manera.az
manera.az

Əlvahi-intibah - Məhəmməd Hadinin məşhur poeması

Əlvahi-intibah - Məhəmməd Hadinin məşhur poeması
Manera.az mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyi münasibəti ilə məşhur "İnsanların tarixi faciələri yaxud Əlvahi-intibah" poemasını təqdim edir:

1

Həyatın səsləri guşumda həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır və lakin yad şəklində.
Bu torpaq qanlı ovlaqdır, bəşər səyyal şəklində,
Ədavət daima vardır, məhəbbət ad şəklində,
Bu dünya əskidəndir səhneyi-bidad şəklində,
Cahan başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalər, qüssələr abad şəklində,
Ürəklər qəm odilə hər zaman bərbad şəklində,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

2

Səadət bir əməl, amma şəqavətlər həqiqətdir,
Məsərrət ani bir şeydir, məlalətlər həqiqətdir,
Məhəbbətlər müvəqqətdir, ədavətlər həqiqətdir,
Ədalət nerdə, lakin zülmü vəhşətlər həqiqətdir,
Hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir,
Qaçan bir kölgədir rahət, məşəqqətlər həqiqətdir,
Bəlalər, dərdlər çoxdur, fəlakətlər həqiqətdir,
Bütün əsarımız qanlı, cinayətlər həqiqətdir!
Budur, tarix meydanda, hekayətlər həqiqətdir!
Bəniadəmdə hər gündə şərarətlər həqiqətdir,
Cahan bir ərzi-matəmdir, müsibətlər həqiqətdir,
Cəhənnəm var bu dünyada, əziyyətlər həqiqətdir,
Məişət aləmində rəncü zəhmətlər həqiqətdir,
Bəşər şakidir ömründən, şikayətlər həqiqətdir,
Nə yapsın bəxtsiz insan ki, möhnətlər həqiqətdir?!
Kədərlər, qüssələr, qəmlər, səfalətlər həqiqətdir.
Bəniadəmdə hər gündə bu surətlər həqiqətdir:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

3

Gülüşlər həp binasızdır, fəqət, qəmlər təbiidir.
Fərəhlərdə təməl yoxdur, o matəmlər təbiidir,
Könüldə hüzn odu, gözlərdəki nəmlər təbiidir,
Həmişə qəlbi məhzun eyləyən dəmlər, təbiidir,
Yerin üstündə hər gündə axan dəmlər1 təbiidir,
Demək, islahı müşkül qanlı adəmlər təbiidir,
Demək, pak olmayan bu kirli aləmlər təbiidir,
Demək, dünyadə məzlum ilə əzləmlər təbiidir,
Təbiət aləmində qəmli görkəmli təbiidir.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

4

Bu adəm oğlu çoxdandır mübarizdir təbiətlə,
Çox əski bir mübarizdir tükənməz dərdü afətlə,
Mübərizdir mərəzlə, mikrob ilə, cümlə illətlə,
Mübarizdir yer ilə, vəhşi dəryalarla, zülmətlə,
Bütün dünyanı parlatmaq dilər ənvari-hikmətlə,
Bütün torpağı abad etmək istər dəsti-sənətlə,
Yeri çox şənlik etmişdir çalışmaqlıqla, qeyrətlə,
Yolu üstündəki əngəlləri yıxmaqda hikmətlə,
Həmişə ömrü keçmişdir məşəqqətlərlə, zəhmətlə.
Neçə min il də keçdi keçməyir bir vaxtı rahətlə,
O hala müztəribdir ömri-bədbəxti fəlakətlə,
Bəşər dincəlməyir, bir gülməyir, ağlar müsibətlə.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

5

Soyuqda titrər, işlər, isti günlərdə qararmaqda,
Sudan, oddan, dəmirdən, daşdan əkməklər çıxarmaqda,
Qovuşdurmaq üçün dəryaları torpağı yarmaqda,
Tunellər yapmaq üçün ən böyük dağı qoparmaqda,
Tükənməz güc var imiş ol biləkdə, qolda, barmaqda,
Bütün əllər, ayaqlar həp çalışmaqdan qabarmaqda,
Fəqət məcruhdur ömrü, yazıq hər gün saralmaqda,
Üzündə bir bulut var, gözləri gülməz, yaşarmaqda.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

6

Bəni adəm çalışmışdır həmişə, sanma yatmışdır,
Yeri elm ilə, sənət ilə parlatmış, donatmışdır,
Əsir etmiş yeri, zəncirə çəkmişdir, qoşaltmışdır,
Dəmirdən yol qayırmışdır, gəzən evlər yaratmışdır,
Dərin dəryaları baziçə etmiş, torlar atmışdır,
Dağı, daşı qoparmış, bir-birinə bəhri qatmışdır,
Yerin altındakı mədənlərə əllər uzatmışdır,
Bu zəhmətlərlə böylə hər zamanda qanə batmışdır,
Bu onu, o bunu hər gündə vurmuşdur, qanatmışdır,
Həyatın aləmində ta əzəldən ağu dadmışdır,
Həmişə aldığı qəmdir, süruru, suru satmışdır.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

7

Gələn gündən bəri ərzi-vücuda Adəm övladı –
Əsir etməkdə tədricən yeri, suyu, odu, badı,
Bu gün də ildırım yer oğlunun bir əbdi-münqadı,
Göyə yüksəlmiş Adəm oğlunun məhsulu-icadı,
Nücumu bilmək üçün eyləmiş icad mirsadı,
Demək ki, sahibi-dünyadır insanın böyük adı,
Nə varsa torpağın üstündə, olmuş iştə səyyadı,
Bununla böylə qardaş qardaşın olmaqda cəlladı,
Həmişə böylədir insanların simayi-naşadı:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

8

Tükənməzdir bu insanın künuzi-əqlü ürfanı,
Bəşər bir canlı mədəndir, bəşər bir mərifət kanı,
Qul etmişdir tamamilə bu sərvətgahi-imkanı,
Dağın qəlbindəki əşya bütün münqadi-fərmanı,
Yerin altında altunlar əsiri-dəsti-insani,
Göyün, dəryaların, torpaqların ciddən hökümranı,
Böyükdür, çox böyükdür, çox da yüksək adəmin şanı,
Bütün zülmətləri tənvir edərkən fikri-rəxşanı,
Deyildir müntəzəm hala da əhvali-pərişanı,
Ürəklər odlu, gözlər yaş, gülüşsüz cümlə pişanı,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

9

Yerin üstündə insan oğlu insan çox çalışqandır,
Əzəl gündən bəri zəhmətlərə pək çox alışqandır,
Yeri çox şənlik etmişdir, fəqət, öz halı virandır,
Hələ zənn etmə insanlar işıqdır, əhli-ürfandır,
Böyük bir qismi əqvamın qaranlıqlarda puyandır,
Çox azdır anlayan, adəmlərin çox qismi nadandır,
O hala bilgisizdir, nursuzdur, beyni nöqsandır,
Bunun üçün də xoş gün görməyir, hər gündə giryandır.
Hanı xoşbəxt cəmiyyət, bütün aləm pərişandır,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

10

İşıqlı göylər altında qaranlıq canlı insanlar,
Çiçəkli yerlər üstündə xəzan vicdanlı insanlar,
Baharı parlaq aləmdə gözü baranlı insanlar,
Həyati-Nuhə bənzər ömrünüz tufanlı insanlar,
Bu dəryayi-bəlada bimədəd, əfğanlı insanlar,
Ticarətgahi-dünyadə böyük xüsranlı insanlar,
Gəhi atəşli, toplu, gəh qılınc-qalxanlı insanlar,
Müdam olsunmu torpağın qucağı qanlı, insanlar?
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

11

Bəşər! Bədbəxtsən, giryan, pərişan bir həyatın var,
Müsibət torpağından yoğrulan bədbəxt zatın var,
Əziyyətdən yapılmış bir həyati-bisəbatın var,
Təvarixin içində qanlı-qanlı faciatın var,
Qaranlıq günlərin, matəmlə dolmuş kainatın var,
Həyati-müzlimindən sonra barid bir məmatın var,
Yerin altında böylə keşməkeşlə irtibatın var:
Deyirlər, həşrü nəşrin var, deyirlər ki, siratın var,
Ölümlə qurtuluş yoxsa təriqi-nanicatın var?
Demək ki, keşməkeşlərlə təbii ixtilatın var,
Demək, yox olmayırsan, gərçi zahirdə vəfatın var,
Həyatın aləmində mən görən böylə sifatın var;
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

12

Həyatında sirati-müstəqimi görməyirsən sən,
Hidayət rəhbəri əqli-həkimi görməyirsən sən,
Yazıq insan! Neçin qəlbi-səlimi görməyirsən sən?
Ədavət narını gördün, nəimi görməyirsən sən,
Məhəbbət aləmindən bircə mimi görməyirsən sən.
Neçin fərmani-vicdani-rəhimi görməyirsən sən?
Həyatın ağlayır, ruyi-bəsimi görməyirsən sən,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

13

Gələn gündən bəri qandır işin həp aləmi-duna,
Tökərsən qan, bu xislətlə əgər çıxsan da gərduna,
Təvarixində şahid vaqeatın xaki-pürxuna,
Tükənməzmi, ey insan, səndəki amali-məcnuna?
Sitəmlər daima vardır, ədalət nerdə mədfuna?
Fərəhnak olmayır dünyadakı əqvami-məhzuna,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

14

Gələn gündən bəri, ey Adəm oğlu, ərzi-imkanə,
Daş atmaq vacib ikən səndəki cəhl adlı şeytanə,
Tüpürmək fərz ikən ol rəhbəri-zülmatü xüsranə,
Fəqət sən daşlar atdın çöhreyi-ərbabi-vicdanə,
Tüpürdün ruyi-həqqə, yəni ruyi-əhli-ürfanə,
Bu gün qoşmaqdasan atəşli, qanlı bir biyabanə,
Gözəl bax səndəki çirkinliyə, hali-pərişanə,
Bulaşmışsan bu gün başdan-ayağə qıpqırmızı qanə,
Yerin üstü dönübdür öz əlinlə qanlı meydanə,
Baxanda gözlərim ağlar bu insan oğlu insanə,
Baxın diqqətlə millətlərdəki simayi-giryanə:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

15

Bəşər! Dad gördüyün yox, yoxsa səmdənmi yapılmışsan?
Ədalətlə aran yoxdur, sitəmdənmi yapılmışsan?
Sükundar olmayırsan, mövci-yəmdənmi yapılmışsan,
Həyatın bir cəhənnəmdir, ələmdənmi yapılmışsan?
Günün, ayın, ilin matəmmi, qəmdənmi yapılmışsan?
Təvarixin təmamən qanlı, dəmdənmi yapılmışsan?
Həmişə ağlayırsan, dəmi-nəmdənmi yapılmışsan?
Sonunda yoxluğun vardır, ədəmdənmi yapılmışsan?
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

16

Anandan doğduğun gündən işin fəryadü əfğandır,
O gündən etibarən gözlərin hər gündə giryandır,
Çocuqkən əmdiyin süddür və ya inki bəyaz qandır,
Demək, xunxar vəhşisən, adın hərçənd insandır!
Nasıl, bədbəxtsən ki, aləmin bir beytüləhzandır?!
Əzəldən ağlayırsan, son həyatın çox pərişandır,
Əvət, sən canlı bir qəmsən, bu halın iştə bürhandır:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

17

Qaranlıq əsrlər keçdi, fəqət yox nuri-tabəndə,
Məhəbət nuru parlarmı, buna heyrətdəyəm mən də,
Nasıl bir gündə ərzi-tələt eylər sübhi-rəxşəndə?
Neçə min il də getdi, gəlmədi bir ruzi-fərxəndə,
Yazıq, ey Adəmin oğlu, sənə hər gündə, hər dəmdə!
Həyatın giryədir, qəmdir, haram olmuş sənə xəndə,
Təbəssüm etsə də güllər, üzün gülməz bu gülşəndə,
Dodaqsız qaldığın gündə gülərsən, yəni mədfəndə,
Demək ki, çöhreyi-tale əbədgiryandır səndə.
O keçmiş qəmli halın bəlli, qəmsizmi bu ayəndə –
Və yaxud nəsli-ati də bütün giryanü giryəndə?
Bu gün könlün pərişandır, bir gün halın pərakəndə,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

18

Bəşər! Alçaq həyatın var, əgərçi şahbalın var,
Tədəvinapəzira xəstə əqlin, xəstə balın var,
Təbii vəhşətin durmuş, ələzzahir kəmalın var,
Təkəllüm eyləsən də, ixtilali-nazəvalın var,
Əzəldəndir ki, müdhiş inqilabın, ixtilalın var,
Nasıl dəhhaş, atəşpaş cəngin var, cidalın var,
Əvət, çox günlərin vardır qara, məhzun ləyalın var,
Əvət, pək çox qəmin vardır, əvət, pək çox məlalın var,
Həyati-maziyən göz yaşlıdır, çox odlu halın var,
Bu atidən də səs yox, çünki istiqbali-lalın var,
Keçən keçmiş, yarın məchul, bir məlum halın var:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

19

Göyə yüksəlmiş, ey insan, sənin əsmari-əfkarın,
Sənə seyrəngəh olmuş altı, üstü cümlə əbharın,
Sənə təslimi-nəfs etmiş dibi dəryayi-zəxxarın.
Suyun altındakı əşya əsiri-dəsti-səhharın,
Yol açdın qəlbgahından yədi-sənətlə kuhsarın,
Dəniz, yer, göy bütün məhkum dəsti-səltənətdarın,
Bu gün varkən əlində, ey bəşər, miftahı ənvarın,
Mübarizkən qaranlıqla həmişə əqli-nəvvarın,
Fəqət hala qaranlıqdır bütün əxlaqü mişvarın,
Fəcayedən ibarətdir bütün əsarü ədvarın,
Bu atilərdə də yoxmu sənin hali-ziyadarın?
Bu hal ilə davam eylərmi yoxsa aləmi-tarın?
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

20

Ucalmışsan göyə, amma hələ süflitəbiətsən,
Gözəl yollar qayırmışsan və lakin bitəriqətsən,
İşıqlı şəhrlər yapdın, özün məğlubi-zülmətsən,
Deyirsən mərifət lazım, özün timsali-vəhşətsən,
Sədaqətdən vurursan dəm, yalançı, bisədaqətsən,
Dilindən düşməyirkən həqq, pərəstişkari-qüvvətsən,
Bu xasiyyət ki var səndə, inan ki, nasəadətsən.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

21

Təsəvvür eylədikcə cəngi-atəşrəngü dəhhaşi,
Düşür kirpiklərimdən səfheyi-rüxsarə göz yaşi,
Bəşərdə qəlb var, derlər, görəydim mən də ol daşi,
Yerin üstündə öldürməkdədir qardaş-qardaşi,
Dilim vird eyləmiş atidəki əşari-qardaşi,
Dilim vird eyləmiş atidəki əşari-qəmpaşi:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

22

Təfəkkür eylədikcə faciati-səfheyi-xaki,
Gözüm görməkdədir zülmət bütün xak ilə əflaki,
Üzümdə bir bulut vardır, gözüm olmaqdadır baki,
Mənə kim verdi, vermiş olmayaydı məğzi-dərraki,
Bu idrakım ki vardır, olmuşam ondan böyük şaki.
Əgər xahanı varsa, bəxşiş alsın məndən idraki,
Bəşər şəklində gördüm heykəli-bəxti-siyəhnaki.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

23

Günah etmiş, demək, dünyada evlənmişdir insanlar,
O toylardan da doğmuşdur yerin üstündə əfğanlar,
Əzəldən partlamış aləmdə qövğa adlı vulkanlar,
Əvət, çox əski canilər bu naməsud olan canlar,
Həmişə bir-birin kəsmiş bu əhvali pərişanlar,
Əsərbəxş olmayır insanlara ruhani dərmanlar,
Əsərsiz qalmış, iştə, söylənən nurani fərmanlar,
Hanı adəmdə insanlıq, hanı adəmdə vicdanlar?
Nədir bir bunca vəhşətlər, nədir bir bunca xüsranlar?
Nasıl bir yarədir bu, durmayır ondan axan qanlar?
Bəşər alamını bildirməyə vardır ki, bürhanlar:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

24

Cinayət işləmişdir izdivac etməklə ilk insan,
Əvət, çox çəkmədi naqabil oğlu eylədi bir qan,
Əvət, öldürdü öz qardaşını, tariximiz bürhan,
O dəmdən çeşmlər olmuş təmamən çeşmeyi-giryan,
O matəmdən bəri canlar, cigərlər odlara suzan,
O gündən etibarən dildə qəm var, dildə də əfğan,
Bu dünya məzbəhində Adəm oğlu hər zaman qurban –
Olub, olmaqdadır hala! Bu torpaq qanlı bir meydan,
Yazıq övladi-Adəm ta əzəldən olmamış xəndan,
Bəşər alnında vardır hər zamanda ayeyi-əhzan:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

25

Nasıl, gördünmü tarixi-bəşər qanlarla başlanmış,
Əvət, qanlarla, əfğanlarla, xüsranlarla başlanmış,
O qan tarixi də naqabil insanlarla başlanmış,
Həyatın ilk dövrü iştə üsyanlarla başlanmış,
Əvət, qan tökmək ilə, həm də tüğyanlarla başlanmış,
Yerin də öz həyatı odla, vulkanlarla başlanmış,
Həyatı əhli-ərzin ahü əfğanlarla başlanmış.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

26

Bəşər hər gündə matəmli, bəşər hər gündə giryandır,
Bəşər hər gündə məhzundur, cahan bir darüləhzandır,
Bəşər əhli-cəhənnəmdir, həyatı çünki niyrandır,
Dili abad olan yoxdur, könüllər həpsi virandır,
Əzəldən Adəmin oğlu bu torpaqda pərişandır,
Əzəldən qəm cahanında bu insan könlü suzandır,
Nədir bu aləmi-möhnət ki, odlu, qanlı meydandır?
Nə simadır bu sima, iştə bu simayi-insandır:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

27

Bu torpaqda olan gündən bəri övladi-Adəm həm,
Əkiz qardaşdır Adəm oğlu ilə yövmi-matəm həm,
Gözü bir qəm bulağı, ayrı olmaz çeşmədən nəm həm,
Əzəldən yarıdır, ayrılmaz ondan nəmli görkəm həm,
Zavallı, bəxtsiz insan, həyatın cümlə bərhəm həm,
Yaran çox qorxulu, təsirsiz qalmaqda mərhəm həm,
Demək, a hərfi zairdir, adındır qaliba dəm həm,
Və ya son hərf ikən səhvi-qələm yazmışdır əqdəm həm,
Neçin səfki-dimadən çəkməyirsən dəst bir dəm həm,
O xuni-ictimai durmayır, olsan da ələm həm,
Sənin haqqında söylənmiş düşün bir nəssi-"kərrəm" həm,
Səadət cənnətin yoxmu? Həyatındır cəhənnəm həm,
Gözümdə qanlı dünya səhni-matəmdir, ələm, qəm həm,
Güzərgəhi-siyahi-ömrdə hər şəxsi görsəm həm:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

28

Edildi nurdan qayrılma söz irsal insanə,
İşıqlı yol açılmış olmadı ənsali-insanə,
Qaranlıqlar görünmüş çöhreyi-iqbali-insanə,
Qalın şəblər çəkilmiş sübhi-istiqbali-insanə,
Hələ süflidir insan, baxmayın şəhbali-insanə,
Hələ ülvi məhəbbət girməmişdir bali-insanə,
O nəfsi-atəşindir rəhnüma izlali-insanə,
Ədalət hökmfərmadır, yazıq əhvali-insanə!
Gözüm gahi baxar maziyə, gahi hali-insanə:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

29

Gözəl söz, canlı söz, parlaq söz ilə olmayır bidar,
Bu çirkinlikdən əl çəkməz neçin bu qan tökən qəddar?
Demək, kamil deyil beyni olurkən də təkamüldar,
Bir az bax kəndinə, insan, nədir ömründəki əkdar?
Nə rütbə olsan imrani, sən ey xasiyyəti xunxar,
Bu əxlaqın ki virandır, gülərmi səndəki ənzar?
Bu vəhşət baqi qaldıqca, həyatın daima ağlar,
Müsibətlərlə malidir təvarixindəki əsar,
Həmişə qəmli olmuş səndəki ənzar ilə əbsar,
Əvət, keçmişlərin, halın bunu etməkdədir izhar:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

30

Bu insan oğluna məqsəd nədir qəm intixabından?
Açılsa mehr babı, göz yumar vicdan kitabından,
Demək, nur içməmişdir beyni ürfan afitabından,
Dili donmuş, hərarət almayır nurun xitabından,
İşıq pək çox yağırdı, olmayır bidar xabından,
Yanar atəşlərə ənzarı, qurtarmaz qəm abından,
Həyatı sanki yoğrulmuş müsibətlər türabından,
Pərişandır cinahın tündbadi-inqilabından,
Bir öylə səs gəlir, matəm səsi dəhrin rübabından,
Bəşər bədbəxtdir tarixə yovmi-intisabından,
Fəlakətlər ədədsizdir təvarixin hesabından,
Əzəldən sızlayır insan bu dünyanın əzabından,
Yetimə bənzəyir, insanə bax, hali-xərabından,
Kimi görsəm də pirü yaxud ərbabi-şəbabından:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

31

Bəşər tarixi xunin sərgüzəşti-adəmiyyətdir,
Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir,
Yazılmış qissələr başdan-ayağə həp müsibətdir,
Bizə nəql etdiyi keçmiş zamanlar həp fəlakətdir,
Bü gün mazi xəyal olmuş, hekayətlər həqiqətdir,
Bu torpaq qanlıdır, vulkanlıdır, cayi-ədavətdir,
Bu bədbəxt ərzimiz ciddən də bir meydani-vəhşətdir,
Nəsibi-əhli-dünya dərddir, qəmdir, məlalətdir,
Bəşər simasına hər gün qonan zilli-səfalətdir,
Bəniadəmdən ayrılmaz olan surət bu surətdir:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

32

Təvarixi-həyati-maziyə qandır, fəğandır həp,
Bu Adəm oğlu qatildir, işi hərb ilə qandır həp,
Əzəl gündən bəri torpaq pərişan bir cahandır həp,
Cahan bir olsa da, bədbəxtliyi-adəm cavandır həp,
Əvət, övladi-adəm qəmnişan, matəmnişandır həp,
Əzəldəndir ki, dünya bir cahani-imtahandır həp,
Sitəmlər, qəhrlər zahir, ədalətlər nihandır həp,
Ədavət, doğrudur, vardır, məhəbbətlər yalandır həp,
Qədimi vəhşəti-fitriyyə insanda əyandır həp,
Ölənlər, öldürənlər daş deyildir, həpsi candır həp,
Ürəklər odludur, hala bu gözlər əşkdandır həp.
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

33

Cahan tarixi xunin macərayi-əhli-aləmdir,
Mənim indimdə hər sətri birər şəhnameyi-qəmdir,
Bütün yarpaqları hakimi-bədbəxtliyi-adəmdir,
Yazılmış qissələr qəmdir, ələmdir, matəmü dəmdir,
Bəşər məzlumdur, amma ki, çox artıq da əzləmdir,
Əzəldəndir ki, mazisi həzindir, halı bərhəmdir,
Göy altında, yer üstündə bəşər bir canlı matəmdir,
Bu bədbəxt adəmin vəziyyəti pək qəmli görkəmdir:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

34

Dərin bir gözlə bax, tədqiq qıl tarixi-ədvari,
O tarix iştə hakidir həyati-aləmi-tari.
Hekayət eyləyir əfsaneyi-xunini-əsarı,
O mazi indi keçmişdir, fəqət vardır ki, asarı,
Bəşər tarixi əldə keçmişin mir ati-əxbarı,
Bizə göstərmədə tarixlər maziyi-qəmzarı,
Həmişə qanlıdır qanlarla torpağın bu rüxsarı,
Tamaşa qıl bu gündə də Adəmin oğlunda ənzarı:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

35

Əvət, tarixin övraqı təmamın hakiyi-xundur,
Zamanlar keçsə də, hali-bəşər tarixə mədfundur,
Bu yer çox əski məqtəldir, o göy çox köhnə gərdundur,
Bəşər fənnən ucalmış, lakin insaniyyəti dundur,
Əzəl gündən bu bədbəxt Adəmin övladı məhzundur,
Qısa bir ömrü var, amma bəşər alamı əfzundur,
Gözü hər gündə yağmurlu, fəqət siması solğundur,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

36

Qüruni-maziyə ciddi müsibətlərlə keçmişdir,
Müsibətlərlə, möhnətlərlə, zillətlərlə keçmişdir,
Yalan olmaz desəm: hər gün fəlakətlərlə keçmişdir,
Məhəbbət görməmiş mazi, ədavətlərlə keçmişdir,
Bu əqvamın həyatı qanlı vəhşətlərlə keçmişdir,
Həyati-əhli-dünya həp cərahətlərlə keçmişdir,
Bəşər ömrü tamamilə məlalətlərlə keçmişdir,
Keçən insanların halı bu halətlərlə keçmişdir:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

37

Gecəydi, qonşular yatmış, fəqət mən ol gecə bidar,
Odamda yalqız idim, yalnız olmaq məncə qiymətdar,
O tənha şəblərə ruhumda çox eşqü məhəbbət var,
O şəblərdir mənə bəxş eyləyirlər ən işıq əshar,
O şəblərdə pəriyi-şerü ilhamım açar rüxsar,
O şəblərdə tülu eylər şu ulduzlar kimi əşar,
O şəblərdə xəyalatım olur balaləri səyyar,
O şəblərdir isalə eyləyirlər ruhuma ənvar,
O şəblərdə səmayi-şairiyyətdən doğar əqmar,
Əvət, bir böylə şəbdi, yalnız idim, ya üluləbsar!
Durardı pişgahımda həyatı anladan asar,
Yazı şəklində durmuşdu hekayatı qalan əsar,
Böyük tarix idi qarşımdakı məcmueyi-əxbar,
Əhatə etmiş idi hər tərəfdən beynimi əfkar –
Və gahi canlanırdı məqbəri-mazidəki ədvar,
Görürdüm nəsli-mazini: bütün əşxas matəmkar,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

38

Əvət, ənsali-mədfunə önümdə canlı durmuşdu,
Böyük bir qismi məcruh idi, cismi qanlı durmuşdu,
Demək, məqtul imiş onlar, qızıl bürhanlı durmuşdu,
Qadınlar ağlayırdı, dilləri əfğanlı durmuşdu,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

39

Görürdü gözlərim: qanlar içində canlı mövtayı,
Çoxu məlul idi, yəni: kəsilmiş dəst ilə payı,
Zamani-hərbdə qeyb etmiş onlar bəzi əzayı,
Bu məlulin də həp bədbəxt görmüşdür bu dünyayı –
Və görmüşlər həmişə torpağın üstündə qövğayı,
Tamaşa eylədim onlardakı ənzarü simayı:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

40

Geyimlər cümləsi xunin idi əndami-mövtadə,
Dururdu həp qızıl qanlar bütün gözlərlə simadə,
Şu naməsudlar da yaralanmışlardı qövğadə,
Demək ki, ruyi-rahət görməm iş onlar da dünyadə,
Cərayihdardır insan o keçmişlərdə, haladə,
O mazi qanlı; hal iştə... səadət varmı fərdadə?
Və yaxud nəsli-ati də yaşar eynən bu mənadə:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

41

Xəyalım qarşısında firqə-firqə keçdi maziyyun,
Bütün gözlər, baxışlar, çöhrələr qayətdə naməmnun,
Əvət, bir qismi-əzəm yarəliydi üzləri məhzun,
Əzəldən bir müsibətgahdır bu vadiyi-pürxun,
Bəşər ömrü çox az bir şey və lakin dərdlər əfzun,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

42

Bu maziyyunə baxdım, həpsini matəmdə gördüm mən,
Bu haliyyuna baxdım, ağlayırlar, qəmdə gördüm mən,
Bu atiyyuna baxdım örtülü aləmdə gördüm mən –
Ki, yəni onları mübhəm olan görkəmdə gördüm mən,
Yenə əhvalə baxdım, halı da bərhəmdə gördüm mən,
Təməssül etdi matəm surəti-adəmdə gördüm mən:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

43

O maziyyun son ev adlı bir dünyayə dalmışdır,
Bu haliyyun odlu, qanlı bir qövğayə dalmışdır,
Bu atiyyun dəxi bir örtülü fərdayə dalmışdır,
Səadət də lüğət yarpağına bir sayə salmışdır,
Bu, ilk adəmdən öz övladına bir mayə qalmışdır:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?
Bu maziyyun sönmüşdür, fəqət qövqa dirəxşandır,
Bu haliyyun çox bədbəxtdir, pək çox pərişandır,
Bu atiyyunda səs yoxdur, onlar həp xəmuşandır,
Qəmin dəryası dünyamızda cuşandır, xüruşandır,
Bu dəryalar qədər qəm var, acı yaşlar ki, bürhandır –
Və hala cəngi-atəşrəng yer üstündə tənnandır,
Nəsibi-həstiyi-adəm bu aləmlərdə əfğandır,
Bu naməsud insanın həyatı daima qandır,
Onun bədbəxtliyinə gözləri bürhani-guyandır,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

45

İ n t a q i - m a z i
Xəyalən seyr edirkən qəlbi-şəbdə hali-dünyayı,
Vücudi-mazini gördüm, o dəhşətli həyulayı.
Bir az tədqiq qıldım ondakı matəmli simayı,
"Mənə anlat, – dedim, – ey pir, bu dünyayi-ədnayi –
Ki, sən pək pirsən, çox gördün aləmlərdə qövqayı,
Yəqinən ki, sayılmaz gördüyün qövğaların sayı,
Əvət, çox gördün, iştə, göydəki aydın olan ayı,
Fəqət heç dinc gördünmü bu darülhərb zülmayı?
Gülən gördünsə söylə, çeşmi ruyi-əhli-qəbrayı?
Nasıl adəmdir anlat, iştə, bu əbnayi-həvvayı,
Biz isək daima gördük həyati-matəməfzayı:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

46

Təməssül eyləmiş mazi, fəqət ətsizdir əndamı,
Mən ondan qorxmadım, tərd etmişəm iblisi-övhamı,
Dayandırdım önümdə, sordum ondan keçmiş əyyamı,
Çox aydın sözlər ilə sönmüş əsari-siyəhfamı,
Mənə kəşf eylədi, ağlar kimiydi lakin ifhamı,
Dedi: "– Mən keçmiş əsarəm ki, böylə görmüşəm, hamı:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

Qarşımda təməssül etmiş olan mazi insanların tarixi faciələrini bu yolda hekayə etməyə başladı:

Əbül-insandan əvvəldi bəşər heyvan halında,
Təkamül etməmişdi, cümləsi nöqsan halında,
Bəhaim ilə insan adətən yeksan halında,
Bu adəm əsrində həp oldular şeytan halında,
Cahanı görmədim mən bir behiştistan halında,
Zəmini görmədim mən cənnəti-huran halında,
Bu xakı görmədim mən rövzeyi-rizvan halında,
Yeri gördüm həmişə qan ilə əlvan halında,
O Habil-Qabili gördüm, fəqət, xəsman halında,
İki qardaşdılar daşqəlbli insan halında,
Həyati-Adəmi bir görmədim şadan halında,
O Həvvanı görərdim daima giryan halında,
Qarşımda təməssül edən mazinin sözünü kəsərək dedim ki:
O Həvva qızları hala da pürəhzan halında,
Zəmini-Şərqdə bədbəxtü bəddövran halında,
Yaşar həm şərəfsiz, bəxtsiz, bişan halında,
Bu Məşriq aləmi nisvan üçün zindan halında.
Susdum, mazi mabədi-macəraya davam etdi:
O Nuhun vaxtı növhə, həm də bir tufan halında,
Onun da qövmü batdı, nemətə küfran halında.
Özü bir yaxşı adəm, oğlu da Kənan halında,
O Lutun qövmi batdı, yerləri viran halında,
O Yəqubləri gördüm bütün əmyan halında,
O Yusif vaxtı keçdi çah ilə zindan halında,
Həsədələr canlı əcsam oldular ixvan halında,
Ürəkdən Yusifə kinli, fəqət yaran halında,
Əvət, Yəqubu gördüm çeşmsiz piran halında,
Ağarmış saqqalilə gözləri hicran halında,
O Musa əsri Misri görmüş idim qan halında,
Çocuqlar həp quzuykən oldular qurban halında.
O fironiləri gördüm bütün gürgan halında,
Mədədrəs olmadı bir kimsə də çoban halında.
Yəhudi milləti bədbəxtü məzluman halında –
Əsir idi təmamən bəndeyi-fərman halında.
O Firon, iştə, ən zalım hökmdarın halında,
O Misri görmüşəm çox qanlı bir meydan halında,
O Fironun zamanı keçdi həp tüğyan halında,
O fironilər olmuşdu bütün haman halında,
Əvət, gördüm o dövrü dövreyi-xüsran halında.
Bu İbrahimin əsri atəşi-suzan halında,
Oda atmışdılar biçarəni üryan halında,
Demişdi haq sözü haq söyləyən mərdan halında,
Deyirdi xalqa doğru sözləri şəcan halında,
Deyirdi: "–Tapmayın əsnamə məbudan halında".
Neron yandırmış idi Rumu bir niyran halında,
Cəmaət ağlayırdı, kəndisi xəndan halında,
Acı tarix içində: möhriqül-büldan halında.
O Sokrat əsri: dillər xəstə, bidərman halında,
Həkimi dinləyən yox, xalq həp nadan halında,
Deyirdi: "Doğru yol bu!.." Xalq gümrahan halında,
Cəmaət aləmi-qəflətdə həp puyan halında,
O Məryəm oğlunun da əsri qəbristan halında,
Təmamən meyyit idi canlılar bican halında.
Məsihə zülm ediş guya ki, bir iman halında,
Onu öldürməyi zənn etdilər vicdan halında,
Gözəl bir zatə qarşı çıxdılar üdvan halında.
Cənabi-Əhməd əsri: xalq biürfan halında,
Cəhalət cismlənmişdi əbucəhlan halında.
Həmişə qətlü qarət, adətən bir şan halında.
Əvət, gördüm o dövrü dövri-xunxaran halında.
İşıqlı yol da gəldi həzrəti-Quran halında.
O Zərdüşt əsri insanlar bütün sindan halında.
Əvət, Hind ilə İran oldu atəşdan halında,
Sitəm sahibləri hökm etmədə bəy, xan halında,
Bütün məsnədnişinan zülm edən şahan halında,
Bu İran torpağı cayi-sitəmkaran halında,
Zavallı əhli-İran cümləsi nalan halında,
Bütün zəhmətkeş idi tibqi hammalan halında.
Əvət, xanlardı ancaq müstəbid sultan halında,
Cəfapərvərlər, iştə, dövlətə ərkan halında.
Əhali ağlayırdı kimsəsiz sibyan halında –
Və yaxud Şərqdə bədbəxt olan nisvan halında.
Xülasə, xaki-İran səhneyi-əfğan halında.
Xülasə, xaki-İran səhneyi-əfğan halında.
Dedim: hali, buyur. Susdu, Dedim vulkan halında:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

48

O mazi susdu, bir əfsus çəkdi, bir də vaveyla,
Dedim: "Neyçün bu əfsusun, bu vaveyla, bu vaheyfa?".
Dedi: "Ciddən də şayani-təəssüf sözəri var ya –
Xilas etmişmi zillət günlərindən qövmünü Musa?
"Diri meyyitlər"i, aya, diriltmiş oldumu İsa?
Məhəbbət ruhu ilə etdimi ölmüşləri ehya?".

M ə n:
Məhəmməd ümməti yatmış məzari-cəhldə hala,
Qaranlıq, çox qaranlıqdır, zavallı ümməti-taha.
Bütün atəşpərəstan ruhu donmuş bir sürü mövta,
Bəhaüllahın əfkarı çiçəkli, dadlı bir röya,
Xəyalə bənzəməz, çox odludur, çox qanlıdır dünya.
Həmişə ağlayan gördüm bu Adəm oğlunu, zira –
Ədavətlərlə qardaşdır, məhəbbətlərlə çox əda.
Əvət, mən maziyəm, gördüm bütün əsarı matəmza.

M a z i l ə b i r a ğ ı z d a n:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

49

M a z i:
Yədi-beyzayi-Musa açdımı bir yol ki, çox rəxşan,
Məsihin fikri Adəm oğluna bəxş etdimi bir can?
Cənabi-Əhmədin peyrəvləri bielmü naürfan.
Pərəstişkari-narın nuru sönmüş, həpsi şəbgərdan,
Bəhailər də xülyalar yolunda olmada puyan.

M ə n:
Həqiqət iştə meydanda, bəşər məhzun, bəşər giryan!
Ziyabəxş olmadı insanlara Tövrat ilə Quran,
Ziyadar etmədi millətləri İncil ilə İyqan,
Ümumi bir məhəbbət olmayır ki, qabili-imkan,
Ədavət odlarında yanmada qardaş olan insan,
Cahan ərzi-ədavətdir əzəl gündən bəri hər an,
Yer üstü daima qanlı, bəşər qanlı, ürəklər qan.

B i r a ğ ı z d a n:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

50

M ə n:
Çobansızdır bu gündə "raiyi-əqnam"ın əqvamı,
Məsihin ümməti yapmış dəmirdən duzəxəndamı,
Əvət, icad qılmış aləti-qətl ilə edamı,
Məhəmməd ümməti tutmuş rəhi-zülmatü övhamı,
Sönüb atəşpərəstanın da pərtövgahi-ilhamı.
Bəha qardaşlığından bir əsər yox, var fəqət namı,
Bütün qalmışdır avarə cahanın püxtəsi, xamı,
Tamaşa eylə insanın üzündə zilli-alamı:

M a z i l ə b i r a ğ ı z d a n:
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində?

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031