manera.az
manera.az

Meyxoş Abdullah: "Oğul"

Meyxoş Abdullah:  "Oğul"

O, şirin yuxudaydı. İki il olardı ki, belə rahat yataqda yatmırdı. Orduya çağrılan gündən döyüşün lap qaynar yerinə düşmüşdü. Hər an yan-yörəsində partlayan düşmən mərmilərinin uğultusundan, yeri-göyü lərzəyə gətirən ağır topların gurultusundan yuxusu ərşə çəkilmişdi. Bu gün isə, o, döyüş bölgəsindən uzaqda, doğma evlərində, anasının səliqə ilə hazırladığı yataqda rahatca yuxuya getmişdi. Kənardan baxan olsaydı düşünərdi ki, o, ömründə heç beləcə yatmamışdır.

Fəyazı yaxşı xidmətinə görə komandiri bir həftəliyə məzunuyyətə buraxmışdı. O da bu fürsətdən istifadə edib doğulub boya-başa çatdığı Qamışlığöl kəndinə, anasını görməyə gəlmişdi.

Oğlunun şirin-şirin yatdığını görən ana da, barmaqlarının ucunda ev-eşikdə gəzib-dolaşırdı ki, ciyərparası yuxusunu qaçırtmasın. Arada da ürəyi ilə tablaşmayıb balasının yatağına yaxınlaşar və bu iki ildə görmədiyi əsgər balasının sərtləşmiş, kişiləşmiş sir-sifətinə tamaşa edərdi.

Ana ehmalca davranırdı ki, oğlu yuxudan ayılmasın. Bilirdi ki, soyuq səngərdə, düşmənlə göz-gözə dayanan əsgərin yeməkdən çox şirin yuxuya ehtiyacı olur. Amma ana ürəyi narahat idi. Odur ki, oğlunun üstünə örtdüyü güllü yorğanı ehmalca qaldırdı. Oğlunun geniş sinəsinə, boyun-boğazına diqqətlə baxdı. Nə axtardığını heç özü də bilmirdi, amma baxırdı. Bir azdan dərindən nəfəs alıb xəfifcə gülümsədi və nəmlənmiş gözlərini yaylığının ucuyla qurulaya-qurulaya: - şükür sənə, ilahi, - deyə pıçıldadı. O rahat olduğundan əyilib oğlunun alnından öpdü.

Bir azdan Fəyaz yatağında üzüüstə çöndü. Elə bu vaxt ananın gözləri onun kürəyindəki dərin yara yerinə zillənib qaldı. Güllə yarası idi. Ana titrək barmaqlarını yaraya toxundurdu. Sonra o, təlaş içində öz-özünə sual etdi: - Niyə görə Fəyaz bu barədə mənə bir söz deməyib? Axı, dünən onu çox sorğu-sual etdim. –Yox, bu yara elə-belə yaraya oxşamır. Olmaya, dilim-ağzım qurusun, - deyə ana pıçıldadı, olmaya oğlum düşmən qabağından qaçarkən vurulub?! Sonra nə fikirləşdisə: - yox, ola bilməz, mənim oğlum düşmən qabağından qaçan oğullardan deyil!- deyə o, öz-özünə toxtaqlıq verdi.

Əyilib dodaqlarını yavaşca yaraya toxundurdu. Hələ də tam sağalmamış yarasına isti nəfəsin toxunduğunu hiss edən Fəyaz gözlərini açdı və anasını başıüstə görcək yerindən dikəldi:

- Nədi, ay ana, niyə ağlayırsan? – soruşdu.

Ana gözlərinin yaşını yaylığının ucuyla qurulayaraq:

- Heç, ağrın ürəyimə, sənə baxırdım. ... Bir də ki... – deyə ana sözünün ardını udaraq köks ötürdü və nəmli gözlərini oğlunun gözlərinin içinə dikdi.

- Nə olub sənə, ay ana? – deyə Fəyaz anasının əllərini ovcunun içinə alıb sığalladı.

- Sənə qurban, kürəyində güllə yarası gördüm, o nədir elə?

Fəyazın sifəti ciddiləşdi, o başını sinəsinə endirib dərindən ah çəkdi.

- Bilirsən, ana, o zəhrimara qalmış yara məni çox narahat edir. Doğrusu, utanıram. Elə gün olmasın ki, bu barədə fikirləşməyim. Kaş, o gün mən də döyüşçü dostlarım kimi həlak olaydım. O döyüşdən təkcə mən salamat çıxa bildim. Onda hər şey gözlənilmədən oldu. Düşmən bizi mühasirəyə alıb dördbiryandan üstümüzə güllələr yağdırırdı. Onlar bizdən qat-qat çox olsalar da, axıra kimi döyüşdük. Döyüşçü dostlarımın hamısı igidliklə həlak oldular. Mən də kürəyimdən yaralandım. Lənətə gəlmişlər, arxadan vurdular məni. Gözlərimi açanda, artıq özümü qospitalda gördüm. Kürəyimdən yaralandığımı biləndə, xəcalət çəkdim, özümü öldürmək istəyirdim, imkan vermədilər.

Firəngiz ana oğlunun boynunu qucaqlayıb onun gözlərindən öpdü. Ana qəlbi bir anlıq da olsa rahatlıq tapdı.

- Fəyaz, oğlum, allah xatirinə belə danışma, mənim səndən başqa kimim var? Ümidimi təkcə sənə bağlamışam, elə demə, qadan ürəyimə. Məyər səni tanımırlar, qəzetlər elə hey səndə yazır? Yadındadı, Ağdərədə gedən döyüşlər zamanı səndən verliş hazırlamışdılar. O, əsgər paltarı geyən qızın adı nə idi?! Bilirsən, o qız sənin igidliyindən necə də ağızdolusu danışırdı? Neçə nəfər düşmən əsgəri öldürməyindən, nə qədər tank vurmağından elə danışırdı ki... – Hə, bir də dedi ki, “səni evdə gözləyənin varmı?!” Sən də onun atmacasını başa düşmədiyindən, “ hə, əlbəttə, anam gözləyir” – dedin. Qız sənin bu sözlərinə o qədər güldü ki... Xatırlayırsan?! Onda hamı mənə göz aydınlığı verib təbrik edirdilər. Deyirdilər ki, bəxtəvər başına oğlun qəhrəmandı e...

Hər ikisi, ana da, bala da bu söhbətdən sonra bir az rahatlıq tapdılar.

Bir neçə gündən sonra Fəyaz yenidən döyüş bölgəsinə qayıtdı. Vəziyyət bir az da çətinləşmişdi. Düşmən ordusu yeni-yeni kəndlər, şəhərlər ələ keçirtdikcə bir az da quduzlaşırdılar. Cəbhədən xoşagəlməz xəbərlər gəlməkdəydi. Ölüm-itim xəbərlərinin ardınca kəndlərə, qəsəbələrə əsgər tabutları gəlməyə başladı. Ana gecə-gündüz allaha yalvararaq, balasını qorumağı dua edirdi.

Belə günlərin birində, axşamüstü onların həyətində bir əsgər maşını dayandı. Sonra bir neçə maşın da həyətə girdi. Maşınlardan düşənlərin çoxu hərbiçi, qalanları isə mülki geyimli rayonun rəhbər işçiləri idilər. Onların arasından bir zabit ağır addımlarla yeriyərək anaya yaxınlaşdı və gücl eşidiləcək səslə:

- Ana, oğlun Fəyazı gətirmişik!- dedi. Sonra o, farağat vəziyyət alıb: - Fəyaz qəhrəmancasına...

Zabit sözünün ardını deyə bilməyib udqundu. Ətrafı ölü sükunət bürüdü. Elə bir səssizlik yarandı ki, bu səssizlik hamının canını üşütdü. Hamı özünü Fəyazın ölümündə günahkar bilərək başını aşağa salıb ananın qınayıcı baxışlarından yayınmaq istəyirdilər.

Zabitin pıçıltıyla dediyi sözlər ananın qulaqlarında bomba kimi partladı. Onun gözlərinə qaranlıq çökdü, hər yan bir anlıq qatı zülmətə büründü. Ana ayaqüstə dura bilməyib səndələdi.

Zabit cəld irəli yeriyib, onun qolundan tutdu və yavaşca yerə oturtdu. Ananın bədəni əsim-əsim əsirdi. Bir anın içindəcə yazıq arvad, canki yumağa dönmüşdü.

Səs-küyə qonşilar axışıb gəldilər, həyətdə adam əlindən tərpənmək olmurdu.

Əsgərlər Fəyazın tabutunu maşından endirdilər. Ana tabutu görən kimi güclə yerindən qalxdı və titrək addımlarla oğlunun tabutuna yaxınlaşdı. O üzünü tabuta söykəyərək hönkürdü. Ananın hönkürtüsünə qonum-qonşular da qoşuldular. Birdən Firəngiz ana nə fikirləşdisə tabutun qapağını qaldırmağa çalışdı. Ətrafdakılar ona mane olmaq istədilər. Ana fəryad çəkdi. Zabit irəli yeriyib adamları anadan araladı və tabutun qapağını götürüb kənara qoydu.

Ana titrəyən əllərini oğlunun bumbuz sifətinə toxundurdu, alnına dağılmış gur qara saçlarını sığalladı. Birdən, gözləri oğlunun alnındakı güllə yarasına sataşdı. Güllə Fəyazın alnının ortasını dəlib keçərək, başının yan tərəfindən iri, qanlı şırım açmışdı.

Firəngiz ana əyilib oğlunun yaralı alnından öpdü. Sonra başını qaldırıb üzünü həyətdə toplaşan adamlara tutaraq havalı adamlar kimi:

- Camaaat... bir bura baxın!- dedi. Düz alnından dəyib e, güllə... Utanıb, vallah, balam utanıb başını yana əyməyə. Anası ölsün Fəyazın, keçən dəfə güllə kürəyindən dəymişdi, elə xəcalət çəkirdi ki...


MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031