Eşqə düşdü, dəli oldu deyərlər - Yeni İmza

MANERA.AZ "Yeni imza" layihəsində gənc şair Səddam Laçının şeirlərini təqdim edir:
Sən hansı fəsildəsən?
Səndə hansı fəsildir?
Məndə hələ də qışdır
Havanı soruşmuram,
Bilirəm ki, yağışdır.
Səndə hansı fəsildir?
Yazdır, yaydır, payızdır?
Heçmi dəyişməmisən?
Düzün denən,ömründə
Neçə aydı payızdır?
Səndə hansı fəsildir?
Mən bildiyim qədəri
Payız sən qədər soyuq,
Sən qədər qəddar olmur.
Başqa fəsilə bənzə,
Axı sənin kimilər
Payıza oxşar olmur.
Sən payızmı sanırsan
Bu solğun baxışları?!
Sən payızmı sanırsan
Bu quru yağışları?!
Səndə hansı fəsildir?
Heç nə başa düşmürəm,
Gündə bir şəkildəsən.
Bəlkə də sual səhvdir.
Bəlkə də deməliyəm
“Səndə hansı fəsil” yox,
“Sən hansı fəsildəsən?”
Ayrılsaq da
Sən gedirsən, mən qalıram, düz olmur
Ya bir gedək, ya bir dönək, olarmı?
Biz həsrətin can yandıran odunda
Bir yanmışıq, bir də sönək, olarmı?
Ayrılsaq da, elə et ki, darıxsam,
Yatan kimi qonaq gəlim yuxuna.
İşdi, birdən həsrətimə dözməsən
Yatmamışdan qabaq gəlim yuxuna
Kirpiklərin əl-qolumu bağlasın
Gözlərini yuman kimi gör məni.
Aramızda divar olsa nə vaxtsa
Bir daş olum, o divara hör məni.
Getmə, birdən sənsizliyə dözmərəm,
Eşqə düşdü, dəli oldu deyərlər.
Qalan əgər dəli olub qalıbsa,
Gedən qızın əli oldu deyərlər.
Sən yanımdan uşagınla ötəndə
Gizlədərsən,məni görüb qorxmasın.
Uşaqdı da, birdən gələr yaxına
Gözlərimdə səni görüb qorxmasın.
Bir dəlinin gözlərində anası,
Anasının gözlərində kədər var
Kədər nədi, bilsən mənim gözümdə
Bu uşağın görmədiyi nələr var.
Allahsız körpə
O hələ doğulmamış...
özün tanıtdı dünya.
Gələcəyin yükünü
doğulmamış körpənin
üstünə atdı dünya
Nəfəsini duymamış...
Anasın aldı dünya.
Balacaya qalmadı
Kiməsə qaldı dünya
Oyuncağın itirmiş
uşaqlara bənzəmir
bu balaca körpənin...
ana axtarışları.
Allahı utandırır
Hələ dil açmamışkən
Ana deyib ağlayan
yetimin göz yaşları
Balacanı qorxudur
Ümid verənlərin də
ümidsiz baxışları...
Kaş danışa biləydim.
Deyəydim anan sənlə
Dünyasını dəyişdi
Yox, yox, anan ölmədi.
Sadəcə həyatının
Mənasını dəyişdi.
Dünyadı da, balaca.
Burda hər kəs dəyişir.
Dəyişməyən kim qalır?
Sənin kimi yetimlər...
Anadan qalmasa da.
Allahdan yetim qalır
Xəncər kirpikli qız
Səadəti qovuruq...
Dərdən zövq alırıq, biz.
Hələ qovuşmamışıq
Necə ayrılırıq, biz?
Ağlamalı gündəyik
Bəs niyə gülürük biz?
Qovuşub dirilmirik
Ayrılıb ölürük biz
Ömür uzun səfərdi...
Hara tələsirik, ki?
Gəlmişkən ləngiməyək
Hər dəfə gəlmirik ki?
Ey, xəncər kirpikli qız
Gözlərimə batırsan
Necə oyadım səni?
Ürəyimə yatırsan
Yat, yuxusun sevdiyim...
Şirin yuxu dilərəm...
Laylay yadımdan çıxsa
Şeir deyə bilərəm
Gözümün intizarı...
Gözümdən uzaqlaşma.
Mən də elə sənəm də...
Özündən uzaqlaşma.
Məni məndən ayırma
Sonra qayıtmaq olmur
Səni tapmaq asandı
"Özümü" tapmaq olmur.
Darıxmağın darıxmağı
Gör nə gözəl olardı
İllərdi eyni yerdə
Gözləməkdən yorula,
Ayaqlarım darıxa.
Dodağından süzülən
Bircə xoş sözə həsrət
Qulaqlarım darıxa.
Gör nə gözəl olardı
Göz yaşların quruya,
Gözlərimin sahili-
Yanaqlarım darıxa.
Arada bir yad elə
Şeirlərdə görüşüb,
Sətirlərdə sevişək-
Dodaqlarım darıxa.
Qorxuram, bir gün gələ
Sənli şeirlər yazan-
Barmaqlarım darıxa.
Başıma hava gələ
Mənim özüm cəhənnəm
Səni fikirləşdiyim
Otağlarım darıxa.
Sən məndən arxayın ol
Heç çürə inanmıram
Bu darıxmaq can sıxa.
Unutmağın resepti
Bir gün səni düşünmədən
Yata bilsəm, unutmuşdum.
Boş başımı başqası ilə
Qata bilsəm, unutmuşdum.
Səhərini zülmətimə,
Zəhərini şərbətimə,
Həsrətini nifrətimə
Sata bilsəm, unutmuşdum.
Darıxmaqdan bezən kəsəm,
Mən özümə ancaq bəsəm.
Yollarında büdrəməsəm,
Çata bilsəm, unutmuşdum.
Nə tamamdı tamam kimi,
Nə davamdı davam kimi.
Heç nə yox a, adam kimi
Ata bilsəm, unutmuşdum.
Yenə yalan danışıram...
Bir yalanda sən sevirsən
Bir yalanda mən gülürəm
Birində sən qayıdırsan
Birində sənsiz ölürəm
Təzad dolu yalanların
Birində sən darıxırsan
Birində mən darıxmıram
Bu işdə püxtələşmişəm
Çoxdan yalançı çıxmıram
İndi gözəl bacarıram
Şəkillərdə xoşbəxtliyi
Xeyli vaxtdı təbəssümdə
Gizlədirəm bədbəxtliyi
Bizim yalan bazarında
Hər yalanı alan çıxır
Özüm yalançı çıxmıram
Yuxularım yalan çıxır
Bu yalançı səadətə
Hərdən özüm inanıram
Nə yaxşı ki, günəş çıxır
Səhər olur, oyanıram
“Sən”-in tərifi
Sən elə birisən ki,sənə hər şey yaraşır
Bircə məndən savayı
Mən alverçi deyiləm
Di gəl ki, sevinc satıb qəm alıram havayı
Sən elə birisən ki, yüz acı söz desən də,
Bircə dəfə güləndə unuduram hər şeyi
Dərd verən sən, dərdim sən
Mənsə günahsız yerə qınayıram taleyi
Sən elə birisən ki,
Günəştək od saçırsan,səbr edirəm qum kimi
Hərdən yoxa çıxırsan,buz bağlıyır vücudum
Sonra səssiz-səmirsiz heç nə olmamış kimi
Dönüb geri gəlirsən,əriyirəm mum kimi
Sən elə birisən ki,
Atam, anam olsa da,sənsiz yetim qalıram
Sən elə birisən ki,səni unutmaq üçün
Səni yada salıram
Könül bağçası
Çalış göz gözə gəlmə, vədə vermə axşama.
Sənə alışmayıblar, girmə könül bağçama.
Çiçəklər qısqanırlar.
Ən gözə rəssam mənəm, bu da əsərim deyib.
Qurban olduğum Allah elə gözəllik verib.
Mələklər qısqanırlar.
Üz cevirib gedirsən, getmə, qayıt deyəndə,
Dağınıq saçlarını düzəltmək istəyəndə,
Küləklər qısqanırlar.
Qadınsan
Yaman kövrək olmuşam ürəyim dərd tapalı,
Bir bəhanə tap, qayıt, sən ki gözüqapalı
İnandığım qadınsan.
Heç kəsim yoxdur axı, dərdimi ovutmağa
Əl-ələ gəzmək nədir, gözlərinə baxmağa
Utandığım qadınsan.
Sən ayrısan, əzizim, ifadə etmək olmur,
Gözlərindən uzağa gördüm ki, getmək olmur,
Dayandığım qadınsan.
Səndə həqiqət tapıb inanmışam sevgiyə…
Hər doğulan günəşlə daha çox sevim deyə
Oyandığım qadınsan…
Kişi unutqanlığı
Bir qadın unutmuşam…
Göz rəngi yadımdadır,
gözün xatırlamıram.
Bir qadın unutmuşam…
Səsi qulağımdadır,
Sözün xatırlamıram.
Yanından düz keçərəm,
Səsin duysam, dönərəm.
Axı mən, bədbəxt oğlu
Səsin xatırlayıram,
Özün xatırlamıram.
Bir qadın unutmuşam.
İllərdir, dodağımda
Dodağının dadı var.
Gözlərimdə həsrəti,
əllərimdə boşluğu,
Hardasa, ən təpədə-
Ürəyimdə adı var.
Bir qadın unutmuşam.
Ona yazılan şeirin
Sətrin unutmamışam.
Evimin ünvanını
Unuduram, di gəl ki,
Unutduğum qadının
Ətrin unutmamışam.
Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim
qadını unutmuşam.
Canım niyə yanmasın?
Ad günü yadımdadı
Adını unutmuşam.
Mələklər aparsın xəbər Allaha
Bir şeir yazacam səhər Allaha
Hünər sahibinin hünəriyəmsə...
Sözünün hikməti, kəsəriyəmsə...
Mən özüm Allahın əsəriyəmsə
Niyə də yazmayım əsər Allaha?
O ki çiçəklərə sol deyib, solub.
Boş olan dünyaya dol deyib, dolub.
O yoxdan var edib, ol deyib olub
Dəyər əlbətdəki dəyər Allaha
Amma ki, güllərə solmaq yaraşmır.
Boşalsın bu dünya, dolmaq yaraşmır.
Bəndəyə kədərli olmaq yaraşmır
Görəsən yaraşır kədər Allaha?
Dünya bir quyudu, ən dərindəyik
Bu dərin quyuda dərd əlindəyik.
Biz onun daima nəzərindəyik
Bir yol biz edəydik nəzər Allaha
Tural Adışirinin təqdimatında