Tanrının insana, insanın tanrıya hədiyyəsi...

Eynək gözün, əsa əlin, kitab beynin davamıdır. Biz kitab vasitəsi ilə min il əvvəl yaşayıb-yaratmış insanlarla söhbət edə, onların hiss və həyəcanlarından halı ola bilirik. Əgər təkərin kəşfi bəşəriyyətə bir neçə saat qazandırdısa, kitab vasitəsi ilə insan əsrlərin o üzünə adlaya bildi.
Kitabdan başqa heç nə zamana bu cür meydan oxuya bilmir. Söz hər yazıldıqca, hər deyildikcə daha da təravətli görünür.
Hamımıza tanış olan bir ifadə vardır: “Kitab bilik mənbəyidir.” Təbii ki, bu fikir həqiqətdir. Lakin kitab təkcə bilik mənbəyi deyil. Kitab tanrının insana, insanın tanrıya hədiyyəsidir. Bu fikri irrasionallığına görə həqiqətdən uzaq saymaq olmaz. Tanrıya münasibətdən asılı olmayaraq hər kəs şərti olaraq səmavi kitablar anlayışını qəbul edir. Demək, biz hardasa, necəsə tanrının bizimlə danışdığına inanmışıq. Və tanrı bu ünsiyyətə kitab vasitəsi ilə girib. Səmavi kitab ifadəsi kitaba ilahi məna verməklə yanaşı, həm də insanlığı ucalara qaldırır. Tanrı kitab vasitəsi ilə kiminlə danışıb? İnsanla! İnsan üçün öz rəbbinin göndərdiyi sözdən dəyərli nə ola bilər?
Biz də tanrıya, zamana, təbiətə, öz içimizə kitab-söz vasitəsiylə müraciət edirik. Yaxşı kitab həm də insanın tanrıya hədiyyəsidir, onun yaxşılığı, humanistliyi qarşısındakı şükranlığıdır.
Dahi rus yazıçısı Dostoyevskiyə “O dünyaya özünüzlə nə aparardınız?” sualına “Don Kixot” kitabını” deyə cavab vermişdi. Daha sonra əlavə etmişdi ki, mən bu kitabla bəşəriyyətin yer kürəsində boş-boş işlərlə məşğul olmadığını sübut edə bilərəm.
Kitab əxlaqdır, mənəviyyatdır, yaxşını pisdən ayıran etalondur.
Kitabsız cəmiyyət uzaq gedə bilməz.
Dünyanın ən qüdrətli ölkələrinə baxsaq, birinci onların kitabını görəcəyik.
Bütün kəşflər, texniki tərəqqilər, ağlagəlməz uğurlar, möhtəşəm sənət əsərləri əvvəl-əvvəl söz və ideya şəklində mövcud olur. Biz qapıdan necə çıxdığımızı beynimizdə düşünməsək, icra edə bilmərik. Böyük ideyalar da həyata keçməzdən əvvəl fikir, düşüncə şəklində doğulur. Kitab mütərəqqi ideyaların maddiləşən, ələ gələn, zamanların ötəsinə keçən, gələcəyə təsir edən, hətta onu dəyişməyə qadir olan halıdır.
Tanrıya inancımız ibadətlə sübuta yetirilirsə, kitaba sevgimizin də yeganə göstəricisi mütaliədir. Mütaliə yemək yemək, su içmək, hava udmaq qədər təbii olmalıdır. Hər kəs yaşayış rasiyonuna mütaliəni də daxil etməlidir. Gündə ən azı bir saat mütaliə etmədən şəxsiyyət kimi formalaşmaq, yaxud bu formada qalmaq mümkün deyildir.
Qabaqcıl dünya ölkələri kitabın gücünü bildiyi üçün mütaliəyə ciddi önəm verir. Fransızlar Mədəniyyət Nazirliyinin qərarı ilə oktyabrın 16-da “Mütaliə bayramı”nı qeyd edirlər. 1989-cu ildən hər il böyük təntənəylə keçirilən bayramda kitab yarmarkaları, təqdimatlar, yazıçılarla görüşlər, şeir gecələri təşkil olunur, ölkə mediası bu tədbirləri geniş şəkildə işıqlandırır.
Fransızlar, eləcə də bütün mütərəqqi cəmiyyətlər yaxşı başa düşür ki, mütaliə böyük mədəniyyətdir. Kitab dünyasına səyahət etmək üçün bu mədəniyyətə yaxından yiyələnmək lazımdır. Düzgün mütaliə üçün düzgün kitab seçimi başlıca şərtlərdən biridir. Buna görə məsləhətlər almaq, mütaliə qaydalarından bəhs edən məqalələr oxumaq, təcrübəli oxucuların siyahılarını izləmək faydalıdır. Qarışıq mütaliə oxucunu çaşdıra bilər.
Lakin bütün hallarda təməl kitabları oxumaq vacibdir. Təməl kitablar Qərb və Şərq mifologiyası, ən məşhur folklor nümunələri, səmavi kitablar və qədim Hind-Çin dininə və fəlsəfəsinə aid kitablardır. Sonralar oxunan dəyərli əsərləri, xüsusən klassik ədəbiyyatı başa düşmək üçün bu bilgilərə ciddi ehtiyac duyulur.
Eyni zamanda, hər kəs öz xalqının miflərini, nağıllarını, əfsanələrini, ağız ədəbiyyatını yaxşı bilməlidir.
Bundan sonra yerli və dünya klassiklərinin mütaliəsi başlaya bilər.
Bədii ədəbiyyat dövrlərə və cərəyanlara uyğun mütaliə ediləndə daha rahat anlaşılır və oxu prosesi maraqlı əyləncəyə çevrilir. Mütaliə vərdişi zamanla kitabın çoxlu özəl sirlərini açır və hər kəs bu sirlərə yalnız öz təcrübəsində yiyələnə bilir.
Onu da unutmayaq ki, kitaba konsentrasiya olsaq, o, böyük hipnozçuya çevrilər, ən ağır durumlarda bizi gərginliyin əlindən alar, ruhani sakitliyə qovuşdurar.
Şərif Ağayar,
"Vətən səsi" qəzeti