Beynəlxalq Sülh Günü qeyd olunub - MANERA.AZ
Sentyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.
BSU-dan MANERA.AZ-a bildirilib ki, tədbiri bu ali təhsil ocağının rektoru, professor Asif Hacıyev açaraq ,1982-ci ildən bəri bütün dünyada qeyd olunan Beynəlxalq Sülh Günü barədə məlumat verib.
Rektor, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarında bu əlamətdar günlə bağlı tədbirlər həyata keçirildiyini qeyd edib.
Bildirilib ki, 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, hər hansı zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.
A.Hacıyev qeyd edib ki, bu gün Azərbaycan sakitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır və bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir.
Ombudsman Aparatının hüquqi maarifləndirmə şöbəsinin müdiri Zaur Əliyev ölkəmizdə avqustun 21-dən sentyabrın 21-dək "Sülh aylığı" elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirici tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Natiq vurğulayıb ki, bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün sülh xüsusi əhəmiyyət kəsb edir.