manera.az
manera.az

Açıq qapı: Şəhla Aslan yazır...

Dəyərlərə hörmətlə...


Yola saldığımız 2019-cu ili bir çox səbəblərlə şəxsim üçün uğurlu il hesab edə bilərəm. Bunlardan biri, bəlkə də ən birincisi Türkiyənin nüfuzlu universiteti, xüsusən, pedaqoji ixtisaslarda yetəri qədər peşəkar mütəxəssislərin çalışdığı Gazi universitetində istədiyim ixtisas üzrə doktoranturaya qəbul olmağım oldu. Azərbaycanda uzun müddət jurnalist kimi fəaliyyət göstərməyim, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi məqsədiylə həyata keçirilən layihələrin əlaqələndiricisi olmağım Türkiyədə çox sayda məsləkdaş, dövlət adamları, ədəbiyyat və mədəniyyət sahəsində çalışan dəyərli insanlarla tanışlığa, dostluğa səbəb olub. Bu baxımdan təhsil aldığımın Universitetin paytaxt Ankarada yerləşməsi şəxsi inkişaf və dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün başqa bir avantaj hesab oluna bilər.

2019-ci ilin Sentyabr ayında Ankaraya gəldim. Gəlişimi, burada uzun müddət qalacağımı bilən bütün dostlar əlaqə saxlayır, çətinliyimin olub-olmamasıyla maraqlanır, uyğun zamanda görüşmək istədiklərini bildirirdilər (bu da bir mədəniyyətdir!). Yeri gəlmişkən, etiraf etmək gərəkir ki, Türkiyədə, şəxsən şahid olduğum Ankara şəhərində bir azərbaycanlı tələbənin problemi olmur; dilimiz bir, mədəniyyətimiz bir, mətbəximiz də çox yaxın. Anlaşma asan, azərbaycanlılara münasibət isə doğmalıq müstəvisində. İki dövlətin birlikdə nümayiş etdirdikləri qardaşlıq siyasəti yerli əhalinin düşüncəsinə olduqca yüksək səviyyədə siraət edib. Bu səbəblə də, diqqətimi daha çox dərslərə yönəldib, dostlara ərk edib, görüşləri daha rahat vaxta, imtahanlardan sonraya saxlayırdım.

Ankarada ziyarət edəcəyim insanların siyahısını hələ Bakıda olarkən düşünmüşdüm. O insanları ziyarət etmək borcum idi ki, fiziki bağlılığı olmasa da, cəmiyyətə töhfələri, xeyirxah əməlləri, əsası da dostluq münasibətləri ilə ruhən mənə çox doğmadırlar; Valideyn kimi, qardaş, bacı kimi!..

Bacı demişkən, Türkiyədə doktoranturaya qəbul olma xəbərimə mənim qədər sevinən, Türkiyədə böyük bacı qayğısını hiss etdirən, dəyərli elm adamı, şəfalı həkim Fatma Sönməz hocam oldu. Səhhətimdə yaranan problemi bir müddət ondan gizlətməyə çalışsam da, sonradan xəbərdar olub, yaşadığı Kırıkkale şəhərindən dəfələrlə Ankaraya gəlib, tövsiyələri verir (ərk edib,səhhətimə diqqət etmədiyim üçün bəzən danlayır), sonra da sağlamlıq vəziyyətimi telefon vasitəsiylə nəzarətində saxlayırdı. Göstərirdi ki, böyük bacı məsuliyyəti belə olur!..

Gazi Universitetində ilk semestr bizim üçün yeni təhsil sisteminə alışmaq zamanı idi. Təbii ki, bu dövr həyəcansız ötüşmədi. Yeni universitet; fərqli qayda-qanun, yeni müəllimlər, yeni kitablar… Bütün bunlara ramən, semestri uğurlu bitirməli idik. Bunun üçün vaxtımız çoxu kitabxanalarda dərslərimizə dair araştırmalar aparmaqla keçirdi. Ürəyimdəsə, hər zaman narahatlıq vardı; ziyarət edəcəklərimə vaxt ayıra bilmirdim. “Növbəti həftə mütləq gedəcəyəm” –deyə-deyə ilin sonu yetişdi, elə semestr də başa çatdı. Müəllimlərimizin tapşırıqlarını yerinə yetirib, bir az rahatlaşmış olduq. Artıq “bəhanə” yox idi, sırada dəyərləri ziyarət etmək vardı!..

İl 2020, ay Yanvar, gün Cüma! Yeni ilin ilk günlərində Fatma Sönməz bacım və digər həkim dostlarıyla çox sevdiyimiz, vətəninə, millətinə, dövlətinə səmimi-qəlbdən bağlı olan, buna onun söylədiyi hər fikirində şahid olduğumuz dəyərli elm adamı, siyasətçi, Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcab Tayyip Ərdoğanın müşaviri, hörmətli Yalçın Topçu bəyi iş yerində, Prezident Adminstrasiyasında ziyarətə getdik. Yalçın bəylə görüşümüz ilk olmasa da, bir dövləti idarəedənlərin çalışdıqları binaya, Adminstrasiyaya ilk dəfə getdiyim üçün həyacanlı, eyni zamanda qürurlu idim! Dostlarla görüşüb, təyin olunan vaxtda Adminstrasiyaya üz tuturuq…

Açıq qapı: Şəhla Aslan yazır...

Adminstrasiya... Möhtəşəm bina… Üçüncü mərtəbə… Bu mərtəbədə qapısı açıq olan yalnız bir otaq gözümüzə dəyir. Yaxınlaşırıq. Divarda “Yalçın Topçu” yazılıb. Demək ki, açıq olan onun qapısıdır. Otaqda çəkiliş qrupu var, Yalçın bəy müsahibə verir. Bizi gördüyündə, çıxışını saxlayıb, ayağa qalxır, qapıya doğru gəlir. Mehribanlıqla salamlaşdıqdan sonra, otaqdakı jurnalist həmkarlarla bizi tanış edir. Fatma xanıma: - Bacı, sən gəl, yanımda otur, deyib, kreslonu yaxınına çəkir. Söhbət başlayır. Şəxsi keyf-halımızı soruşduqdan sonra gündəmdəki mövzulara dair fikirlərini bölüşür. Sonra sıra xatirələrə gəlir; Müəllimlərindən danışır, eləcə də siyasət aləmində başına gələn hadisələri səmimi şəkildə bizimlə bölüşür. Əsl kitablıq materiallardı, deyirik. “Yox, bunlar hər kəslə bölüşülməz”- deyərək gülür. Bu bizə inandığının bir göstəricidir!

Universitetlə, dərslərimlə maraqlanır. İmtahanlar zamanıdır, deyirəm. Köks ötürür… Böyük qardaşı hesab etdiyi, məsləkdaşı Muhsin Yazıcıoğlunu xatırlayır (red.: Böyük Birlik Partiyasının qurucusu, siyasətçi), onun imtahanlara hazırlaşmasından danışır. Deyir ki, Muhsin başqan çox ağıllı biri idi, imtahanlara üç gün qalmış, birisi keçirilmiş dərsləri ona danışardı, o da sadəcə üç gün ərzində dinlədiyi dərsləri yüksək səviyədə öyrənərdi.

Açıq qapı: Şəhla Aslan yazır...

Söhbətinin davamında Azərbaycan-Türkiyə dostluq əlaqələrindən bəhs edir; Qardaşlıq münasibətlərinin yeni olmadığını, iki dövlət, bir millətin dostluq əlaqələrinin qədim tarixinə dair dəqiq faktlar söyləyir. Bu arada Fatih Topaktaş otağa girir. Fatih bəy Yalçın Topçunun sevimli yol yoldaşı, eyni zamanda köməkçisidir. Fatih bəyi uzun müddətdir tanıyırıq; çox pozetiv, səmimi və işgüzar bir insandır. Xoş rəftarı, səmimiyətiylə hamımızın sevimlisi olmağı bacarıb.

…Otağda müsbət aura var; geniş və göz oxşayandır. Buarada hər bir ölkəyə xas atributlar, mədəniyyət nümunələri var. Otağın bir tərəfində böyük bir masa, üzərində Azərbaycana aid tarixi, mədəniyyət nümunələrinin əks olunduğu hədiyyələr, divardan asılmış xalça üzərinə toxunmuş bir tablo var. Tabloda Yalçın bəy əlini qarşı tərəfə uzadıb nə isə deyir, fonda “Qarabağ” yazılıb. Möhtəşəm görüntüdür. Yalçın bəydən rəsm haqda soruşuram. Deyir:

Açıq qapı: Şəhla Aslan yazır...

- Rəsmdəki yer Ermənistan tərəfdən işğal edilmiş tarixi Qarabağ torpaqlarıdır. Jurnalislərlə Cocuq Mərcanlıya getmişdir. Sizin həmkarlar o torpaqlarda çox duyğulandılar. Bu şəkildə sərhəddən o tərəfdə qalan torpaqları götərib, üzülməyin, bir gün bütün Qarabağ torpaqlar geri alınacaq, deyirdim.
Rəsm əsəri Yalçın bəyə bizim Qarabağ müharibəsinin qəhrəmanı İbad Hüseynov (red.: “Azərbaycan bayrağı” ordeni kavaleri, kəşfiyyat-diversiya dəstəsinin keçmiş komandiri) tərəfindən hədiyyə edilibmiş. Bu yerdə söhbət İbad Hüseynovdan düşür. Yalçın bəy İbad Hüseynovun Xocalı soyqırımında qadınları, körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən, dünyanın bir çox ölkəsinin kəşfiyyat xidmətlərindən yayına bilən və ümumiyyətlə, türklərə qarşı çoxsaylı terror aktları keçirən hərbi cani Monte Melkonyanı necə öldürdüyündən danışır.

Qeyd edir ki, 1993-cü ildə Azərbaycan ordusunun o vaxt cəmi 22 yaşı olan kəşfiyyatçısı, qəhrəman İbad Hüseynov Melkonyanla Xocavəndə, Muğanlı kəndində üz-üzə gəlir. Melkonyan ermənilərin nəzarətində olan kənddə azərbaycanlı kəşfiyyatçı ilə üzləşəcəyini gözləmirmiş. O öldürülməməsi üçün İbada yalvarır, ancaq eyni zamanda atəş açmağa da cəhd edir. Qəhrəman İbad bir atəşlə Melkonyanı yerə sərir. Sonra başını kəsir… Bütün bunları böyük fəxr hissiylə söyləyir, Yalçın Topçu!

Müasir Azərbaycanın görüntüsünün əks olunduğu tabloyu Yalçın bəyə təqdim edirik. Təşəkkür edib, hədiyəni otağındakı Azərbaycan güşəsinə yerləşdirir.

Açıq qapı: Şəhla Aslan yazır...

Xatirə şəkli çəkilir. İki saata yaxın davam edən xoş söhbətlərdən sonra getmək üçün icazə istəyirik. Bizi binanın liftinə qədər müşayət edir. Səmimi şəkildə sağollaşır, ayrılırıq.

Bəli, 2020-ci il bizim üçün belə bir xoş görüşlə başladı. İlin hamımız üçün, xeyirli, uğurlu, dəyərlərə hörmət hisslərinin unudulmaması hissiylə…

Şəhla Aslan,
Ankara


Açıq qapı: Şəhla Aslan yazır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031