manera.az
manera.az

İtirilmiş yazıçı nüfuzunu qaytaran əsər

İtirilmiş yazıçı nüfuzunu qaytaran əsər
“Saçları-rənginə bənzər,
Səsi-ahənginə bənzər,
Yatağı-sinəsi olan,
Ləpəsi-nəğməsi olan
Bir dəniz yaratdı qoca.
O, sərhəd bilmədən üzdü,
Üzdü qitələr boyunca…
Tale fırtına yaratdı,
Avar düşdü, qayıq batdı…
Fəqət, sahil daşlarına
Həkk olunan bir iz qaldı:
“Qoca getdi, dəniz qaldı…”


“Qoca və dəniz” adlı bu şeiri böyük şair Məmməd Araz 1961-ci ildə Ernest Heminqueyin ölümünə həsr edib… Elə bu şeirin təsiri altında həmin dənizin sahilinə səyahət edək. O dənizi, ləpələri, sahili, delfinlərlə mübarizə aparan qoca Santyaqonu və balaca Maqolini xatırlayaq…

Hər kəsin yaddaşında ilişib qalan sözlər olur. Bu sözlər böyük yazıçılara, şairlərə, elm adamlarına aid olarsa onu oxuyanı daim məşğul edər - düşündürər. Nə vaxtsa yaddaşımda ilişib qalan sözlərdən biri də yazıçı Heminqueyə aiddi: Onun “Qoca və Dəniz”ində qoca istəyir, qayığa qonan quşa desin, qırğılar uçub sənin dalınca gəlir. Sonra fikirləşir ki, quş onsuz da onu başa düşməyəcək. Qırğının nə olduğunu həyat özü ona öyrədəcək... Həyatın öyrətdikləri başqa nələrdir?

Qoca dənizçi ilə balaca Maqolin

Havana yaxınlığında, Qolf Strimdə kiçik qayığı ilə bir yerdə tənha ömür sürürdü qoca balıqçı Santyaqo. Hər səhər yanaqları günəşin şəfəqləri ilə parıldayırdı... Səksən dörd gün dənizdə balıq ovlamağa çalışsa da bir dənə də olsun balıq tuta bilməyən Santyaqoya səksən beşinci gün balıq tutmaq qismət olur. Amma necə?

Qoca balıqçının Maqolin adlı balaca bir köməkçisi vardı. Lakin balıq ovlaya bilmədiyi üçün köməkçisi onu tərk edərək başqa balıq ovçularının yanında çalışmağa qərar vermişdi. Çünki ailəsi uşağın evə balıq ilə gəlməsini istəyirdi. Bundan başqa, ailə Santyaqonun uğursuzluğa mübtəla olduğunu düşünürdü. Balaca Maqolin isə qoca dənizçini çox sevirdi. Qocanın hər gün qayığı ilə əliboş geri dönməsi uşağı kədərləndirirdi. Qoca balıqçı ilə balaca Maqolin dost olduqlarından bir-birilərini çox gözəl başa düşürdülər.

Santyaqonun klubunda beysboldan, böyük beysbolçu Di Maciodan, əvvəllər ovladığı balıqlardan söhbətlər edərdilər. Tənha yaşayan qoca yuxusunda gənc vaxtı getdiyi Afrikanı və onun sahillərindəki şirləri görürdü. Qoca balıqçı hər ovdan qayıdanda Maqolin onun yanına qaçır və ov üçün lazım olan ləvazimatları gətirərək qoca dostuna kömək edirdi. Maqolin bütün boş vaxtlarını qoca balıqçı ilə keçirir, Santyaqo da hər səhər onu yuxudan oyadır və sahilə bir yerdə gedirdilər. İndi Maqolin qoca balıqçıdan ayrılmaq məcburiyyətində idi və bu, onu çox kədərləndirirdi… Qoca qayığını yükləyib ova çıxdıqdan sonra Maqolin sahildə onu gözləsə də Santyaqo yenə də balıq tuta bilməyib geri dönürdi. Başqa balıqçılar uğursuz ova görə Santyaqonu məsxərəyə qoymağa başlamışdılar. O isə günəşin doğmasını gözləyirdi. İndi tək istəyi ovdan əliboş qayıtmamaq, dost-düşməni özünə güldürməmək və yaxşı balıqçı olduğunu hamıya göstərmək idi…

Bir gün Maqolin, tutduğu iki böyük balığı qoca dostuna verib onları ovu üçün yem kimi istifadə etməyini istəyir. Qoca, gecə yuxusunda uca dağlarda günəş sarısında gəzərək dəniz mavisində dolaşır. Sübh açılar-açılmaz o, Maqolini yuxudan oyadır. Qəhvələrini içdikdən sonra, Maqolinin köməyi ilə qayığını dənizə tərəf çəkir. Santyaqo bu dəfə daha uzaqlara getməyi düşünür...
İtirilmiş yazıçı nüfuzunu qaytaran əsər
“Məni məğlub etdilər, Maqolin!”

Uzaqlarda onu özünün ağlına gəlməyən macəralar gözləyirdi. Tilovuna böyük bir Qılınc balığı düşən Santyaqo dənizdə əməlli-başlı mübarizə aparmalı olur. Qılınc balığı qayığı dartaraq ardınca aparacaq qədər güclü idi. Qoca tilovun ipini çəkməyə başlasa da yerindən tərpədə bilmir. O, heç bir halda balığa məğlub olmayacağını təkrarlayaraq öz-özünə danışır: “Kaş ki Maqolin də yanımda olaydı. Həm mənə köməklik edər, həm də nə qədər böyük bir balığı ovladığımı özü görərdi.” Acdığı üçün yolda tutduğu balığı təmizləyərək yeməyə başlayır. Bir əli yaralanan Santyaqo ipi kəsərək digər ipə calayır. Tutduğu balığın digər hissəsini də yeyərək yatmağa qərar verən qoca, üç gün idi ki dənizdəydi. Xeyli mübarizədən sonra qoca balıqçı mizrağı sancaraq balığı öldürür.Ən azı yeddi yüz kilo olan balığı daşımağın çətin olacağını düşünür. Çox keçmədən iki köpək balığı qanın iyini hiss edərək qayığın arxasınca düşür. Qoca bütün gücü ilə mübarizə aparsa da köpək balıqları ovun xeyli hissəsini yeyir. Gecə düşəndə köpək balıqları yenidən hücum edir. Səhər açılanda bütün balıqçılar qayığın ətrafına yığışır, heyrətlə balığa baxırlar. Balaca Maqolin qocanın yanına qaçır.

Qoca isə artıq yuxudaydı. Maqolin, qoca oyanana qədər onun yanından ayrılmır. Santyaqo kədərli halda Maqolinə “Məni məğlub etdilər, Maqolin, məni məğlub etdilər” deyir. Maqolin dostuna ürək-dirək verir: “Səni böyük balıq deyil, digərləri məğlub etdi”. Yorğun qoca yuxulayır, balaca dostu isə onun başının üstündən ayrılmır. Artıq nə olursa-olsun, ova onunla çıxacaqdı. Çünki usta balıqçıdan hələ öyrəniləcək çox şey var idi.

“Günah olmayan nə var ki?”

“Balıq insanın hər cür kələyindən, hiyləsindən, qurduğu tələdən uzaqda, okeanın dərin yerində yaşamaq istəyirdi. Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir yerdə indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmarıq. Aramızdakı yaxınlıq günortadan başlayıb. İndi mənə də, ona da heç kim kömək edə bilməz.”

Qoca balıqçının Tanrının yaratdıqlarına - təbiətin gözəlliklərinə qıymaq istəməməsi bu gözəlliklərə münasibəti bir daha göstərir. Balıq insan hiyləsindən uzaq dərinlikdə yaşamaq istəyir. Təəssüf ki, insan hiylələrinin dərinliklərə gedib çatması başqa mənzərə yaradır: “Mən onu üzə çıxartdım və gözəlliyə qıydım. Dərinliyə hiylə boşluğu doldu.” Qoca balıqçının bu iniltisi, gileyi həm də insanlara ötürülən subliminal mesajdır. Santyaqo bütün gücünü balığı öldürmək üçün səfərbər edir. Bu, qocanın həssaslığına zidd olduğu halda tamah və maraq onu uzaq məsafələrə çəkir. Halbuki o, balıqlara yem ola bilərdi, həyatını itirərdi. “İndi mənə də, ona da heç kim kömək edə bilməz”, - deyən qoca balıqçı əzab verdiyi qədər də əzab çəkir. Eyni zamanda etdiyi iş üçün özünə haqq qazandırır: “Dünyada elə hər şey günahdır. Günah olmayan nə var ki?! Bir də bundan qoy o adamlar narahat olsunlar ki, günah-savab işindən pul çıxardırlar.”

“İnsan zülmə tabedir”, - deyirlər. Santyaqonun dənizdə üzləşdiyi çətinliklər, köpək balıqlarına yem olmaq qorxusu çoxlarının üzləşdiyi problemdən - ehtiyacdan qaynaqlanırdı: “Balıqçı olmağım bir yandan öldürmək üçündürsə, o biri yandan çörək ağacımdır”. Səməd Vurğun “Zəncinin arzuları”nda deyirdi: “Ehtiyac qul eylər qəhrəmanı da.”

O, balığı yaralayır. Yaralı balıq isə onu qayıqla birgə ardınca çəkib aparır. Bu zaman qoca balıqçı balığın yaşamaq istəyinə qarşı çıxmasından xəcalət çəkir.

Ulduz ovu

“Yaxşı ki, biz adamlar ulduz ovuna çıxmırıq. Sevinirəm ki, ulduzları öldürməyə can atmırıq”, - deyir qoca. Yerindən, yurdundan uzaq dənizdə gecə ilə baş-başa qalarkən ulduzlarla təsəlli tapır. Ulduzlar ona canının ağrısını da unutdurur: “Əgər ağrı varsa, deməli həyat var”, - deyir. Ulduzlar gecənin zülmətində, tənhalığın sükutunda ümid işığı kimi şölə saçır və ona qorxunu, tənhalığı unutdurur... “Təsəvvür elə ki, insan oğlu hər gecə ayın, ya da hər gün günəşin ovuna çıxır, onları tutub öldürməyə cəhd edir. Onlar da adamdan qaçır. Onda nə olardı görəsən? Yaxşı ki, belə olmayıb, bu məsələdə bəxtimiz əcəb gətirib”-ulduzlara baxa-baxa xeyli düşüncələrə dalır...

Köpək balıqlarının onun əziyyətlə ovladığı balığı əlindən almasına baxmayaraq yazıçı, qocanı qalib kimi oxucuya təqdim edir: Bu qalibiyyət onun düşüncələrində, mənəvi kamilliyində, yüksəlişində idi.

Əsərin sonunda qadın turistlə ofisiantın köpək balığının quyruğunun necə zərif olmasından danışması təsvir olunur. Həmin vaxt qoca yenə öz komasında üzüqoylu uzanıb yatır, oğlan isə onun böyründə oturub keşiyini çəkir. Qoca yuxusunda yenə şirləri görür...

Özündən arxayın olan Heminquey

Yaradıcılığında yaranmış uzun fasilədən sonra Heminquey “Çayın o tayında, ağacların kölgəsində” romanını oхucuların ixtiyarına verir. Hadisələrin İkinci Dünya müharibəsi dövründə İtaliyada cərəyan etdiyi roman uğursuz əsər kimi qarşılanır. Hətta yazıçı haqqında parodiya və felyetonlar da yazılır. Heminqueyin haqlı iradları sükutla qarşılamasının səbəbi yazdığı əsərlərin məziyyət və keyfiyyətini hamıdan yaxşı bilməsi, özündən arxayın olması idi.

Bu uğursuzluğun əvəzini yazıçı iki il sonra “Life” jurnalında dərc etdirdiyi “Qoca və dəniz” povesti ilə çıхır. “Qoca və dəniz" Pulitser mükafatına layiq görülür. Beləliklə, Ernest Heminquey itirdiyi yazıçı nüfuzunu “Qoca və dəniz”lə bərpa edir. Bundan sonra o, yenidən milyonların sevimli yazıçısına çevrilir. İyirminci əsrin Heminquey klassikası adlandırılan “Qoca və dəniz” 1954-cü ildə “Müasir üslubda təsiretmə”yə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Yazıçı, əsərin əsas leytmotivinin “İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir" olduğunu deyirdi...

Xuraman HÜSEYNZADƏ
İtirilmiş yazıçı nüfuzunu qaytaran əsərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930