manera.az
manera.az

Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı

Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı
Gülhüseyn Kazımlı ilə 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Elm və təhsil" baş redaksiyasında redaktor işlədiyi vaxtlarda tanış olmuşam. Mən həmin redaksiyada "Ədəbiyyatşünaslıq və zaman", "Ədəbiyyat" verilişlərinin müəllif-aparıcısıydım...

Böyük və azman şairimiz Məmməd Arazın xeyir-duası ilə ədəbiyyatda ilk addımlarını atan Gülhüseyn Kazımlı (Kazımov) dörd ali təhsilə yiyələnib. Muzey işçisi də olub, redaktor da işləyib, dövlət qulluğunda da çalışıb. Üstəlik, dövri mətbuatda xeyli elmi-publisistik yazısı çap olunub.

Filologiya elmləri namizədidir... Amma mənə görə gözəl təbə malik, incə qəlbli şairdir... Alim-şairdir... Bir də ki, onun diqqətimi cəlb edən cəhəti sevgiylə sadə, anlaşıqlı və səmimi bir tərzdə yazmaq bacarığıdır.

Bu isə təbliğat sahəsində çalışan insan üçün olduqca vacib cəhətdir. Təsadüfi deyil ki, uzun zamandan bəri bu istiqamətdə ardıcıl fəaliyyət göstərmiş GülhüseynKazımlı hazırda zəngin muğam irsimizin, mədəni xəzinəmizin yorulmaz təbliğatçısıdır. O, bu işi Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində böyük ürəklə, xüsusi həvəslə həyata keçirir.

İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və digər sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil edib. Görkəmli sənətkarlarımızdan Kor Əhəd və Bülbülcan haqqında iki kitab ərsəyə gətirib... Burada da o, adi təşkilatçı, adi aparıcı deyil, şairdir, filoloq alimdir...

1978-ci ildən üzü bəri onun iyirmiyə yaxın həm poetik, həm də elmi-kütləvi məzmunda kitabları işıq üzü görüb. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar 30-dan çox mahnı bəstələyib. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir. Onun sözlərinə yazılmış mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova və başqa tanınmış müğənnilər ifa ediblər.

Onillər bundan öncə Şuşaya həsr elədiyi bu şeir müqəddəs yurdumuzun panoramını sözlə yaradan unudulmaz bir lövhədir:

Təzə açılırdı düzlərdə səhər,
Duman asılmışdı yolların üstə.
Qalaya atılmış qədim bir şəhər,
Yatırdı dağların qolları üstə.

Zirvələr alışır, qara od düşüb,
Çaylar necə yanır dərə dibində.
Bu səhər günəşdən hara od düşüb?
Ovçu da yuxlayır bərə dibində.

Bu səhər dağ yolu elə hamar ki,
Hər qaya gözümdə kəhərə döndü.
Bu yollar, cığırlar dolanıb axır,
Bir qaya ovcunda şəhərə döndü.

Qəfil günəş doğdu, gözüm qamaşdı,
Yolları yoxuşdu, enişdi Şuşa.
Şuşaya o qədər yağış yağmışdı,
Yuyulub şüşəyə dönmüşdü Şuşa.


İndi Şuşanın, dağların həsrətində qalmışıq. Ancaq Qarabağın əsrarəngiz gözəlliyinin göz qamaşdıran, ürək sızıldadan lövhəsini Gülhüseynin "Dağlar yatır" şeirində dahi Şəhriyar demiş, "bir sinema pərdəsi" tək müşahidə edirik:

Bulaqlar - dağların büllur nəğməsi,
Kəkliklər, əliklər yatışmır burda.
Elə bil dərindən heyrət etməyə,
Adamın heyrəti çatışmır burda.

Bürünüb dumana, itib zirvələr,
Sərkərdə qayalar yenə sal durub.
Elə bil dumanda bitib zirvələr,
Ya da zirvələri duman qaldırıb.

Maraqlı adamdır, həyatsevərdir, səyahət etməyi xoşlayır. İndiyədək otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olub və bu səfərlərdə müşahidə etdiklərini şeirə, sözə çevirib Gülhüseyn Kazımlı. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alır. Muğamın vurğunudur. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarır.
Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı
Onun yaradıcılıq yolu, fəaliyyətinin müxtəlif mərhələləri parlaq uğurlarla zəngindir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, "Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004), "Seçilmiş əsərləri" (2010) və digər kitabların müəllifidir.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyi mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə və 70 illiyi münasibətilə "Gürcü teatrının dostu" seçdiyi Gülhüseyn Kazımlını lap bu yaxınlarda fəxri diplomla təltif etdi.

İctimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov-Goraniyə həsr olunmuş "Qaranlıqdan işığa. Əsgər ağa Gorani" (Bakı, "Şuşa" nəşriyyatı, 2016, - 224 səh.) kitabı Gülhüseyn Kazımlının yaradıcılığında və eləcə də müasir ədəbiyyatşünaslığımızda əlahiddə yer tutur. O, bu monoqrafik tədqiqatı tamamilə yeni metodoloji əsasda, fərqli rakursda, maraqlı üslubda qələmə alıb. Bu kitab Əsgər ağa Goraninin 2017-ci ildə keçirilmiş 160 illik yubileyinə layiqli bir töhfə oldu.

Bir məqamı da xatırladaq ki, Gülhüseyn Kazımlı vaxtilə Moskva İctimai Elmlər Akademiyasının mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasında təhsil almış, orada namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi olmuşdu. Onun "İnsanın dərki" ("Postijeniye çeloveka"- 1992) monoqrafiyası da dissertasiyası əsasında nəşrə hazırlanıb. Bu əsər ədəbiyyatda İnsan konsepsiyasının elmi-nəzəri həllini açıqlayır. Sənət və elm arasında əlaqələri tapmaq və dünya ədəbiyyatı kontekstində Azərbaycan bədii nəsrində psixologizm üslubunun funksiyasını üzə çıxarmaq bu tədqiqatın əsas məqsəd və vəzifəsi, başlıca problematikasıdır.

Alimin fikrincə, ədəbi janrlarda, xüsusən nəsrdə insan şüurunun müxtəlif qatlarında baş verən proseslərə nüfuz etmək cəhdi yeni məzmunlu bədii nəsri yaradıb. Monoqrafiyada "Qəhrəmanın mənəvi ziddiyyətlərinin açılmasında və əxlaqi baxımdan kamilləşməsində daxili konfliktlərin xüsusiyyətləri", "Müasir əxlaqi toqquşmaların (kolliziyaların) dərinləşməsi vasitəsi kimi əsərlərin struktrunda zaman əlaqəsi" fəsillərinin adlarından da göründüyü kimi, tədqiqatçı ədəbi-nəzəri fikrimizdə olduqca vacib məsələlərə toxunub. Yusif Səmədoğlunun "Qətl günü", Mövlud Süleymanlının "Dəyirman", Q.Pançikidzenin "Spiral", A.Bitovun "Puşkin evi" əsərləri 1980-ci illər Azərbaycan, rus və gürcü nəsrinin çox maraqlı nümunələri kimi müəllifin diqqətini çəkib və onları böyük dəqiqliklə elmi tədqiqata cəlb edib.
Mədəniyyətimizin və ədəbiyyatımızın yorulmaz tədqiqatçısı
Alim sübuta yetirib ki, öz zamanını qabaqlayan əsərlərin təməlində yalnız sənət üçün məlum olan, bizə və hətta sənətçiyə naməlum qalan detallar var ki, bu detalların mahiyyəti zaman keçdikcə aydınlaşır və həmin cəhət sənətin müasirliyini, zaman içində zamana nüfuzunu, əslində, zamansızlığını yaradır.

Kitabda əvvəllər psixologizm nöqteyi-nəzərindən baxılmamış, yaxud ədəbiyyatın tədqiqat obyektinə cəlb edilməmiş əsərlər ətraflı təhlil və tədqiq olunur, dəyərli müqayisələr aparılır, mühüm nəticələr çıxarılır. Monoqrafiyanın təqdir ediləsi cəhətlərindən biri də budur ki, parlaq sözügedən ədəbi-bədii nümunələri psixologizm və pozitivizm problemi müstəvisində tədqiqata cəlb edərək, haqlı bir nəticəyə gəlir:

Azərbaycan bədii nəsri dövrün ədəbi prosesində müstəqil, özünəməxsus şəkildə inkişaf edib, dünya və keçmiş sovet ədəbiyyatında kifayət qədər layiqli yer tutub. Tədqiqatda A.Platonov, İ.Bunin, Y.Zamyatin, A.Soljenitsın, Ç.Aytmatov, V.Nabokov, Ümmülbanu, Y.Səmədoğlu, Anar, Elçin, A.Bitov, Q.Pançikidze, D.Qeorqadze, Ç.Hüseynov, V.Şukşin, V.Rasputin və başqalarının əsərləri əsasında psixoloji nəsrin ən xarakterik xüsusiyyətlərinin aşkar edilməsinə uğurla cəhd göstərilir və bu tipli ədəbiyyatın inkişaf tendensiyaları elmi-nəzəri əsasda proqnozlaşdırılır.

Bu monoqrafiya sonralar Azərbaycan dilinə tərcümə olunaraq Gülhüseyn Kazımlının "Seçilmiş əsərləri"nə (2010) daxil edildi.

Onun həmmüəllif olduğu "Bülbülcan" və "Qarmonun əfsanəsi" kitabları mədəniyyət tariximizin araşdırılması baxımından olduqca maraqlı nümunələrdir. Tarixin arxivlərində qalmış mədəniyyət layını aşkarlayarkan Gülhüseyn Kazımlı ondan milli ədəbi sərvət kimi söz açır və bu səviyyədə qiymətləndirir.

Daima həyata ümidlə baxan, sarsılmaz inamla yaşayan Gülhüseyn Kazımlı özünün "Ümid" adlı şeirində yazır:

Ümid mənim yolum üstə,
İşıq olub, mayak olub.
O, ən ağır günlərimdə,
O, ən xoşbəxt günlərimdə
Hayan olub, dayaq olub...


Bu misralar onun həyat kredosunu, dünyaya, sabaha baxışını aydın ifadə edir.

Əziz dostum və dəyərli həmkarım Gülhüseyn Kazımlını 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, mənalı ömrünün bundan sonrakı onilliklərində ona möhkəm sağlamlıq, yeni uğurlar diləyirəm./525.az/

Qurban BAYRAMOV,
tənqidçi, ədəbiyyatşünas
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829