manera.az
manera.az

SANDIQ: yeni romandan parça

📅 26.04.2020 15:08

SANDIQ: yeni romandan parça
Manera.az Qalib Şəfahətin yeni yazdığı "Sandıq" romanından bir parçanı təqdim edir:

Səhər tezdən olsa da, hava tam işığlanmamışdı, alatoran idi. Hərbi Hospitalın həyətində cərgə ilə yerləşdirilmiş, yerdən təxminən iki metr hündürlükdə olan, haki rənglə rənglənmiş, dəmir dirəklərin yuxarı hissəsinə bərkidilmiş işıq plafonları hələ söndürülməmişdi; ətrafı işıqlandırırdı.

Hospitalın həyətindəki ağaclar, təkəmseyrək adamların hərəkəti zorla seçilirdi.

Hava get-gedə işıqlandıqca Hospitalın həyətində adamların qarışqa kimi o yana, bu yana hərəkət etməsi aydınca müşahidə olunurdu.

Arada görürdün, iki nəfər qarşı-qarşıya gələndə o yana, bu yana döyükə-döyükə, ətrafa ürkək baxışlarla nəzər yetirib əllərinə fürsət düşmüş kimi, heç kəsin onları görmədiyindən istifadə edib öz aralarında pıçhapıçla nəsə danışır, tez də bir-birindən aralanırdılar. Belələri əksərən qadınlar olurdu.
Belə bir mənzərəni də müşahidə etmək olurdu: kimlərsə arada yaranan boşluqdan istifadə edib, iki bir, üç bir xəlvəti bir yerə çəkilib öz aralarında nəyinsə haqqında danışır, tez də dağılışırdılar. Görünür, komandirin onları bir yerdə söhbət etmələrini görməsindən ehtiyat edirdilər.

Hospitalın həyətinin sağ kəllə tərəfində, çardağın altına qoyulmuş stolun ətrafında 3-4 adam xeyli vaxt idi oturub nəyisə müzakirə edirdi. Arada kımsə onlara isti çay gətirir, boşalmış çaydanı götürüb aparırdı.

Kimsə kəşfiyyat xarakterli döyüşə gedirmiş kimi iti addımlarla gedir, bir anlıq qəflətən yerində dayanıb sağa-sola vurnuxur, sonra yenə yolunu davam edirdi.

Başqa birisi sanki tələsik iş görən adam kimi yeyin-yeyin yeriyir, əlində nəsə aparıb gətirirdi.

Görünür, hər kəs ona verilən tapşırığı tez-bazar yerinə yetirməyə çalışırdı.

***

Əsas yoldan hündürlükdə, təpənin üzərində, geniş bir ərazini əhatə edən Hospitalın həyətinə gedən yolu bir qədər sötünə qalxmaq lazım idi.
Əsas yoldan ayrılıb çəpinə yuxarı dönür, bir kilometrdən bir qədər də çox yolu qalıxdıqdan sonra sağ tərəfə burulub Hospitalın giriş qapısına yaxınlaşırdı.

Giriş hissə meydan kimi enli idi. Yağışlı, çiskinli havada, qışın qarlı-çovğunlu günlərində buralarda palçıq dizə çıxdığından girəcəyin xeyli hissəsinə asfalt döşənmişdi.

Üzərinə erməni və rus dilində “Stepanakert Hərbi Hospitalı” yazılmış giriş qapısından üzü içəri geniş ərazisi olan Hospital yerləşirdi. Hər tərəfdən hörülmüş hündür hasarlar ətrafı ərazidən ayırmışdı. Hasardan “Yekətəpə” adlanan təpəyə doğru düzənlik boy verib uzanırdı. Düzənlik boyu təkəmseyrək, ya təklikdən, tənhalıqdan, ya da ki, yayın qovurub yandıran istisindən boyu içindən o qədər də çıxmayan ağac kolları gözə çarpırdı.

Əslində “Yekə təpə”yə dağ deyən adamlar da tapılırdı.

Yüz metrdən bir qədər də çox zilinə qalxdıqdan sonra təpə üzü aşağı gedib dərəyə dirənirdi. Dərə uzunu çox da sulu olmayan ensiz, nazik, sısqa çay axırdı. Çay səssiz-səmirsiz axdığına görə adını “Lal çay” qoymuşdular.

Çaydan üzü yuxarı Harey dağı dikəlirdi. Harey dağı yekə təpədən iki dəfə hündür olduğundan; yəqin, müqayisə edib ona “Yekətəpə” adı vermişdilər.

Həm də Yekətəpənin üzərində təkəmseyrək ağaclar gözə çarpsa da, Harey dağının ətəklərindən meşə zolaqları uzanır, bir az üzü yuxarı qalxdıqca sərhəd keşikçisi kimi hündür qayalar bir-birinə boy verirdi.

***

Üç mərtəbəli, çöl hissəsi haki rənglə rənglənmiş Hospital ərazinin tən ortasında yerləşirdi. Hospitalın həyətinə girən asfalt döşəməli yol hər iki tərəfdən səki ilə ətrafdan ayrılmışdı. Yolun kənarında səkidən binaya doğru cərgə ilə əkilən meyvə və zeytun ağacları, ağacdan səkinin dibinə tərəf yolun kənarı ilə əkilmiş qızılgül kolları diqqəti cəlb edirdi. Binanın qarşı hissəsində yoldan bir qədər içəri, hasar boyu, çox da hündür olmayan şam ağacları dikəlirdi. Görünür, bu ağaclar yaxın vaxtlarda Hospital bu ərazidə salındıqdan sonra əkilmişdi.

Həyətə daxil olan maşın Hospitalın arxası ilə gedib binanın sağ tərəfindən sola tərəf dairəvi dönüş edib, orta girəcək hissənin qarşısında – ön hissədə dayanırdı.

Ön, əsas girəcək qapısının üzərində erməni və rus dilində “Stepanakert hərbi Hospitalı” yazılmış lövhə asılmışdı.

Hospitalın qarşısına tərəf dönən hissədən sağ tərəfdə istixana və anbar kimi istifadə üçün 3 bir mərtəbəli binalar gözə çarpırdı.

Hospitalın sağ künc hissəsindən giriş qapısına tərəf piyadaların gediş-gəlişi üçün asfaltdan ensiz çığır salınmışdı. Gəlib gedənlər çığırla kəsə gedib gəlirdilər, daha xeyli məsəfəsi olan maşın yolunu fırlanmağa ehtiyac olmurdu.

***

Hospitalın giriş darvazasından çöldə dayanmış ZİL markalı maşının ətrafına çoxdan bəri xeyli adam toplaşıb nəyisə müzakirə edirdilər. Kimsə arada onlardan aralanıb telefonla danışır, yenidən onların yanına qayıdıb, nə isə başa salmağa çalışırdı.

Başqa birisi gəlib onlara hansısa tapşırığı çatdırıb yenidən Hospitalın həyətinə daxil olurdu.

Digər birisi əlini-qolunu ölçə-ölcə yeyindən danışır, digəri səsini qaldırıb kiminsə qarasıyca deyinirdi. Görünür, nəyinsə mübahisəsini aparırdılar.

Giriş qapısına tərəf yaxınlaşan NİVA markalı maşının səsini eşitdikdə elə bil qurbağa gölünə daş atdılar. Üst-başlarına diqqət yetirib farağat vəziyyəti aldılar.

Ortaya dərin bir süküt çökmüşdü. Hamı lal-dinməz dayanıb gözlərini NİVA markalı maşına tərəf zillənmişdi.

NİVA markalı maşından düşən hündür boylu, toskun sifət polkovnik rütbəli adam ədalı yerişi ilə deyinə-deyinə, salamsız-kalamsız onlara yaxınlaşdı.

– Nəyi gözləyirsiniz? – Heç kəs dinmədi, hamı başını yerə dikib lal-dinməz dayanmışdı. Polkovnik bir az da səsinin tonunu qaldırıb əsəbi halda
davam etdi: – Niyə gözünüzü bərəldib üzümə baxırsınız? Sizinlə deyiləm? Kimi gözləyirsiniz, niyə maşın hələ yola düşməyib?

Komandir çox hökmlü və əsəbi bir görkəm almışdı. Sözləri güllə kimi açılıb sahiblərinin alnına çırpılsa da, ortada hələ cavab yox idi. Hamı başını yerə dikmişdi. Orta boylu mayor rütbəsində olan zabit 7-8 nəfər adamın içindən başını qaldırıb, dil ucu:

– Yox, komandir, hələ yola düşməyiblər. Mən də hələ bunları başa sala bilmirəm, – deyib suçlu adam kimi başını yerə dikdi.

Görünür, həmin adamın az-çox komandirlə danışmaq, nəsə demək hüququ var idi, digərlərinə söz demək, nəyisə başa salmaq səlahiyyəti
verilməmişdi.

– Bəs sən hara baxırsan? Axı, niyə, niyə çıxmayıblar? Üzü axşama doğru getmir? Saxlayıb, saxlayıb gecə çıxacaqlar? – Polkovnik əllərini göydə yelləyərək deyinirdi: – Kimdir, nədir sizə mane olan? – Polkovnik hamını lal-dinməz görüb səsinin tonunu bir az da qaldırdı: – Cavab verin! Niyə cavab verə bilmirsiniz? Diliniz gödəkdi, ona görə dillənə bilmirsiniz! Eybi yoxdu, mən özüm sizın dilinizi gödəldərəm! – Komandir hirsini boğa bilmirdi, qəzəbdən sanki gözləri hədəqədən çıxacaqdı: – Niyə dillənmirsiniz? Lalsınız? Mən deyib, mən eşitməliyəm? – Əllərini yelləyərək səsinin tonunu bir az da qaldırdı. Sanki əlləri göydə rəqs edirdi: – Baxın, belə döyüşdüyünüzə görə bu qədər itki verdik. Əməlli-başlı biabırçılıqdır. Sizin gördüyünüz işin hamısı belədir. Nəticə göz qabağındadır!

Komandir sözünü deyib onlardan bir qədər uzaqlaşdı. Hamı günahkar adam kimi başını yerə dikib yerində quyurcuxurdu. Heç kəs yerindən tərpənmək istəmirdi. Sanki daş olub yerə pərçimlənmişdilər. Daşdan səs çıxırdı, onlardan səs çıxmırdı.

Komandir gedəndən sonra mayor deyinməyə başladi:

– Elə yaxşı oldu sizə! Hələ bu da azdır! İlan ulduz görməsə ölməz, deyiblər.

***
Saat təxminən 10-11 arası olardı. Günəş şüaları çoxdandır yer üzünə həsrət qalmış kimi başını qaldırıb topa-topa buludların arasından gözünü yerə zilləmişdi. Hava təzə-təzə qızmağa başlayırdı. Torpağın sinəsi yenicə hərarət hiss etsə də, arada sərin mehin haradansa canına hopdurub gətirdiyi qarın sazağı bir anlıq adamın əzalarını oynadır, canından bir üşütmə, sızıltı keçirirdi.

Təbiət qış yuxusundan çoxdan oyansa da, bu yerlərdə gündüzlər günəş çıxandan sonra hava bir balaca ilıqlanır, axşama doğru getdikcə soyuyur, gecələr çox soyuq keçirdi. Aprelin üzücü sazağı iti bıçaq kimi adamın iliyinə işləyirdi.

Xeyli çək-çevirdən sonra ZİL markalı maşın Hospitalın həyətinə daxil oldu. Təxminən yarım saatdan bir qədər də sonra Hospitalın həyətindən çıxıb Xankəndindən İravana gedən yola düzəldi. Bu yolda ya çoxdandır baxımsızlıq ucbatından, ya da ki, tank, BTR-in çox gəlib getməsi səbəbindən asfalt dağılıb-eşilmişdi, çoxlu çala-çuxurlar əmələ gəlmişdi.

Gecə yağış yağdığından yolun kələ-kötür yerlərində gölməçələr yaranmışdı. Maşın hərəkət etdikçə təkərlər həmin çuxura düşüb ləngər vura-vura gedir, çirkli su çuxurlardan kənara dağılırdı.

Xoren sükandan möhkəm yapışsa da, maşın çala-çuxura düşdükcə o yan-bu yana ləngər vurub nehrə kimi yırğalanırdı.

Maşın Xankəndindən yola düşəndən leytenant Bədəlyan gəmisi dəryada batmış kimi qüssəli bir görkəm almışdı. Bir əli ilə şitin tutacağındanqdan tutmuş, o biri əli ilə də qapının tutacağından möhkəm yapışıb arxaya söykənmişdi. Suçlu adam kimi qaş-qabağını töküb, heç yana baxmadan, başını bir az önə əyib dinməz-söyləməz yerində oturmuşdu. Maşın ləngər verəndə bədəni yox, ancaq sirk kuklaları kimi başı o tərəfə, bu tərəfə yellənirdi.

***

Xankəndinin mərkəzindən İravana gedən yolda, təxminən 25-30 kilometr getdikdən sonra kəsə yola; – sola burulub “Çöl yolu” deyilən istiqamətə dönmək daha əlverişli idi.

Bu yol əsas yol sayılmırdı. Lakin o biri yol bir qədər uzun idi, əsas yola dönməkdən ötrü xeyli getmək lazım gəlirdi. Tələm-tələsik yola çıxanlar, mənzil başına daha tez çatmağa can atanlar bu sərt döngəli yolla getməyə üstünlük verirdilər.

Əslinə qalsa bu yol o qədər də sərt yol sayılmazdı. İnsanların qəlbində xof yaratdığına görə bir qədər şişirdilmişdi. Yüz metrə qədər sötünə qalxıb, mayili bir döngəni burulub keçmək o qədər də çətin deyildi. Görünür, insanlar xəyalən bu yolu bir qədər sərtləşdirmişdilər. İnsanların taleyinə qoyulmuş tələ sayırdılar.

Dünya görmüş təmkinli, səbrli adamlar heç vaxt sərt döngə deyilən bu yolla getməyə cəhd etməzdilər.

“Çöl yolu” düzənlik bir sahədən keçirdi. Təxminən iki kilometrə qədər yol getdikdən sonra yol dikəlirdi. Söt yolla 150 metr qalxıb sərt döngəni keçib bir qədər sola burulardı. Xeyli məsafə gedib sağa dönüş edər, dərin dərənin yolun keçən hissəsinə qoyulmuş körpünün üstündən kənd arası deyilən yola çıxırırdı.

***

Qışın oğlan çağında hər sürücü cürət edib bu yolla getməzdi. Qar yağıb havalar soyuq keçəndə, yollar buz bağlayanda bu yolda bir neçə maşın yuvarlanıb, uzüaşağı dərəyə düşmüşdü.

Onu da eşitmişdim ki, bu yolda; yayı, qışı fərq etməzdi, çox hadisələr olmuşdu. Dünya görmüş adamlar deyirdi: “Fərqi yoxdu, istər yay olsun, istərsə də qış – yayın istisi qanı çoşdurur, qışın da soyuğu qanı dondurub başdan xarab adamı bu yolda qurbanlıq edir. Burdan uçan ya qəmdən uçur, ya da ki, dəmdən uçur”.

Adamlar kəhanətlərə çox inanırdılar. Bilmirəm nə dərəcədə doğru, ya yalan idi, belə bir söz-söhbət də gəzirdi, deyirdilər, yolunu azanları bu yol özünə çəkir. Dönəlgəsi dönmüş mütləq bu yolda tələyə düşməlidir.

Başqa bir söz-söhbətin də şahidi olmuşdum, deyirdilər, – “bu yol mütləq öz qurbanını axtarıb tapmalıdı”. Başqa birisi də bu cür deyirdi, – “yox, qurban özü gəlib bu yolda qurbanlıq olmalıdır”.

Bu yolun üzü dönüklüyünü hərə bir cürə yozurdu. Erməni türkdə, türk ermənidə günah axtarırdı. Heç nəyə gücü çatmayan da ortalama yolun təməlini qoyanı söyüb lənətləyirdi.

Əsas da ermənilər yolun günahını türklərdə görürdülər. Guya bünövrəsini onlar qoyub. Bünövrə necə qoyulubsa, eləcə də davam etməlidir.

Yolun sərtliyi türkə, erməniyə baxmazdı. Əsas o idi ki, diqqətli olaydın, hövsələni basıb doğru-dürüst yolunu gedə biləydin.

Bu yola türklər, – “şeytan azdıran yol”, ermənilərsə “türk üçan yol” – deyirdilər.

Mənim üçün çox maraqlı idi, niyə belə deyirlər? Özü də türklərlə bir yerdə cəm olanda deməzdilər, öz aralarında, türklər olmayanda danışardılar. Arada danışıb xısın-xısın gülərdilər də. Ona görə içimdə qəribə bir hiss yaranmışdı. Bu danışılan söz-söhbətdə gizlin mətləb nədir?

Bir-iki dəfə də ermənilərdən soruşmuşdum, niyə belə deyirlər? Heç vaxt düzgün cavab vermirdilər: – “Ara na bilim, man da belə eşitmışam, türk birinci dafa burdan uçub, – deyirlər”. Mənə çox maraqlı gəlirdi, bunun səbəbi nədir? Bunlar nəyi düzgün demirlər? Nəyi gizlədirlər? Səbəbini sonra bildim, niyə ermənilər öz aralarıda, “turk üçan yol” deyir, aşkara deyə bilmirlər. Çəkinəcəkləri yer varmış.

“Ermənilər sırtıq millətdi, üz verəndə astarını da istəyir, gördün çərənləyir vaxtında ağızlarının üstə vurmaq lazımdır!” – bunu da mənə başqa bir dostum Zahir demişdi:

– Bilirsən onlar niyə xısın-xısın danışır?

– Mən hardan bilim? – dedim.

Onda o bu söhbəti mənə danışdı. Deyirdi, ermənilər ağına-bozuna baxmadan harda gəldi deyirmişlər: “Türk uçan yol”. Onlar belə deyəndə türkləri çox qıcıqlandırıdı. Bir dəfə belə bir hadisə oldu. Kərim adında dəliqanlı biri var idi. Ona “dəli Kərim” deyirdilər. Heç bu ayamadan incimirdi də, dediyini də eyləyən idi. Ermənilər də, türklər də xasiyyətinə bələd idi. Onu mən də xatırlayıram.

Ermənilər bir dəfə bir yerə toplaşanda kimisə ələ salmaq üçün, “türk uçan yol” sözünü işlədirlər. Bu söz ona hünük gəlir. Səsini əməlli-başlı qaldırır. Hələ üstəlik yağlı söyüş də söyür. “Bir də bu sözü kimin dilindən eşitsəm, onun arvadını, qızını belə... edəcəm, – deyir. Sonra da, ermənilərin üstünə çığırıb, – “hamınız burdan cəhənnəm olub dağılın, yoxsa, hamınızı kəllə-kəlləyə döyəcəm!” – deyib bağırır. Ermənilər səslərini də çıxarmayıblar, hərəsi bir tərəfə əkilirlər. Öz aralarında, “gerçəkdən də dəlidi, nə desən ondan çıxar. Xətadı, xətası bizdən uzaq olsun”, – deyiblər.

Düzdü, öz aralarında desələr də umumilikdə o gündən o söz onların arasında yasaq olunmuşdu. Hamı, ümumi söhbətdə o yola “şeytan azdıran yol”, – deyirdi.

II fəsil

Anuş xala axşamdan bəri özünə yer tapa bilmirdi, sanki rahatlığı əlindən alınmışdı. Özünü çox narahat hiss edirdi. Yuxusu gözündən qaçaq düşmüşdü. Yerində səhərə kimi o yana, bu yana eşələnmişdi. Elə bil yatağına qor dolmuşdu, səhəri dirigözlü açmışdı. Beyni zoqquldayırdı. Canında küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyə başladı:

– Bu nə bəla idi mən düşdüm, elə bil bədənim qırılır. Canım sızım-sızım sızıldayır. Yerimdən durmağa belə taqətim qalmayıb.

Sinəsində çırpıntı hiss edirdi. Yerində oturub əlini sürətlə çırpınan sinəsinə sıxdı:

– Daha ürəyim də sözümə baxmaq istəmir, elə bil yerindən çırpınıb çıxacaq. Ufuldanıb dərindən nəfəs aldı: – Ehhh, görünür, mənim də qismətim belə imiş. Ömür boyu səksəkə içində çarpışıb vuruşdum, səksəkə içində yaşadım. Heç vaxt özümdə bir rahatlıq, dinclik tapa bilmədim. Sonralar elə bildim hər şey yaxşılığa doğru gedəcək, sən demə, yenə də yanılmışam. Yel qanadlı illər gah böyür-başımda tufan qopardı, o tufandan qorunmaq üçün öz qara taleyimin əllərindən möhkəm-möhkəm yapışıb birtəhər dözüb yerimdə qalmağa çalışdım, gah da illərin ölümcül sakitliyinin yanımdan çay kimi axıb getdiyini hiss edirdim. Tufan olanda sakitliyə çəkilib daldeylənməyə çalışdım, sakitliyin içində darıxanda tufana tərəf can atırdım. Keşməkeşli həyat məni həmişə öz burulğanında atıb-tuturdu. Nədən belə olduğunun, niyə belə olduğunun fərqində belə ola bilmədim. Başım elə bir qatmaqarışıqlıqlar içində oldu ki, heç nədən zövq almaq gücündə deyildim. Həyatda qazanıcımın-bürüncümün nə olduğunun fərqində ola bilmədim.

Yataqda oturub başını küsülü adam kimi önə əymişdi. Əlini sifətində gəzdirib alnını ovuşdururdu. Başını yelləyib dərindən köks ötürdü:

– Həəə, demək belə! Əvvəli yaxşı gətirməyənin, axırının da yaxşı olacağını düşünmək əbəs imiş... Onsuz da mən əvvəldən bir gün-güzaran görmədim. Nə əvvəlim yaxşı oldu, nə də ki, axırım. Həmişə qaçaqaçda, qovhaqovda oldum. Özümdə heç cürə dinclik, rahatlıq tapa bilmədım.

Keçmişin külündə eşələnmək mənə çox ağır gəlirdi. Ha çalışırdım, ha vuruşurdum, bu gərginliyin, bu ağrı-acının içində itib-batmayım, onu da bacarmadım ki, bacarmadım... Keçmiş həmişə addımbaaddım məni təqib elədi, qarabaqara məni izlədi. Keçmişlə çarpışa-çarpışa, vuruşa-vuruşa gəlib bu yaşa çatdım. Bu vicdansız da son vaxtlar məni lap cızığımdan çıxarır. Adamda insaf yaxşı şeydir. Bir insafın, mürvətin olsun! Heç olmasa, sən imkan verəydin, bu qoca yaşımda öldüyüm yerdə öləydim.

Qəfildən dərin xəyaldan ayıldı. Dediyi sözdən yuxu görürmüş kimi diksinib sifətini turşutdu:

– Yox, yox, hələ ölüb eləməyim. Söz yox, ölməkdən-zaddan qorxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də gərək insan kimi öləsən. Deyəsən, o da mənə qismət olmayacaq. Ölənin yaxını, simsarı yanında olar, çətin vaxtında əlindən, ayağından yapışar, amma mənim yanımda heç kəsim yoxdu. Sahibsiz kimi bir şeyəm. Ölüb-eləsəm biabırçılıq olacaq, bilən də olmaz ki, mən ölmüşəm, ya sağam. Bu xaraba qalmış evdə indi özümdən başqa kimim var ki, mənim?.. Allah bilir, o da nə vaxt gələcək, ya gəlməyəcək. Bu əcəl də çox kəmfürsətdi, vaxt, vədə tanımır. Çağrılmamış qonaq kimi kefi istəyən vaxt gəlib adamın qapısını döyür, qılığına girir, ya da beyqəfil yaxasından yapışır. Çalış, yaxanı Əzrayılın əlinə vermə, elə ki, yaxandan yapışdı, daha əl çəkən deyil. Heç özünü toxtatmağa macal verməyəcək.

Ona elə gəlirdi ağrıdan beyni bu andaca paramparça olub üzü üstə yerə səriləcəkdi. Bədənində soyuq tər hiss edirdi. Soyuqlamış adam kimi titim-titim titrəyirdi. Əlini alnında, sifətində gəzdirdi. Sağ ovcu ilə alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurdu ki, durub bircə addım atsa, ürəyi qəflətən dayanacaq. Allah bilir, ondan sonra aqibəti necə olacaq?

Gecə ha istəmişdi yatıb gözünün acısını alsın, yatsaydı bəlkə yadından çıxarardı, ancaq yata bilməmişdi. Gözlərini yummaqdan qorxmuşdu. Bir azca gözlərinə yuxu gedən kimi ananın fəryadı, ah-naləsi qulağının içində uğuldayırdı. Elə bil, bu anda beyni deşiləcəkdi, səs iti alət kimi beyninə işləyirdi. O anlar kino lenti kimi gözünün qarşısından canlanırdı.

Divarın küncünə qısılmış ana körpə qızcıqazı köksünə basıb, başını körpəyə tərəf əyib ilan dili çıxararaq yalvarır. Heç kim ananın yalvarışına məhəl qoymur. Ana yalvardıqca içəridə olan bir neçə nəfər – içkidən keflənmiş saqqallı adamlar qəh-qəh çəkib gülürlər. Birisi səsinin tonunu qaldırıb deyir:

– “Bunun murdar səsi beynimizi apardı. Səsini biryolluq batırmaq lazımdır. Daha nəyi gözləyirik?”

Anuş xala diqqətini toplayıb sifətini turşudur:

– Bu o alçaq Vartanyanın səsidir. Elə biryolluq sənin səsin bataydı, mən də bu müsibətləri görməyəydim, – deyib deyindi.

Başqa birisi hırıldaya-hırıldaya deyir:

– Ara, gərək düşmənin fəryadından, ah-naləsindən ləzzət alasan. Qoy özü üçün nə qədər çığır-bağır salır salsın. Ha-ha-ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o eybəcər səsi mənim ruhumu necə sakitləşdirir, necə ləzzət alıram. – Dişlərini ağardıb hırıldayırdı: – Ha-ha! Hardan biləsən ki? Gərək duyumun olsun ki, onu duyasan. Ara, bilirsən necə zövqümü oxşayır o murdar səs. Həmişə türkün murdar səsini eşidəndə təlaş keçirib diksinirdim, bədənim ürpəşirdi, amma bu dəfə elə zövq alıram ki! Ən məlahətli, həzin musiqi səsi belə bu eybəcər səs qədər mənim ruhuma sakitlik gətirə bilməz. Off, necə ləzzət alıram! Dəymə! Dəymə! Qoy yalvarsın hələ! Görək bu yalvarıb-yaxarmaq ona nə verəcək?

Anuş xala gözünü bir nöqtəyə zilləyib kinoya baxırmış kimi deyindi: “Bu da o itsifət Mıkırtıçyandı, – dedi. – İt oğlu elə it sifətindədir. Onun hərəkətindən, oturuşundan-duruşundan murdarlıq yağır. O qədər murdar xasiyyəti var ki, adam axtarır bir yerindən it kimi qapsın. Onu yaxşı tanıyıram, bir neçə dəfə Zoriklə bizə də gəlmişdi. Onda da beləcə saqqalda idi. Deyəsən, elə bu həmişə saqqalda olur. Bəlkə də o murdar sifətini gizlətmək üçün saqqal saxlayır. Amma heç fərq eləmir, əksinə, saqqal onun o murdar sifətini bir az da eybəcərləşdirir. Ondan elə o vaxtdan zəhləm gedirdi. Özündən çox razı, yekəxana danışığı vardı. Həm də haraya qədər desən həyasızın biridi”.

Ana göynəyə-göynəyə yalvar-yaxar edir:

– Allahınız varsa, sizi and verirəm o bir olan Allaha, balamdan uzaq durun, balama toxunmayın! Məni öldürün, lap diri-diri odda yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz işgəncə verin, o körpədir, ona yazığınız gəlsin, bircə ona dəyməyin, toxunmayın!

Yazıq qızcığaz sanki ağlamaqdan da qorxurdu. Göz yaşını içində gizlətməyə çalışırdı. Anasının fəryadını, ah-naləsini eşitdikcə balaca qızcığaz kuklasını sinəsinə basıb özünü anasının köksünə sıxırdı. Sanki bununla təhlükədən qorunurmuş kimi həm özünü, həm də kuklasını gizlətməyə çalışırdı.

Zorik:

– Daha bunu heyvan kimi mələtməyə ehtiyac yoxdu, – deyib içki stolunun arxasından durur, dişlərini ağarda-ağarda anaya yaxınlaşır: – Türkə aman vermək olmaz, türkün kökünü qazımaq lazımdır” – deyib ananın qucağındakı körpəni dartışdırır. Üzünü onlar tərəfə tutub dişini ağardaraq deyir:

– Gərək bu türk küçüyünü anasının gözünün qabağında diri-diri yandırasan ki, ağılları başlarına gəlsin.

Anuş xala yenə öz-özünə deyinməyə başladı: “Axı, bu körpənin nədir günahı? O, bu yaşda nə bilir düşmənçəlik nə olan şeydir? Sizin bədnam niyyətinizdən onun nə xəbəri var?! Nə bilsin ki, kim hansı niyyətlə yaşayır. Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kimin olmalıdır? Niyə, nə üçün müharibə edirlər?” – Ufuldanıb başını yellədi: – “Uşağın öz uşaqlıq dünyası var, onu paramparça edəni Allah da bağışlamaz”. Xeyli vaxt idi ki, fikrə getmişdi. Başını bir azca qaldırıb deyindi:

– Bəlkə də elə ən böyük günah mənimkidir?! – deyib sifətini turşutdu. – Kaş ki, vaxtı, vədəni geri qaytarmaq mümkün olaydı. Çox şeyi çalışardım ki, yenidən qurub yaradım, amma təəssüf ki, çox-çox gecdir. Nə zamanı geri qaytarmaq mümkündür, nə də ki buna ömür vəfa edər.

Bir vaxtlar türklərdən eşitdiyi misal yadına düşdü. Elə düz deyirlər, dedi: “İlan zəhəri kərtənkələdən alır, amma insanın bədəninə zəhəri ilan yeridir, kərtənkələ yox”. Heç nəyi gizlətmək yox, etiraf etmək lazımdır. Burda mənim də günahım çoxdur. Elə bütün erməni analarının günahı böyükdür. Vaxtında düzgün tərbiyə versəydik, təbliğatı başqa cür aparsaydıq, bəlkə də bu faciələrə heç yol açılmazdı. Bunun kökündə biz erməni qadınların türk kişilərinə qarşı intiqam hissi dayanır.

Amma məqsədimizi gizlətsək də, istəklərimizi həyata keçirə bilirik. Hələ başqaları bir yana, mən özüm boynuma alıram, amma neyləyim ki, açıb-ağarda bilmirəm. Bizim türk kişilərinə qarşı nifrətimizdən qaynaqlanır hər şey. Düzdü, əvvəlcə onlara qarşı sevgi hisslərimiz baş qaldırır, böyük eşq yaşayırıq. Aramızda nələr olmur, nələr baş vermir? Hansı duyğular içimizdə baş qaldırmır? Sonra da aramız pozulanda bu sevgi hissi bir andaca nifrətə çevrilir. Onu da düz deyiblər, “sevgi ilə nifrət arasında bir addım yol var”. Elə ki, aramızdakı körpü qırıldı, sənin ayaqların hansı tərəfdə – nifrət tərəfdəmi, sevgi tərəfdəmi qalıbsa, başlayırsan elə o tərəfdən addımlamağa. Nifrət tərəfdən başladınsa böyüyüb-böyüyüb içində böyük bir nifrət dağı olacaq. Belə bir faciələrə, bəlalara gətirib çıxaracaq”.

Uşaq ananın köksünə qısılır, başını ananın sinəsinə sıxır. Zorik onu ananın sinəsindən qoparmağa çalışır. Uşaq başını anasının köksündə gizlədib ayağının arxası ilə Zoriki itələyib ağlaya-ağlaya: – Get, get, dəymə mənə, – deyir. Zorik tərəfə baxmamağa çalışır.

Anuş xala yenə ofuldanıb deyinir: – “Yazıq, yazıq körpə, başını anasının köksünə sıxıb gizlənməklə elə bilir bu qaniçənin əlindən qurtula biləcək.

Neyləsin məsum körpə, edə biləcəyi başqa bir etiraz əlaməti, arxalanmağa başqa bir dayağımı var? Bu məsum körpə qaniçənə qarşı başqa cür necə etiraz edə bilər? Etirazını ayağı ilə itələməklə bildirir”.

Ana körpəni daha da bağrına sıxır. O, körpəni zorla ananın sinəsindən qoparır. Körpə ucadan çığırıb-bağırır. Zorik körpənin kürəyindən yapışıb
əlində sallaya-sallaya ocağın yanına gətirir. Üzünü anaya tərəf çevirib dişlərini ağarda-ağarda, – “Siz türk it uşağına hələ bu da azdır” deyib uşağı yanan ocağın içərisinə atır. Körpə qız uşağının çığır-bağırtısı ananın fəryadına qarışıb beynində uğuldayırdı, onu rahat buraxmırdı.

Yatağında oturub Zorikin qarasıyca deyindi: – “Gerçəkdən bunun içərisi şeytan xisləti ilə dopdolu imiş. Bunda insanlıq adından bir şey qalmayıb. Eşitmişdim, amma inana bilmirdim, deyirdilər, şeytan adamın içərisinə girib mələyi qovur. Ondan sonra həmin adam şeytanla təmas qurur. Şeytan həmişə çalışır ki, onu pis yola, pis əmələ çəksin. Şeytanın əməlinə uyan adam şeytandan da betər olur. Bunun bu bəd əməllərinin şahidi oldum.

Bəlkə də anası olduğum üçün bu bəd əməlləri oğluma yaraşdırmırdım, ona görə də inanmağım gəlmirdi. Daha inamım birə-beş artdı. O, nifrətə layiqdir. Belə olmasaydı, o, bu əməlləri törətməzdi. Bu nə müsibətdi! İnsan olan kəs bu qədər də qəddar, qaniçən olarmı? Vicdanı olan, qanında, canında bir balaca insanlıqdan payı olan bu vəhşiliyi törədə bilərmi?

Kaş o kitabı heç oxumayaydım. Heç bu müsibətdən xəbərim olmayaydı. Onun belə bir vəhşi olduğunu heç bilməyəydim. Bəlkə onda rahat olardım. Öləndə də rahat ölərdim. Bilmirəm, mən niyə o kitabı əlimə alıb oxudum, o kitab nədən məni özünə cəkdi, o kitab haradan əlimə keçdi! İndən sonra belə bir əməlin sahibi olan insanı mən necə bağışlaya bilərəm?!”

***

Canındakı sıxıntı hələ keçməmişdi. Axşamkı yuxunun havası başını dumanlandırırdı. Dərin düşüncələr onu özündən çox uzaqlara aparıb-gətirirdi. Bir yanda bənd alıb otura bilmirdi. Gah bayıra çıxıb həyət-bacada fırlanır, gah da otağa qayıdıb beynində nəyisə ölçüb-biçirdi: “Eh! Otağa girirəm, elə bilirəm, divarlar üstümə yeriyir, bayıra çıxıram dünya başıma fırlanır. Belə də şey olar? Həyət-bacaya baxanda yağı görsə yazığı gələr. Daha əvvəlki vaxtlarım deyil, dizimin o taqəti qalmayıb, canım tutmur ki, nəsə bir işin qulpundan yapışım. Yerimdən zorla qalxıram. Heyif deyil cavanlıq, heyif deyil o günlər”.

Təəssüflə başını yelləyib deyindi:

– Demək mən də qocalmışam! Hərdən oturub fikirləşəndə cavanlığım özümə xəyal kimi görünür. Arada öz-özümə deyinib dururam. Başqa kimim var, kimə deyim, ən böyük dərdimi-sərimi də, elə sevincimi də özümlə bölüşürəm. Deyirəm, eh, Anuş, sənin də gözəgəlimli vaxtların, gözəl çağların olub. Atlını atdan salan baxışların var idi. Yeriyəndə elə bilirdin, ayağının altında yer titrəyəcək. Bığıburma cavanlar arxanca həsrətlə baxıb köks ötürərdilər. Sən də çox vaxtı gördüyünü görməməzliyə, eşitdiyini qulaq ardına vurardın. Belədi də, elə ki, əldən, ayaqdan düşdün daha səni saya salmırlar. Hələ kənardakılar bir yana qalsın, heç özününkülər səni vecinə alıb it yerinə qoyur ki?!

Deyən yoxdu burda bir qançıq anam var, yaxud nənəm var. Hərə başını götürüb bir çəhənnəmə əkilib. Həyət-baca da, ev-eşik də elə mənim kimi yiyəsiz, kimsəsız qalıb. Vaxt var idi, işə də gedirdim, ev-eşiyə də baxırdım. Həyət-baca gül qoxuyurdu. Bağa-baxçaya girəndə adam zövq alırdı. Nə işimdən narazılıq edən var idi, nə də evdən-eşikdən əlimi soyudurdum. Ən çətin doğuşda məni çağırırdılar. Bilirdilər ki, Anuşsuz kündələri küt gedəcək. Amma haqq üçün hörmətimi də saxlayırdılar. İndi dövran dəyişib, bu xaraba qalmış evin altında tək qalmışam. Zorikin də kefinə düşəndə gəlib çıxır evə, kefinə düşməyəndə də daşı atılır, aylarla evdə tapılmır. Bilmirsən, haraya cəhənnəm olur. Deyirəm, a bala, haralardasan? Mənə nə desə yaxşıdı, “işim-gücüm başımdan aşır, mühüm işlərlə məşğulam”.

Bilmirsən hansı mühüm işlərlə məşğuldur? Heç bunun əməlindən baş açan varmı? Allah da bunun əməlindən baş aça bilməz! Bu boyda ev-eşik xarabaxana qalıb, elə bil, burda adam yaşamır. Hamı qırılıb, tək-tənha quru yurdda qalmışam. Ölsəm heç kimin xəbəri də olmaz ki, mən ölmüşəm ya diriyəm. Vallah, aylarla meyidim evin bir küncündə qalacaq. Gecələr çaqqalların ulaşmasından qulaq tutulur, səhərə kimi yatmaq da olmur.

Gündüzlər həyat-bacada lal sükut baş alıb gedir. Elə bilirsən, dörd bir yanın yasa batıb. Nə çağıran var, nə səsinə hay verən var. Yayda yenə bir təhər dözmək olur. Elə ki, qış gəldi gecələr çox ölgün keçir. Elə bilirsən, bir gecən bir ilə bərabərdi.

Vaxt var idi, buralarda bir şənlik var idi, gəl görəsən. Türk erməniyə, erməni türkə qarışmışdı. Azdan, çoxdan ruslar da olurdu, başqa millətlərdən də var idi. İndi buralarda ermənilər bayquş kimi tək qalıb, tək yaşayırlar.

Hərənin öz işi-gücü var idi. Heç kəs heç kimin işinə baş soxmazdı, hamı öz işiylə-gücüylə məşğul olurdu. Bir yerdə əkər-becərərdik. Heç kəs cınqırını da çıxara bilməzdi. Səsi çıxanın boğazına qurğuşun əridib tökərdilər, bir də dilinə başqa söz gətirməzdi. Vallah, elə belə yaxşı idi. Bu nədir?

Hər tərəfdə elə bil bayquş ulayır. Elə onda da görürdün ki, arada bir bu zibil ermənilər araya şuluqluq salırdılar. Bunların bünövrədən şuluqluq qatmaq, ara qarışdırmaq peşəsidi, canında-qanında var axı. Belə də şey olar?! Yaşamayacaqdınızsa bu bədbəxt insanları niyə yerindən-yurdundan didərgin saldınız? Nəyinizə gərəkdir bu xarabaxana qalmış yurd-yuva? Nəyinizə gərəkdir viran qoyduğunuz Qarabağ? Heç bu boyda qan tökməyə dəyərdimi? Kim qalıb qoca-qoltaxdan, bir də imkansız, yazıq-yuzuqdan savayı?

Qırılmışlar, hərəsi gətirib bir qoca-qoltağı buraya atıb, cəhənnəm olublar, hərə öz kefində, damağındadı. Kim öldü, kim qaldı nəylərinə gərəkdi. Mən də ağzımı açıb bir söz deyəndə nə desələr yaxşıdı? – “Sən qocaldıqca nə çox deyinib-danışırsan, otur oturduğun yerdə, niyə bizim işimizə qarışırsan? Sənin nəyinə gərəkdir biz hara gedirik, hardan gəlirik? İndi dövran dəyişib. Gərək zamanə ilə ayaqlaşa biləsən. Qapılıb burada ömrümüzü-günümüzü çürüdəsi deyilik ki”.

İki ildən çoxdur ki, üzlərini gor görmüşlərin üzlərini də görə bilmirəm. Gələndə də kefə-damağa gəlirlər. Beş-on gün dəm-dəsgah qurub, sonra hərəsi bir tərəfə əkilir.

Görmüşəm arvad-uşaq evində-eşiyində olar. Düşənini götürər, qaçanını teyləyər. Bunlar eləməz! Bunlarda tam başqa cürdü. Oğul gedib Fransada veyillənir, arvad da gedib oğlunun yanını kəsdirib, guya ki, oğlunu çox istəyir, ondan ayrı dura bilmir. Külümü qoyum sənin arvad başına, səninki oğuldu, başqasınınki oğul deyil?! Denən ki, canıma əziyyət vermək istəmirəm, rahatlığa qaçıram. Bunun danışdığı sözə bir bax, sən Allah! Qız da ki, Amerkadadı hardadı, heç doğru-dürüst yerini-yurdunu da bilmirəm. Bu da ki heç”.

Əlini stolun oturacaq hissəsinə dirəyib ayağa durdu. Əsanı əlinə alıb dodağının altından deyinə-deyinə çölə çıxdı.

***

Maşın qalxan istiqamətdə yol dikəldikcə dərə də dərinləşirdi. Dərədən sol tərəfdə həyət evləri görünürdü. Həyatyanı məhlələrdə təzəcə puçurlamağa başlayan, bəziləri çiçəkləyib ağ duvağa bürünmüş gəlin kimi diqqəti cəlb edən meyvə ağacları gözə çarpırdı.

Dərə ilə əkin sahəsini çox sıx qaratikan kolları ayırırdı. Qaratikan kollarının arasından söyüd ağacları göyə boy verirdi. Yol qalxıb sağa dönən istiqamətdə nazık sısqa çay yola qoyulan körpüdən dərə uzunu axırdı. Yol sağa döndükdə, ona paralel istiqamətdə əkin yeri dəmir torla hasarlanmışdı. Hasardan yola tərəfə qaratikan kolları sıx-sıx əkilmişdi.

Hündür qaratikan kollarından ev görünməz olmuşdu.

Evə sağa dönən yoldan, məhlənin orta hissəsindən yol ayrılırdı. Həyətə göy rəngli dəmir darvaza qoyulmuşdu. Darvazanın göy rəngi artıq soluxmuşdu. Çox yerdən rəngi tökülüb pas atmışdı. Hiss olunurdu ki, çoxdan qoyulmuş darvazadır.

Evlə darvaza qapı arasındakı məsafə 150 metrə qədər olardı. Evə gedən yolda – yolun kənarına həm sağ tərəfdə, həm də sol tərəfdə alma ağacları əkilmişdi. Ağacların hündürlüyündən bilinirdi ki, ən azı 20 ilin ağaclarıdı. Evin yerləşdiyi yer söt olduğundan, iki otaqlı, qarşıda eyvanı olan ev aşağı hissədən iki mərtəbəli, yuxarı başdan bir mərtəbəli görünürdü. Yuxarıdan evin qarşısından xeyli qabağa çıxan balaca eyvanın qapısı birbaşa həyətə açılırdı. Həyətlə məhlə dəmir torla ayrılmışdı.

Eyvanın çıxacağı ilə üzbəüz böyük bir alma ağacı var idi. Ağacın dibinə əldəqayırma stol bərkidilmişdi.

Məhlə ilə yolun arası hündür idi. Məhlə yoldan xeyli çökəklikdə yerləşirdi. Görünür, yol çəkiləndə əlavə daş, torpaq töküb yolu hündürləşdirmişdilər.
Əkin yerində də çoxlu ağaclar gözə çarpırdı. Çılpaq ağaclar sanki keşikçi kimi ətrafa nəzər salıb məsum, yazıq bir görkəm almışdı. Baxımsızlıq ucundan ağacların ətrafını kol-kos basıb. Bağdan çox meşəyə bənzəyirdi. Maşınla gəlib keçənlər Zorikin evi olduğuna görə o evə göz ucu baxıb keçirdilər.

Həyət-bacada arada-sırada bir yaşlı qadın görünürdü. Burdan keçənlər qadını görəndə onun haqqında deyinib keçərdi:

– Bu ev də onların evidir. Görəsən indi haralardadır? Xarabasında olmaz əşi. O nə vaxt xarabasında tapılır ki? İndi nə bilirsən daşı hayana atılıb, – deyərdilər.


Baxış sayı - 917 | Yüklənmə tarixi: 26.04.2020 15:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031