manera.az
manera.az

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"

Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"
Vurğun ƏYYUB
filologiya üzrə fəlsəfə doktoru


Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, İlahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, İlahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, İlahi?!

Səyyadi - cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, İlahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Toxum əkməyə dehqanları neylərdin, İlahi?!

İş rəncbərin, güc öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, İlahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -
Dildadeyi-irfanları neylərdin, İlahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, İlahi?!

Yaxud bunların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, İlahi?!

Qeyrətli danosbazlarımız iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, İlahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, İlahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, İlahi?

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya Rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!

Şeirin üslubu haqqında

Azərbaycan tənqidi realizminin zirvəsi sayılan M.Ə.Sabir romantizm metodu ilə yazan M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid kimi şairlərlə eyni dövrdə yaşayıb yaratmış, onlarla yaradıcılıq münasibətlərində olmuşdur. Satirik şairimiz öz yaradıcılığı ilə onların sənətinə təkcə təsir göstərməmiş, həm də təsirlənmiş, təkan almışdır. Eyni zamanda, o, romantik həmkarlarının səhvlərindən öyrənə-öyrənə, onlarla yaradıcılıq mübahisələrində bərkimişdir. Belə bir şərait onun poeziyasında romantik keyfiyyətin varlığına geniş təsir göstərmişdir. Əlbəttə, söhbət burada romantizm metoduna məxsus bədii idrak tərzindən, ideya-estetik prinsiplər sistemindən getmir. Məqsədim həmin şeirlərin yaratdığı romantik əhval-ruhiyyəni, pafosu nəzərə çarpdırmaqdır.
Şeir təhlilləri: M.Ə.Sabir "Neylərdin, İlahi"
Sabir romantikasının güclü təzahür etdiyi əsərlərdən biri də "Neylərdin, İlahi?!" şeiridir. Bu şeirin üslubu haqqında bir-birinə zidd, qarışıq fikirlər söylənilmişdir. Ədəbiyyatşünasların çoxu onu birmənalı satirik əsər hesab etmiş, bəziləri lirik-fəlsəfi, lirik- romantik əsər adlandırsa, onda romantik ruhun olduğunu etiraf etsələr də, yenə əsəri satirik şeirlər cərgəsinə daxil etmişlər. Məncə, onu sırf satirik şeir adlandıranlar yanılırlar. Satiraya məxsus kinayə, istehza, rişxənd, məsxərə, həcv, ikibaşlı söz, tipin dili ilə danışma kimi keyfiyyətlər bu şeirdə yoxdur. Satirik vəziyyət və ifadə tərzinin əksinə burada ürək parçalayan səhnələr, açıq, birbaşa, faciəvi ifadə tərzi hakimdir. İdrakın - mənəvi əxlaqi hakimin məhkəməsinə çəkilmiş ictimai haqsızlıq səhnələrinin təsviri insan qəlbinin dərinliyinə qədər işləyən ağrı və qəzəblə doludur. Burada göz yaşı gülüşlə yoğrulmayıb. Xalqın taleyinin, həyatın dəhşətlərinin yaratdığı göz yaşları anasının tabutu üzərində ağlayan övladınkı qədər saf, sarsıdıcı, gülüş çalarından uzaqdır.

"Neylərdin, İlahi?!" şeirinə məxsus kəskin təzadlara, bir-birini inkar edən səhnələrə və qüvvələrə daha çox romantik şeirdə rast gəlirik. Bir-birindən daha dəhşətli səslənən ittihamedici həyat səhnələrinin təsvirində "eybəcərliyin doğurduğu kədəri, ürək yanğısını, narahat mənəvi, əxlaqi reaksiyanı daha fəryadlı ifadə etməyin prinsipi" (Y.Qarayev) əsas rol oynayır. Bu faciələrə qarşı İlahinin dözümü şairdə etiraz oyadır və üsyan yaradır. Şeirdə yalnızca eybəcər şəraitin təsviri verilmir, həm də bu eybəcər şəraitə dözən İlahi (dolayısı yolla, insanlar) ittiham edilir. İlahiyə dindar xitabı ilə Sabirin xitabı arasındakı fərq şeirdə bütün qabarıqlığı ilə üzə çıxır. Sabirin İlahiyə müraciəti onun köməyinə ümid və gümandan doğmamışdır. Şair dəhşətli vəziyyətdən qurtuluş üçün İlahinin iltifatına bel bağlamır. Romantiklərin bəzi şeirlərində olduğu kimi İlahi Sabir üçün də sadəcə olaraq ünvandır, qəzəb və narazılığının ifadəsi üçün rəmzdir. Çünki İlahi hədələmir, təqib etmir, sürgünə göndərmir.

Sabiri qəzəbləndirən, ürəyini ağrıdan, etiraz və üsyana sövq edən yalnızca eybəcər səhnələr deyil, həm də vətəndaş passivliyi və dözümlülüyüdür. "Mənəvi ölülüy"ə qarşı bu üsyan İlahiyə müraciət şəklində meydana çıxmışdır. Şair burada dolayısı yolla kütləni, susqun çoxluğu da ittiham (məhz ittiham, ələ salmaq, ironiya yox!) edir:

Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, İlahi?!


Şeirdəki əzabla yoğrulmuş lirizm, şair mövqeyinin açıq ifadəsi də romantikcəsinədir. Sabir real aləmdəki dözülməz uyğunsuzluq və ahəngsizliyin romantik təsviri ilə oxucunun qəlbinə birbaşa təsir edir, onu yaşanılan həyata qarşı nifrətlə silahlandırır. Çılğınlıq səviyyəsində üsyan, insanı sarsıdan fəryad və şikayət, dünyaya sığmayan kədər - bütün bunlar Sabir realizminin romantik keyfiyyətlərindən söz açmağa tam əsas verir.

Kiçik bir müqayisə

Sabirin Yaradana müraciətlə yazılmış başqa bir əsəri - "Xudaya!" şeiri kəskin ironiyası ilə "İlahi" şeirindən fərqlənir. (Həm "xuda", həm də "ilahi" sözləri "allah" mənasındadır.) Maraqlıdır ki, "Xudaya!" şeiri 1907-ci ilin 16 dekabrında "Molla Nəsrəddin" jurnalında çap olunmuş və şeirin sonunda şair bildirmişdir ki, könlündəki nisgilli müəmmanı bu şeirlə həll edə bilməmişdir, bu mətləbin (yəni mövzunun, konkret halda şeirin) davamı var. Və 1908-ci ilin 5 yanvarında isə həmin jurnalda "Neylərdin, İlahi?!" şeiri çap edilir. "Xudaya!" şeirində ironiyalı bir ifadə tərzi, həcv, ələ salma, istehza vardır. "Xudaya" şeirində də qarşılaşdırmalar yolu ilə Sabir cəmiyyətdə gördüyü uyğunsuzluq, haqsızlıq və acınacaqlı halları qələmə alır. Amma burada oxucu elə ifadələr, söz birləşmələri ilə rastlaşır ki, onlar məhz satirik tiplərin ünvanını nişan verir. Hamamda köməksiz qadınlara qarşı quldurluq edənlər haqqında "qeyrətli müsəlmanlar" ifadəsini oxuyarkən oxucunun istər-istəməz dodağı qaçır. Çünki hamamda quldurluqla qeyrətli olmaq arasındakı təzad istehzalı bir təbəssüm doğurur.

Qurd isə, şəqal isə biyabanda olurdu,
Şəhr içrə bu heyvanlarına şükr, Xudaya!

Tənqid hədəfinə çevrilənlərin "qurd, çaqqal" kimi çöllərdə yox, şəhərdə mövcud olması faktından istifadə edərək bu "heyvanlara" şairin şükür oxuması bizdə acı gülüşə səbəb olur. Yemək-içməkdən özgə bir arzusu, başqa bir işi olmayan adamların "canlı dəyirmanlara" bənzədilməsi, üstəlik də onlara görə Allaha şükür edilməsi həmin adamlara qarşı istehza yaradır. Əlbəttə, "Neylərdin, İlahi?!" şerində də kinayə və istehzanın varlığını inkar etmək olmaz. Lakin onlar satira janrına xidmət etmir, daha çox vəziyyətin faciəvi olmasını diqqətə çatdırır.

Oxucuya xırda görünə biləcək bir üslubi məqama da diqqət edək. "Xudaya!" şeirindəki xitabda sual tonu yoxdur, dua edirmiş kimi birbaşa müraciət var. "İlahi?!" şeirinin xitabında isə bədii sual əsas üslubi fiqur rolundadır ki, bu da şeirdəki faciə ruhunu bir az da qüvvətləndirmişdir. Bütün bu ifadə vasitələri "Xudaya!" şeirini "Neylərdin, İlahi?!" şeirindən xeyli dərəcədə fərqləndirir. Sanki Sabir "Xudaya!" şeirində satirik dil ilə ifadə edib çatdıra bilmədiyi mətləbləri daha ciddi, lirik-faciəvi bir tərzdə "Neylərdin, İlahi?!" şerində söyləmək istəmişdir.

Şeirin sənətkarlıq xüsusiyyətləri

"Neylərdin, İlahi"nin ilk iki misrası sakit, etiraz dolu bir sualla başlayır. Birinci beyt şeirə giriş də hesab oluna bilər. Oradakı "daş qəlbli insanlar", " soyuq qanlar" ifadələri, İlahiyə yanıqlı müraciət oxucunu sonrakı faciəvi səhnələrin təsvirinə hazırlayır. Sonrakı beytlərdə etirazlar şiddətlə səslənir, qütbləşən bir mənəvi-əxlaqi aləm, ziddiyyətləri ürək dağlayan bir dünya təsvir edilir, hiss-həyəcanlar çılğınlıq səviyyəsində ifadə olunur. Şeirin ilk və sonuncu beytlərində hər misra o birisindən asılı olmayan bir fikir ifadə edir. Qalan bütün beytlər antiteza şəklində qurulmuşdur. Sabir hər beytin birinci misrasında bir fikir deyirsə, o birisi misrada onun antitezasını söyləməklə qüvvətli təzadlar yaratmışdır. Bu tezis və antitezislər güclü mətni antonimlərlə, bədii məntiqlə əsaslandırılır. Göz yaşı-dərya antitezisində təşbeh və mübaliğənin bədii məntiqinə baxaq. Göz yaşı da su kimi axandır. Dəryalar axar suların toplanmasından yaranır. Göz yaşı da duzludur, dənizlərin suyu da! Məzlumların göz yaşı o qədər axmışdır ki, dəryalar, ümmanlar əmələ gətirmişdir! Ona görə də şair İlahidən sual edir ki, məzlumların göz yaşı bu qədər axacaq idisə, dəryaları, ümmanları niyə yaradırdın? Şeirin bütün beytləri bu cür mətni və bədii məntiqə söykənmişdir. Bir beytdəki tezisin antitezisini başqa beytdəki antitezislə əvəzləmək məntiqsizlik yaradar.

Şeirdə həm sözlər (döşdüklü-surtuqlu, oğlan-qız, ər-nisvan, Sonya-Tükəzban), həm də cümlələr, vəziyyətlər ( məzlumların göz yaşının dərya olması və dəryaların, ümmanların gərəksizliyi; zalım, rəhmsiz ovçular və köməksiz ceyranlar, ahular; zəhmət çəkən kəndli, öküzün olan güc, İlahiyə məxsus yer və havayı qazanc götürən bəyzadələr, xanlar; uşaqbazlıqla məşğul olan kişilər və evlərdəki hissləri dustaq edilmiş qadınlar və sair) vasitəsilə ifadə olunmuş qüvvətli təzadlar şeirin təsir gücünü qat-qat artırmışdır.

Şeirdə vahid bir kompozisiya, süjet xətti yoxdur. Şeir şairin duyduqlarının, etirazlarının partlayışı, bir vulkan püskürtüsü kimi meydana çıxmışdır. Sabir müşahidələrini, ictimai haqsızlıq və ədalətsizliyin, mənəvi-əxlaqi naqisliyin ürəkdağlayan səhnələrini İlahiyə müraciətlə sadalayır. Sadalama şeirin maraqlı, təsirli bir üslubi vasitəsi kimi çıxış edir.

Şeirin qafiyə sistemi mükəmməl bir şəkildədir. Qafiyələr bir-iki istisna olmaqla nəinki o zamankı geniş oxucu kütləsinə, hətta müasir oxuculara da aydın olan sözlərdən seçilmişdir: İnsanları , qanları, canları, dövranları, ümmanları, ceyranları, xanları və sair. Hər beytdə "neylərdin, İlahi?!" rədifinin qafiyələrdən sonra təkrarı şeirdə təkcə fikirləri bağlayan bir ifadə deyil, həm də ahəng yaradan, ritm doğuran bir vasitədir. "Dəryalar, ümmanlar", "ahulər, ceyranlar", "bəyzadələr, xanlar", "tənbəl, dəli" kimi sinonimlər fikrin dolğun ifadəsinə xidmət etmişdir.

Şeirdə inkarla təsdiq iç-içədir ki, bu da Sabir üslubunun özəlliklərindən birisidir. Şairin hər beytdə inkar etdiklərinin, İlahiyə yönəltdiyi suallarının arxasında onun arzuladığı, həsrətini çəkdiyi bir dünyanın təsdiqini görmək mümkündür.

"Neylərdin, İlahi?!" şeiri Sabir yaradıcılığının maraqlı bir faktı olmaqla yanaşı bu gün də insanları ictimai-mənəvi naqisliklərə qarşı mübarizəyə səsləyən, daxili enerjisini qoruyub saxlayan əsərlərdəndir./Ədalət.-2013.-13 aprel.-S.5./Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031