torpaqdan yapışdığını hiss elədi. Sonra isə ilk hiss elədiyi şey günəşin çıxmağıydı.
Tərcümə etdi: Nəriman Əbdülrəhmanlı