manera.az
manera.az

Təkcə günəş qana bulaşmamış qalacaq... | MANERA.AZ

Təkcə günəş qana bulaşmamış qalacaq...  | MANERA.AZ
manera.az

Çingiz Aytmatov
"Öldürək – öldürməyək..."


Və təkcə günəş qana bulaşmamış qalacaq... və at atlısız qaçıb gedəcək...
Qaraçının xəbərdarlığı


Təyyarəni fasiləsiz zenit atəşi zonasından çıxaran təyyarəçı atışmadan nə qədər uzaqlaşıdığına əmin olmaq üçün, aşağıya baxdı, aşağıda sanki onunla birlikdə virajda əyilən qalın qəhvəyi-yaşıl meşə görünürdü, meşə sanki uçurumda yoxa çıxır, tədricən dibsiz dərəyə enirdi. Növbəti dəqiqədə qırıcı təyyarə uçuşunu nizamladı və uzaqlarda dumanlı üfüqlə birləşdi, meşə birdən öz dayanıqlı vəziyyətinə qayıtdı. Dünya öz adi konturlarının görünüşünü aldı. Təyyarəçi təzəcə nəfəsini dərmişdi ki, bu anda təyayrənin qarşısında qəfil gözlənilməz bir şey peyda oldu, təyyarəçi nə baş verdiyini, nə ilə toqquşduğunu – təyyarənin forması məlum olmayan böyük və canlı bir kütləyə necə çırpıldığını anşıra bilmədi. Təyyarə bu zərbədən bərk silkələndi və təyyarəçi ani olaraq tamamilə görüntünü itirdi...

Bu, uçuşda ətrafını görməyən, göydə dəli kimi cövlan eləyən böyük bir quş dəstəsiydi...
Təyyarəçini isti tər basdı. O, burulğandan xilas olmaq üçün birtəhər sükandan yapışdı, quşlarla toqquşduğu zaman pəncərələrin şüşələrinə yaxılmış qan ləkələrinə baxdı və sudurğası tutmuş adam kimi eymənərək diksindi. Quşlar bu yerləri payızı gözləmədən tərk edirdilər. Onlar yayın ən qızmar vaxtı köçlərini çəkib gedirdilər, dəstəylə və tək-tək, gecə və gündüz, yumurtadan yenicə çıxmaq üzrə olan, çarəsizcəsinə boyunlarını uzadıb civildəyən, hələ dimdiydən yemlənən balalarını yuvalarında qoyub gedirdlər. Ən sonda bataqlıq bayquşları yox olurdular və onların gecə ulartıları kəsilirdi...
Çöl heyvanları buralardan perik düşürdü...

Verstlərlə ölçülən meşənin hər yerində cəngəlliklər od tutub yanır, tüstü göyə dirək olurdu, əsrlərin meşəsi məhv edilirdi – nəhəng şam ağacları tufandaki kimi gurultu ilə yerə sərilirdi. Ətrafı bürüyən partlayışlardan, getdikcə şiddətlənən atışmalardan, göydən yağan bombalardan, tankların qarşılıqlı hücümlarından, dalbadal partlayan minaların zərbindən yer titrəyirdi... Partlayışların nəticəsində bölük-bölük olan kiçik çayların suyu məcrasından cıxaraq əyri axır, tədricən yarğanlara və dərələrə dolurdu. Tanklardan biri öz cəzasını almış kimi, lüləsini səmaya tuşlayaraq cəmənliyin ortasında, su ilə dolu dərin çuxurda həmişəlik batıb qalmışdı...
Və bütün bunlar labüd imiş kimi hər gün davam edirdi və sərhəddə bunu dayandırmaq mümkün deyildi, cünki, hərbi dillə desək, cəbhələrin müharibəsi gedirdi. Cəbhə cəbhəyə... Tərəflərin məqsədi düşmənin müdafiəsini qırmaq və qəti hücüma keçmək, qarşı tərəfin cinahını və arxa cəbhəsini dağıtmaq, düşmənin canlı qüvvəsini məhv etmək idi. Və hər iki tərəf düşmənin müdafiəsini öncə yarmağı, birinci hücüma keçməyi planlaşdırırdı...
Lakin hələ ki, tərəflərdən heç biri buna nail ola bilmirdi. Və hər gün mövqe döyüşləri gedirdi...

Zaman isə öz axarı ilə gedirdi. Və demək olar ki, payıza qədər hərbi teatr adlanan bu məkanda, gecə-gündüz demədən, yağışa-çovğuna baxmadan silahlar susmurdu... Quşlar o il də öz yuvalarına dönə bilmədilər, tapdanıb yapıxmış otlar cicək açıb, toxumlamadılar.
Bu zaman bir-birinin axırına çıxmaq istəyən cəbhəyanı gərargahlar tələskənliklə yeni operativ planlar hazırlayır, itkilər - ölənlər və yaralanlar haqqında yuxarılara gizli xəbərlər catdırırdılar, hər iki tərəf sözləşmiş kimi - zərbə potensialının artırılmasına ehtiyacları olduğunu sübüt etməyə çalışırdı, ona görə də öz ali rəhbərlərindən yenə və yenə canlı qüvvə, texnika, hərbi sürsat şəklində əlavə ehtiyatlar istəyirdilər: birinci halda, yeni ərazilər qazanmaq ideyaları naminə, o biri halda isə - həmin ərazilərin müdafiəsi naminə. Lakin necə olur olsun, həm o halda, həm də bu halda ehtiyat qüvvə yığılırdı, döyüşlərdə qüvvələr azalırdı, amma yenə də müharibə davam edirdi...
Müharibədə param-parça olmuş yay fəsli artıq sona catırdı, hər iki döyüşən tərəf üçün son hazırlıq müddəti idi, arxasınca bir sıçrayışın gərəkdiyi zamanda, yer üzərində qarşısıalınmaz bir qüvvənin - hücüm selinin başlanğıcında bu son hədd idi... Dünyada yalnız günəşin qana bulaşmamış qaldığı o vaxtlarda, tanrı tərəfindən göndərilmiş bu bəla üçün doğulan insanların çoxunu bəlkə də məhz taleləri qovub gətirirdi quşların köçüb getdiyi bu diyara.
Onlardan biri, özü istəmədən hərbi eşelonda Saratovdan - isti Ön Asiyadan yol başlmışdı buralara. Eşelonda hər kəs müharibəyə getdiyini bilirdi, amma hansı cəbhəyə, hansı tərəfə - bunu təkcə ali komandanlıq bilirdi, əskərin işi - hara göndərsələr ora getməkdir. Eşalonda olanlar danışırdılar ki, istiqamət Moskvaya tərəfdir və ordan da irəliyə, aydın məsələ idi - cəbhəyə... Elə də oldu. Əslində bu istiqaməti öncədən müəyyən etmək heç də çətin deyildi.

Onlar Saratovdan gün qüruba enəndə yola düşdülər. Bürkülü gecə yolçuluğundan sonra, yayın istisindən təngə gəlmiş Volqaboyu çöllüklərindən keçib yola davam etdilər, vaqondan dəmir yolunun kənarlarındakı yaşıl cəmənliyi və iynəyarpaqlı meşələri seyr etmək çox xoş idi – ətraf qədim rəsm əsərlərində yaradılmış mənzərələri xatırladırdı. Hətta əskərlərlə və atıcı silahlarla dolu olan sığınacaqların qapılarından hiss ediləcək dərəcədə sərinlik gəldi. Və az sonra meşələrə daha da yaxınlaşdılar.
- Bax bir, necə meşələr başlandı! Rusiya başladı, Anamız Rusiya!- əsgərlər öz aralarında danışırdılar, sanki özləri heç rusiyalı deyildilər, başqa yerlərdən gəlmişdilər.
Onların arasında çox gənc bir oğlan da var idi, boyca uzun, amma cılız olan oğlan əsgər mundirində əyninə atasının paltarını geyinmiş uşağa bənzəyirdi - bu Serqey Vorontsov idi, taqımda onu Serqiy, bəzən də “Serqiy ata” deyə çağırırdılar. Oğlan sözgəlişi Allahdan söhbət saldı, dedi ki, Allah ikona deyil, bir haldır. Amma bu halın nə demək olduğunu, bu haqda onun anlatdıqlarını heç kim başa düşmədi və bu yetərliydi ki, şəbədə qoşanlar istehza ilə ona Serqiy və rahib adı versinlər. Vorontsovun cəmi on doqquz yaşı var idi, əsgərlər onu danışdırmaqdan zövq alırdılar. Niyə də gülməyəydilər bu çoxbilmişə?! İnsafən o da heç incimirdi. Serqiy qatarda, vaqon qapılarının köndələn tirlərinin yanında hamıdan çox dayanırdı, ən çox da orda - keçiddə durardı. Başqaları kart oynayırdılar, bəzilərində, hətta dünənki vağzaldan yola salma mərasimlərindən qalmış içki də tapılırdı. Hər yerdə olduğu kimi burda da məcburi bekarçılıqdan yaranan cürbəcür söz-söhbətlər və səs-küy baş alıb gedirdi, bəziləri yol boyu mahnı oxuyur, bir-birlərinə qulaq asırdılar. Serqiy isə yol boyu uzanıb gedən yeni yerləri görmək üçün həmişə qapıya doğru çəkilirdi. O, bu yerlərə - əsil Rusiya tərəflərə bir gənc sayağı baxırdı. Serqiy orta məktəbi bitirdikdən sonra Moskvada təhsilini davam etdirməyi düşünsə də bu ona nəsib olmamışdı. Lakin bütün bunlar artıq geridə qalmışdı, indi Moskvaya gedən qatar onu müharibəyə aparırdı... Hələ ki, eşelonda həyat qaynayırdı, hamı hərəkətdəydi, dayanacaqlarda əlində dəmir çaydan qaçaraq qaynanmış su axtaranlarla, əsgər “payok”larını yeməklə məşğul olanlarla, üç ay Volqaboyundakı əsgər düşərgəsində keçən əzablı təlimlərlə yol təəsəruatları bir-birini əvəz etməkdəydi. Və hər dəfə qeyri-adi, görünməmiş, bəzən başqaları üçün adi olan bir şey görəndə, Sergiy: ora bax,- deyə birinin qolundan dartırdı! Baxanlar üçün isə orada: ya dəmir yoluna bitişik bir kənd, ya da qamışların arasında gizlənmiş bir gölməçə kimi adi bir mənzərə canlanırdı. Hansısa bir səfehin nə üçünsə inəyə mindiyini görüb sadəlövhcəsinə deyirdi: Sən hələ bu süvariyə bir bax!.. Budur, zavodun yanındakı təmiz sahədə yuxarısında neft məşəli alovlanan hündür bir boru gözə dəyir. Sergiy gördüyü nə varsa hamısını anlatmağa çalışır, izahlar verirdi: məşəl səmada öz-özünə yanır, bu artıq qazları havaya atmaq üçündür; onlarda da, atası işləyən neft mədənində də kənarda belə bir məşəl var. Qaranlıq qış gecələrində, göydən qar yağanda çox qəşəng görünür ora- yüksəkdə məşəl, göydə qar dənələri fırlanır, səmada isə - canlı alov. Yeni ildə anasıyla, bacılarıyla qarda əl-ələ tutub məşələ tamaşa etməyə gedirdilər. Sonra isə isti, işiqlı evlərinə dönürdülər, şeirlər deyirdilər, anaları onlara qoğal paylayırdı, çox ciddi bir adam olan mühasib atası belə onlarla birlikdə şənlənirdi... Bununku belə şeylərdi – yoxsa cəbhə...

Növbəti stansiya qovşağında isə qatar yavaşımağa başladı. Hava artıq qaralmaq üzrə idi. Serqiy hamının diqqətini bombardmandan yanan və buna görə də ehtiyyat yola gətirilmiş, sınıq-salxaq “paravoz”a və yararsız hala düşmüş vaqonlara yönəltdi. Hər kəs susurdu, lakin, əlbəttə ki, hamı bombardman zamanı yanan qatarı və ona hücüm edən faşist təyyarələrini, o vaqonlarda nələr baş verdiyin düşünürdü. Neçə nəfər ordan tullanıb canını qurtara bilmişdi, neçə nəfər yanmış, neçə nəfər güllələrə tuş gəlmişdi? Bu, onların öz gözləri ilə gördükləri ilk müharibə nişanəsi idi. Əskərlər sanki qəbristanlıqdaymışlar kimi sükut içində bir-birlərinə baxdılar, sonra qaranlıqda sakitcə dağılışdılar. Əksəriyyət maxorkanın tütstüsündə dərin düşüncələrə dalmışdı...

Yol boyu məzəli hadisələr də olurdu, oğlana gülmək üçün fürsət tapılırdı, yenə də Serqiy kiminsə qolundan dartdı:
- Bir ora bax! Gör, buraların su quyuları necədir? Bax ora, sipərin altında quyu, sanki bəzədilmiş artırmadır! Gözəldir!
Bu dəfə sərt bir replika eşitdi:
- Sən bəzəkli quyulara, bəzədilmiş artırmalara boylanma! Mənim müharibəyə gedənimə bax.... Sən qıza bax, odur e, quyudan su götürməyə gedir. Bax, gündən necə qaralıb? Özü də maykada, ona bax, əndamına bax ! Sən də ki, başlamısan quyu belə gözəldir, artırma belə qəşəngdir!.. Ehh, rahib, rahib, sənin yerinə mən olsaydım bu saat tullanardım qatardan, lap fərari adı versələr də tullanardım!
Hamı gülüşdü.

Onu da demək lazımdır ki, adamlar nəsə tez anladılar: bu oğlan doğrudan elə belədir – səfeh, rahib, uşaq xislətli – lazım olan yeri qoyub başqa yerə baxan... Belə baxanda, Allah ondan boy-buxunu əsirgəməyib, uzun boylu, enlikürəkli, ağlı da vardı, amma bir həqiqət də vardı ki, Serqiy hələ də yeniyetmə olaraq qalmışdı, utancaq, hətta qəribə. Serqiy özü də bəzən bu cür çatışmazlılıqlarının fərqində olurdu, hər şeyi kənara qoysaq, artıq qadınlarla işləri olmuş öz yaşıdlarına baxaraq kədərlənib fikrə dalırdı. O isə! Ömründə bircə dəfə məhəbbət macərasına bənzər bir hadisəylə üzləşmişdi, lakin o da uğursuz bir sonluqla bitmişdi.

Elə dünənki əhvalatı götürək. Vağzalda qatara minik zamanı çox qəribə, bəlkə də gülməli bir hadisə baş verdi. Əslində, bəlkə də buna heç gülmək lazım deyil. Bu hadisə yol boyu onun başından çıxmırdı. Elə buna görə də adamlar ilk baxışdanca onun hiyləgər birisi olmadığını başa düşərdilər. Lap onu pahib, daha nə bilim nə adlandırsalar da...
Məsələ bundaydı ki, onların cəbhəyə göndərilməsi gözlənilmədən elan olundu, səhər tezdən sanki həyacan siqnalı verdilər. Demək çətindir, niyə belə etdilər. Əmr belə idi. Ölkədə müharibə gedirdi və bunun özü hər şeyi deyirdi. Əmr əmrdir. Hazırlıqlar çox sürətlə gedirdi. Və çox keçmədi ki, onlar şəhəryanı düşərgədən piyada qoşunla yola düzəldilər, bölmə bölmənin ardınca düzülüb hərəkətə gəldi. Qoşun Saratovun qıraq küşələriylə, stansiya istiqamətində irəliləyirdi...
İrəliləyən cərgədəkilərin çoxu isə orduya səfərbərliyə alınmış saratovluların özləri idilər. Onlardan bəziləri küçələrdən keçərkən öz evlərinin yanından, yataqxanalarının pəncərələrinin qabağından keçirdilər. Vaxtilə işlədikləri fabriklərin darvazalarının qarşısından ötürdülər. Belə olan halda necə sakit dayanmaq olardı? Hər şey də elə bundan başladı.
Əlbəttə ki, heç kim sıradan çıxmağı düşünmürdü, heç komandirlər də buna icazə verməzdilər, lakin elələri vardı ki, yoldan keçəndə yaxınlarıyla vidalaşmaq üçün açıq pəncərələrə baxıb qışqırırdılar. Və yaxud yoldan keçənləri səsləyir, salam yollayırdılar. Həyət uşaqları da bura toplaşmışdılar, bəziləri başqalarını da bura cəlb edirdilər: “Əsgərlər gedirlər! Qızıl ordunun əsgərləri gedir!..” Hələ qadınları demirəm – həyat yoldaşları, bacılar, qonşular! Hamı onların arxalarınca gedirdi, sanki bunu gözləyirdlər, hər kəs əlinə keçəni əyninə keçirib bayıra qaçırdı – kimi çəkələkdə, kimi hətta ayyaqyalın, kimi başını yuduğu yaş məhraba ilə, kimi cırıq yubkada...
Onlar əskər cəkmələrində addımlayan sıranın yanıyla qaçırdılar, müharibəyə gedənlərin hamsını bir nəfər kimi Allaha əmanət edirdilər; həmin anda əskərlərin hamısı bir nəfər kimi onlara doğma idi; hamı qışqıraraq onlara Saratova, Volqaya, doğma yurda qələbə ilə geri dönməyi tapşırırdı. Qışqıranlardan biri isə ağlaya-ağlaya deyirdi: “Yaşasın Stalin! Yaşasın Stalin!”. Dəstə stansiyaya yaxınlaşanda isə adamlar sanki yuxudan ayıldılar və qadınlar ayrılıq qabağı ağı deməyə başladılar, özlərini, öz dərdlərini və talelərini xatırladılar, ağlamalı çox dərdləri vardı: cəbhəyə gedənlərdən ayrılmaq, bunun qaçılmaz acı nəticəsi olan dul qalmaq aqibəti, bir sözlə, onların bütün həyatları artıq bütövlüklə ömürlərinin sonuna kimi müharibənin qurbanı olacaqdı...
- Eyy qadınlar, qışqırışmayın! Hərəkətə əngəl törətməyin! Dağılışın!
Lakin komandirlərin heç bir ciddi xəbərdarlığı, qışqırıqları onlara təsir etmirdi. Əsgərlər sırayla irəliləyirdilər, yanlarıyca da qadınlar, uşaqlar... Cərgə Saratovun əyri sahilyanı küçələriylə, gah yoxuşlarla, gah da aşağı enişlərlə Volqadan daha uzağa və uzağa doğru hərəkət edirdi...

Serqiy ayrılığı belə çətin yaşayacağını heç güman etmirdi, ilk dəfəydi ki, bu şəkildə vidalaşırdı. Ruhən yorğun idi, buna baxmayaraq, yanında addımlayan hər kəs kimi özünü ruhlandırmağa çalışır, gözlərinə sataşan hər kəsə gülümsəyir, hər şey yaxşı olacaq deyirmiş kimi əlini yelləyirdi. Başqa cür edə bilməzdi! Ancaq o, həm də valideynləri ilə vidalaşa bilmədiyi üçün içində narahatlıq keçirirdi – onun valideynləri çox yaşlı idilər, Serqiy ailənin ən kiçik övladı idi. Böyük bacısı Qazaxıstanda - hardasa Cinlə sərhəddə, sərhəd bölgəsində yaşayırdı. İkinci bacısı Veronika elə burda, Saratovda olurdu, onun əri cəbhədə idi, öldüyündən qaldığından xəbər-ətər yox idi. Veronikanın uşağı körpəydi, özü işləyir, körpəyə yaşlı anası baxırdı, atası - Vorontsov Nikolay İvanovic ömrü boyu Volqanın neft mədənlərində kargüzar işləmişdi, bu ərəfədə xəstəxanada yatırdı, çoxdan xəstə idi. Bunlar haqqında Veronika onların şəhəryanı düşərqəsinə yazırdı, hərbi hissənin poçtuna, orda onlara gecə-gündüz hərbi təlim keçirdilər. Doğmaların onları ziyarət etməsinə icazə verilmirdi, Veronika məktublarda nələr yaşadıqlarını - hər gün işdə, evdə, atasının yanında xəstəxanada olduğunu, hər şeyi çatdırmaqda çətinlik çəkdiyini ona başa salırdı. Veronika onsuz da narahat adam idi, hər şeydən xəbərdar idi, hər kəsə ürəyi yanırdı. O, bacısını - Veronikanı həm açıqgözlü, həm də səmimi olduğu üçün, hər şeyi necə var elə yazdığı üçün çox istəyirdi. Lakin bacısının son məktubuna Serqiy cavab yazmadı və heç bilmirdi cavab verəcəkmi, məktubda yazılanlar ona çox pis təsir etmişdi. Bacısının son məktubu onda qəribə, məğzini tuta bilməyəcəyi bir hiss oyatmışdı. Axı Veronika bütün bunları hardan bilirdi... Məktəbdə onun sinif yoldaşı olan Nataşkanın “kominterka” ləqəbi ilə tanındığını o necə bilə bilərdi? Ona bu ləqəbi yeddinci sinifdə oxuyanda, İspaniyada fəhlə və kəndlilərin xoşbəxtliyi üçün vuruşan komintern briqadaları haqqında yazdığı şeirə görə vermişdilər. Nataşka şeirlərini Moskvaya göndərmişdi və ordan ona təşəkkür məktubu gəlmişdi. Bu, məktəbdə bir hadisəyə çevrilmişdi. O, Komiterndən gələn məktubu hər kəsə oxudurdu. Bax bu zirəng və qoçaq Nataşka-kominterka sonra aktivist oldu, indi o, bütün iclaslarda çıxışlar edir və hər kəs onu, o da hər kəsi tanıyırdı. Bir dəfə yazda müharibə qabağı başqa bir hadisə də baş vermişdi. Məktəbdə təşkil edilmiş bir gecədə o həmin qızla rəqs etmişdi. Qız özü onu rəqsə dəvət etmişdi. Nataşka öz rəqs yoldaşını atıb, ona yaxınlaşanda Serqiy pəncərənin qabağında durub oynayan cütlüklərə baxırdı. Qız cəsarətlə onun qolundan tutub dedi: “Gedək, Seryoja, mən hamıdan çox səninlə rəqs etmək istəyirəm!”. O da dinməzcə qıza tabe oldu, sanki pioner baş dəstə rəhbərinin qarşısındaydı, baxmayaraq ki, qız onun çiynindən idi. Görəsən bu qədər cəsarət bu qızda hardan idi? O da elə bil bunu gözləyirdi, tər basdı Serqiyi. Və onlar rəqs edənlərə qoşuldular. Hər şey də elə bundan başladı.

Ağlagəlməyən bir əzab çəkirdi Serqiy – çoxlu rəqs edənlərin arasında başı hərlənirdi, rəqs edənlərdən sanki nəfəsi və ehtirası qızışdıran gözəgörünməz bir alov saçılırdı ətrafa, onu cəlb edən ehtirasa anidən və həvəslə özünü təslim etmək istəyirdi, eyni zamanda adamların çoxluğu onu narahat edirdi, elə istəyirdi ki, camaatdan qaçsın, onları kimsə görməsin deyə Nataşkayla göylərə uçsun, onu qucaqlayaraq daha yüksəyə və yüksəyə uçmaq, uçmaq istəyirdi... Nataşka-kominterka isə elə gözəl fırlanırdı ki... O sanki rezin adam idi, həm möhkəm, həm də elastik. Serqiyi təəcübləndirən bu idi ki, daha öncə onu sıxan özünə inamsızlıq artıq onu tamamən tərk etmişdi, onun əvəzinə isə sanki bir yaxınlıq hissi çulğamışdı onu, çox tez böyüyürdü bu hiss - ürəyi daha şiddətlə döyünürdü, sakitləşdirmək mümkün deyildi. Və bu qüvvə onu get-gedə daha çox cəzb edirdi, baxmayaraq ki, qızın üzü ona çox yaxın idi, onun qızğın nəfəsi bu qədər aydın hiss edilirdi, nədənsə onun sifətinin fərqinə vara bilmirdi, həyəcandan başa düşmürdü nə baş verdiyini. Və bu an qız birdən dedi: “Mən bilirəm, Seryojka, sən məni sevirsən, mən sənin xəyalınam!..” Yalnız bu zaman o, qızın cəsarətlə gülən gözlərini və qəsdən ona yaxınlaşdırdığı üzünü gördü.

Serqiy çox pərt oldu, o bunu gözləmirdi və buna hazır deyildi, yaxşı ki, tempi itirmədi və fırlanmağa davam etdi. Nəsə cavab vermək istəyirdi, könlündən adətən küçə uşaqlarının işlətdiyi nəzakətsiz bir söz demək keçirdi, belə sözlər başqa oğlanlarda yaxşı alınır, elə deyərlər ki, adamın nəfəsi quruyar, onda isə hər şey ciddi alınırdı. Cavabında qıza demək istəyirdi ki, bunu heç düşünməyib, onu nə qədər sevdiyini bilmir, amma elə bil ondan xoşlanır, hətta çox xoşlanır. Lakin Nataşka sanki bunu başa düşdü, onu qabaqladı və düşündüklərini deməyə aman vermədi: “Cavab vermə, Seryoja, cavab vermə, əziyyət şəkmə! Mən zarafat elədim”,- o, fərlanaraq və musiqinin taktıyla başını yelləyərək danışmağa başladı: “Mən sənin içini görürəm, sənin yerinə hər şeyi deyə bilərəm!” Nataşka bir az yavaşıdı, onu hər kəs eşitsin deyə rəqs edənlərdən bir az kənara çəkildi. O, sözünə davam edirdi: “Mən hər kəsin içini görürəm, kim nə düşünür bilirəm, raykomda mənə deyirlər ki, mən gözüaçıq komsomol təbliğatçısıyam. Və səni də görürəm. Sən məni sevirsən və tezliklə bunu mənə deyəcəksən! Sən həmişə beləsən. Hamı kimi deyilsən. Kütbeyin. Ay kütbeyin! Sən özünü toparlayınca... Mən hər şeyi bilirəm. Sən qızlarla heç vaxt olmamısan! Elə deyilmi? Aydin məsələdir! Gizlətmə! Mən gözlərindən hər şeyi oxuyuram! Mən səni tanıyıram axı. Mən bilirəm. Bir azdan hər kəs sənin dalınca düşəcək. Bu çox maraqlıdır! Sən isə mənə bax! Mən birinciyəm! Və sən mənimlə olacaqsan!” Onlar yenidən rəqs etməyə başladılar. Nataşka susmurdu. “Hər yerə birgə gedərik. Mən iclaslarda çıxış edəcəm, sən isə qəzət üçün məqalə yazacaqsan, jurnalist olacaqsan. Sən yaxşı yazırsan, mən bilirəm. Başa düşürsən, mən qoçağam, hər yerdə danışa bilirəm, sən isə ağıllısan, mənə də elə beləsi lazımdır. Başa düşürsən?”

Bax belə bir söhbət getdi aralarında, bu zarafatıydımı, gercəkiydimi, fkirləşməliydi bunu və yaxud ümumiyyətlə bu söhbəti unutmalıydı? Lakin o gecəni Serqiy yata bilmədi, sabaha qədər yerində qurcalandı, sanki onu elektrik cərəyanı vurmuşdu. Və bundan sonra o, qıza məktub yazmaq qərarına gəldi, lakin sonra onu cırdı. Ciddi yazmağı münasib bilmədi, elə belə əyləncə üçün isə Serqiyə maraqlı deyildi.

Aradan bir neçə gün keçəndən sonra o sakitləşdi. Yayda məktəbi bitirdikdən sonra pedagoji univeristetə imtahan verəndə artıq müharibə başlamışdı. Bu arada onlar iki dəfə ötəri görüşdülər, lakin elə bir xüsusi söhbət olmadı aralarında, məhəbbət haqqında danışmadılar. Hər dəfə Serqiy gözləyirdi ki, onlar yenə də rəqsdəki söhbətə qayıdacaqlar. Lakin rastlaşanda o özü bu barədə söz açmırdı, heç ondan da gözləmirdi. Əslində bu hadisəni unutmaq daha doğru olardı, lakin orduya çağırış gələndə hər şey tərsinə alındı. Serqiy cəhd etsə də, özünü döndərə bilmədi bu qərardan. O, tərəddüd etsə də qızın yaşadığı çoxmərtəbəli binanın yanına getdi, onu gözləyirdi ki, nəhayət gördü – o evə gəlirdi. Lakin hər şey adi alındı. Bu görüş odu söndürüb külü ilə oynamağa bənzəyirdi. Quru odunlar lazım idi ki, bu ocaq yenidən alışsın. Serqiy ona dedi ki, orduya gedir və onunla vidalaşmağa gəlib. O isə bunu çox sakit qarşıladı, dedi ki, indi hər kəsi aparırlar cəbhəyə, səfərbərlikdi və çox tələsdiyini, işlərinin çox olduğunu deyib, ona məktub yazacağına söz verdi. Tezliklə ünvanını göndərməsini istədi. Serqiy buna çox sevindi, sanki elə buna görə gəlmişdi, yazışacaqlarını sözləşmək üçün, cünki məktubda daha çox şeylər demək olardı, nəinki göz-gözə. Məktubda cəsarət edib hər şeyi yazmaq olardı. Lakin böyük intizarla gözləməyinə baxmayaraq ona yolladığı məktublara, o üç dəfə məktub yollamışdı, hələ də cavab almamışdı, heç bir dənə də... Beynində müxtəlif cümlələr və cavablar qururdu. Amma artıq gündəlik əsgər hayatının içində ümidləri sönmüşdü... Birdən bacısı Veronika ona yolladığı məktubda yazdı ki, deyilənlərə görə Nataşa-kominterka yaşça özündən çox böyük olan birinə ərə gedir, o adamın bir il əvvəl arvadı ölüb və cəbhəyə cağrılmaqdan azaddır. Veronika yazırdı: “Seryoja, əziz qardaşım, nə badə fikir eləyəsən. Mən səni tanıyıram da, sən müxtəlif romanlar oxumusan və hər şeyə o kitabların səhifələrindən baxırsan, özünə dərd edəcəksən. Amma sən belə eləmə. Başa düş, sən başqasan, o da başqa. Siz tamam fərqli insanlarsınız. Və sən qəlbində onu qınama, əgər o ərə getmək istəyirsə, bu onun şəxsi işidir. Siz bir-birinizin tayı deyildiniz. İnan mənə. Təki sən evə sağ-salamat gəl, təki tezliklə müharibə bitsin və sənin xoşbəxt olmağına, qızlardan biri səninlə xoşbəxt olacağına, mən inanıram, Seryoja, mən buna həm də çox inanıram! Təki sən fikir eləmə, əziz qardaşım. Və tezliklə bizim yanımıza, evə dön... Bircə müharibə tez bitsəydi...”. Məktub belə bir məktub idi. Belə baxanda, onun Nataşka-kominterkayla aralarında elə bir şey olduğunu düşünməyə, əsas yox idi. Lakin bacısı onu sakitləşdirməyə qərar vermişdi.

İndi artıq Nataşkayla olan bu hadisə onun üçün bir rəngsiz yuxu kimi, on doqquz illik keçmiş həyat parçasındaki bir dərs kimi geridə qalmışdı. O, müharibəyə bu cür yola düşürdü, səbəbini özünün də anlamadığı ağır bir məyusluq içindəydi və o, təcrübəsiz, baş verənlərə inanmaq istəyən qəlbi azad olaraq gedirdi. İndi o öz uşaqlıq illərini keçirdiyi şəhərdən əsgər marşı altında, qadınların və uşaqların müşayiəti ilə birbaşa müharibəyə gedirdi. Həmin anda çox təəsüflənirdi ki, bacısı Veronika yanında deyil, əlbəttə ki, onun təcili göndərişini eşitsəydi, son dəfə onu görməyə gələrdi. Lakin, bütün zamanlarda deiyldiyi kimi, dünya möcüzələrdən xali deyil. Bəlkə də bu elə həmin vəziyyətdir, deməli, tale elə belə gətirib, gözlənilmədiyi halda onun bacısı yox idi yanında. Ancaq bunu o, artıq vaqonlara yerləşdikdən sonra sakitləşərək yolda düşünürdü...
Əskərlər hələ vağzal tərəfə gedərkən onlara tez-tez yaxınlaşan qadınların arasında, camaatın içində birdən bir qaraçı qadın göründü. Görəsən o hardan peyda oldu, bircə Allah bilirdi bunu, baxmayaraq ki, Saratovda yayda qaraçılar çox olur. Qaraçı həm öz qarabuğdayı görünüşüylə, həm də qaçarkən yellənən sallaq mis sırğaları, ciyninə sürüşən cırıq şalı, uzun, yerlə sürünən ətəyilə hamının diqqətini cəlb edirdi. Ancaq nə olsun, qaraçı, elə qaraçıdır da! Küçədən keçən adamların çoxluğu və hərəkətiylə maraqlanan qaraçı sıranın yanında nəsə qışqırırdı, əli ilə müxtəlif hərəktlər edir və sanki sırada gözləri kimisə axtarırdı. Əskərlər isə heyrətlə “bəlkə səni axtarır...” deyərək bir-birlərinə göz vururdular, bir-birlərini itələyirdilər. Hətta sırada hərəkət edənlərdən bir nəfər özü ona səsləndi:
-Eyy, qaraçı qızı, qoçaq, mən burdayam! Eşidirsən? Bax da, mənəm! Sən axı məni axtrarırsan ki, falıma baxasan?- Cavabında o, dedi ki, bəlkə bir vaxt onun da falına baxacaq, lakin indi axtardığı adamı özü tapacaq. Bunu deyən əskər çox təəcübləndi. Və dəqiq - qaraçı necə dedisə elə də oldu.
Hərəkətə qoşulan qaraçı az keçmədi ki, qaçaraqda, bəlkə də, ona tanrıdan verilən hissiylə, bəlkə də öz istəyi ilə axtardığı adamı tapdı. Sırada gedənlərin təəcübünə və gülüşlərinə rəğmən, o adam Serqiy çıxdı. Niyə məhz o? Niyə məhz Serqiyə yaxınlaşaraq ona müraciət elədi qaraçı:
-Dinlə, oğlan! Dinlə məni, qaraqaş gənc, çıx kənara, ver əlini, mən sənin falına baxacam, səni xoşbəxtliyə qovuşduracam!

Serqiy cərgədə kənardan iki nəfərdən sonra gedirdi. Lakin məsələ onun harada getdiyində deyildi, onun üçün qeyri-adi olan bu vəziyyətdə neynəyəcəyini bilmirdi. İndiyəcən heç vaxt belə şeylərə rast gəlməmişdi, onun falına heç vaxt baxılmamışdı, ailədə də hər kəs bu cür şeylərdən uzaq idi – atası heç bir karta filana inanmırdı, anası suiverni deyildi. Və burda birdən birə belə bir vəziyyət?..
-Yox, lazım deyil! İstəmirəm! – o, ucadan dedi və gülümsəyərək ciyinlərini çəkdi. İmtina etdiyinə görə pərt olmuşdu, başa düşürdü ki, üzr istəməlidi, lakin necə və nəyə görə, üstəlik burda, yanında gedən dostları da zarafata başladılar: Bax qaraçı da bilir də kimi seçir, bizim rahibi bəyəndi. Başqa kim ola bilərdi ki! O deyəsən Allaha inanır, bu lap yerinə düşdü!
Lakin qaraçı əl çəkmədi:
-Dinlə, oğlan, imtina etmə - bu qismətdir!
Sırada kimsə qıraqdan dedi:
-Onun adı Serqiydi.
-Serqiy? Serqiy, əzizim, qaraqaş oğlan! Mən sənə deyirəm - bu qismətdi, imtina eləmə, Serqiy, sən hələ çox gəncsən, sənin taleyini deyəcəm! Ürəkdən baxacam falına. Hər şeyi necə var elə də deyəcəm!
Lakin birdən hansısa səfehlər onun üstünə qışqırmağa başladılar:
-Ey, qaraçı, mane olma! Görmürsən yol gedirik?
-Mən mane olmayacam, uşaqlar, mən gedə-gedə əlinə baxacam onun!
- Əl çək, bezdirdin, sənə deyirlər, mane olma!
Qaraçı nə elə gənc, nə də yaşlı birisi idi. Serqiy onun üzündə hiyləgərlik deyilən bir şey görmədi, əksinə - o, eynən bacısı Veronika kimi səmimi, açıq birisi idi. Veronika həmişə kiməsə yaxşılıq etmək istəyirdi və buna görə də rahatlığı yox idi. O, həm də Veronikaya çox oxşayırdı - gözləriyləmi, gözlərindəki ifadəyləmi? Ya da ona elə gəldi, cünki qaraçı qışqırırdı: “Mən sənə bacı kimi deyirəm! Səni qardaşım bilib deyirəm!..”
Qaraçı artıq camaatın içində itəndə Serqiy özünü birtəhər hiss etdi, o ürəyində özünü qınadı, gərək cavab verəydi, axı niyə o belə utancaq idi? Heç yaxşı çıxmadı.
Bu arada onlar artıq sırayla stansiyaya çatmışdılar, bölmə bölmənin, taqım taqımın arxasınca gedirdi və qoşunun dalınca gələn saratov camaatı hay-küy qoparır, adamlar səs-səsə verirdilər. Eşelon artıq minmək üçün taybatay açıq olan yük vaqonlarıyla yola hazır idi. Bu, sonu görünməyən uzun bir qatar idi. Bu vaqonlarda onlar cəbhəyə yola düşəcəkdilər.

Səfərqabağı yerləşdirilmə zamanı birdən araya qarışıqlıq düşdü, hansı bölmənin hansı vaqonda gedəcəyi müəyyənləşdirilir, əskərlər səs-küylə qatar boyunca hərəkət edirdilər, qadınlar və uşaqlar əl-ayağa dolaşırıdılar, onları ordan heç bir qüvvvəylə qovmaq mümkün deyildi.
Qatara minik çox uzandı. Perronda həm isti, həm də darısqallıq idi. Öz növbəsini gözləyən Serqiy qaraçını tamam unutmuşdu və birdən o, yenidən camaatın içində peyda oldu. Axır ki tapdı, necə də inadkar çıxdı:
-Ey, Serqiy! Mən sənin dalınca gəldim, Serqiy! İmtina etmə, dinlə mən qaraçını. Taleyin deyir ki, yol üstə sənin falına baxmaqdan imtina etməyəsən, müharibəyə gedirsən, öz taleyini öyrən.
Serqiy hətta sevindi:
-Yaxşı. Bax, əgər belə lazımdırsa, hər şey dediyin kimidirsə bax,- o, torbasını ayaqlarının yanına qoyub, avtomatı boynundan sallayaraq saxladı və əlini - sağ ovcunu hazır vəziyyətdə ona uzatdı..
Beləcə, vaqonun yanında, qatara minik başlamazdan əvvəl onun bölük yoldaşlarının əhatəsində bir təntənəli falabaxma mərasimi başlandı. Qaraçı diqqətlə onun əlinin xətlərinə baxırdı, nəsə pıçıldayır, dodaqlarını tərpədir, başını yelləyirdi:
-Ey, dayan! İndiyəcən eşidilməmiş və görünməmiş dəhşətli bir döyüş olacaq. Ehh, tale, tale! Və təkcə günəş qana bulaşmamış qalacaq və at atlısız qaçıb gedəcək,- dedi o heç kimə müraciət etmədən. Sonra isə Serqiyin gözlərinə baxdı və əlavə etdi,- sənin anlaşılmayan bir məhəbbətin olub. O sənə kədər gətirib, həm də mənasız bir kədər. Sən yazılmamış bir kağız kimi təmizsən.
Bu an onun yanında dayanmış, maraqla qaraçını dinləyən əsgərlərdən gülüş səsləri eşidildi:
-Aydin məsələdir, bizim təmizimiz aşiq olubmuş, amma alınmayıb!
-Alınmayıb!- biri onun tərəfini saxladı.- Siz elə dişlərinizi ağardın. Bizim rahib əzab çəkdi, həm də heç nədən, o qız isə quyruq bulayıb aradan çıxdı! Bu isə necə təmiz idisə, eləcə də təmiz qaldı!

- Sən onlara qulaq asma, oğlan, sən məni dinlə,- dedi qaraçı.- İndi isə sol əlini ver və təkcə məni dinlə.
Qaraçı diqqətlə Serqiyin sol əlinə baxaraq, bir anlığa susdu və sonra sevinərək dedi:
-Sənə ölüm yoxdur, oğlan! Mən elə belə də bilirdim! Ürəyimə dammışdı. Bax, gördün sənə ölüm yoxdur! Sənin ulduzun belədir! Mən bilirdim! Ona görə də sənin dalınca gəlirdim!
Ətrafda hər kəs hərəkətə gəldi. Serqiy səfeh kimi gülümsəyirdi, o bilmirdi, buna sevinsin, yoxsa bir əyləncə kimi baxsın, qarşısında əyilərək ona təşəkkürmü etsin. O, istədi əlini kənara çəksin, lakin yoldaşlarından biri söhbətə qarışdı. Kuzmin idi. Qəmişin, zəhlətökənin biri idi, ağzından bir söz çıxana ilişirdi. Öyrətməyi sevirdi.
- Dayan, dayan, qaraçı, əzizim,- o, özündən razı halda başını yellədi,- sən deyəsən yalnış yerə yozdun. Necə yəni, sənə ölüm yoxdur? Sən heç başa düşürsən nə dediyini? Bəyəm, ölümsüz də adam ola bilər? Bu harda eşidilib? Yer üzündə hamıya ölüm var, təkcə ona yoxdur, hə?! Bura bax! Biz harasa elə belə bir yerə yox, müharibəyə gedirik, kim bilir, kimin axırı necə olacaq – kim gülləyə tuş gələcək, kimsə yox. Bəli, indi cəbhədə ölüm seçmir kimin falında nə deyildiyini. Hamını bir ucdan biçir. Nəyə lazımdı bizi axmaq yerinə qoymaq?
- Mən heç kimi axmaq yerinə qoymuram. Mən taleyi deyirəm. Onun ulduzu ölümsüzdür! Alnına elə yazılıb,- təslim olmadı qaraçı. Və sonra elə bir şey dedi ki, hər kəsi qane etdi, lakin bu hər kəsə o qədər də aydın olmadı... Tale isə ölümdən üstündü. Taledən tale başlayır, ölümdən isə bir şey çıxmaz. Bu oğlanın isə ulduzu taledən ölümsüzdür, alnına belə yazılıb... Onun ulduzu ölümsüzdür!..
Kuzmin lap mitinqdəki kimi ələriylə hərəkət edərək, çox deyindi, lakin nədənsə hamı baxıcıya inanırdı. Və artıq onlar yola düşəndə, vaqonlara minmək zamanı çatanda, çoxu qaraçıyla əl-ələ görüşürdü, o da perrondan qatar tərpənməyincə getmək istəmirdi. Qatar tərpənəndə isə orda olan başqa qadın və uşaqlarla bərabər qaraçı da eşelon stansiyadan uzaqlaşana qədər qatarın dalınca qaçır və Serqiyə əl eləyirdi...

İsti idi. O gecə qatarda heç kimin gözünə yuxu getmədi. Təkərlər qaranlıqda taqqıldayır, qatar insanın ürəyini sızıldadan ağır bir kədər və həyəcan içində uğuldayırdı. Tarixin öz dalğasının qabağına qatıb dünya müharibəsinə apardığı Serqiyin ağlına hər şey gəlirdi. Ağlına gələnlərin içində, o həmişə qaraçını xatırlayırdı. Bu qəribə qaraçı hardan peyda oldu birdən-birə, bu nə qəribə falabaxmaydı? Onun beynində bir cümlə ilişib qalmışdı: “Və təkcə günəş qana bulaşmamış qalacaq... və at atlısız qaçıb gedəcək...”. Görəsən bunun mənası nədir, nə ola bilər? Anaşılmazlıq və müəmma. Görəsən, nə baş verəcək günəş qana bulaşmamış qalanda? At isə atlısız? Bu nə deməkdir? Ulduzum isə ölümsüzdür? O hardadır? Bəlkə bunlar hamısı uydurmadır? Yəqin ki belədir. Axı ulduzun insana nə dəxli var? Yerdəki insanlar hara - səmadaki ulduzlar hara? Yox, onların heç bir əlaqəsi yoxdur. Ulduzlar ayrı, insanlar ayrı. Tale taleyə bağlıdır... Bəs tale nədir? Və tale taledən necə başlaya bilər? Bu necə baş verir?..
Təkərlər relsləri yalayaraq taqqıltı qoparırdı. Əsgərlər necə gəldi uzanıb, xoruldayırdılar. Ay qapıların arasından gah görünür, gah da buludların arxasında yoxa çıxırdı, qatar gedə-gedə ulduzlar sayrışırdı...
Lakin bir iş də var axı – qaraçı onun Nataşka-kominterkaya məktub yazdığını və heç bir şey alınmadığını hardan bilirdi? Hər şey dəqiq idi. Qaraçının dediyi kimi, mənasız bir kədər yaşayırdı. Deməli kədər də mənasız ola bilərmiş. Bəs qarşıda onu nələr gözləyirdi? Cəbhədə aqibəti necə olacaqdı? Əlbəttə ki, bu qorxuludur. Saratova gələn yaralı cəbhəçilər onlara müharibədən danışmışdılar. İndi isə bütün bunları – müharibənin necə olduğunu öz gözləri ilə görməliydi...
Təkərlər taqqıldayırdı və onun yuxusu gəlmirdi. Və o yenidən düşündü ki, hər şeyin və hər kəsin üzərində elə bir qüvvə var - bu tale adlanır. Axı kimsə bu taleyi tale olaraq adlandırıb. Və heç kimin gücü yetməz onu dayandırmağa və yaxud izah etməyə. Yaxşı, bəs onda tale hardadır? Yəqin, müharibə də bir taledir, yaşamaq və yaxud yaşamamaq da taledəndi, olmaq və ya olmamaq, qalib gəlmək və yaxud məğlub olmaq? Məgər elə deyil? Onlar axı cəbhəyə gedirlər, müharibəyə - tale belə əmr edib. Elə buna görə də onların hamısı bu eşelondadırlar və qatar onları böyük sürətlə ora, faşistlərlə müharibə gedən yerə aparır. Bəs orda necə olacaq? Yenə də tale? Öldürəcəklər, yoxsa öldürməyəcəklər? Kimin kimə qalib gələcəyi bundan asılıdır. Bəli, kimin kimi öldürməyindən. Hamı istəyir ki, müharibə tezliklə bitsin, aclıq sovuşsun. Bunu qadınlar, hətta uşaqlar camaatın içində qışqıraraq deyirdilər. Bunun üçün isə döyüşmək lazımdır, öldürmək lazımdır, qalib gəlmək lazımdır ki, müharibə bitsin. Belə çıxır. Evdə anaysıla atası da buna görə mübahisə edirdilər. Onun üçün orduya cağırış vərəqəsi gələndə valideyinləri müzakirə açmağa başladılar, səhər hərbi komissarlığa getmək üçün ona yol tədarükü görür, əşyalarını toplayırdılar. Və birdən anası oturacağın kənarında əyləşib, əlini sinəsinə qoydu və ona yalvardı: “Seryojenka, sən heç kimi öldürmə, nolar, qan tökmə!”

Birdən-birə noldu ona? Anası bunu təsadüfən, yoxsa düşünərək dedi? Serqiy anasının ona üz tutub dediyi bu sözləri artıq heç vaxt unutmayacaqdı, o baxışları bütün hayatı boyu yadında saxlayacaqdı. O, bu sözləri elə bir şəkildə deyirdi ki, sanki indicə hardansa uzaqlardan gəlib çıxmışdı, indicə astanadan ayağını içəri qoymuşdu və bütün yol boyu elə bunu düşünmüşdü. Ona elə gəldi ki, həyatda ilk dəfədir anasını görür və gözlənilmədən gözləri onun keçmişdəki qızılı parıltısını itirmiş gözlərinə, qırış-qırış olmuş üzünə, köhnə sətin xalatda, çiyninə atdığı tüklü yaylıqda tamam yaşlı görünən vücuduna sataşdı. Və birdən ona çoxdan tanış olan şeyləri elə bil yenidən kəşf etdi. Onda anası hələ sarışın hörüklü, dolu bədənli, boy-buxunlu gənc bir qadın idi. Onlar volqaboyundakı neft mədənlərində ağır şəraitdə yaşayırdılar. Özü ayaqyalın ora-bura qaçan balaca bir oğlan idi. Anası öz gündəlik işləri, evin qayğıları ilə məşğul olar, çoxdan şəkər xəstəliyinə tutulmuş ərinin, məktəbə gedən uşaqlarının dərd-sərinə qalardı. Deməli bütün bunların hamısı sonda, bir gün onu orduya yola salanda bu sözləri ona demək üçün imiş. O zaman anasının “müharibədə heç kimi öldürmə, qan tökmə...” kimi yalvarışları onu çox pərt etdi və o bundan bir şey anlamadığı üçün deyindi:

- Sən nə danışırsan, ana! Bütün bunlar nəyə lazımdır? Axı mən orduda olacam,- o, söhbətdən yayınmaq üçün rəfdəki kitablarını və dərslikləri qurdalamağa başladı.- Ana, burda mənim kitabxanadan götürdüyüm kitablar var. Mən onları ayırıb kənara qoyacam, qoy Veronika onları aparıb kitabxanaya təhvil versin.
Lakin söhbətin kəsilməsi qismət deyilmiş, cünki atası qarışdı söhbətə. Ümumiyyətlə Nikolay İvanoviç düzünəqulu və həmişə sözünü kəskin deyən, tez özündən çıxan adamıydı, bir şey olan kimi hirslənənə qədər mübahisə edirdi, bəlkə də bu xasiyyət onda müdiriyyətlə yola getmədiyinə görə, ya da qara ciyəri xəstə olduguna görə yaranmışdı.
-Necə yani öldürmə?!- o hirsli halda qışqırdı.- Necə yəni öldürmə, qan tökmə! Bu da sənə bu! O hara gedir, səncə? Deyəsən axı müharibəyə gedir. Sən necə anasan, elə dediyini deyib durursan!- o, papiros çəkmək üçün otaqda bir şey axtarmağa başladı. Anası maxorkanı gizlədirdi ondan, o isə dayana bilmirdi, həmişə həyəcanlananda evdən xırda-xırda doğranmış maxorka tapıb çəkirdi. Anası həmişə deyirdi ki, elə papiros çəkmək onu bu günə qoyub, belə arıq və əsəbidir.
- Nə olar, çəkmə, Kolya, - o acizanə ərinə müraciət etdi,- canına yazığın gəlsin. Nə qədər olar axı?
- Hə, necə çəkməyim sənin Serqiyə dediyin bu cür sözlərdən sonra, o sabah cəbhəyə getməlidir. Orda onun axırı necə olacaq?
- Elə ona görə deyirəm də. Qoy Allah özü mənim sözlərimi eşitsin, özü qərar versin. Hamı elə hey deyir – öldür, öldür! Düşmənlər bizə ölüm gətirir, biz də onlara - düşmənlərə ölüm! Bəs sonra bu dünyada necə yaşayaq – tək qatillər qalacaq bu dünyada? Elə bilirsən mən nə dediyimi bilmirəm, öldürməyəcəksən onda səni öldürəcəklər, lakin öldürsən – yenə də qatilsən. Bizim yeznəyə, Anatoliyə nə oldu, hələ ki, bilmirik sağdır yoxsa yox, öldürdülərmi onu, yoxsa o öldürdü kimlərisə? Veronikaya da deməyə qorxuram. Yaxşısı budur ki, mən oğluma ürəyimdən keçəni deyim, - və o susaraq ağladı, hönkürtünü içində boğmağa çalışdıə. Nə bu suala cavab tapa bilirdi və nə də ərinin sözlərinə haqq qazandıra bilirdi.
-Hə, hə, - atası onu qınayaraq sözünə davam etdi, - sən elə düşünürsən ki, tay bunun ondan o yanası yoxdur. Səni bu cür təşviqata görə xalq düşməni kimi Sibirə göndərəcəklər. Burda dünya müharibəsi gedir, kim kimə güc gələcək, ya onlar bizi, ya da biz onları, sən də başlamısan - öldürməəə! Sən elə düşünürsən ki, mənim öz oğluma yazığım gəlmir? Yaxud da bizim Anatoliyə? Ancaq başqa nə etmək olar? Əskər öz torpağını qoruyur, əmr belədir. Əgər əskər düşməni məhv edərsə, yəni öldürərsə, deməli əmr yerinə yetirir, borcundan çıxır, bu onun qəhrəmanlığıdır, bəs necə?!

Anası, oğlunun yol tədarükünü yığmaq üçün torba tikirdi və susurdu, atası isə gənclik illərinin xatirəsinə dalmışdı: orda on doqquz yaşındaydı, eynən Serqiy kimi, Birinci dünya müharibəsində sualtı qayıqda xidmət edirdi. Onun düşüncələri ona deyirdi ki, düşmənin canlı qüvvəsini məhv etmək - başlıca və doğru məsələdir. Məsəl üçün, biz sualtı qayığımızla düşmənin hərbi-nəqliyyat gəmisini qoşunuyla birlikdə Baltik dənizində batırdıq. Əvvəlcə suyun altı ilə düşmən gəmisinin arxasınca düşüb onu izlədik. Sonra torpedoları hədəfə doğru atdıq. Və hər şey dəqiq alındı, hər iki mərmi düz hədəfə - bortun vater xəttinə dəydi. Gəmi alışdı və batmağa başladı. Biz sualtı qayığımızla dərinə endik, bir saat gözləyib yenidən yuxarı qalxdıq və suyun üzündə baş verənləri periskopla izləməyə davam etdik. Ön hissəsi səmaya qalxan nəhəng gəmi artıq yarıyacan suya batmışdı, ətrafında çoxlu ümüdsüz insanlar üzürdülər.
Həmin anda periskopa komandir və yüksək rütbəli zabitlər baxırdılar, onların sözlərini dinləyən rabitəçilər də hər dəqiqə Krondştadta xəbər catdırırdılar, hərbi tapşırığın uğurla yerinə yetirilməsi haqqında hesabatı Morze əlifbası ilə ötürürdülər, tapşırıq isə - əmrdir. Düşməni məhv etmə əmri - vəssalam!
Öncə periskopla yalnız suda batan adamların necə məhv olduqlarına baxırdılar. Düşmən gəmisi batıb dənizin dibinə gedəndən sonra isə, sualtı qayıq üçün ətrafda təhlükə olmadığına əmin olub suyun üzünə cıxdıq. Və əmr verildi: - Hər kəs yuxarı! Bütün ekipaj göyərtəyə cıxdı və təşəkkür elanını dinləmək üçün komandirin qarşısında düzüldük. Ətrafda isə düşmənlər boğulub batırdılar, onlar artıq az qalmışdılar. Bəziləri sualtı qayığa tərəf üzməyə çalışırdılar, ancaq bunu bacarmırdılar, özünü birtəhər qayığa çatdıranları isə bizimkilər naqanla güllələyirdilər... Dəniz dalğalanırdı, axşam düşmək üzrəydi. Bizim sualtı qayıq yenə yükünü tutdu və dənizin altına, zülmət qaranlığa endi...

Bütün müharibələrdə belə olur. Müharibədə öldürən qalib gəlir, qalib gələn isə haqlı olur. Həmişə belə olub, belə də olacaq.
Ana nə etiraz edir, nə də mübahisə açırdı. Təkcə narazı-narazı başını yelləyirdi. Sonra qonşular, xalası və onların qohumları vidalaşmağa gəldilər. Veronika işdən gəldi və yenə də anasına ev işlərində kömək etməyə başladı. Danışanların söz-söhbətləri gecə yarıyadək uzandı.
Serqiyin valideynlərinə yazığı gəldi – anasına da, atasına da, anası heç kimi öldürməməsini istəyirdi, atası isə, onu öldürməsinlər deyə düşməni öldürməyi tələb edirdi. Əvvəllər ona adi görünən həyət-bacadakı gündəlik həyat tərzinin yeri indi - yolda görünürdü və bu itki onu ağrıdırdı. Keçmiş dəqiqəbədəqiqə uzaqlaşır, geridə qalırdı. O, Saratov yaylasının altındakı Volqanı xatırlayırdı. Sevimli yay yerləri, yaşıl yarımadacıqlar və parlaq, maqik çay enniliyi, yelkənlər... Lakin Serqiyi uşaqlıqda ən çox böyük dəmiryol körpüsü özünə çəkirdi. Körpü çox hündürlükdəydi, başını qaldırmalıydın aşağıdan baxanda, o saatlarla suyun kənarında dayanıb, körpünün üstündən keçən qatarları izləməkdən zövq alır, vaqonların təkərlərindən qopan taqqıltıya qulaq kəsilirdi; bu zaman körpünün metal keçidləri titrəşir və ordan qopan uğultu səmaya buludlara doğru yüksəlirdi. O, bu cür anlarda Volqanın üstündən keçib onun ancaq kitablarda haqqında oxuduğu gözəl ölkələrə gedənlərə qibtə edirdi...
Və yenə də uşaqlıq vaxtının mənzərələri yada düşdü, yeni il gecələrində, ailəliklə valenkalarda , qarlı çöllüyü keçərək neft məşəli yanan yüksək borunun yanına gedərdilər. Canlı məşəl, məşəlin işiğında sonsuzacan yağan dümağ qar. Məşəl sakitcə qar dənəciklərini udurdu, məşələ vurğun olan qar isə hey yağırdı, yağırdı, ondan uzaqlaşmağa özündə güc tapmayaraq, daha sıx tökürdü... Nə məşəl sönürdü, nə də qar kəsirdi...

İllər keçdikcə çox şey arxada qaldı, çox şey dəyişdi. İndi də müharibə - öldürmək ehtiyacı və ya öldürülmək aqibəti. Başqa yol yox idi. Ancaq belə, müharibənin qaydası beləydi. İndi isə o müharibəyə gedirdi, orda ya kimisə öldürməli, ya da ölməliydi. Serqiy anasını, atasını, bacısı Veronikanı xatırlayıb, yatan əsgərlərin arasından qaranlığa çəkildi və sakitcə ağladı O yenə də, doğmalarıyla əl-ələ tutub, qarlı çöllükdən keçərək səmada yanan gecə məşəlinin yanına getmək istəyirdi. Elə istəyirdi ki...
Təkərlər relslərin üstündə taqqıldayır, vaqon yellənə-yellənə irəli gedirdi. Bəzən boz-bullanıq, zəif işıqları sayrışan yarımstansiyaların yanından keçirdilər. Əskər və silahlarla dolu eşelon onların “öldürəkmi, öləkmi?” seçimi qarşısında qalacaqları yerə tələsirdi. Öldürülmək səndən asılı deyildir, heç kim ölmək istəmirdi və heç kim bilmir öləcəyini. Öldürmək - iradə işidir, bu isə müharibədə mütləq və qeyd-şərtsiz bir işdir. Bir də ki, özünə necə deyə bilərsən: öldürüm- öldürməyim.

... Və təkərlər toxunduqca relslərin uc-uca bərkidildiyi yerlərdən səslər qopurdu: öldürək – öldürməyək, öldürək – öldürməyək, öldürək – öldürməyək...
Serqiy göz qapaqlarında yaş damcıları tədricən yuxuya gedərək, müharibəni, döyüşləri göz önündə canlandırmağa çalışırdı, kimi və necə öldürmək lazım gələcək - gülləylə, yoxsa əlbəyaxa. Bütün yayı Volqanın sahilində ona bunu öyrətmişdilər. O düşünürdü ki, onu öldürmək üçün də elə bunları edəcəkdilər. O, düşməni - faşisti, almanı xəyalında canlandırmağa çalışırdı... Lakin heç nə alınmırdı - həmin adamı təsəvvür etmək çətin idi, necə ki, atasının danışdıqlarından sualtı qayığın yanında boğulanları təsəvvür etmək çətin idi. Dalğalar onların üzlərini örtürdü. Bu baxıla biləcək bir mənzərə deyildi. Kim yaxınlaşırdısa, onu sudaca güllələyirdilər... Və o, burulğanda səssiz və izsiz yox olurdu.

Təkərlər toxunduqca relslərin uc-uca bərkidildiyi yerlərdən səslər qopurdu: öldürək - öldürməyək. Serqiy, məktəbdə öyrəndiyi almanca sözləri xatırlamağa çalışırdı, lakin yenə də əmin deyildi, alman dilində bu sözlər necə yanaşı səslənə bilər: öldürək - öldürməyək, öldürək - öldürməyək, öldürək - öldürməyək...
Və qatar qaranlıq boyu irəli qaçırdı...

Tərcümə edən: İbrahim İLYASLI
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI