manera.az
manera.az

Sətirlərdən ürəyiniz boy versin - Zahir Əzəmətin şeirləri

Sətirlərdən ürəyiniz boy versin - Zahir Əzəmətin şeirləri
MANERA.AZ Zahir Əzəmətin şeirlərini təqdim edir:

Unutqanlıq

Rəqəmləri unuduram
toy günümüzü
nişan günümüzü
ad gününü unuduram
unuduram səhərlər çörək almağı
zibil atmağı
unuduram gecə işıqları söndürməyi
milçəkləri öldürməyi
unuduram
hərdən unuduram
tez-tez unuduram
bir şeyləri kağıza yazmağa,
gecədən əzbərləməyə çalışıram
amma tərslikdən kağızı da evdə unuduram hərdən
sevimli bir qadınla evlənən
sevilən bir kişi üçün bağışlanmaz günahdır bunlar
bir şair üçün bəlkə də yox…

Əsgər məktubu - arxa cəbhəyə

sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq Xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin ay əclaflar
bizi gözləyən qadınları...


***
Elə də pis deyil həyatımız
kirayə evimiz, sevimli arvadımız var
günəş gülümsəyərək toxunur pəncərəmizə
hərdən danışmağa, hərdən susmağa
hərdən gülməyə icazəmiz var
bizə seçim haqqı verilib!
hər zaman ölməyə icazəmiz var

Haqqımız

sənin də könül qırmaq haqqın var
sənin də sevməmək haqqın
sənin də öldürmək haqqın var
sənin də ölmək
mənim də!

Uçqun divarlar

İçimdə bir qaranlıq,
İçimdə bir yuxu var.
Uçurumlar içində
Uçuram divar-divar.

Susadım səhərlərə
Susadım yağışlara
Bu ara sən də yoxsan-
Səhradan betər oldum.

İçimdə bir qaranlıq
İçimdə bir yuxu var
Bu yuxudan yoruldum
Bu şəhərdə heç kiməm,
Bu şəhərdən yoruldum

Gedirəm uzaqlara,
Sən yoxsan- mən də yoxam.
Gecəyəm, qaranlığam-
Özümdə, səndə yoxam.

Əlimdə soyuq pivə,
Damağımda siqara.
Çəkilməmiş şəkiləm-
Asılmışam divara.

Qaranlığam, gecəyəm-
Öz içimdən qopmuşam
Reklam bəzəklərinə
Metro işıqlarına
Qarışmışam, hopmuşam.
Şəhər məni əritdi-
İtirmişəm özümü-
Bu yan-yana düzülü
Bu üs-üstə yığılı
mərtəbələr, binalar
dəbdəbələr, zinalar…
səfsəfələr içində
Bu tıxaclar içində
Bu tox-aclar içində
özümü də itirdim
sözümü də itirdim.

Sən də yoxsan…
Soyuqsan…
Bu da sonum, sonluğum-

Şəhər məni əritdi-
Gedirəm… uzaqlara
Orda yağan yağışlar
Orda doğan günəşlər
Bəlkə məni kiritdi.

Bəlkə…
Məni…
kiritdi


***
Gəl unudaq hər şeyi
heç olmasa bir anlıq.
Hürkütməsin qəlbini
bu mənasız qaranlıq.

Unutdum, sən də unut
siyasi sözcükləri.
Sızlamasın qolunda
polis öpücükləri.

Xatırlama, sevgilim
harda doğulduğunu.
Unutdum, sən də unut
niyə boğulduğunu…


***
Ürəyim tumurcuqdur,
sənsə baharsan, gülüm.
Açılacaq ürəyim-
nə qədər varsan, gülüm.

Gözlərim- viranə çöl,
xoş gəlmisən gözümə.
Sən mənim vətən yerim-
dönəcəyəm özümə.

Bir az da gəlməsəydin,
nə bilərdin nə çəkdim?
Kim bilir haralarda
batardım, itəcəkdim?

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930