Zahir Əzəməti düşünərkən...
![]()
Mən Zahir Əzəmət haqqında çox şeyi bilmirəm. Cəmi bir neçə dəfə görüşümüz olub özü də çoxdan, əlüstü... Amma nədənsə bu son günlərdə onun obrazı düşüncəmi qarışdırıb mənə rahatlıq vermir. Onunla bağlı təəssüratlarımın yetərsizliyinə əhəmiyyət vermədən “məni yaz” deyən fikirlərimi necə bilirəmsə, eləcə də yazacağam, ona görə ki, bu yazını yazmaq məndən asılı deyil.
Universitetin ikinci kursunda oxuyurdum. Vaxt tapan kimi Nərimanov rayonunda yerləşən Tağı Şahbazi adına kitabxanada o vaxt kitabxanaçı işləyən yazıçı-xanım Eluca Atalı (əsl adı Mədinə Hüseynovadır) ilə tez-tez görüşərdim. Siçovulların döşəməsinin altında və bucaqlarında o yana, bu yana qaçdığı, nəm qoxusu verən kitabxananın oxu zalında Eluca xanım ilə söhbətləşməyə, müəyyən məsələləri dartışmağa çoxlu ziyalılar (əksəriyyəti mənim kimi daimi oxucular idi) toplaşırdı. Kimisi tarixçi, kimisi ədəbiyyatçı, kimisi iqtisadiyyatçı, bir sözlə müxtəlif sahələrin bilicisi olan və ya olacaq alimlər və tələbələr burada elə qızğın müzakirəyə girişirdilər ki, onların tükənməz ehtirasına heyrətimi gizləyə bilmirdim. Söhbətlərin mövzusu bizi qayğılandırmaqdan, yıxıb-sürüməkdən bezmək bilməyən milli təəssüblərimizdən doğub törəyir, sonda isə bir yana çıxmırdı.
İlk günlər müzakirələrdə söz deməyə utanırdım. Bir gün daxilən cəsarət tapıb Eluca xanıma özümü təqdim etdim. O mənə o qədər həssaslıqla yanaşdı ki, az qala belə diqqətdən çaşıb qaldım. Təzə-təzə yazan vaxtlarım idi. Sonralar “Yanan sükut” şeirlər kitabıma toplayacağım mənasız şeirlərimin bir neçəsini həyəcanlı səslə ona oxudum. Məni qırmamaq üçün: “Yaxşdır, amma daha da yaxşı yazmaq olardı. Sən üzərində çox çalışmalısan,” – dedi. Beləcə, Eluca xanımla mənim aramda çox isti münasibət yarandı. O mənə ana qayğısı ilə yanaşırdı. “Adamdan üstün” kitabının müəllifi Eluca xanım, həqiqətən də, adamdan üstün xanımlarımızdandır.
2006-cı ilin yaz fəsli idi. Mərhum misirli yazar Yusif İzzəddin İsadan iki hekayəni dilimizə çevirmişdim. Redaktə işinə Eluca xanım yaxından köməklik göstərib tövsiyələrini verdi. Onda mən Bakıdakı Misir Mədəniyyət Mərkəzində əlbuyruğu çalışırdım. Mərkəzin ovaxtkı direktoru d-r Səyid Ğanemdən xahiş etdim ki, Yusif İzzəddin İsaya tədbir həsr etmək yerinə düşərdi; həm də qoy elə bu tədbir onun Azərbaycanda ilk təqdimatı olsun. O, tədbiri təşkil etmək üçün mənə icazə verdi və tapşırdı ki, tərcümə etdiyim materialları qəzet və ya jurnalın birində mütləq nəşr etdirim.
Nəşr işi ilə bağlı çox götür-qoylardan sonra Eluca xanımın məsləhəti ilə hekayələri “Sənət qəzeti”ndə dərc etdirmək qərarına gəldik. Buna qədər mən Zahirin adını eşitsəm də, şeirlərini və köşə yazılarını müntəzəm oxusam da, amma onu şəxsən görməmişdim.
Hər cəhətdən mütərəqqi ideyalar mücəssəməsi olan peyğəmbərimizlə bağlı Respublikamızı sarsıdacaq məlum qalmaqal hələ baş verməmişdi. Onda “Sənət qəzeti”nin redaksiyası indi Sahil bağı adlanan keçmiş 26-lar bağının yaxınlığında kirayələnmiş darısqal bir evdə yerləşirdi. Bu redaksiya-evi naşirlər həm də özləri üçün yatacaq yeri kimi istifadə edirdilər.
Eluca xanımın mənə verdiyi mobil nömrəyə zəng vura-vura redaksiyanın ünvanını çox çətinliklə tapdım. Kənarlarına zibil qutuları düzülmüş, dəhşətli üfunət qoxusu verən ensiz tağtavanı keçib dördtərəfi beşmərtəbəli bina ilə əhatələnmiş çirkli bir məhəlləyə daxil oldum. Ağzımı, burnumu əlimlə bağlayıb özümü nə qədər sıxmağıma baxmayaraq, üfunətin qoxusu ürəyimi bulandırdı. Bəlkə, sonralar elə belə ürəkbulanmalarından “Sənət qəzeti” canını qurtaranmadı...
Yöndəmsiz dəmir pilləkənləri yuxarı qalxıb pilləkənlərin sonunda üst-başımı düzəldərək qapını şəhadət barmağımın ucu ilə döydüm. Qapını dolu bir qız açdı. Hekayələrin mətni yazılmış əlimdəki disketləri ona uşaq sadəlövhlüyü ilə göstərib mənə Zahir Əzəmətin lazım olduğunu dedim. Qız üzümə baxmadan: “Zahir içəridədir, keçin!” – deyib dəmir pilləkənlərlə aşağı düşdü və gözdən itdi.
İçəridən nəzakətli səslə məni “gəlin, gəlin” deyib çağırdı. Qaranlıq dəhlizdə bir-iki addım atıb divar kağızları köhnəlmiş, siqaret tüstüsündən daha da saralmış hündür tavanlı otağın açıq qapısı önündə dayandım. Bir qədər duruxdum, sonra özümü ələ alıb otağa diqqətlə nəzər saldım. Otağın bütün əşyalarının hamısı, kompüter və televizordan başqa köhnə idi. Sağ küncdə üzörtüyü çoxdan yıpranmış bir divan, divanın qarşısında üzərinə müxtəlif qəzet və jurnallar səpələnmiş alçaq yazı stolu var idi. Sol küncdəki masaya kompüter, kompüterdən bir qədər aralı ekranı çox böyük olmayan televizor qoyulmuşdu. Otağın o biri başında ağaran dar pəncərə düz Milli Kitabxanaya baxırdı. Bu biri başda isə arxası qapıya tərəf çevrilmiş köhnə bir qoltuqlu stul televizorla üzbəüz səliqəsiz şəkildə qoyulduğundan darısqallığı daha da cansıxıcı edirdi.
Televizor yanılı idi. ANS axşam yeddiyə olan xəbərləri diktor qızın həyəcanlı səsi ilə çatdırırdı. Zahir köhnə qoltuğa yaslanıb televizora çox diqqətlə tamaşa edirdi. Başı televizora bərk qarışdığından bir müddət məni yadından çıxartdı. Otağın kandarında dayanıb “Xəbərçi”nin başa çatmasını gözlədim. Bir neçə dəqiqə belə davam etdi. Veriliş başa çatar-çatmaz televizoru pultla söndürüb qoltuqdan dikəldi, mənə yaxınlaşdı, əlimi sıxdı və divanda əyləşməyim üçün sol əli ilə işarə etdi. Münasibəti elə ustalıqla qurdu ki, sanki məni çoxdan tanıyırmış. Zahir redaksiyaya gəlmə məqsədimi bilirdi. Böyük məmnuniyyətlə disketləri məndən alıb hekayələrin mətnini kompüterə köçürtdü.
Ədib Yusif İzzəddin İsaya həsr olunacaq tədbir 31 may saat 17:00-a planlaşdırılmışdı. “Sənət qəzeti” on beş gündən bir – hər ayın biri və on beşində dərc olunduğundan məni narahat edən sorun qəzetin tez, yəni tədbirə qədər dərci məsələsi idi. İstəyirdim ki, tərcümə olunmuş hekayələrin mətnini qəzet vasitəsi ilə tədbir iştirakçılarına paylayım. İstəyimin nə olduğunu biləndən sonra Zahir gülümsəyərək məni əmin etdi ki, narahat olmayım, hər şey düzələr. Bir də sözləşdik ki, tədbir günü onun da çıxışı nəzərdə tutulacaq. Bundan çox razı qaldı. Sonra mövzunu dəyişib, ədəbiyyatımızın bu günü barəsində qısaca söhbətləşdik. Söhbətimizin qısa sürməsinə səbəb onun harasa tələsməsi idi. “Divar yazıları” şeirlər kitabı təzəcə işıq üzü görmüşdü. (Təvazökarlıqdan uzaq olsa da, bunu yazmaq məcburiyyətindəyəm.) Görüşümüzün sonunda o, kitabının birinci səhifəsinə bu sözləri yazıb, onu mənə incə nəzakətlə hədiyyə etdi: “İstedadlı dostum, ədəbiyyatla dolmuş Elmara! Əzəmət 20.05.2006-cı il”.
Artıq “Divar yazıları” kitabının dərcindən nə az, nə çox düz beş il ötüb. Amma kitabdakı şeirlərin mövzu aktuallığı, təəssüf ki, hələ də qüvvədədir...
Mayın 31-i Misir Mədəniyyət Mərkəzinin Gənclikdəki binasına çoxlu dəvətlilər yığışmışdı. Misirin Azərbaycandakı keçmiş səfiri Yusif eş-Şarkavi, o vaxt hələ akademik olmayan prof. Vasim Məmmədəliyev, Paşa Qəlbinur, Fərhad Mədətov, filologiya elmləri doktorları Fərahim Sadıqov, Cəlil Nağıyev və başqaları dəvətlilər arasında idi.
Zahir Əzəmət tədbir başlamasına çox az qalmış gəlib çıxdı. Qara şalvar, ağ köynək geyinmişdi. Saçlarını su ilə isladıb qıvrılmağa meyilli tellərini səliqəli şəkildə yana daramışdı. Yerişində, davranış və danışığında xüsusi özündənrazılıq nəzərə çarpırdı. Əslində isə Zahirdə özünü açıqca büruzə verən aldadıcı eqoistlik var. Amma onunla elə ki iki-üç kəlmə söz kəsməyə başladın, görəcəksən ki, tamamilə sünilikdən kənar özünəməxsus sadəliyi ona qarşı bayaq səndə formalaşmış rəyi alt-üst edib.
Mən də daxil olmaqla bir çoxları səbəbkar ədib və onun hekayələri barədə fikirlərimizi bölüşdük. Növbə artıq Zahirə çatmışdı. Söz d-r Səyid Ğanem tərəfindən Zahirə verildi. Zahir üzünü turşudub əvvəlcə Azərbaycanda müstəqil ədəbiyyatın olmamasından şikayətləndi. Bir az da irəli gedib “Sənət qəzeti”ni Azərbaycanın ilk müstəqil ədəbiyyat qəzeti adlandırdı. Çıxışının sonunda üzünü Vasim Məmmədəliyevə tərəf tutub, ərəb dilli bədii ədəbiyyatın dilimizə tərcümə olunmamasındakı boşluğa toxundu.
Hiss olunurdu ki, onun çıxışı birmənalı qarşılanmır. Hətta tədbirdən iki gün sonra filologiya elmləri doktoru, ərəbşünas alim İmamverdi Həmidov mənə yaxınlaşıb dərdi varmış kimi sakitcə pıçıldadı: “O cavan oğlan var idi, adı da yadımdan çıxdı, hə, Zahiri deyirəm, düz danışmadı, ondan heç xoşum gəlmədi. Yalana bax eyy.., o boyda “Ədəbiyyat qəzeti”ni beş qəpiklik divar qəzeti eləyib bəyənmir. Özləri nə yazırlar biabırçılıqdan başqa...” Əslində, İmamverdi müəllimi və başqalarını qıcıqlandıran “Sənət qəzeti”nin tədbirdə payladığımız həmin sayının son səhifəsində Sevinc Pərvanənin bir-iki “açıq-saçıq” şeirləri idi. Mən səmimiyyətlə and içə bilərəm ki, arasında əksəriyyəti cəmiyyətimizin avanqard ziyalısı olan əllidən artıq tədbirin iştirakçısı “Sənət qəzeti”nin varlığından həmin tədbirdə xəbər tutmuşdular.
Onunla sonuncu dəfə 2007-ci ildə “Alma qəzeti”nin köhnə İnqilab küçəsindəki redaksiyasında görüşdük. Kefi çox kök idi. Yazı aparmışdım. Çap edəcəyinə söz verdi. İyul ayında hərbi xidmətə gedəcəyimi söylədim. Uğurlar arzuladı. Küçəyəcən məni ötürdü. O vaxtdan bu vaxtadək biz üzbəsurət görüşməmişik. Nədənsə buna imkan olmayıb. Bir neçə dəfə telefonla danışmışıq. Birində utana-utana telefonda ona dedim: “Zahir müəllim, deyəcəksiniz ki, ancaq işim düşəndə sizi axtarıram”. Əvəzində təmkinlə mənə belə cavab verdi: “Yazar ilə naşir arasındakı münasibət, əslində, belə də olmalıdır”.
Bu günlərdə Bakıya gəlmişdim. Mənə çox doğma olan bir yazar dostumla (adını yazmayacam) dərdləşirdik. Ona Zahir haqqında yazmaq istədiyimi bildirib əlavə etdim ki, buna məni daxili bir ilham məcbur edir. Dostum gülmsünə-gülümsunə: “Yəqin səni dərc etdiyinə görə ondan yazmaq istəyirsən,” – dedi. Bu fikirlərinə görə ondan bərk incisəm də, bunu büruzə vermədim.
Gecədən xeyli keçib. Güclü külək əsir. Bu küləyin yerlə heç bir əlaqəsi və işi yoxdur. Soruşacaqsınız ki, necə yəni? Bəli, Gəncədə hərdən belə küləklər ancaq uca çinarlar üçün əsir. Evimizin aynabəndindən görünən yol boyu düzülmüş uca çinarları külək gah sağa, gah sola, gah irəli, gah da geri yırğalayır. Kürəyimdə əl hiss edirəm. Geriyə dartınıb bacım oğlu balaca Murazı görürəm. Yuxulu halda: “Dayı, hələ yatmırsan?” – deyib key nəzərlərini üzümə dikir. “Yaxşı, gedək başımızı basdıraq, yataq!” – deyə mızıldanıb kompüteri söndürürəm...
Elmar VÜQARLI,
MANERA.AZ