Uçrum - Təranə Fazilqızının yeni hekayəsi

MANERA.AZ Təranə Fazilqızının "Uçrum" hekayəsini təqdim edir:
Eşq müqəddəs bir hissdir.
Xəyanət əhli aşiq ola bilməz.
Hz. Yusif
Gecənin bir aləmi qoluna dəyən zərbədən diksinib gözlərini açdı, yoldaşının nifrətli baxışından “nə olub?” deməyə macal tapmadı. Telefonu gözünə tutub sifətinə zərblə bir sillə çəkdi. Bu nədir? –deyə, mesaj bölməsindəki yazını ona göstərdi. Qorxudan dili topuq vurdu. Bir-birinin ardınca verilən suallara cavab vermədikdə üzünə, başına vurulan şapalaqlardan dəhşətə gəldi, bəlanın ağırlığını udaraq bircə onu deyə bildi. “Bilmirəm, bilmirəm ki.., xəbərim yoxdu, bəlkə səhvən mənə göndəriblər, qurban olum, bir az sakit ol, qışqırma.., bircə qızlar eşitməsin...”.
Fahişə! Saçından tutub otaq boyu sürüdü. Qadın içində ağrıdan ufuldasa da, səsi çıxmadı. De görüm o oğraşla nə vaxtdan yaxınsan? Gecə köynəyinin yaxasından dartıb özünə tərəf çəkdi. Üzünə, gözünün içinə baxıb nifrətlə onu süzdü. Sonra onu silkələyərək var gücü ilə geri itələyib qışqırdı:
-Hər ikinizi öldürüb qanınıza qəltan edəcəm! Şübhələnmişdim, ürəyimə dammışdı. Axır vaxtlar üzün yaman gülürdü. Deyəsən sənə yaxşı baxırdı həə, iyrənc! Sərxoşluğumu bəhanə edib məni yaxın qoymurdun, elə bilirdin heç nə hiss etmirəm. Səninləyəm qancıq, gözümün içinə bax! Boynundan tutub zərblə tumbuçkaya vurdu. Ağrıdan nəfəsi kəsildi, deyəsən dodağı da qanadı. Səni doğulduğun günə peşman edəcəm, qızları əlindən alıb qovacam əzizlərinin xarabasına. Yoox, qudurarsan səni öldürmək lazımdı, qoy bütün nəslin, qohum-əqrəban sənin necə pozğun olduğunu bilsin!
***
Əksər günlərimiz dava-dalaşlı keçdiyindən həyatımdan küsmüş, cana doymuşdum. Bir-birimizi başa düşmürdük, elə bil sevərək evlənməmişdik. İçkiyə qurşandığından evə gec gəlir, heç nəylə maraqlanmırdı. Danışıb, gileylənəndə isə, bizi atıb gedəcəyi ilə hədələyərdi. Küçədə deyib-gülən, sevişən cütlükləri görəndə onlara qibtə edirdim. Bir vaxtlar həyat mənə daha işıqlı, rahat görünürdü. Eşq havasından aclıq çəksəm də, dözür, hər şeyin yaxşı olacağına inanırdım.
Üzümü güldürən, mənə sevinc bəxş edən yalnız qızlarım idi. Dostum, sirdaşım yox idi deyə, darıxanda tək-tənha küçələri dolaşırdım. Bəzən isinmədiyim sevginin soyuqluğunda quzğun ovuna şığıyan kimi tosqun, tərli vücudunu fısıltı ilə üstümə çökdürərdi. Qadın işvəsindən uzaq həyatım onun cinsi təlabatının nə zaman sona çatacağını gözləməkdən ibarət idi. Çox zaman üzümə, boynuma toxunan selikli dodaqlarından çimçəşərək özümü onun həyat yoldaşı yox, fahişəsi kimi görürdüm. Onu özümdən kənar etdikdə zorkarlığa əl atar, tərslik etdikdə məni döyər, sonra da məmnun halda yuxuya gedərdi. Qüruruma toxunan bu hərəkəti mənə o qədər iyrənc gəlirdi ki, əsəbdən titrəyirdim. Bədənimə çökən spirtli qoxudan iyrənər, dönə-dönə duş qəbul edərdim. Əsəblərim korlanmışdı deyə, ərimin acığını uşaqları döyməklə çıxardım. Özümü nə qədər sakitləşdirməyə çalışsam da, alınmır, ona olan qəzəbim günbəgün artırdı...
***
O gün işini yekunlaşdırıb məktəbə gəldi. Aytacı uşaqlarla deyib-gülən gördükdə onunla oynamaq istəyib, iri ağacın gövdəsində gizləndi. Uşaqlara oğrun-oğrun baxır, qızının nə danışdığını eşitməyə çalışırdı. Yanından ötüb keçən xanımın maraqla ona baxdığını görüb gülümsədi. Fikri qarışdığından gizləndiyi yerdən çıxıb qadının arxasınca baxdı...
Valideyn çoxluğunda məktəbin həyəti qaynaşırdı. Aytac uşaqların əhatəsində onu axtaran atasını görüb qaçaraq ayaqlarına sarıldı. Ata sevgisindən qürurlanan Fikrət qızını qucağına alıb bir neçə dəfə öpdü, saçlarını sığallayıb, aldığı qiymətlərlə maraqlandı. Bayaq ona təəccüblə baxan qadının yaxalığından görünən dümağ sinəsi, çiyninə tökülən şabalıdı saçları nəzərindən qaçmadı. Əkizlərin anasına baxır, nə vaxt gedəcəyini yəqin etmək istəyirdi. Az keçməmiş qızlarının əhatəsində gedən qadının arxasınca evə tərəf yol aldılar...
***
Gözəl vücudu, iri sinəsi yuxumu ərşə çəkmişdi, düşündükcə həyəcanlanır, necə olursa olsun, bu qadınla yaxından tanış olmaq istəyirdim. Fikirləşir, beynimdə planlar cızırdım. O gündən sonra hər gün Aytacı məktəbdən götürür, əkizlərin anasını görməyə can atırdım. Onu görərkən ürəyim daha şiddətli döyünürdü. Hal-əhval tutduqda belə gözlərinə inadla baxır, çəkinmədən sevgimi hiss etdirirdim. Danışmağa meyilli deyildi, utancaq baxışı, qəşəng gülüşü vardı. İki aya yaxın sərasər məktəbə gedib gəldim. Sonralar bir azda irəli gedərək əkizlərin ad günündə iri, bahalı oyuncaqlar alıb Aytacla onlara göndərdim. Beləliklə uşaqların vasitəçiliyi, mənim planlı istəyimlə yaranan yaxın münasibətin təməli qoyuldu. Ərinin bivecliyi, içkiyə aludəliyi mənə sərf edirdi. Biz saatlarla telefonla danışır, bir-birimizi daha yaxından tanıyırdıq. Ona yazığım gəlir, bəzən də ərinə görə acığım tuturdu. Anlaya bilmirdim ki, belə gözəl qadın necə olub ki, o əyyaşa ərə gedib. O, yoldaşının əvəllər daha yaxşı ailə başçısı olduğunu deyib, haqq qazandırsa da, mən onu halal ərinə də qısqanır, əsəbləşirdim.
Davamlı telefon söhbətləri, mesajlar bir yana, birgə şəkillərimizi də gizli papka açıb ora atmışdım. Təkliyə çəkilən vaxtlarımda onun fotodakı surətinə, cizgilərinə bir-bir baxar, o, qadının məhz məni seçdiyini bilib şanslı biri olduğumu düşünərdim. Gün ərzində nə qədər danışsaq da, bizə azlıq edirdi. Getdikcə ailəmdən, uşaqlardan soyuyurdum. Həyatımı dəyişən qadın ağlımı, sabitliyimi əlimdən almışdı. Bütün diqqətim, marağım yalnız o idi. Ona xoş olsun deyə, görüşdükcə müxtəlif bahalı hədiyyələr, zinət əşyaları alır, hər vəhclə üzünü güldürməyə, könlünü xoş etməyə çalışırdım. Gün-gündən ona daha çox bağlanırdım. Yoldaşım məndən şübhələnsə də, aranı açmağa ürək eləmir, mən də üzə vurmurdum. Hətta ailəmdən boşanıb onu almağa belə razı idim. Lakin hər vəhclə onu yola gətirmək istəsəm də, fikrindən döndərə bilmir, “bu mümkün deyil, qızlara görə heç vaxt boşanmaram,”- deyər, istəyimi ürəyimdə qoyub, məni uzaqlaşdırmağa çalışardı...
***
Heç özüm də bilmədən bu sevgiyə boyun oldum. Zamanla diqqəti, qayğısı sayəsində mənəvi boşluğu, tənhalığı bölüşərkən qollarına sığındım. Qorxudan, təlaşdan yoğrulan ürkək sevgim mənə qadınlığı, özünə inamı yaşatdı. O qədər alışmadığım hallar vardı ki, gözlərim sevincdən işıldayırdı. Ağır zənbilləri daşımaqdan, tək başına marketlərə gedib gəlməkdən canım qurtarmışdı. Çox vaxt bazarlığı özü edər, nə lazımdısa alıb gətirərdi. Səxavəti sonsuz olan bu kişinin bir eybi onun hədsiz qısqanclığı idi. Az qala udduğum havaya, içdiyim suya da məni qısqanırdı. Ərimin mənə toxunacağı təqdirdə onu rədd edəcəyimi dönə-dönə vurğulamış, and içdirib əmin olmuşdu. Mən də sözünə əməl edir, aylardı ki, yoldaşımı özümə yaxın buraxmırdım. Əndazədən o qədər çıxmışdıq ki, artıq gözüm heç nəyi görmürdü. Bəzən yoldaşımın yanında belə, məktəb valideynlərini bəhanə edib onunla yazışır, deyib gülürdüm. Heç özümü tanıya bilmirdim. Yaman ürəkli olmuşdum, dünya vecimə deyildi. Kövrəkliyim də, qorxaqlığım da keçib getmişdi.
O gecə çox danışdıq. Yenə də boşanmağımı istəyir, az qala yalvararaq lazım gələrsə Azərbaycandan kənar Türkiyə, Rusiya fərq etməz, hansı şəhər olursa - olsun aparmağa hazır olduğunu deyirdi. Yuxulu olduğumdan sonuncu mesajları silməyib yatmış, telefonu çarpayıya atmışdım...
***
Bədəninə bir-iki təpik ilişdirsə də, hirsi soyumadı. Əsəbdən rəngi qaralmış, dodaqları göyərmişdi. Əllərinin titrəməsini güclə saxlayır, özünü ələ almağa çalışırdı. Bircə bıçağa əl atmasın, öz-özünü sakitləşdirsə də, ağrıdan sinəsi göynəyirdi. Onun ailəsi şüşə kimi çat vermişdi. Nə qədər ki, qan çıxmayıb onu bu evdən rədd etməli idi. Səhər hamı arvadının pozğunluğundan danışacaq, qonum-qonşu onu barmaqla göstərəcəkdilər. Qızları yəqin ki, internata verəcəkdi. Düşüncələrdən ürəyi ağzına gəldi, qusmaq istədi, əlini sinəsinə qoyub bir müddət ovxaladı, qadına nifrətlə baxıb:
Axı sənin nəyin əksik idi hə? Acından ölürdün, kirələrdə qalırdın bəlkə? Məni heç vaxt sevmədin. Həə, səni döyürdüm buna bir damcı da peşman deyiləm, elə döyülməli qadınsan! İçməyə qalanda sənin kimi əxlaqsızın əri içər də, çəkər də! Səninlə bir yastığa baş qoyduğum günə lənət olsun- deyib, yumuruğunu zərblə divara vurdu.
Qadının boğuq səsi divarlara dəyib üstünə yeridi.
-Hmm. Ailə?! Bizim ailəmizin quru adı vardı, özü çoxdan dağılmışdı. Səni içki bu günə saldı, məni də sənin soyuqluğun bu yola vadar etdi. Hər şeydən bezmişəm, cana doymşam başa düşürsən?! Heç nə vecimə də deyil, ya öldür, ya boşa, amma bircə şeyi unutma! Məni bu yola sən gətirdin! Son xahişim səni and verirəm ölənlərinin göruna qızlarımı mənə görə incitmə, mənim qisasımı onlardan alma. Bir də həqiqəti heç vaxt onlara demə!
Hiddətlə üstünə yeridi, söz demək istədi, xırıltılı səsi boğazı kəsilmiş toyuğu xatırlatdı. Gözlərini bərəldib təlaşla üzünə baxdı, dayana bilməyib yerə yıxıldı. Qadın oturuğu yerdən qımıldanmadı, dizlərini qucaqlayıb bir müddət ərinə baxdı, nə edəcəyini bilmədi. Nə düşündüsə ayağa durub yaxın gəldi, qorxuyla nəbzini yoxladı, yoox, zəif də olsa döyünürdü, deməli hələ ümüd vardı deyə, telefonu tapıb təcili yardıma zəng etdi. Uşaqların otağına keçib oyaq olub-olmadıqları ilə maraqlandı. Hər ikisi çarpayıda büzüşərək səsiz ağlayırdılar. Qadın yerə sərilmiş ərinə baxır, günah hissindən qovrularaq hönkürtü ilə zarıyırdı...
Barmaqlarının ucunda tumbuçkaya yaxınlaşdı, qorxu-hürküylə yoldaşına baxıb telefonu götürdü, mətbəxə keçib tələsik zəng etdi. Saniyələr uzanır, xəttin o başından cavab gəlmirdi. Əsəbləşib telefonu mətbəx stolunun üstünə atdı. Buzlamış bədənini ovxalayaraq pəncərədən baxıb gileyləndi.
Ay Allah təcili yardım harda qaldı? Gərək adam ölsün, sonra gəlsinlər. Telefonun qəfil səsindən diksindi, qısa da olsa hadisəni həyəcanla ona danışdı. Əks tərəfdən deyilən sözdən qaşlarını düyünləyib əsəbi, hökümlü səslə dedi:
-Mən düşündüyün qədər alçaq biri deyiləm. Sən nə qədər qəddar adamsan! Yoox, dedim ki, eşitmək belə istəmirəm. Mənim üstümə qışqırma, sənin arvadın deyiləm! Həə o, uşaqlarımın atasıdı, əlbətdə onu tutmalıyam. Onun bu hala düşməyində günahkar mənəm!
Bir müddət susdu. Telefonun o başından nə deyildisə üzündəki ifadə dəyişdi. Əlini alnına qoyub pərişan halda dedi:
Sən nə danışırsan? Bu sözləri deməyə necə dilin gəlir? Dedim ki yooxx! Mən qatil deyiləm, sənin əsl siman bu imiş... Həə bir də mənə zəng etmə, axtarma!
Əlvida...
Sancıdan doğranırmış kimi ikiqat əyilib zarıdı. Təəssüflə başını bulayıb telefonu kənara atdı. Nələr eşidirəm, Allahım gör mən kimi sevmişəm?! Buz kimi soyuq əllərini sinəsində çarpazlayıb otağa tərəf boylandı. Ərinə baxıb sayıqlayırmış kimi danışdı. Mən nə qədər qəddar, qaniçən olmalıyam ki, balışı götürüb onu boğa bilim?!
“Eybi yoox, öldürə bilmirsənsə, həkim çağırma, eşidirsən, onsuz da bir neçə saata yerində çapalayıb dava-dərmansız öləcək...”
Dəhşət, bu nə qədər zalım insan imiş Allahım! Həə.., mənə bu da azdı, sağalmasına ümid olmasa belə, var gücümlə çalışacam. İşdi-şayəd sağ qalarsa ömrüm boyu bu böyük günahın əzabını çəkməyə hazıram...
***
O ağır dərəcəli insult keçirtdiyindən reanimasiya otağına yerləşdirilmiş, ciddi həkim nəzarətinə götürülmüşdü. Vəziyyəti yaxşı deyildi. Ərinin başı üstündə tibb bacısından əlavə o, da, keşik çəkir, yatmadığı gecələrdə səssizliyə qapanıb dualar edər, Tanrıdan yoldaşına şəfalar diləyərdi. Qızlara anası baxdığından günlərlə evə getmir, ən yaxşı həkimləri soraqlayıb tapır, xeyli miqdarda pulla onları xəstəxənaya gətizdirib, ərinin müalicəsinə xərcləyirdi.
Kişini palataya keçirtmişdilər. Qadının gecə-gündüz qulluğunda durmasına baxmayaraq ona əhmiyyət vermir, nə qərara gələcəyini bilmirdi. Özünə lənət yağdırır, ölmədiyinə təəssüflənirdi. İndi onun qulluğunda durmaqla nəyə can atırdı ki? Mən onu bağışlayım? Yoox, bu mümkün deyil, heç vaxt! Bircə qızlara görə kəsilib qalmışdı. Onlara tək baxa bilməyəcəkdi, bəs bundan sonra necə olacaqdı. Yəqin ki, bir çıxış yolu olmalıydı.
Bir neçə ay da keçdi...
Onlar uçruma doğru gedən ailə həyatlarının necə olacağını bilməsələr də, çar-naçar birlikdə evə dönmüşdülər. İçkiyə son qoyan kişi qaradinməz halıyla qadını xofda saxlayır, birgə yaşadıqları ömür payını damla-damla əridirdi.
Çiyninə daha ağır yük götürən qadın isə, olanlara rəğmən günahkar baxışlarını ərindən mərhəmət diləyən gözlərinə dikib bağışlanmağını arzulayırdı...
MANERA.AZ