50 yaşlı kişinin 15 yaşlı qızı qaçırması - BAXIŞ |MANERA.AZ
FAŞİST GERMAN GERİNQ NECƏ KARLSONA ÇEVRİLDİ
Dünyada elə məşhur əsərlər var ki, onun qəhrəmanı həyatdakı hansısa şəxslə prototipdir. Maksim Qorki hesab edirdi ki, surətlər müəllif təxəyyülünün məhsulu olmamalı, real həyatdakı hansısa adamla oxşarlıq təşkil etməlidir. Dostoyevski də əsərlərini real obrazlar üzərində qurmağı sevib. Onun fikrincə, heç bir yazıçı təxəyyülü real həyatdakı qəhrəmanla müqayisə edilə bilməz.
CEYMS BOND
manera
Bu surət artıq neçə illərdir ki, dünya sakinlərinin rəğbətini qazanıb. O bəzən çox sakit, bəzən çılğın, bəzən hansısa gərgin vəziyyəti yoluna qoyan agentdir. “Agent 007” adı ilə məşhur olan Ceyms Bond hələ də sevimli obraz kimi qalmaqdadır. Deyilənə görə onun prototipi holland şahzadəsi ilə evlənən, avantüraya meyilli şahzadə Bernard Van Lippe-Bisterfelddir. Ceyms Bond barədə ilk kitabı ingilis kəşfiyyatçısı Yan Fleminq yazıb. Həmin kitab “Royal kazinosu” adı ilə 1953-cü ildə dərc edilib. O illərdə Yan Fleminq şahzadəni izləmək üçün xidmət başında idi. İzləmə əməliyyatı təsadüfən aparılmırdı. Şahzadə Bernard alman kəşfiyyatından ingilis kəşfiyyatına “verbovka” olunduğundan, onu izləmək lazım gəlirdi. Sonra hər 2 kəşfiyyatçı arasında dostluq münasibətləri yaranıb. Və bununla da Bernard Bonda çevrilib. Əlbəttə ki, əsərdə.
OSTAP BENDER
Ostap Benderin prototipi Moskva-Daşkənd qatarında bələdçi işləyən Osip Şor olub. Yazıçılar İlf və Petrov “Qızıl buğa” və “12 stul” əsərlərində Osipi Ostap ediblər. Osip Odessada doğulub, avantüraya, fırıldaqçılığa meyilli adam olub. O, Petroqradda Texnologiya İnstitutunu bitirib Odessaya qayıtmaq istəyərkən pulu qurtarıb. Vəziyyətdən çıxmaq üçün o, özünü gah beynəlxalq qrossmeystr, gah abstrakt düşüncəli rəssam, gah da antisovet təşkilatının gizli üzvü kimi təqdim edib. Belə yalançı adlarla doğulduğu Odessaya gəlib çatıb. Osip orada milis idarəsinin cinayət axtarışı şöbəsində işə düzəlib. Nəticədə cinayət məcəllələrini əzbər bilib. Qocalanda isə Moskva-Daşkənd qatarında bələdçi işləyib. Xatırlayırsınızsa, filmdəki Ostap Bender də rüşvət alarkən Cinayət Məcəlləsini tez-tez xatırladır.
ŞERLOK HOLMS
Yazıçı Artur Konan Doyl özünün xairələrində qeyd edirdi ki, Şerlok Holms obrazının yaranmasında həkim Cozef Bellin böyük rolu olub. Bell o qədər enerjili, üstəlik hissiyatlı imiş ki, Konan Doyl onun erudisiyasına heyran qalıb. O yazırdı ki, əgər həkim Cozef detektiv olsaydı, bütün cinayətləri öz hissiyatı və məntiqi ilə açardı. Artur Konan Doyl həkimin xəstələri qəbul etməsini, onların üzünə baxmaqla xarakterlərini necə söyləməsini canlı şəkildə izləyib. Şerlok Holms barədə kitab çıxandan sonra Doyl həkim Cozefə məktub yazıb ki, “bu obraz qondarma deyil, onu sizin özünəməxsus danışığınız və məntiqinizə əsasən yazmışam”. Həkim Cozef Bell cavab məktubunda ona təşəkkür edib və yazıb ki, “əsil Şerlok Holms siz özünüzsünüz”.
“ALİSA MÖCÜZƏLƏR ÖLKƏSİNDƏ”
manera
Bu əsərin ideyası bir gəzinti zamanı yaranıb. Müəllif Lyuis Keroll Oksford Universitetinin vitse-kansleri Henri Lidelin qızları ilə gəzintiyə çıxıbmış. Qızların arasında Alisa Lidell də olub. Gəzinti zamanı Alisa xahiş edib ki, onlara maraqlı nəsə danışsın. Lyuis Keroll özündən hadisələr uydurmağa başlayıb. Uydurma - Alisa adlı qızın möcüzələr ölkəsinə necə düşməsi, başına gələn əhvalatlar barədə olub. Ertəsi gün Lyuis Keroll dünənki gəzintini və uydurduğu əhvalatı yadına salaraq qələmə alıb. İki ildən sonra Alisaya gələcək əsərin əlyazmasını təqdim edib. Qız gözlərinə inanmayıb. Bəli, uydurulan əhvalatın sonradan bütün dünyanın sevimli əsərinə çevriləcəyinə inanmaq çətin idi.
LOLİTA
Günlərin birində məşhur yazıçı Vladimir Nabokov qəzetdə kriminal xəbərlərə nəzər salırmış. Onun bioqrafı Brayan Boyd xatirələrində yazır ki, Nabokov bir xəbəri dəfələrlə oxuyub və qələmlə halqaya alıb. Xəbərə əsasən 50 yaşlı Frenk Lassal Nyu-Cersidən olan 15 yaşlı Salli Horneri qaçırıb.
Nabokovun qəhrəmanı kimi o da Sallini hamıya özünün qızı kimi təqdim edirmiş. Halbuki, 50 yaşlı mexanik qızı yaşında olan gözələ vurulubmuş. Onu o qədər sevib ki, evlərinə buraxmaq istəməyib, yanında saxlayıb. Bu kriminal xəbər sonra məşhur “Lolita” əsərinə çevrilib.
KARLSON
Damda yaşayan balaca kişinin prototipi barədə müxtəlif fərziyyələr irəli sürülməkdədir. Belə fərziyyələrdən birinə əsasən Karlsonun prototipi faşist Almaniyasının görkəmli simalarından olan German Gerinqdir. Yazıçı Astrid Lindqren və German Gerinqin ilk tanışlığı ötən əsrin 20-ci illərində baş tutub. Həmin vaxt Gering İsveçdə aviaşou nümayiş etdirirmiş. 1-ci Dünya Müharibəsindən sonra o, artıq təyyarəçi kimi tanınmışdı. Deyilənə görə onun xarizması və dadlı yeməklərə sevgisi Astrid Lindqrendə belə bir əsərin yazılmasına maraq oyadıb. Yazıçı həmin illərdə natsional-sosialistlərə özünün simpatiyası ilə seçilir və Gerinqlə dostluğunu davam etdirirdi.
Beləliklə, Karlson barədə kitab 1955-ci ildə dərc edildi. Amma doğrudan da maraqlıdır: Karlson və German Gerinq.
Manera.az