Hərbi jurnalistikadan “Kinonun fəlsəfəsi”nə gedən yol

“Bu kino ki, var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib”.
“Bəyin oğurlanması” filmində mərhum aktyorumuz Səməndər Rzayevin yaratdığı obrazın dilindən səslənən bu məşhur fraza kino sahəsinin nə qədər mürəkkəb bir mexanizm olduğunu lakonik və sadə dildə ifadə edir. Kinonun “qəliz”liyini rejissor və kinoşünaslardan yaxşı bilən tapılmaz. Ssenarinin yazılmasından çəkiliş meydançasına qədərki proses və bundan sonra filmin ekran taleyi uzun və keşməkeşli bir yoldur. Kinonun vacibliyi isə ondadır ki, kino xalqın estetik zövqünün formalaşmasına, mənəvi dünyasının zənginləşməsinə xidmət edir. Kino qədər xalq kütləsinə təsir göstərə bilən ikinci bir sahə yoxdur.
Kinonun ağır yükünü daşıyanlar həm də kinoşünaslardır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, uzun illərdən bəri mətbuatda Azərbaycan kinosuyla bağlı elmi-nəzəri yazılarla çıxış edən Əlisəfdər Hüseynov kinonun belə demək mümkünsə, insan ayağı dəyməyən ərazilərini kəşf etməklə məşğuldur. O, kinonun digər sənət sahələri, xüsusilə poeziya ilə əlaqələrinin müxtəlif aspektləri, ekran dilinin poetikası, semantik və sintaktik özəllikləri mövzusunda elmi məqalələrin, resenziyaların, çoxsaylı kitabların müəllifidir.
Bu günlərdə Əlisəfdər müəllimin “Kinonun fəlsəfəsi” kitabı çapdan çıxdı. Müəllif fəlsəfə elmləri doktoru Niyazi Mehdinin kitab haqqında müsbət rəyini özünün feyzbuk səhifəsində paylaşmışdı və kitabın təqdimat anonsunu vermişdi.
Mayın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kinonun fəlsəfəsi” kitabının təqdimat mərasimi gerçəkləşdi.
Həyatın fəlsəfəsi haqqında yorğun suallara “Kinonun fəlsəfəsi”ndə cavab tapmaq ümidilə İnşaatçılar prospektindən üzüaşağı yeyin addımlarla irəliləyirdim. Bu kitabın müəllifini az qala, otuz ilə yaxın idi ki, tanıyırdım, amma şəxsi tanışlığımız yox idi. Bizi mətnlərimiz dostlaşdırdı. Bir neçə gün əvvəl Əlisəfdər müəllim mənim kitabımın təqdimatına gəlmişdi və haqqımda yüz ilin tanışı kimi danışdı. Öz kitabının təqdimatından öncə məndən xahiş etdi ki, siz də bir-iki kəlmə söz deyərsiniz. Demək, bizim bir-birimiz haqqında deyəcək sözlərimiz vardı.
Bir az əvvələ qayıdaq. Universitetin giriş qapısında sənətşünas dostum Vidadi Qafarovla rastlaşdıq. Hal-əhvaldan sonra Əlisəfdər müəllimin kitabının təqdimatına gəldiyimi dedim. Onun bələdçiliyi ilə ikinci mərtəbəyə qalxdıq. Az sonra biləcəkdim ki, “Kinonun fəlsəfəsi” kitabının elmi redaktoru Vidadi Qafarov imiş. İclas zalına daxil oluruq, tənqidçi-ədəbiyyatşünas Məti Osmanoğlu deyəsən hamıdan tez gəlib. “Ocaq yeri” kitabını mənə bağışlayır. Dəyirmi masanın üzərində Əlisəfdər müəllimin müxtəlif illərdə çapdan çıxmış kitabları düzülüb. “Kino və poeziya” kitabı diqqətimi çəkir. Kitabı götürüb vərəqləyirəm. Sözün açığı, kino ilə poeziyanın qarşılıqlı əlaqələri mövzusunda indiyəcən heç bir yazıya, kitaba rast gəlməmişdim.
Əlisəfdər müəllimin bu kitabı ekran sənəti və poeziyanın təmas nöqtələrini mətnlərin sintaktik və semantik quruluşları baxımımından təhlilə cəlb edib. Başım kitaba necə qarışmışdısa, məni təbəssümüylə qarşılayan insanı gec gördüm. Təbrik edirəm, əlimdəki kitabı görüb “bu monoqrafiyanı iyirmi il bundan öncə yazmışam” deyir. Az sonra “Kinonun fəlsəfəsi” kitabını vərəqləyərkən qarşıma çıxan bölmələr mənim üçün əsl yenilik oldu. Ekran təhkiyəsi və kinoda musiqi mövzusu da kinoşünaslıqda işlənməmiş bir sahə idi. Tədbirin sonunda Əlisəfdər müəllim xüsusi vurğulayacaqdı ki, “mən həmişə ən çətin mövzular seçmişəm və bu, mənə inanılmaz dərəcədə zövq verib”. 
Mədəniyyət və İncəsənət Universitetinin qəribə aurası var, dəhlizlərdə dolaşdıqca biixtiyar yaradıcı atmosferə düşürsən, sənətin cazibəsi səni sehrləyir. Efirdən gördüyün simalarla üz-üzə gələndə onlar sənə sehrli qutunun içindən çıxmış əfsanəvi varlıqlar kimi görünür, həyəcanlanırsan. Xalq artisti, sevimli aktrisamız Həmidə xanım Ömərovanı görəndə bir anlıq belə bir hiss keçirdim. Çoxlarına bu hiss qəribə görünə bilər. Özüm də uzun illərdir ki, yaradıcı cameənin içindəyəm, jurnalist həyatım boyunca bir çox görkəmli sənət adamlarından müsahibələr almışam. Bununla belə, hər dəfə bu adamlarla ünsiyyətdə olarkən, içimdə bir həyəcan dalğası qalxır. Mən onlara həmişə uca, müqəddəs, toxunulmaz varlıqlar kimi baxmışam. Əlisəfdər Hüseynov da bu qəbil insanlardandır. Tədbirdəki çıxışımda da dedim, mən onun yazılarını oxuyanda orta məktəbdə oxuyurdum. Taleyin işlərini nə bilmək olar...
ADMİU-nin “kino sənəti” fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mübariz Məmmədli tədbiri giriş sözü ilə açdı. O, kitabları dünyaya açılan pəncərə adlandırdı. Hər kitab dünyaya açılan bir pəncərədir, dedi. “Kinonun fəlsəfəsi” kitabı kinoşünaslıq üçün yeni bir pəncərə açır ki, bu pəncərədən tamamilə yeni bir yol görünür. Ağsaqqal yazıçımız Aqşin Babayev kitabın kinoşünaslığımız üçün son dərəcə faydalı bir dərs vəsaiti olduğunu vurğuladı və qeyd etdi ki, Əlisəfdər müəllim kinoşünaslığa jurnalistikadan gəlib. Hər jurnalist sənətşünas ola bilmir, nə qədər kinodan, teatrdan yazsa da elə jurnalist olaraq qalır. Əlisəfdər müəllim isə kinoşünas kimi yetişdi. Bu, onun ən böyük uğurudur.
Ədəbi tənqidçi, ədəbiyyatşünas Məti Osmanoğlu müəllifin ilk dəfə olaraq ekran təhkiyəsini araşdırdığını təqdirəlayiq hal hesab etdi və kitabın elmi-nəzəri əhəmiyyəti haqqında danışdı. Xalq artisti Həmidə Ömərovaya heyranlığım onun çıxışını dinləməyə mane oldu. Uşaqlığımın “Retro”sundan sevdiyim cazibədar baxışlı xanım aktrisamız Əlisəfdər müəllim haqqında xoş sözlər dedi, mənim isə xəyalım “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yol əhvalatı” filmlərindəki füsunkar qızın yanındaydı. 
Yazıçı-dramaturq Əli Əmirli sənət dostu haqqında ürək sözlərini dilə gətirdi. Unudulmaz rejissor Hüseynağa Atakişiyevi xatırladı. 90-cı illərin əvvəllərində, o ağır illərdə hansısa tamaşanı hazırlayırmış, səhnəyə dolma gəlməliymiş. O, hər tamaşada evdən dolma bişirtdirib gətirirmiş. Aqşin Babayev zarafatla “o dolmadan indi də olsaydı, pis olmazdı” dedi. Zaldan gülüş dalğası keçdi. Əli müəllim bu xatirəni Əlisəfdər müəllimin kinoşünaslıqdakı fəaliyyəti ilə əlaqələndirdi. Qeyd etdi ki, onun kinoşünaslıqla bağlı yazılarında oxucu kinonu, onun dadını-duzunu hiss edir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun kino, teatr və musiqi şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, filologiya elmləri doktoru, professor Gülşən Kəngərli “Kinonun fəlsəfəsi” kitabının əhəmiyyətindən danışdılar.
Hərbi jurnalist, Qarabağ müharibəsi veteranı İbrahim Məsimoğlu Əlisəfdər müəllimlə birgə keçdikləri döyüş yolundan danışdı və onu hərbi jurnalistikanın əsasını qoyanlardan biri kimi xarakterizə etdi. “Hərbçiyə xas olan ciddi nizam-intizam, dəmir iradə onun yaradıcılıqda qazandığı uğurların başlıca səbəbidir”.
Əlisəfdər müəllimi deyəsən bu qədər tərifləyən olmamışdı. Ona söz veriləndə mərhum satirik şairimiz Rüfət Əhmədzadənin məşhur misralarını xatırlatdı: “Qalmışam mat-məəttəl, bu mənəm, mən deyiləm?”
Əlbəttə, bu sizsiniz, Əlisəfdər müəllim! Sənətşünaslığa sərf etdiyiniz uzun və səmərəli fəaliyyətiniz, gərgin əməyiniz sizi “Kinonun fəlsəfəsi”nə gətirib çıxartdı. Qarşıda isə hələ bol-bəhrəli illər var. Yaradıcı entuziazmınız sizə yeni kitablar yazdıracaq.
Kənan HACI
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.