manera.az
manera.az

“Za-lak-san” - Rəşid Bərgüşadlıdan YENİ HEKAYƏ | MANERA.AZ

📅 28.09.2015 11:50

“Za-lak-san”  - Rəşid Bərgüşadlıdan YENİ HEKAYƏ | MANERA.AZRəşid Bərgüşadlı


Müdrik Söz Sərrafı, sevimli şairimiz Məmməd Aslanın
əziz xatirəsinə ehtiramla


Axır vaxtlar yaman pis yuxular görürəm. Özüm də bilirəm ki, hamısı işsizlikdəndir...

Bir kişiyə, iş üçün onun-bunun qapısını döyməkdən betər işgəncə, rəzalət yoxdur, – dadını görməyənlər əllərindəki işin qədrini bilsin. İki ildir mən atlıyam, işverənlər piyada – ali təhsilim ola-ola heç kim mənə iş vermək istəmir – “İngilis dilini, kompüteri bilirsənmi?” – soruşurlar, mən də, – “Yox” – deyirəm, – “O vaxt belə şeylər yox idi axı...”. “Onda sənədlərinizi qoyun qalsın, lazım olsanız, çağırarıq” – ay çağırdılar ha... Axşam da yorğun-arğın, əliboş evə gəlib yuxu dərmanımı atıb daş kimi yatıram. Aptekə girən kimi qızlar “Za-lak-san”ı dinməzcə gətirib qabağıma qoyurlar, – zəhrimara qalmış da elə bahadır ki... Beynim kifli fikirlər qazanına dönüb dərman atmaqdan.

Əvvəllər yenə yaxşı idi – yuxuda gah Zəlimxan Yaqubla şeir deyişirdim, gah, Məhərrəm Qasımlı ilə folklorumuzun qeybətini edirdik. Amma, axır vaxtlar yuxularımın siyasiləşib. Rəhmətlik atam eyzan deyərdi ki, – “Əüzibillahi minə-şeytani rəcim və siyasət!”. Heç yatsam da yuxuma girməyən şeylər indi gəlib özünü yuxuma dürtür. İraq olsun, qorxuram axırda siyasətçi olum. Məni də qorxudan elə budur – nə var ki, adamı “dövləti çevrilişə cəhd” adıyla damlamağa, “kış-kış”, – dövlətin qulağından uzaq!

Allahım, şeytanın və siyasətin şərindən mən də sənə sığınıram, qurtar məni bu sərsəm yuxuların əlindən! Sən özün mənə bir xeyirli iş yetir, qurtar məni bu sərsəm yuxuların əlindən, yuxularımı xeyirə cala, ya Rəbbəna!

* * *

– Alo, həkim! – dörd aydan sonra axır ki, “Ailə həkimi” Əli Nağıyevin canlı yayınına düşə bilirəm.
– Eşidirəm, buyurun. Şikayətiniz nədir?
– Salam həkim, şikayətim vicdanımdandır. Ruhum ağrıyır həkim, vicdanım məni incidir...
– Bəlkə ünvanı səhf salmısınız?
– Yox həkim, dərdin mənə gəlsin, səhf düşməmişəm, dərdimi dinlə, mənə bir əlac elə, qurbanın olum...
– Buyurun sizi dinləyirəm... Amma nəzərə alın ki, efir üçün ayrılmış vaxtımız sona çatmaq üzrədir...
– Anladım, başına dönüm! Qadalarını alım, həkim, bu “za-lak-san” məni dəli eliyir, əcaib-qəraib yuxular görürəm. Mənə yaxşı bir yuxu dərmanı deyin.
– Axı biz demişdik ki dərman adı çəkməyin – reklam olur yoxsa...
– Qardaş, reklam vaxtı deyil, yuxuda əzrayıl olub adam canı almaqdan bezmişəm, mən əlac axtarıram.
– Nədi dərdiniz? Səbrli olun, aramla danışın...
– İş tapa bilmirəm, qardaşoğlu. Son vaxtlar ürəyim sancır. Həkimə getmişdim, dedilər ki, – “Ürəyin arxa divarı yaxşı qidalanmır”. Ürək cəhənnəmə olsun, mənə yuxu dərmanı lazımdır ki, gecələr yuxusuz yatım.
Əli Nağıyev:
– Həkim müayinəsində olmusunuzmu, – böyrəkdə daş, maddələr mübadiləsi, şəkər, əsəb.., yoxlamadan keçmisinizmi? Həkimlər nə deyir?
– Evin tikilsin, deyirəm qısıram, soruşursan, neçə uşağın var? – işsizəm, dərd çəkirəm, yuxuda dağı arana, aranı dağa daşımaqdan kələyim kəsilib... Verilişin vaxtına az qalıb, mənə karlı bir yuxu dərmanı adı de. Ya da, bəlkə, siz elə bir dərman bilirsiniz ki, insanın gönünü qalınlaşdırır, bəlkə, adamı bivec edən təzə dərman çıxıb, siz bilərsiniz, yaxşı həkimsiniz, üzünüzdən də nur yağır...
– Sizin maddi-sosial probleminiz var...
– Mənim yox, cəmiyyətin bu problemi var, həkim. Bir gün cəmiyyətin “qan təzyiqi” ya vurub ölkənin beynini insult edəcək, ya da bu dövlətin ürəyini infarkt vuracaq. Başına dönüm, bu andıra qalmış suyu yüz dərəcə isidəndə qaynayan şeydir, artıq qaynatsan, qabdan aşıb-töküləcək. Gördün ki su qaynayır, ocağın odunu azaltmaq lazımdır, düzdürmü? Ya da denən ki, “yalan deyirsən”.
– Düzdür...
– Ay ölənlərin rəhmətlik! Axı bizimkilər odu azaltmaq əvəzinə, tonqala odun, benzin atırlar, ay başına dönüm. Ali təhsilli mühəndisəm, 53 yaşım var, ingilis dilini, kompüter zəhrimarqalmışı bilmirəm deyə, acından ölməliyəm..?
Əli həkim:
– Mən sizə ancaq səbr arzulaya bilərəm, hörmətli dinləyici... Verilişimizin başa çatmağına saniyələr qaldığından, bir daha telefonumuzu xatırlatmaq istəyirəm., – 0503300697. Pasientimizin diqqətinə bir daha çatdırırıq, təəssüf ki, ictimai xəstəliklərlə siyasətçilər məşğul olur. Bir daha, hər birinizə səadət dolu, can sağlığı arzu edirəm.
– Alo, alo... Buy! Sənin...
– Düt, düt, düt...

* * *

...Qapı döyülürdü. Teleofonun dəstəyini qoyub qapıya getdim. Açdım qapını. Gələn kim olsa yaxşıdır..? – bizim nurani el ağsaqqalımız, yıxılı elin dirəyi, şair Məmməd Aslan... Əlim ağzımda qaldı, – “Mən hara, Məmməd Aslan hara...”, – Məmməd əmi..?!
Qapını açan kimi özünü içəri saldı, elə bil, dalınca bir dəstə atlı gəlirdi: – Salamun əleyküm!
– Əleyküm salam – onu içəri ötürüb çölə göz gəzdirdim, – “Ta gələn yoxdu” – qapını kilidləyib arxasınca içəri keçdim. Divanda yayxanmışdı: – Əli Nağıyevin dediyi adam sənsən?
– Bəli, elə indicə onunla danışırdıq... – salba dəymiş toyuq kimi ağlım başımda səndirlədi, – “Bunu hardan bilir?”
– Siz, Azərbaycan Respublikasının prezidenti seçilmisiniz! – elə bil indi xatırlayırmış kimi durub təntənəylə əlimi sıxdı.
– Bah..! Kim seçdi, nə vaxt seçdi?
¬– Bir az olar. Artıq seçki komissiyası qərarı təsdiq etdi, – “Məni doluyurlar yoxsa? Amma, bu boyda adam zarafat eləməz, deyirsə, düz deyir...” – başımı qaşıdım.– Kim sizə icazə verib ki, məni prezident seçirsiniz?! Yəni, özbaşınalıq bu həddə çatdı ki, istədiyinizi prezident seçirsiniz!? – qəfildən qulağım çöldəki gurultuya dirsəkləndi. Pəncərəni açıb eşiyə baxdım. Camaat bayırda məni alqışlayırdı.
– Elə acığım gəlir ki bu millətdən! Yaltaqlar! Bunların işi-peşəsi gələnə çəpik çalıb, gedənə təpik döyməkdir! Hələ bir qonşum, zəhləmgetmiş Yaqubəliyə bax – özünü az qala gözümə dürtür. Başqa vaxt məni adam yerinə qoyub quruca salam da verməzdi, indi dil boğaza qoymur, – “Sən xalqımızın xilaskarı, yeganə pənahısan! Mən bilirdim ki, bir gün ədalət zəfər çalacaq!”. “Yalansa, səni zəfər ilanı çalsın!” – pəncərəni hirslə çırpıb Məmməd Aslanın yanına qayıtdım. – Deyəsən, dalğa həqiqətən məni vurub Azərbaycanın prezidenti eləyib... – üzünə hırıldadım.
– Nəyi gülməlidir? Səndən artıqdır indiyədək olanlar?
– Buna lap bişmiş toyuğun da gülməyi gələr...
– Çəkinib eləmə, baş vəzirin özüməm. İndi isə camaatın qarşısına çıxmaq lazımdır.
Bizim müdriklər müdriki Məmməd Aslan mənə kostyub gətirmişdi. Geyindirib-kecindirdi, sonra kürəyimdən itələyə-itələyə məni xalqın qarşısına çıxartdı. İzdiham binamızın qabağını doldurmuşdu – iynə atsaydın yerə düşməzdi. Vəzirim məni bayrağımızın yanına gətirib dedi, – “And iç, diz çök və öp bayrağı”, – biz görmüşük ki, şah vəzirə göstəriş verər, amma Məmməd Aslanım məni az qala uşaq kimi ora-bura buyururdu. Dediyini edirdim – mən ki, birinci dəfədir prezident seçilirdim – hələ səriştəsiz idim. Soruşdum ki, – “Diz çökməsəm olmazmı, axı hələ indiyədək belə kostyum geyməmişəm?”. Allah saxlamış gözlərini üzümə elə ağartdı ki, az qala bağrım yarılacaqdı. Sözü döndərmədim. Dinməzcə diz çökdüm, bayrağı öpdüm, Qurana and içdim ki, – “Azərbaycan xalqına sədaqətlə qulluq edəcəyəm!”. Burda vəzirim çiyinlərimdən yapışıb məni ayağa qaldırdı, alnımdan öpdü, – “Sən xalqına sədaqətli qul olacağına and içdin, bu gündən bu xalqın qulu, nökərisən” – demişdi ki, az qaldı sürəkli alqışlardan bina başımıza uçsun. Əyilib vəzirin qulağına pıçıldadım, – “Bəs hökmdarlıq, şahlıq, prezidentlik..?”. Dedi, – “Xalqın qulu olmaq şahlıqdan minqat üstündür, bu şərəf hər kəsə nəsib olmur”. Müdrik ağsaqqalın xətrini çox istəməsəydim, prezidentlikdən imtina edərdim. “Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”, – sanki, məni aldadıb məcbur taxta oturtdmuşdular, – “Lap, “Aldanmış Kəvakib”dəki kimi”, – cıqqırımı çıxarmadan səs-küyə devikmişdim. Qara maşın məni prezident iqamətgahına aparanda üzünü gor görmüş qonşularım arxamca su atıb zar-zar ağlaşırdılar...
Rahat divan-kreslolar, əl-ayaq verən əyan-əşrəf, məsləhətçilər, köməkçilər.., – biri gedir-o biri gəlirdi. Elə birinci gündən bu süni həyatdan, boğazdanyuxarı təriflərdən qusmağım gəldi – prezidentlikdən iyrəndim. Məni yaman yormuşdular. Yuxum gəlirdi. “za-lak-san” dərmanımdan birini udub yerimə girdim ki, gecə məni narahat edən olmasın. Amma sevimli vəzirim bivaxt gəldi, məni yuxudan oyatdı: – Hə, necədi işlər?
– Hələ ki, işsizəm. Məddahları dinləyirəm. Əgər prezidentlik budursa, mən taxt-tacdan istefa verirəm... – yastığıma dirsəkləndim, – Bağışlayın, sizin də yanınızda biədəb uzanmışam...
– Eybi yox, narahat olma. Sən xalqın qəlbində, zəhmətkeşlərin könlündə taxt qurmalısan. Sənin sarayın xalqın ürəyində olmalıdır. Burda otursan paslanacaqsan, xalqdan uzaq düşüb tirana çevriləcəksən. Qollarını çırmalayıb işə girişməlisən. Əvvəlcə naib-nazirləri, dövlətin yükünü çiyinlərində daşıyan vacib adamları qəbul edib planlarını açıqlamalı, tapşırıqlarını verməlisən. Nədən başlayaq?
– Bəs yatmayım..?
– Yatmağa gəlməmisən, bu günün işini sabaha saxlasan iş iylənər, dəyərini itirər, – yorğanımı üstümdən atdı, – Dur!
Kor-peşiman durdum. Əynimi geyindim, – Dərhal rüşvəti ləğv etməkdən başlayaq! – dedim.
– Olsun. Onda bütün vacib adamları bir yerdə qəbul et. Bu saat adından lazımi tapşırıq verirəm. Qoy yuxularına haram qatsınlar...
– Hə, ver.
Mələksima vəzirim getdi. Bir saatdan sonra xəbər gətirdilər ki, – “Cənab prezident, bütün nazirlər, komitə rəhbərləri yığışıb sizinlə görüşə hazırdırlar”. “Cənab Prezident...” – dilimin altında mızıldana-mızıldana yan otaqdakı iclas zalına keçdim. Televizordan tanıdığım üzlərin hamısı burdaydı. Məni görcək dim-dik yerlərindən qalxanda qorxum qaçdı.
– Salam. Əyləşin, – prezidentlər belə quru olurdular – televozordan görmüşdüm. Yumuşaq kreslomda oturdum. Heç bir girişsiz-zadsız birbaş mətləbə keçdim:
– Bu gündən etibarən bu məmləkətdə xarici və daxili siyasət əxlaq prinsiplərinə söykənəcək. İlk olaraq sabahdan rüşvətin izini bu məmləkətdə görmək, adını eşitmək istəmirəm! Bu yolda əl-ayağa dolaşacaq olanlar, rüşvətsiz yaşamaqdan iyrənənlər indidən bizi tərk edib getsin – onlara bizim aramızda yer yoxdur...
Hamı susurdu.
– Nədi, mümkünsüz işdir?! – zaldan soruşdum.
– Yox, cənab prezident. Yetər ki, siz bunu davamlı istəyin və qarşımıza vəzifə kimi qoyun – Bakının meriydi bunu deyən.
– Onda ilk göstərişim, ilk vəzifəniz budur, – rüşvət bu andan başlayaraq sabah axşamadək ölkədən tamamən yığışdırılmalıdır. Birisi gün, rüşvət barədə xalqdan bir giley eşitsəm, özünüzdən küsün! Tabeliyinizdəki işçilərdən kimsə, – kiçik, ya böyüklüyündən asılı olmayaraq – rüşvət alarsa, buna görə başınızla cavab verəcəksiniz!
– Baş üstə! – elə bil xor məktəbini keçmişdilər.
Yerdən kimsə naqolay söz tulladı:
– Onda bütün həbsxanalar boşalacaq ki...
– Boşalmaz, – yumruğumu stola çırpdım: – Rüşvət xəstəliyindən qurtara bilməyənlərlə dolduracağıq!
– Baş üstə..! – yenə ikibir-üçbir təzim etdilər.
– İndi gedə bilərsiniz. Birigün yenidən toplaşarsınız! – tapşırdım.
Öz otağıma keçəndə mehriban vəzirim əllərini çiynimə qoyub dedi, – “Bilirsənmi ki, Azərbaycanda rüşvətin kökünü kəsən ilk rəhbər kimi tarixə düşəcəksən?”
– Allah köməyimiz olsun... Sizcə, rüşvətin kökünü belə asanlıqla kəsmək olar?
– Bundan da asandır. Yetər ki, bunu istə və rüşvətin kökünü kəsmək üçün rüşvət tələb etmə!
– Xalqa müraciət etmək, bu qərarımıza dəstək üçün ondan yardım almaq istəyirəm.
– Gözəl fikirdir. İki saata canlı yayımda olacaqsınız...
– Amma, yuxu dərmanı atmışam... Xalqı da yuxudan eləmiyək...
– Olsun. Bu gün çəksinlər, sabah ertədən göstərərlər.
... Studiyada rejissor mənə işarə edəndə ki, – “Siz canlı efirdəsiniz, xalqla üz-üzəsiniz...”, – xalqla ilk görüşümdən dizlərim əsdi. İlk dəfəydi ki, Azərbaycan xalqı kimi qüdrətli nəhəngin qarşısındaydım. Qarşısında bundan ağır imtahan verəcəyim başqa müəllimin olmadığını anladım. Birinci dəfəydi ki, sevimli və nurani vəzirimdən də uca və daha möhtəşəm biriylə üz-üzə dayanmaqdan qorxdum. Bir qurtum suyla boğazımı isladıb xalqımın ərkinə sığındım:
– Düz iki il idi ki, ailəmə bir parça çörək qazanmaq üçün qapı-qapı iş axtarırdım. Bu gün özümə iş tapmışam – Azərbaycanın Prezidenti, Ali Baş Komandanam, sizin təmsilçinizəm. Yüzlərlə dahilər yetişdirən bir xalqın sədaqətli qulu olmağa and içmişəm. Bu, Allaha layiqli qul olmaq kimidir. Ağırdır, şərəfdir və çox məsuliyyətlidir.
İnsana bu dünyada yaşamaq üçün iki şey lazımdır – qışda isti, yayda sərin daldalanacaq və bir də, qarnını doyura biləcəyin qədər yemək. Bundan başqa dalınca qaçdığımız hər bir şey nəfsimizin xaltasıdır, boynumuza salıb bizi dalınca sürükləyir. Dəbdəbəli yaşayanlar bilməlidirlər ki, bunları istəməyə kasıbın da haqqı var. Rüşvətsiz dəbdəbə olardımı? Olmazdı.
Əziz həmvətənlərim! Biz tariximizdən dərs almayan xalqıq. Bir-bir qəhrəmanlarımızı, dahilərimizi xain çıxarmaq, onlara çamur atmaqdan zövq alan xalqıq. Biz Babəkimizə, Məmməd Əminimizə, Elçibəyimizə, Heydərimizə xəyanət edən, dar gündə onlardan üz döndərən qədirbilməz xalqıq. Həm də Böyük xalqıq. Bu “ürəyigeniş”liyimizi hamı bizdən yaxşı bilir. Ona görə də elə bizim hesabımıza hamı bizdən yaxşı yaşayır. Ölkəmizə riyakarlıq, ikiüzlülük, yaltaqlıq toxumunu səpən nədir? Kimlərdir bu xalqı sürü kimi qabağına qatıb dağa-daşa salanlar? Rüşvətdir və rüşvətxorlardır! Hərəniz bir ovuc torpağı çəpərləyib, – “Mənim vətənim budur!” – deyirsiniz. Yox! Daha bunu görməyəcəksiniz! Çəpərlərinizi sökün və qonşunuzun halına baxın, köməyinizə ehtiyacı olana qardaş əlinizi uzadın. Qulaqlarınızdakı tıxacı çıxarıb vətənimizin səsinə hay verin! Bu gündən etibarən ölkə sərhəddini çəpərləyin. Vətən dediyimiz Azərbaycanı azad görməyincə, övladlarınıza xoşbəxt gələcək vəd edən cəmiyyət qurmayınca papaq altında gizlənməyi arınıza, adınıza sığışdırmayın.
Dediyim kimi, sizdən hər şey gözləyirəm – xəyanəti də, mənə arxa-dayaq olmağı da... Amma sənə bel bağlamaq məcburiyyətindəyəm. Rüşvətin kökünü kəsməyə, Qarabağı azad etməyə gəlmişəm. Bundan sonra isə ölkədə demokratik prezident seçkisi keçirib dinc həyatıma qayıdacağam. Birinci işdə sizə güvənirəm, ikincisində övladlarınıza. Umduğum etibar və vədinizin azacıq xəyanət görsəm, bu ölkədən baş götürüb gedəcəyəm.
Artıq Azərbaycan rüşvətsiz dəqiqələrini başlayıb – bu barədə artıq fərman vermişəm. Gözünüz, harama vərdiş etmiş əllərinizin üstündə olsun. Rüşvəti alan da, verən də eyni cəzanı alacaq. Verən əlinizi ancaq ehtiyacı olan qonum-qonşunuza uzadın. Rüşvətxoru isə dərhal ədalətə təslim edin. Üç gün ərzində ölkəmizdə rüşvət nişanəsi qalmamalıdır. İndiyədək kim nə alıb-veribsə, cəzasını Allahdan görsün. Ancaq bu dəqiqədən sonra cəzanı qanunun sərt üzündən görəcəksiniz!
Qanuna, Qurana əl basdım, diz çöküb Bayrağı öpərək sənə sədaqətli qul olacağıma and içdim. Ancaq sizə olan güvənimi qırsanız, Allahın lənəti bu xalqın üstündən əskik olmasın, qul haqqım burnunuzdan gəlsin!
...Sabah çıxışım efirdə gedəndə vəzirim xəbər verdi ki, – “Danışanda bir az siyasətcil olmaq lazımdır – lirika vaxtı deyil. ATƏT-in Mins qrupunun həmsədrləri çıxışındakı açıq çılğınlıqdan narahatdırlar və səninlə təcili görüşüb atacağın addımları bilmək istəyirlər”.
– Hər yoldan ötəni prezident seçəndə düşünməliydiniz bunu... Bəs ATƏT dediyiniz təşkilat bu neçə ildə bir irəliləyiş əldə edib? – soruşdum.
– Bircə topal addım da – çiynini çəkdi.
– Görüşmürəm! Qrupun fəaliyyətini daha tanımadığımız barədə nota hazırlayın.
– Belə kəskin qərarlar ziyanımızadır, düşmənlərimizi çoxaldarıq...
– Düşməndən başqa kimimiz var ki. Onsuz da dünya çaş-baş qalıb. Suyu bir müddət biz də bulandıraq və qismətimizdə olan balığı tutaq. Nə etmək istədiyimizi düşünənədək, biz işimizi bitirmiş olacağıq...
– Hansı işimizi..? – Aslanım məəttəl üzümə baxdı.
– Ermənin iç üzünü yaxşı tanıyırsınız, elədir? – başıyla təsdiq elədi. – Bəs erməni əsgərini döyüşdə görmüsünüzmü? – başını buladı. – Amma mən görmüşəm... Güc nazirlərini dərhal yığın! – həddimi aşdığım üçün xəcalət çəksəm də bunu əmr kimi səsləndirdim, – “Sonunda Prezident mənəm, ya yox?”.
– Baş üstə. Amma planından məni də hali etsən rahat olardım...
– Özün görəcəksən. De hərbi vertalyot hazırlasınlar. Gedin! – “Deyəsən prezidentlik elə də çətin şey deyilmiş”.
– Oldu... – getdi vəzirim, – “Oldu” deyən dilinə qurban olum sənin, a Məmməd əmi...

* * *

Təhlükəsizlik şurasının üzvləri – güc nazirlərinin hamısı iclas salonunda məni gözləyirdilər. Birbaşa mətləbə keçdim:
– Bir-bir sizdən eyni suala cavab istəyirəm, – Qarabağı neçə günə azad edə bilərik?
Xarici İşlər Naziri:
– Cənab prezident, bu məsələni biz həll etmirik, bu rusların və Amerikanın əlində olan məsələdir. Bunu bilməmiş deyilsiniz...
– Səndən siyasəti soruşmuram! İndiyədək etdiklərin göz qabağındadır! İndi hərb zamanıdır, siyasət yox! – üstünə çımxırdım. – Mən güc nazirliklərinin fikrini bilmək istəyirəm. Əgər Amerika və Rusiya kənara dursalar, gücümüz nəyə çatır?
Müdafiə Naziri:
– Bütün güclərin səfərbər edilməsi on gün çəkər. Döyüş planı hazırlanması eyni müddətdə hazırlanarsa.., fikrimcə iki aya...
Daxili İşlər Naziri:
– Yüksək döyüş hazırlığı rejiminə gəlmək üçün iyirmi gün bəs edər. Qarabağı bir aya azad edə biləcəyimizi düşünürəm...
Milli Təhlükəsizlik Naziri:
– Ordunun bu günkü real vəziyyətini nəzərə alsaq, fikrimcə, sürətli döyüş əməliyyatlarını on beş günə bitirə bilərik. Ancaq qələbənin kimin tərəfində olacağından əmin olmaq çətin məsələdir. Çünki qonşu dövlətlərin düşmənimizə hansı münasibətdə olacaqlarından çox şey asılıdır...
Sərhəd Qoşunları Komandanı:
– Sərhəddə çevikliyi və sayıqlığı maksimum gücləndirmək üçün mənə on gün kifayətdir.
– İran və Rusiyanın Ermənistana əlavə hərbi yardımını ləngitmək üçün sizcə, nə qədər vaxt lazımdır? – soruşdum.
– 3-4 gün – Milli Təhlükəsizlik Naziri tələsik dilləndi.
– Azdır – dedim.
MTN:
– Maksimum bir həftə.
– Siyasi dəstək ləngiyə bilər, lakin hərbi dəstək iki günə öz rolunu hiss etdirəcəkdir – Xarici İşlər Naziri yenə müdaxilə etdi.
– Bəs MTN-nin düşmənin havadarlarıyla rabitəsini pozmaq planı varmı?
MTN:
– Qismən də olsa, müvəqqəti olaraq mümkündür – sadəcə rabitənin keyfiyyətini poza bilərik.
– Daxili işlər, kömrük və sərhəd qoşunları birlikdə daxili sabitliyi və sərhəddə tam müqaviməti təmin edə bilərmi? – nazirləri bir-bir süzdüm.
– Bəli.
– Bəli.
– Bəli
– Ordunun dislokasiya yerinə çatmaq və tam döyüş hazırlığı vəziyyətinə gətirmək üçün nə qədər vaxt istəyirsiniz? – MN-dən soruşdum.
MN:
– Üç gün yetər.
– Sizi dinlədim və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qərarımı bildirirəm. Bu bir döyüş əmridir (Nazirlər “fərağat” vəziyyəti alıb əmrə müntəzir dayandılar). Dərhal döyüş əməliyyatlarına rəhbərlik üçün Ağdam rayonunda Baş Qərərgah yaradılsın. Sabah axşam saat 21-dən başlayaraq ölkə sərhəddində sayıqlıq ən yüksək həddə çatdırılsın. Sərhəd qoşunları, kömrük və daxili qoşunlar DİN-nın sərəncamına verilsin. DİN sərhədlərimizə cavabdehdir. Sabah saat 21-dən etibarən ölkə müharibə rejimiylə qorunsun. Daxili sabitliyin qorunması MTN-nin qoşunlarına həvalə edilsin. Əhaliyə döyüş əməliyyatları barədə məlumatlar sızdırılmasın. MN strateji hücum silahlarını cəbhəboyu yerləşdirsin, hava hücumundan müdafiə kompleksi döyüş hazırlığı vəziyyətinə gətirilsin. MTN burdakı adamların çevik rabitə vasitələrilə təchizatını yarım saat ərzində tam təmin etsin. Cib və iş telefonlarınızı dərhal MTN-ə təhvil verin. MTN, Baş Qərargahın döyüş planları və əməliyyatları barədə məlumat sızması ehtimalının qarşısını alsın. Üç saatdan sonra Ağdamdakı Baş Qərargahda döyüş əməliyyatını birlikdə işləyəcəyik. Əməliyyata hazırlıq bərədə məlumat tam məxfi saxlanmalıdır. Biri gün səhər saat 4-də döyüşə hazırlığın real vəziyyəti barədə mənə yekun raport verilsin. Əməliyyata rəhbərliyi öz üzərimə götürürəm. Yarım saata vertalyotla Ağdama uçuruq...
MTN bütün cib telefonlarını elə buradaca yığdı, lazımi təlimatları verib tabeliyindəkilərə əmrimdən irəli gələn tapşırıqları verdi. Bayaqdan məni qarğaşa ilə dinləyən nurani vəzirimdən ötrü darıxmışdım. Şəxsi mühafizəmin rəisini və vəzirimi otağıma çağırdım. Mühafizə rəisinə:
– Bu gündən şəxsi mühafizə dəstəm və xüsusi idarə Məmməd Aslanın tabeliyindədir. Özünlə say-seçmə və etibarlı igidlərdən də götür – Bakıda qalıb MTN-nin işlərinə kömək edəcəksən. Vəzifən nazirləri, onların ən inandığı adamları nəzarətdə saxlamaq, Baş Qərərgahın üzvlərinin düşmənə dövlət və döyüş sirrini ötürməsinin qarşısını almaqdır.
Mühafizə rəisi:
– Oldu! – deyib otağı tərk etdi.
Baş-başa qalanda vəzirim biləyimi tutdu:
– Allahını sevirsənsə, bir de görüm, nə etmək istəyirsən, nə qaçhaqaçdır belə!?
– Ölkə sənə əmanətdir, Aslanım! Bilmirəm mənə vəhy gətirən şeytandırmı, yoxsa Allah, ancaq fikrim, – “Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi”– qaydasıyla Qarabağı azad etməkdir.
– Qurd ürəyi yemisən nədir? Bu dəlilikdir! Ayıl yuxudan! Sən dövlət başçılarıyla görüşməmiş, onlarla məsləhətləşməmiş...
– Neçə ki, onlarla görüşməmişəm və hələ tanış deyiləm, bu şəkildə müharibəni başlamağım daha uyğundur. Onların başı Suriya və İraqa qarışıb, onlar İran və Türkiyədə suyu bulandırmaqla məşğuldurlar. Fürsətdir, bizim belə bir addım atacağımızı heç gözləməzlər.
– Olmaz! Xalqı qırğına aparırsan!
– Xalq, öz övladlarının gələcəyi uğrunda vuruşmağa hər zaman hazır olmalıdır.
– Sən dəlisən!
– Dəli olduğumu bilə-bilə məni prezident seçən də sizsiniz.
– Görüm Əli doxdurun əli sınmayaydı, səni namizəd kimi qabağımıza itələyən yerdə...
– Məni Türkiyənin Başbakanıyla calaşdırsınlar. Dərhal Amerika, Rusiya, Fransa və İranın prezidentlərinə xəbər göndərin. Mənim adımdan, – “Qarabağ məsələsini müzakirə etmək üçün məni qəbul edə biləcəyiniz gün barədə vədə təyin etməyinizi xahiş edirəm” – yazın.
– Nəsə ağlım bir şey kəsmədi. Amma sən deyən olsun. Qorxuram bütün işləri zay edib ölkəni yağı tapdağı altına atasan...
– Bu ölkə tapdalanmağa öyrəncəlidir, Məmməd əmi. Sən dediyimi elə. Bu xalq öz dövlətinə, vətəninə tam sahib olmayacaqsa, onu kimin tapdalamağının heç bir təfavütü yoxdur. Əgər özü öz taleyini həll etməyəcəksə, onda başçısı ha erməni olsun, ha rus olsun, ha fars olsun – nə dəxli var ki...
– Xeyir Allahdan! –otaqdan qarğaşalı çıxdı.
Bir neçə dəqiqədən sonra telefon zəng çaldı. Telefonun o biri ucunda Türkiyənin Baş Naziri idi.
– Axşamınız xeyir, sayın başqanım. Olduqca qısa danışmaq zorundayam, ən inandığınız bir elçinizi 3 saat müddətində yanımda görmək istəyirəm. Məlumat çox ciddi və tam məxfidir. Gecəniz xeyirə qalsın...

* * *

Ağdamın işğal olunmuş kəndlərinin üç kilometrində yerləşən “N” saylı hərbi hissədə Baş Qərərgahın qurulması başa çatmışdı. Ən təcrübəli hərbçilərdən ibarət heyət, sübhədək döyüş əməliyyatını müxtəlif variantlarda işləyib hazırladılar. Səhər saat 5-də hamıya bir saat dincəlməyə vaxt verdim. Saat 7-də döyüş əməliyyatlarına rəhbərlik edəcək cəbhə kömandirlərini təyin edib vəzifələri tapşırdıqdan sonra döyüş mövqelərinə göndərdim. MTN-nin kəşfiyyatçıları düşmənə dair gizli məlumatları təqdim etdi. Ermənistanın böyük şəhərlərində və paytaxtında həyat təminatlı və strateji obyektlərin partladılması, diversiya əməliyyatlarına başlanması barədə əmr verdim. Bu müddət ərzində Məmməd Aslan paytaxtdakı sakit vəziyyət barədə məruzə edib, Rusiya prezidentinin mənimlə dərhal Moskvada görüşə hazır olduğunu bildirdi. Görüşü 4 gündən sonraya təyin etməsini tapşırdım. Sərhəddə və hava hücumundan müdafiə sərvaxtlığının ən yüksək səviyyədə təşkil olunması barədə məlumatları aldım. Müdafiə naziri döyüş sursatının cəbhələrə paylandığı və ordunun axşam saat 19.00 üçün döyüş mövqelərində hücuma hazır vəziyyətdə olduğu barədə raport verdi. Türkiyədən gələn qonağa Məmməd Aslan bütün təlimatları vermişdi. Saat 20-də dövlət televiziyası və rəsmi xəbər agentlikləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması barədə ənənəvi quru xəbərləri yaydı. Kütləvi ideologiya mexanizmi işə salındı. Bu işə, ədəbiyyatın və millətin zəif damarını yaxşı bilən sadiq vəzirimin özü nəzarət edirdi. Allah saxlasın, bu qoca Məmməd Aslanda vətən, millət sevgisi, qayğı nə boydaymış... Hər dəfə danışanda, – “Bax əməliyyatınız puç olsa, ilk gülləni başıma çaxan mən olacağam. Heç olmazsa mənə yazığın gəlsin, yüz ölç-bir biç” – deyirdi.
– Aslanım, sizin başınız mənə bu millət qədər əzizdir. O başdan bir tük əskik olsa, bu vətənin torpağını yüz metr dərinliyində qazıb, sonra kürüyərəm. Sonra yenidən əkərəm ki, bu torpaq qüsl alsın. Bəlkə, bundan sonra biz müsəlmanların qıldığı namazların ondabiri müstəcəb ola... – ona ürək-dirək, toxtaqlıq verirdim.
21.00... Hava qaranlıq pərdəsini endirirdi. Günəş son dəfə yerə göz gəzdirirdi ki, görsün bütün təbii Ahəng, nizam-intizam yerindədirmi? Bəlkə, ona, heç sabaha yenidən doğmaq bir də nəsib olmayacaq...

* * *

İlk xəbərlər gəlməyə başladı.
– “İrəvan şəhərinin elektrik təchizatı partladılıb!”
– “İrəvanın televiziya və radio fəaliyyəti dayanıb”.
– “Ermənistanın Baş Nazirinə sui-qəsd edilib, nazir ağır vəziyyətdə xəstəxanaya yerləşdirirlib”.
– “Ermənistanın atom elektrik stansiyasının partladılacağı barədə şaiyələrlə əlaqədar olaraq Türkiyə dövləti Qars vilayətinə külli miqdarda kimyadan mühafizə və mülki müdafiə qoşunlarını cəmləyib”.
– “Gürcüstan dövləti erməni terrorçuların bu ölkəyə keçməsinin qarşısını almaq məqsədilə sərhəddi gücləndirib”.
– “İran, qonşu dövlətdə baş verən terror və partlayış hadisələrinə görə narahatlığını bildirir”.
– “Rusiyanın Federal Təhlükəsizlik Naziri Ermənistana gəlib”...

* * *

...Sübh namazımı qıldım. “Ya Allah!” – deyib döyüş əməliyyatlarına başlamaq barədə göstəriş verdim. Aviasiya düşmənin arxa cəbhə boyunca müdafiə komplekslərini, artilleriya və hava hücumundan müdafiə qurğularını eyni vaxtda vurdu. Türkiyədən aldığımız məlumatlar hədəflərin yerini dəqiqləşdirməkdə çox dadımıza yetirdi. Hədəflərin ard-arda dəqiq vurulması barədə xəbərlərdən sevinirdik. İlk desant dəstələri hava işıqlanmamış düşmənin arxasına atıldılar. Saat 9-da 3-4 km məsafədə avtomat və pulemyot atışmasının səsi aydınca eşidilirdi. Üzbəüz düşmən mövqeləri artıq çaş-baş düşmüşdülər. Hətta, biz tərəfə qaçıb minaya düşərək göyə sovrulanları da olurdu. Minalanmış ərazilərin yeri və planı müəyyən edildi. Tanklar və zirehli maşınlar Ağdam cəbhəsi boyunca hücuma keçdilər. İlk düşmən mövqeyi ələ keçirilib əsgərləri əsir götürüldükdə döyüşçülərimizin irəliyə cummaq həvəsini sezdim. “İki gününüz var, gedə bildiyiniz qədər gedin və istədiyinizi edin!” – əmrini verdim. Artıq bundan sonra elə bir qüvvəni çətin tapaydın ki, bu selin qabağını alsın. Fizuli-Beyləqan, Ağdam-Tərtər, Ağdərə-Göranboy, Daşkəsən-Qazax cəbhələrindən də bir-birinin ardınca şad xəbərlər gəlməkdəydi:
– “Rəşadətli Silahlı Qüvvələrimiz Fizuli şəhərinədək ərazini və Xöcavənd rayonunu bütünlüklə erməni işğalçılarından azad etmişdir!”
– “Ağdam rayonunun bütün kəndləri və Ağdərə rayonunun Drmbon-Sırxavən kəndləri boyunca bütün əraziləri düşməndən azad edilmişdir”.
– “Cəbrayıl rayonunun Sirik kəndi uğrunda şiddətli döyüş davam edir, itkilərimiz var...”
– “Hərbi Dəniz Donanmamız İran və Rusiyayla dəniz sərhədlərimizdə tam döyüş hazırlığı vəziyyətindədir. Ehtimal edilən hər bir hücumun qarşısını almağa hazırıq”.
– “Fransa səfiri bizim XİN-nə hücuma dair rəsmi etiraz notası təqdim edib”
– “Amerika, döyüşlərin başlanmasından narahatlıqlarını bildirir”.
– “Rusiya, hücumu dərhal dayandırmağı tələb edir. Silah-sursatla Ermənistana yardım edəcəyinə söz verib”.
– “Türkiyə dövləti münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıdır və döyüşlərin ən qısa vaxtda başa çatdırılmasını arzu edir”.
– “Qazaxla sərhəd erməni kəndləri işğal edilmişdir. Ermənilər kəndlərini atıb qaçırlar”...
– “Ermənistan Silahlı Qüvvələri ilə Rusiya ordusunun qoşun birləşmələri birləşərək cəbhəboyu əks hücuma hazırlaşırlar...”
Bu axırıncı məlumat mənim gözlədiyim ən vacib xəbər idi. Deməli ən qısa zamanda məsələni bitirmək lazım idi. Ermənistan müxalifəti ləngiyirdi. Vədə xilaf çıxacaqlarından qorxurdum – “Nə də olsa, ermənidirlər axı...” – verdiyim pulun dalına keçəcəklərindən ehtiyyat edirdim...
Ancaq gecə saat 3-də İrəvandan aldığımız xəbər narahatlığımın üstünə bir qədər su tökdü.
– “Ermənistan müxalifəti parlament və prezident aparatının binalarını ələ keçiriblər. Dərhal hakimiyyəti sülh danışıqlarına getməyə məcbur edir, ölkədə demokratik seçki tələb edir, mövcud iqtidarı xalqın gözü qarşısında edam etməyi tələb edirlər. Ordu və polis erməni xalqına qarşı silah tətbiq etmişdir – çoxlu insan tələfatı var”.
Döyüşün tempini, hava hücumunun effektivliyini artırmaq barədə göstərişlərimi verdim.
Və... Altı saatdan sonra Azərbaycan Respublikasının Dövlət sərhəddinin tam bərpa olunduğu barədə şad xəbəri aldım, – “Qarabağ düşməndən tam azad edilmişdir!!!”. Xəbəri eşidən yanımdakı rabitəçi əsgərin sevincdən zır-zır ağladığına dözə bilmədim – ikimiz də bir-birimizə sarıldıq.
Hücumu Naxçıvan istiqamətində genişləndirmək və Zəngəzura daxil olmaq barədə göstəriş verdim. Bu tapşırığım döyüş planına daxil deyildi, – “Xalq təzədən yuxuya dalmamış qoy bu işi də bitirək” – ruhlanmış qoşunların irəliləməsinə qərar vermişdim. Bir qədər sonra Mehridəki erməni qaçhaqaçı barədə xəbər aldım. Türkiyədən hər saatbaşı məlumat gəlirdi, – “Sülh danışıqlarına hazırdırlar. Zəngəzura girişməyiniz məsləhət deyil...”. Hər dəfə isə, – “Məni “axtarmağa” 3-4 saat da davam edin!” – deyə cavab verirdim. Məmməd Aslanım digər dövlətlərin basqısından bezib canını yaxşı qurtarmışdı, – “Əşşi, döyüşə özü başçılıq edir, telefonunu söndürüb, rabitə yarada bilmirəm! Gedin özünüz tapın və öldürün, əl çəkin məndən! Bu xalqın müharibəsi və istəyi deyil, özünün planıdır – xalqı bu siyasətə alət etməyin!”. Quran haqqı, çox sevirəm bu Məmməd Aslanı. Azərbaycanı aslan ürəyilə sevərlər, yoxsa gündə birinə mədhiyyə qoşan qələm adamlarına çox heyiflər olsun.
Gələn məlumatlar yavaş-yavaş ağızbüzənə dönürdü:
– “Bakıda bəzi müxalifət üzvləri “müharibəyə yox” şüarıyla küçələrə çıxıb”.
– “Ölkə əhalisi döyüş əməliyyatlarından çaş-baş qalıb”.
– “Bir neçə mağazada talanların qarşısı alınıb”
– “Vətənə xəyanətdə günahlandırılaraq 32 nəfər həbs edilib”.
– “Üç nəfər dövlət məmuru ölkədən külli miqdarda pul, qiymətli daş-qaş çıxararkən yaxalanıb həbs edilmişdir”.
– “Amerika, Fransa və Rusiya prezidentlərinin səlahiyyətli elçiləri Bakıdadırlar”...
Artıq məsələni sona çatdırmağın vaxtıydı. Son göstərişi verdim, – “Ordunun irəliləməsi dayandırılsın! Əldə edilmiş torpaqların bircə qarışı da düşmənə geri qaytarılmasın! Mövqelər möhkəmləndirilsin, müdafiə taktikası seçilsin! Arxa – ikinci müdafiə cəbhəsinin qorunması üçün keçmiş Qarabağ döyüşçülərinə və seçilmiş könüllülərə silah paylansın. Müharibənin qələbəmizlə başa çatması barədə məlumat radio və televiziya ilə xalqa rəsmi şəkildə elan edilsin!”.
...Türkiyənin barışıq missiyasıyla Ermənistanla sülh danışıqlarına başlamağa razılıq verdim. Sülh müqaviləsinin Şuşa şəhərində bağlanması tələbimi qoydum və Qubadlıya – 23 ildir həsrət qaldığım anamın məzarını ziyarətə yolandım.
Əclaflar anamın mərmər başdaşını güllələmişdilər... Qubadlıdan vertalyotla Şuşaya uçduq. Sazişi Azərbaycan tərəfindən Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə Ermənistan prezidenti imzalamışdılar. Sülh sazişini götürüb Bakıya uçdum. Sazişdə göstərilirdi, – “Naxçıvanla birbaşa əlaqə üçün Qafan, Gorus, Qarakilsə (Sisyan) və Mehri bölgələri Azərbaycana qaytarılır. Razılaşmaya görə, Qarabağda yaşamış keçmiş ermənilər Azərbaycan vətəndaşlığından çıxarılır və yenidən Qarabağda yerləşə bilməzlər”...

* * *

Bakıya çatanda böyük bir izdihamla qarşılaşdıq. Paytaxt əhalisi şəhərin küçə və meydanlarını doldurmuş, qələbəni bayram edirdilər. Hamı deyib-gülür, bayramlaşır, küçələr şənlikdən aşıb-daşırdı. Prezident iqamətgahındakı iş otağıma daxil olanda sınıxmış Aslanımı gördüm. Məni görcək uşaq kimi boynuma sarıldı:
– Hardaydın, ay qırışmal..?!
– Anamı ziyarətə getmişdim... – dedim.
– Gəl, gəl ölkəni təhvil al, mən də Kəlbəcərimə qovuşmağa gedirəm...
– İki gün gözlə, millətə verdiyimiz axırıncı sözü də yerinə yetirib ikimiz birlikdə gedək.
– Kəlbəcərəmi?
– Mən Qubadlıya, sənsə, Kəlbəcərinə.
– Sən ki cavansan hələ, nə tez ruhdan düşdün?
– Bu xalq həmişə olduğu kimi bir gün səni də, məni də daşlayacaq. Gəl millətimizin cəzasını gözləmədən, üzüsulu gedək öz elimizə, aslanım...
– Yox! Bu millətin beynindəki unutqanlıq, qədrsizlik, xəyanət, riyakarlıq, nadanlıq hüceyrələrini məhv etməmiş ölən namərddir! Dərhal iş başına, heç yana getmirik! Qoy iyirmi ildir gözləyən Kəlbəcər və Qubadlı bir az da gözləsin!
– Bir şərtlə! Burdan beləsinə özün rəhbərlik edəcəksən.
– Əmrin olsun! Bu gündən bütün qanacaq və mərifət əhlini başıma cəm edib millətin cılız, iyrənc, yaltaq, ikiüzlü, xəbis düşüncələriylə mübarizəyə başlayacağam. Bu işi sən mənə burax. Bu milləti böyütmək üçün onu böyük şeylər barədə düşünməyə vadar etmək lazımdır – bunun yolunu mən bilirəm!

* * *

Sazişi xarici ölkələrin elçilərinə göndərdik. Danışılacaq başqa şey qalmamışdı – “Qız qaçırılmış, iş-işdən keçmişdi”... Bu döyüşdə 72 nəfər əsgərimiz Şəhid oldu – hamısına Azərbaycanın Milli Qəhrəmanı adı verdik.
Nazirləri, dövlətin qazmaqlarını yenə toplamışdım. Məni ayaqüstə alqışlayırdılar. Nə vaxtsa pulyığan nazirlər indi əsl vətən övladı olmuşdular – üzlərindən nur, sevinc yağırdı. Bir-bir hamısını nəzərdən keçirdim. Ürəyimdə, – “Qələbə ən böyük nemətdir. Bu cəngdə əsl şücaət göstərdiniz. Sizin qeyrətinizə qurban olum” – dedim və içimi qəhər basdı...
– Artıq hakimiyyət əxlaqa, mədəniyyətə təhfil verilməlidir – gözünün yaşını silən Məmməd Aslana baxdım – Xalqımıza öz böyüklüyünü göstərmək zamanıdır. Mən bacardığımı elədim, qalanı sizlikdir...

* * *

Qələbə günü münasibətilə televiziya ilə xalqa təbrik müraciətimi etməyə başlamışdım ki, birinin məni dümsükləməsinə yuxudan dik atıldım. Arvadımıydı, – “Bu qədər də adam yatar? Bu dərman axırda səni gic eliyəcək. Farizdir, sənə iş tapıb deyəsən... – əlindəki telefonu yuxulu ovcuma verdi. – “Dağıl a dünya, gör kim mənə iş tapıb, gör kimə möhtac qalmışıq – əyyaş qayına”. – Alo... – gözlərimi ova-ova, Farizə cavab verdim.
– Yeznə, suvaqçı işi var, bacararsan? – qaynımın yonulmamış səsi qulağımın pərdəsində guppuldadı.
– Mən inşaat mühəndisəm, suvaqçı deyiləm, Fariz. Qanırsan?

– Suvaqçı da inşaatçı deyilmi? – cavab verməyin yeri yox idi. “Eşşək gəlib, eşşək də gedəcək” – telefonu söndürdüm. Qalxıb televizorun düyməsini basdım. Ag Atlı xilaskar kimi bayaqkı qələbənin sevinci hələ də köksümdən getməmişdi, – könül dolusu gərnəşdim. Əsas xəbərlərin anonsunu edirdilər, – “Bu gün səhər erməni ordusu yenə atəşkəsi müxtəlif istiqamətlərdə səksən üç dəfə pozub”. “Elimizin dəyərli ağsaqqalı, şair Məmməd Aslan dünyasını dəyişdi...” – dünya gözümdə qaraldı, səndirlədim, stula söykənməsəydim yerə səriləcəkdim. “Za-lak-san” şüşəsini götürüb qapağını açdım, şüşəni ovcuma çalxaladım. Dərmanım qurtarmışdı...



Baxış sayı - 2 587 | Yüklənmə tarixi: 28.09.2015 11:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031