manera.az
manera.az

Heç Kim - Sehrbazlar dərəsi... - TƏHLİL | MANERA.AZ

Heç Kim - Sehrbazlar dərəsi... - TƏHLİL | MANERA.AZ
manera.az

ROMAN, YOXSA GÖRÜKMƏZ TƏPƏ?!


(Kamal Abdullanın “Sehrbazlar dərəsi” haqda...)

I Yazı


EY...

Ey Mətn!!!

Ey Görünənlərin Görünməyən Qatlarıı!

Ey Ölmüş Yuxuların Diri Gəzintiləri!

Ey gecələr daxmamın tavanını rəngləyən, sübh açılmamış silən!

Ey tavanımı ölüm üçün parıldadan Qoca Şeytan!


Ey ulduzları özünə göz vurmağa təhrik edən İşvəkar Qadın!

Ey Göy Arabası!

Ey Göy Arabasında Mifin Ayaqlarını aparan!

Gündüzlərin sənin şərhinə qarışıb başı, Ey Gecə!

Ey Son Söz!

Ey Son-un arxasınca yüyürən Ölmüş Dodaqlar!

Ey “Ey”lərin Cəm-i!!!

Ey “Ey”lərin Qəddar Tək-i!!

“SİRR”DƏ İKİ “R”

Ey Mətn –

Ey Rəqs!!!

Ey əl-ələ verib Dövrələməni – Yerin Göy ətrafında fırlanışını və bu fırlanışın içərisindəki həyat zəncirinin əbədi həlqələrinin Ayrılmazlığını simvolizə edən Səmavi Rəqs - “Yallı”!!!
Ya Allah!!!

Bir-birinin içərisindən çıxan hekayətlər rəqslərini başa vurub yenə sonsuz dəryaya – Mətnə tökülürlər! Suyun şırıltısını aydınca eşidirik. Lakin yaxınlaşıb baxarkən gözümüzə heç nə görükmür! Elə roman da “Heç nə”, “Heç kim” və “Hər şey”in arasındadır...

Heç Nə - Görükməz Təpə!

Heç Kim - Sehrbazlar dərəsi...

Hər Şey – “Dərədənkənar” (Bəlkə, Zamandandankənar?!) baş verənlər...

Lütfən baxın, yazıda onların ayrıntıları açıq-aşkar sezilir, çünki hərəsini yeni bir sətirdən yazmalı oldum. Kamal Abdulla Mətnində “ayrıntılar” tezliyi o qədər yeyindir ki, nəzərəçarpacaq bir şey görünmür... Bu, əsl Sehrbazlıq, gözbağlayıcılıqdır! Əgər bədxah bir niyyətlə o “ayrıntılar”ı qarabaqara izləsək, yenə “Heç Nə” görmərik.
O “Heç Nə” hər gün rastımıza çıxır, sadəcə, biz onu görmürük. “Tül pərdənin arxasında idi hər şey, elə oradaca baş verirdi əgər baş verirdisə” (“Sehrbazlar dərəsi”) Dünyanın özü qədər qədim bir hekayətdə olduğu kimi: “Bir gün məmləkətin vəziri saray əyanları ilə birgə yolunu bir bağdan salır. Görür ki, bir sufi dərviş uzanıb bağda. Vəzir bir az yol gedib özü-özünə fikirləşir ki, görəsən, bu kimdi məni görəndə heç yerindən dəbərmədi. Qəzəbqarışıq bir əda ilə dərvişə yaxınlaşıb soruşur:

- Sən kimsən.

O da soruşur:

- Bəs sən kimsən?

- Mən vəzir.

- Səndən böyüyü kimdir?

- Şah.

- Şahdan böyük kimdir?

- Allah!

- Bəs Allahdan böyük kimdir?

Vəzir hirslənib deyir:

- Heç kim!

Dərviş ayağa qalxıb, xirqəsini düymələyir, ərkanla vəzirə əl uzadıb deyir:

- O heç kim mənəm".

Roman sanki səhifə-səhifə bu sonsuz kainatın - Nəhəng Düzənin qarşısında “Heç Kim”liyimizi xatırladır. Dünən Var-dıq!!! Bugün isə “dünən” yoxdu və biz də Yox-uq!. “Sabah” “sübh” sözündəndir və o açılmaya da bilər! Sabahlar ard-arda düzüləndə isə Gələcək alınır. Nərdtaxtadakı daşlar kimi – ağ və qara... Sonra isə Bir Cüt Zər onları rahat-rahat “yeyir!” Budurmu Gələcək?! Və əsər hər dəqiqə, hər an arxaik kökü, kökəni, geneseoloji amansız xərçəng yapışqanlılığı və tutqusu ilə Oxucunu sarsıdır!
Ağzı çox möhkəm qapadılmış çoxqatlı, çoxlaylı bir boxçadı “Sehrbazlar dərəsi!” Hekayətlər səliqə ilə qatlanıb yığılıb ora. “Boxçadankənar” (Bəlkə “Zamandankənar?!”) heç nə baş vermir, elə boxçanın içərisindəcə onların qatları açılaraq “göstərilir” və yenə də haman səliqə-səhmanla yerinə qoyulur!

Dünya nəsri üçün belə ədəbi jestlər yepyenidir! Gəlin “qüsurlu” bir müqayisə aparaq. Böyük maraq doğurmuş “Kimyagər”-in oxunaqlı olması üçün ona bol-bol dedektivlik qatılır. Bu, brazilyalı Paulo Koelyonun oxucu ilə üz-zə dayanarkən “qorxusu”nu dəf etməkdən ötrü gördüyü ədəbi-proflaktik tədbir və ya “sadəlövh” öncəgörənliyidir. Kamal Abdullada isə belə bir qorxu yoxdur. Çünki onun arxasında, belə demək caizsə, bütün fəlsəfi “ağrı”larını içinə hopdurmuş və bu ağrıların ağırlığına tab gətirməyərək ləyaqətlə Yerə - yalnız Öz-ünə əyilən Qoca Şərq, bütövlükdə dünya, eksprementlərini dünyaya bağışlayıb özü ənənələrdə ilişib qalan, posmodernizm deyə-deyə özünü xalvarla didib “dağıdan”, yerində yenisini misqalla yapan zavallı nəsrimiz, poeziyamız və başlıcası, amansız yazıçı təcrübəsi dayanır. Unutmayın: Koelyo da üzünü Şərqə tutub!
Heç Kim - Sehrbazlar dərəsi... - TƏHLİL | MANERA.AZ
Kamal Abdulla tək-tək obrazları və onların hərəkət marşrutlarını deyil, bütövlükdə hekayətləri, hadisələri psixoanalitik təcrübəyə cəlb edir. Və təcrübənin nəticələrini elan etmədən işini davam etdirir. Necə deyərlər, diaqnostik qiymətləndirməni oxucuların ixtiyarına buraxır.

“Zərrəbin”lə və ya “zərrəbin”siz baxsaq, “Sehrbazlar dərəsi”ndə xeyli bənzəyişlər tapa bilərik. Əvvəl “mən!”, sonra “sən!” ayrıntısına yol açan belə yanaşmalar metodoloji cəhətdən doğru deyildir! Umberto Eko ironik tərzdə deyirsə ki, əlli dollara ağlasığmaz bənzəyişlər ortaya qoya bilərəm, inanmaq lazımdır! Bəs bu qaçılmazlıqlardan necə qaçaq?! Bircə yol vardır: Bənzəyişləri deyil, özəllikləri, fərqlilikləri göstərmək! Axı, Tanrı da bu cür yaradır öz Şah Əsərini – həmcinslərimizə nə qədər bənzəsək də, Yerdən Göyə qədər fərqliliklərimiz vardır!

Baxın, biri qalxıb deyir ki, Paulo Koelyo “Kimyagər”dəki süjeti Mövlanədən götürüb. Götürüb, doğru eləyib! Niyə əndişlənirsən? Sən o sirri aç ki, on altı-on səkkiz misralıq bir hekayəti bu Həzrət necə olur böyük bir romana çevirir? Nədir bu yazıçı Qələminin sirri? Axı o qələmdən başqalarının də əlində vardır? Olsun Qərbli, Şərqli, bunun nə fərqi? Və Sən bu yerdə deyə bilərsənmi ki, Mövlanə onu haradan götürüb? Axı ona qədər də vardı bu süjet. Bunu axtara-axtara bilirsənmi gedib hara çıxacaqsan? Göylə Yerin qovuşduğu o yerə ki, orada qumdan evciklər düzəldən babbalaca bir tifildən soruşarsan: - Yolun sonu buradırmı, oğul?! Və uşaq başını qaldırıb gülümsəyə-gülümsəyə deyəcək: - Əvvəl də, Son da Ey-nidi, baba!!! Yoxdu əvvəl və son! İstəyirsən, ona nə ad verirsən ver, yenə mahiyyət dəyişməyəcək, Kamal Abdulla romanda O-na - İki-sinin bir yerdə sintezinə “Dolğun Zaman” deyir! Bir başqa yazar “Əbədi İndi!” söyləyir, özüm də bir cəhd eyləyib, “İndisi olmayan əbədiyyət” desəm də, yenə də heç nə dəyişməyəcək! Bəs Sənətkar Çaba-sının adı nədir?! Sehrbazlıqdır, qardaş, Sehrbazlıq! Kamal Abdulla öz “Kölgə”sini atıb dolayısı yolla çoxsaylı elmi (Bəli, hətta elmi!) və bədii mətnlərində çönüb oldu “Cadugər!” Bu romanda isə o, əsl Sehrbaz-dır!!! Koelyo Kimyagər-lik edir! Bir başqası isə Master-lik! (B.Pasternak “Master və Marqarita”) Budur möcüzə, budur sehr!

İndi isə Ruminin öz cavabı gəlir: “Bir təxəyyül o biri təxəyyülü dəf edir, bir fikir o birinə qida verir”

“Sehrbazlar dərəsi” bütövlükdə ziqzaqlı və fasiləsiz bir hərəkət modeli üzərində qurulub. Roman sanki unudulmuş və ya Unut!-əmrini alan yaddaşın əlacsız, naçar çabalarının naməlum bir yaddaş tərəfindən yazıya alınmış faciəvi monoloqlarıdır!!!

Əlacsız Səslərin Monoloqu...

UÇUŞ

(Məni bağışlayın: Həyatımda ilk dəfə olaraq İntihara Bəraət qazandıracağam!)

Ağ Dərvişin durna qatarını xatırladan İyirmi Üç Şəyirdi bəmbəyaz paltarlarda özlərini sıldırımlı qayalıqlardan dərəyə atırlar.. Öz uçuşları ilə kinə, küdurətə, qəzəbə, “Yox!!!” deyən bu İyirmi Üç Gənc dünyadan və baçlıcası, intiqamdan bu cür “intiqam” alır.

Baxın! Baxın! İntiqam dünyanı yox edir!

Qabil Habilə niyə əl qldırdı? Həsəddən! Həsəd yoğurdu, intiqam “yapdı!!!”

“Ərəb baharı” tonqalı nədən alovlandı? İntiqamdan!

İntiqam – “Sən də get onun atının bir gözünü çıxart” düşüncəsi!

İntiqam – sürtülmüş bərabərlik işarəsi!

Bir zamanlar “heyranedici” sürət yıxıb məmləkətimizin hər qarışına qanlı təkərləri toxunan “Xan-Xan Oyunları”nın hərəkətverici gücü – İntiqam!!!
Yaddaşlarının süni ləklərində nifrət hisslərini becərdib şəstlə “dünya”ya “göstərən” qonşularımızın sərsəm xülyaları – İntiqam!!!

Bilirəm, əziz dostlar, intiqam hissindən qurtulmaq çox çətindi. Heç özüm də qurtula bilmirəm. Bəs nə etməli?! Bircə Yol var – Kamal Abdulla formulu! Uçmaq! Yalnız Uçmaq!!!

Roman ilk dəfə olaraq bəşəriyyətə intiqam hissindən qurtulmağın əsrarəngiz Şərq variantını təqdim edir – Kütləvi İntihar – Kütləvi Uçuş!!! Əgər bütüb ömrün boyu intiqam hissi ilə yaşayacaqsansa, Xilas budur! Ya Ölüm, Ya Olum...

O İyirmi Üç Gəncin Yerə çırpıldıqlarını görmək isə heç kəsə müyəssər olmur və olmayacaq da!!! Çünki ölümdən xeyli əvvəl “ölmüşdü” onlar. “Belə bir üsulu cavanlığında Ağ dərviş icad eləmişdi. Ölüm ölümdən bir az, lap azacıq əvvəl gəlirdi” (“Sehrbazlar dərəsi”)


Məlum olur ki, İlahi Düzəni yaşadan Uçuşlardır! Yer üzünn bütün rəqəmləri nə zamansa uçmalıdır!

Hələ ki, cəmi İyirmi Üç rəqəm uçub... “Elə bu sözlər gəlib fikrindən keçmişdi ki, sıldırımdan üzüaşağı iyirmi üç nəfər can-qəlb dostu əl-ələ tutmuş halda tullanıb boşluğun qaranlıq bağrına özlərini atdılar. İyirmi üç yelkən açıldı qaranlığın içində” (“Sehrbazlar dərəsi”)
Ey Əlahəzrət İyirmi Üç!

Bu dünyada səndən xoşbəxt rəqəm varmı? Axı rəqəmlər ard-arda düzüləndə saydan savayı heç nə deyildir. Bəs onları məna ilə kim dolduracaq, kim?!
Ey Sonsuz Rəqəm! Sən əbədi Uşaqmı qalmaq istəyirsən?!

Onlar İyirmi Dörd nəfər olmalı idi... Ustad Kamal Abdulla bilərəkdən cəmi bir yer saxlayıb. Siz nə düşünürsünüz, niyə Bir? İki ola bilməzdimi? Bir elə bir Qapıdır ki, Sonsuzluğa, Tanrıya, Birliyə yol yalnız oradan keçir...

Nə ola, bir gün gözümü açıb görəm ki, haman O Bir Yer üçün uzun bir növbə vardır...


Manera.az






Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930