manera.az
manera.az

Gözümün yaş vaxtı - Həsən Kürün şeirləri

📅 08.04.2020 17:30

Gözümün yaş vaxtı - Həsən Kürün şeirləri
Manera.az gənc şair Həsən Kürün şeirlərini təqdim edir:

Gedib qayıtmayanlara ithaf

- Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.

- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr.

- Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
- Çoxdur, əmi can, çoxdur.
- Ananın da atandan
bir xəbəri yoxdurmu?

- Anam indi işdədir.
- Qızım, harda işləyir?
- Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.

-Yaxşı, mehriban anan
atandan bir söz demir?
- Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.

Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.

Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi”.

Sonra evə qayıtdım

İki gitarist oğlan
Bildiyi mahnıları
Hey ucadan oxuyur.
Onların gözlərində
İndi hamı xəsisdi.
Gitara sandığına
Mən də heç nə atmıram
Birinin səsi pisdi...

Balıqçı gəmisi də
Tək qoydu ləpələri
Gün qaralar-qaralmaz
Yanımdakı tabloda
Bu sözlər yazılmışdı:
“İntihar etmək üçün
dənizə girmək olmaz”

Orda uşaq var idi
Hörüklü qız uşağı
Yaşı doqquz-on olar.
Dənizə yalvarırdı:
“Atama de qayıtsın
ona ehtiyacım var”

Ondan utandım Allah
O balaca uşaqdan.
Gözündəki həsrətdən
Ürəyindəki dağdan.

O uşağın dilindən
Elə sözlər eşitdim.
Hamımızın yerinə
Dənizə nifrət etdim.

Sonra evə qayıtdım
Keçdiyim məhəllədə
Bir mənzərə var idi
Yadımdadır hələ də.

Dörd mərtəbəli bina
“Antena”lı köhnə dam
Üstünə bir quş qonub
Birdə yarımcan adam.

Özünü tullamağa
Biraz gücü çatmırdı
Bir az də cəsarəti.
Bir yığın bekar adam
Doldurmuşdu həyəti.

Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb
Özünü atar indi.
Bir neçə gənc jurnalist
Yeni xəbər var deyə
Gizlicə sevinirdi.

Sonra bir qadın gəldi
Əllərini qaldırıb
Xeyli göz yaşı tökdü.
Dedi: “gəl gedək evə,
Allah özü böyükdü!”

Allah onu bağışla
Yoldaşının gözündən
Axan yaşa bağışla.
Al onun dərdin, qəmin
Dağa, daşa bağışla.

Bağışla sahildəki
Səndən acığı gələn
Saçı hörgülü qızı.
Nə qədər ölməmişik
Bağışla hamımızı...

Gözümün yaş vaxtı

Cavan ömrün ilişə
Əcəlin boş vaxtına
Yaradan rəhm etməyə
Gözünün yaş vaxtına

Can verəsən qadası
Rəngin ola sap-sarı
Atanın duaları
Düşə sərxoş vaxtına

Anan özün itirə
Saçı boğa barmağın
Ağlayıb, sızlamağı
Düşə əzrail bəyin
"Ürəyi daş "vaxtına

Həmişə dərd-qəm yeyən
Gün üzünü görməyən
Cismini tapşıralar
Torpağın qış vaxtına

Pəncərə

Oğlu müharibədə itkin düşən analara ithaf edirəm

Yenə həmin pəncərə
Yenə həmin intizar
Nə ölüsün gətirən
Nə "diridir" deyən var

İyirmi dörd yaşı var
Ağrısı-acısının
Əlləri tir-tir əsir,
Üzünə qırış düşüb.
Küçəyə boylanmaqdan
Gözünə qırış düşüb

Səhər yediklərini
Axşam çağı unudur
Hərdən yerə yıxılır,
Evin divarlarından
Yapışmağı unudur

Nə yaşını düz bilir
Nə yetmiş illik adın
Bircə...
Oğlunun getdiyi gün
"Gül kimi" yadındadı

Təqvimin rəqəmləri
Amansız cəllad kimi
Hər gün bir az öldürür
Nə zəng gəlir, nə məktub
Nə həyətdə it hürür

Yazıq əldən düşdüyün
Cana doyduğun bilir
Nə oğlunun yerini
Nə də şəkillərini
Hara qoyduğun bilir

Heç kim ondan danışmır
Hamı onu unudur
Ən yaxın bildiyi də
Bir gün evin nömrəsin
Bir gün yolu unudur

Ayda-ildə bir dəfə
Qəfil qapı döyülür
Qonşunun kiçik qızı
Duz istəyib qayıdır
Yenə həmin pəncərə
Yenə həmin intizar
Sabah gün doğacaqsa
Demək hələ ümid var

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 280 | Yüklənmə tarixi: 08.04.2020 17:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031