Ürək harda sevdi - Şeirlər

Yusif Nazim Ərəbsoy
Güzgü
Sən bir gözəl güzgüsən, baxmışam bəzənmişəm,
Baxışıma məst olub, gözümü sevmişəm də.
Səndən niyə inciyim, niyə gileylənim ki?
Mən sənə əksi düşən özümü sevmişəm də.
Sən azacıq kirlənib, bir az ləkəli oldun,
Səni silən olmadı, qadın donunda güzgü.
Sənə daş atdılarmı, ya yerəmi çırpdılar?
Sən vəfasız olmadın, sındın sonunda, güzgü.
Üzlərdə kinayəli, bax sırtıq gülüşlərə,
Bizə dişi ağarır indi mırıqların da.
Başqa güzgü də yoxdur, baxım bəzənim indi,
Könlüm hələ qan damır, əksim qırıqlarında.
Gözünə dəymir
Qəzaya uğramır söz qatarımız,
Sözüm dodağının sözünə dəymir.
Görünür, xoşbəxtsən bu ayrılıqdan,
Əllərin başına, dizinə dəymir.
Könlün aldanıbdı yalan sözlərə,
Gözlərin dikilib saxta gözlərə.
Üzün söykənibdir soyuq üzlərə,
Çoxdandır nəfəsim üzünə dəymir.
Həyatda ölümün yaddaşı kimi,
Yusif ayaq üstə baş daşı kimi.
Dənizdə balığın göz yaşı kimi,
Mənim ağlamağım gözünə dəymir.
Həyatın sevdiyi söz
Bəzən, an olur ki, adam zənn edir,
Sanki bu dünyaya təzədən gəlir.
Doğulan bir ömür buğda kimidir,
Köhnə dəyirmana təzə dən gəlir.
Suvanan divartək xatirələrdə,
Sənin həyatında çat qoyur Həyat.
Həyatın sevdiyi "qəfil" sözüdür,
İnsanı qəfildən mat qoyur Həyat.
Naməlum sanırıq, məlum olur ki,
Məlum bir ədəddir bu ömür payı.
Hər kirpik çalanda şahiddir gözüm,
Ömrümün bir kirpik azalır sayı...
Uzaqda sönən işıq
Bəzən illərboyu sevə bilmirsən,
Sanki eşq yolunda yorğun olursan.
Bəzənsə, qəfildən görüb birini,
Gözünə, ruhuna vurğun olursan!
Bilmirsən hansı əl qələm götürüb,
Könül dəftərinə "di, get, sev" yazır.
Dənizə bənzəyən göz görür gözün,
Sənin o dənizdə balığın azır.
Hər kəsin dünyaya gəldiyi gün var,
Hər kəslə bir yerdə sevgi doğulmur.
Mənim sevdiyimin gözləri kimi,
Elə dərinlik var, adam boğulmur.
Ürək harda sevdi, sevdi, xəbərsiz!
Deyirlər: "Sevginin yaşı da olmur".
Nəyinki sevdiyin həyat yoldaşın,
Heç həyat yolunun daşı da olmur!
Hardasa, uzaqda işıqlar sönür,
Bir qadın uyuyur öz odasında.
Bir şair beləcə bir şeir yazır,
Sevgi adasında, söz odasında!
Yaxın uzaq
Doymadığım o gözlərə,
Demədiyim o sözlərə,
Gecələrə, gündüzlərə,
Bir ölüm qədər yaxınam,
Bir ölüm qədər uzağam!
Anamın ağ tellərinə,
Sığal çəkən əllərinə,
Dibçəkdəki güllərinə,
Bir ölüm qədər yaxınam,
Bir ölüm qədər uzağam!
Gedib-gəldiyim izlərə,
Bu dağlara, bu düzlərə,
Məndən bezən əzizlərə,
Bir ölüm qədər yaxınam,
Bir ölüm qədər uzağam!
Ürəkdəki közümə də,
Güzgüdəki üzümə də,
Hətta, özüm-özümə də,
Ömürə də, ölümə də,
Bir ölüm qədər yaxınam,
Bir ölüm qədər uzağam!