manera.az
manera.az

Özbəkistanın birinci prezidentinin elmi məsləhətçisi

📅 29.01.2020 09:00

Özbəkistanın birinci prezidentinin elmi məsləhətçisi
7 yaşında "qulaq"lıq edilib, ömrünün 8 ilini sürgündə yaşayan, 11 yaşında anasını və 3 yaşlı bacısını itiriən 95 yaşlı Əbdürrəhim baba

...Qonaq olduğum ailə ziyalı ailədir. İqtisadçılar ailəsinin ağsaqqalı 1924-cü il təvəllüdlü (95 yaşlı) Əbdürrəhim babadır.

Ortikov Əbdürrəhim Qoşaq oğlu Daşkənddə varlı ailədə doğulub. 7 yaşı olarkən (1931-ci ildə) ailəsi (atası, anası və üç qardaşı) , o dövrün digər ziyalı və varlı ailələri ilə birlikdə “QULAQ” qurbanı olaraq Sovet hökuməti tərəfindən şaxtalı qış günlərində Ukraynanın Odessa vilayətinə sürgün edilib. Sürgünə gedərkən dəmir vaqonda soyuğa dözə bilməyən körpə qardaşı Cəlaləddin dünyasını dəyişir...
Odessa vilayətinə çatan kimi dörd yaşlı qardaşı Abdullanı onlardan zorla ayırıb, yetimxanaya verirlər...
Üç ildən sonra, yetimxanada yaşayan uşaqları başqa bir ölkəyə göndərilmə xəbərini eşidən 7 yaşlı Abdulla ata-anasının yanına qaçmağı bacara bilir. Amma digər yetim uşaqların taleyi yenə üzlərinə gülmür. Onları başqa ölkəyə aparmaq adı ilə gəmiyə yığıb, müəyyən məsafə getdikdən sonra gəmini partladırlar...
1934-cü ildə Əbdürrəhimin Hacınisə adlı bacısı dünyaya gəlir...

Ömrünün ən gözəl illəri olan uşaqlıq illərinin səkkiz ilini sürgündə həddindən artıq ağır şəraitlərdə keçirən Əbdürrəhim bu müddət ərzində anasını, bacısını da itirir...

Belə ki, anası Mübarək sürgün vaxtı "qarayara" xəstəliyinə tutulur və müəyyən vaxtdan sonra ayaqları kəsilir. Bacısı Hacınisə çox balaca olduğu üçün anasına Əbdürrəhim baxır. Əzablı ömür sürən ananın ölümü övladları - 3 yaşlı qızı Hacınisənin, 11 yaşlı oğlu Əbdürrəhimin gözləri qarşısında baş verir. Anasının bu halından çox qorxan Hacınisə ağır xəstələnir və bir neçə gündən sonra üç il qonağı olduğu dünyaya əlvida deyir...

Həyatın ağır sınaqlarından keçən “QULAQ” damğası vurulan ailənin sayı getdikcə azalırdı. Artıq 6 il keçmişdi. Sovet hökumətinin illər öncə Daşkənddən qoparıb gətirdiyi o xoşbəxt yeddi nəfərlik ailədən cəmi dörd nəfəri – Əbdürrəhim, böyük qardaşı Əbdürrəhman, kiçik qardaşı Abdulla və ataları Qoşaq sağ qalmağı bacarmışdı...
Özbəkistanın birinci prezidentinin elmi məsləhətçisi
VƏTƏNƏ QAYIDIŞ

Bağban işləyən Qoşaqın ən böyük arzusu öz doğma Vətəninə qayıtmaq idi. Amma maddi vəziyyəti acınacaqlı olduğundan hamısı birlikdə qayıda bilməzdi. Bunun üçün ilk olaraq böyük oğlunu Daşkəndə göndərir...
İki ildə sonra, 1939-cu ildə isə Əbdürrəhimi atası Daşkəndə, böyük qardaşı (böyük qardaşı artıq həmin vaxt texnikumda oxuyurdu) Əbdürrəhmanın yanına göndərməyi qərara alır.
Ağır zəhmətlə topladığı pulların hamısını Əbdürrəhimin paltarının astarına tikir. Sonradan bu pullar oğluna Daşkəndə yaşayan qardaşı və nənəsini tapmasına lazım olacaqdı...
Qardaşı və nənəsini tapan Əbdürrəhim elə həmin il Pedaqogika texnikumuna da daxil olur...

BEKABAD METALLURGİYA ZAVODU

1942-ci ilin fevral ayında texnikum rəhbərliyinin göstərişi ilə Bekabad metallurgiya zavodunun nəzdində fəaliyyət göstərən məktəbə müəllim təyin olunur. Havanın zəhərli olması, məktəbin ağır şəraiti 16 yaşlı müəllimin xəstələnməsinə səbəb olur və yenidən Daşkəndə dönür...
Bir neçə aydan sonra, həmin ilin sentyabr ayında Daşkənd Nəqliyyat Universitetinə daxil olur. 1943-cü ilin aprel ayında bütün qrup yoldaşları muharibə cəbhəsinə göndərilir, "QULAQ" damğası vurulan Əbdürrəhim isə yenidən Bekabad metallurgiya zavoduna, bu dəfə isə fəhlə kimi göndərilir. Üç il davamında arxa cəbhədə xidmət edərək, metalqayırma ilə məşğul olur. 1946-cı ilin sentyabrında Daşkənd maliyyə Universitetinə qəbul olur. Universiteti yüksək qiymətə bitirir və öz elmi səlahiyyətini göstərdiyinə görə 1950-ci ildə Özbəkistan Elmlər Akademiyasının İqtisadiyyat institutu aspiranturasına tövsiyə edilir. Əbdürrəhim Artikov 25 il (1950-1975) İqtisadiyyat institutunda fəaliyyət göstərir. İqtisadiyyat elmləri üzrə namizədlik üçün dissertasiyasını müdafiə edir...

ÖZBƏKİSTANIN BİRİNCİ PREZİDENTİNİN ELMİ MƏSLƏHƏTÇİSİ

1957-1965-ci illərdə İqtisadiyyat institutunda doktorluq və namizədlik dissertasiyalarının müdafiəsini sistemləşdirən elmi şura katibi olaraq fəaliyyət göstərir. O dövrdə onlarla gəncin namizədlik dissertasiyasının hazırlamasında elmi məsləhətçi olaraq yaxından köməklik göstərir...
İllər keçəcək, həmin gənclərdən biri də Özbəkistan Respublikasının birinci Prezidenti olacaqdı.
Elmdə göstərdiyi xidmətlərə görə Əbdürrəhim babaya “Şöhrət” ordenini və “Fəxri diplom”u da İslam Kərimov şəxsən təqdim edib. Həmin anın fotosunu qürur hissi ilə bizə təqdim edir.
Azərbaycanlı Tağıyev adlı iki qardaşın da namizədlik dissertasiyalarının elmi rəhbəri olduğunu bildirir...
Əbdürrəhim baba ziyarətinə gələn insanlardan “ata-anan sağmı?”-deyə soruşur. Həyatda olduğunu öyrəndə üzü gülür, həmin insanları təbrik edir. Dünyanın ən xoşbəxt adamlarını ata-anası sağ olan övladlar adlandırır...

Sərvər Kamranlı
AYB-nin üzvü,
Prezident təqaütçüsü
Bakı-Daşkənd-Bakı
12 dekabr 2019-9 yanvar 2020


Baxış sayı - 1 047 | Yüklənmə tarixi: 29.01.2020 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031