manera.az
manera.az

Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək

📅 27.01.2019 16:59

Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək
Rafael HÜSEYNOV
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik


Böyük şairin istiqlal, vətən, millət və dil uğrunda mübarizələri

O, artıq tarixin bir parçasıdır. Hərçənd, elə sağlığında da canlı tarix idi və sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisi olmaq məsudluğu və məsuliyyəti ona cavan vaxtlarından nəsib olmuşdu.

Bəxtiyar Vahabzadə İkinci Dünya müharibəsindən sonra ədəbiyyata gələrək elə ilk addımlarından da diqqətləri cəlb etmiş, söz sərraflarını diksindirməyi bacarmış parlaq qələm sahibi idi.

60 ildən artıq bir müddətdə hərarətli qəlbi, yorulmaz qələmi, buxovsuz və hüdudsuz düşüncələri ilə millətinə xidmət etdi.

Bəxtiyar Vahabzadənin ömrünün 60 ildən çoxu elə bir zaman kəsiyində keçdi ki, Sovetin qılıncı daim başı üstündə asılı idi.

Bu nəhəngə tabe olmamaq, onunla hesablaşmamaq (barışmaq yox!), yeri düşəndə ona əyilməmək müşkül idi. Lakin bütün bunlara baxmayaraq, sovet dövrünün şairi Bəxtiyar Vahabzadə sovet şairinə çevrilmədi.

Əksinə, qələmiylə, sözüylə, qaynar təbiəti və coşqun təfəkkürü ilə həmin qəddar rejimin ayağının altını qazıyanlardan, bu quruluşun çürük mahiyyətini şüurlara yeritmək yolunda mübarizə aparan azlardan oldu.

Bəxtiyar 60 il ədəbi aləmdə dikəldi. 60 ilin özü ayrılıqda bir ömürdür. Həmin 60 il Bəxtiyar Vahabzadənin yalnız fəal yaradıcılıqla məşğul olduğu həyat parçası deməkdir.

O, qismətinə yazılmış bu yaradıcı 60 il boyunca elə təkrarsız və füsunkar bir söz və düşüncə dünyası doğurdu ki, bundan sonra yüzillərlə yaşamasına bəs edər.

Yüzillər və minillərdən gələn bir ədəbi ənənə, yazılmamış bir qayda var ki, adətən, hər şair gerçək adından savayı təxəllüs də götürür. Müasir Azərbaycan ədəbiyyatının ən qüdrətli yaradıcılarından sayılan Bəxtiyar Vahabzadənin şairlik təxəllüsü yox idi. Şeirlərini elə öz əsl adı və soyadı ilə imzalayırdı.

“Bəxtiyar” sözü sevimli şairin həm də təxəllüsü məqamında idi və ustad bir sıra şeirlərinin sonunda fikirlərini, qayəsini də bu kəlmənin anlamına uyğun olaraq ifadə və şərh edirdi. Amma mənası “xoşbəxt”, “məsud” olan bu sözü bir şairə aid etmək həmişə çətindir. Tarixin bütün dövrlərində və dünyanın hər yerində həmişə belə olub. Çünki şair, xüsusən də Bəxtiyar Vahabzadə kimi həssas, cəmiyyətin də, insanın da, həyatın da çox dərin qatlarını görməyi bacaran, ağrı və acılara biganə qalmayan, həmdərd ola bilmək zərifliyinə malik bir söz sərrafının tam xoşbəxt adlandırıla bilinməsi təsəvvürəgəlməzdir.

Bəxtiyar Vahabzadə millətini sevən, xalqının və yurdunun məruz qaldığı bütün nisgilləri daim qəlbində daşıyan, misralarına gətirən yazar idi. İlk gəncliyindən belə olmuşdu, ömrünün sonunadək də o cür qaldı.

Bəxtiyar sözün əsl mənasında və bütövlüyü ilə o zaman bəxtiyar ola bilərdi ki, insana möcüzə kimi gələn, gerçəkləşməsi millətini və yurdunu əsl bəxtiyara çevirəcək bütün ülvi arzuları onun payına düşmüş ömür möhləti içərisində həyata keçsin.

Hər halda bəxt ona yar oldu. Bəxtiyar Vahabzadə “şər imperiyası” adlandırılan Sovet İttifaqının dağılmasının ürəkdən tikan çıxaran fərəhini də yaşadı, Azərbaycanın müstəqilliyini də gördü, dilimizin, mənəvi dəyərlərimizin ən ali təntənələrinə də şahid kəsildi.

Onillərcə dillər əzbəri olmuş şeirlərində şah damar kimi qan ağlayan vətənçi və millətçi düşüncələrinin doğrulması asta-asta Bəxtiyarı bəxtiyarlaşdırırdı, valideynlərinin bağışladığı ad gəlib həqiqi mənasında öz yerini tuturdu (elə buradaca bir dəqiqləşdirməyə ehtiyac var. Bəxtiyar Vahabzadə hər yerdə “Mahmud oğlu” yazılsa da, əslində, bu onun ata bir, ana ayrı qardaşının adıdır. Bəxtiyarın atası, adətən, babası kimi təqdim olunmuş Zəkəriyyədir. Mahmudun övladı olmadığından o, Bəxtiyarı kiçik yaşlarından doğmaca balası kimi böyütmüşdü. Şairin öz oğluna müraciətlə yazdığı “İsfəndiyar, sənə verdim qardaşımın adını mən” misrası bunu bir daha əyani şəkildə sübut edir. İş ondadır ki, Bəxtiyarın böyük qardaşı, İkinci Dünya müharibəsində həlak olmuş İsfəndiyar sənədlərdə elə “Zəkəriyyə oğlu” kimi qeyd edilmişdir).
Ancaq hələ böyük ustadın yerinə yetməmiş, ümid olaraq qalan arzuları da var.

Bəxtiyar Vahabzadə Vətəninin o tayı ilə bu tayını birləşmiş görmədən getdi, Qarabağ düyününün çözülməsini görmədən getdi...

Həmin arzuların hamısı gerçəkləşmədən Bəxtiyar sonacan necə bəxtiyar olsun?!

Bəxtiyar Vahabzadə vurğun kəsildiyi M ehmet Akif Ərsoyun “Millət şərqisi”ndən bu misraları təkrarlamağı xoşlardı:

Gələcəkdir bizə vəd etdiyi
günlər Haqqın,
Kim bilir, bəlkə yarın,
bəlkə yarından da yaxın.


Bəxtiyar Vahabzadəni yaxşı tanımış və uzun müddət onunla sıx dostluq telləri ilə bağlı olmuş görkəmli dövlət xadimi və düşüncə adamı Həsən Həsənovun müşahidəsi çox sərrastdır: “Bəxtiyar Vahabzadə siyasətə gəlmədən siyasətçi, dövlət vəzifəsini tutmadan bir dövlət xadimi, milli istiqlal hərəkatının heç bir qurumunda iştirak etmədən həmin hərəkatın başçılarından biri, daha doğrusu, onun Vicdanı olmuşdur”.
Bəxtiyar bir Azərbaycan sevdalısı idi ki, uzun ömrünü yalnız bu məmləkətin içində yaşamadı, həm də Azərbaycanı hər an elə bir ürək kimi içərisində daşıdı. Dünyanın harasına getsə də, orada Azərbaycandan bir iz, bir işıq aradı.

1959-cu ilin dekabrında, hələ sovet adamının həyatında hansısa xarici ölkəyə səfər etməyin fövqəladə hadisə sayıldığı çağlarda bir dəstə qələm dostu ilə ona İraqa getmək nəsib oldu. Bağdadı, Bəsrəni, Kərkükü ilk dəfə gördü, sözün tanrısı kimi qəbul etdiyi dahi Füzulinin məzarını ziyarət etdi.
Bağdadda Qəsr-i Abbasi muzeyinə də baş çəkmişdilər.

(Kim bilir, 1180-ci ildə tikilmiş o bənzərsiz memarlıq abidəsi və sənət ocağı indi salamatdırmı, görən saysız bombardmanlar o sarayı da yerlə yeksan etməyib ki?).

O qəsrdə də Bəxtiyar Vahabzadə Azərbaycan tapmışdı. Otaqlardan birində divara orta əsrlərdə 8 misralıq azərbaycanca şeir həkk edilibmiş. Sovuşan yüzillər bəzi misraları oxunmaz edibmiş. Bəxtiyar hələ oxuna bilən 5 misranı köçürmüşdü, səfərdən sonra yazdığı məqaləsinə də daxil etmişdi ki, Azərbaycan poeziyasının Bağdaddakı o itkin qəlpəsi də bizlərə bəlli olsun, kağızın yaddaşında əbədiləşsin:

Bu yadigaridən qərəzim bir nişanədir,
Bir məhliqadən olmadı xali zəmanə də.
Əskik deyil çiraği, əcəb asitanədir,
...Fərhadın etdiyi buna nisbət zəbanədir,
Hadi, cahanda qeyr-i tamam
bir bəhanədir.


Tarixdə qalan söz sehrkarı ədiblərimiz az olmayıb. Lakin o mahir qələm sahiblərinin heç də hamısı bütöv milləti birləşdirə biləcək şəxsiyyət əzəmətinə və cazibəyə malik olmayıb.

Bəxtiyarı müstəsna edən ən bariz keyfiyyəti onun rəmzə çevrilməsi idi.

O, millətin ümid, inam yerinə dönmüş azman şəxsiyyət idi.

1980-ci illərin sonunda yüz minlərlə azərbaycanlı müstəqillik çağırışları ilə meydanlara axışanda Bəxtiyar Vahabzadə xitabət kürsüsünə doğru insan selinin çiyinlərində irəliləyən bir Xalq Qibləgahı idi.

Yalana, riyaya nə qədər uyduq,
Biz Qızıl orduya abidə qoyduq.
Ona ad da verdik: “Xilaskar ordu”.
Adını doğrultdu, el xilas oldu
Yenicə tapdığı azadlığından,
“Ölüyə azadlıq, diriyə zindan”.


1990-cı ilin qara yanvarında, Bakı küçələrində Sovet ordusunun dinc insanları qanına qəltan etdiyi müdhiş günlərdə ölüm qorxusunu unudaraq Kreml cəlladları ilə mərd-mərdanə üz-üzə dayanan, Azərbaycan Televiziyasının dəhlizində xunta generalının sifətinə sözün birbaşa mənasında tüpürən, millət yasına qəlbinin qanı ilə mərsiyə qoşan da Bəxtiyar idi:

O şənbə gecəsi, o qətl günü, -
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”, - deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər.


Bəxtiyar Vahabzadə bütün yaradıcılığı və fəaliyyətləriylə millət quruculuğu ilə məşğul olan, xalqa yaxşı millət olmağın dərslərini verən Müəllim idi.

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 66 saylı bir fond var ki, onun 6 və 7-ci siyahılarında burada qorunan yüzlərlə məktub haqqında bilgi əksini tapıb. O məktubların hamısı Bəxtiyar Vahabzadəyə ünvanlanıb. Ermənistan qaçqınlarından, Qarabağ didərginlərindən tutmuş Azərbaycanın dörd bucağındakı insanlar, Türkiyədəki, Səudiyyə Ərəbistanındakı, Özbəkistandakı, Gürcüstandakı, Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərindəki soydaşlar, vətənpərvərlər yazıblar həmin məktubları (Bu məktub və müraciətlərin bir hissəsi ayrıca kitab şəklində nəşr də edilib).

Dərdləşirlər şairlə, ondan kömək umurlar, Vətəni xilas etməyi, milləti düz yola, ağ günə çıxarmağı ondan umurlar.

Həmin məktublar Bəxtiyar Vahabzadəyə yazılanda respublikanın rəhbərləri də vardı, nazirləri də, mötəbər dövlət qurumları da. Amma bu sadə insanlar nicatı onlardan yox, Bəxtiyardan diləyirdi.

Hansısa əmrlə, sərəncamla, fərmanla yox, xalqın iradəsi və eşqi ilə Bəxtiyar Vahabzadə Azərbaycanın vahid, mötəbər, etibarlı ağsaqqalı seçilmişdi.

Xalqın bu təhtəlşüur seçimindən, minnətsiz sevgisindən uca hansı qiymət ola bilər ki!

1991-ci ilin 15 fevralında Yardımlı rayonunun Horavar kəndindən sadə kənd adamları həyatda bircə dəfə belə canlı olaraq rastlaşmadıqları Bəxtiyar Vahabzadəyə "el ağsaqqalı, el şairi" deyərək bu cür məhəbbətlə müraciət edirdilər: "Xalqımızın səsinə səs verməyiniz, xalqın dərdini açıq deməyiniz indi bu məktubu yazdığım Horavar kənd camaatında, eləcə də ətraf kəndlərin - Əngovülün, Əvçədulanın, Vərovun, Keçələkaranın sadə zəhmət adamlarının qəlbində sabaha inam hissi oyadır. Yardımlı Rayon Səhiyyə Şöbəsinin müdiri Zeyni Adiyev zəng vurmuşdu mənə, yazıq kişi həyəcanından ağlayırdı. Rayonun Ostair kəndində yaşayan səhiyyə işçisi Xudaverdi dayını ağır infarkt vəziyyətindən Sizin çıxışınız həyata, yaşamağa qaytarmışdır.

Allah xatirinə, özünüzdən muğayat olun!

Bu kəndin adamları televiziya ekranında Sizin kişi sifətinizi öpdülər. Bəlkə də, Siz öz mərdanə səsinizi ucaltmasaydınız, anam Balabəyim Şahələng qızının ürəyi, neçə-neçə anaların mənliyi, ana qeyrəti sakitlik tapmazdı".

Xalqın bircə belə minnətdar məktubuna bir ömrü qurban verməyə dəyər!

Bəxtiyar Vahabzadəyə isə belə qədirşünas məktublardan yüzlərləsi, minlərləsi gəlib.
Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək
Bəxtiyar Vahabzadəyə yaşamı boyunca çoxlu dövlət təltifləri qismət oldu. Bunlardan ən alisi özünün də iftixar etdiyi müstəqil Azərbaycan Respublikasının "İstiqlal" ordeni idi. Lakin Bəxtiyar istiqlaldan yazanda, istiqlal uğrunda mübarizələrə başlayanda bu şirin nemətin ürəklərin dərinlərində sönməməsinə, daim közərməsinə çalışdığı onillərdə hələ azadlıq da, bağımsızlıq da bir röya qədər əlçatmaz, onun haçansa yetişəcəyi ağlasığmaz, inanılmaz idi.

Bəxtiyarsa inanırdı. Ürəkdən inanırdı və ona görə də inandırmağı bacarırdı.

Gəlirik dünyaya bir amal üçün
Gedirik...
Yaşayır bu yurd, bu torpaq!
Ölər bizim kimi Vətən də bir gün,
Vətənçün ölümə hazır olmasaq!

Neçə əsrlərə bəs edər bəzən
Vətənə hay verən bir odlu səs də.
Dünən də, bu gün də yaşayır Vətən,
Babəkin qırılan qolları üstdə.


Bəxtiyarın odlu səsi həmişə Vətənə hay verdi, ona görə də heç vaxt tək qalmadı və heç vaxt da tənha olmayacaq!

Bəxtiyar Vahabzadənin hər şeiri bir tarixçə ilə bağlı idi və onun heç bir əsəri iri, ya xırda olsun, təkansız, səbəbsiz yaranmamışdı.

Bir dəfə ürəyimdən keçmişdi ki, onunla ard-arda bir neçə gün söhbət edərək bircə-bircə hər şeirinin yaranma tarixçəsini nağıl elətdirim və öz müşahidələrimi, başqa Bəxtiyara yaxın olmuş insanlardan eşitdiyim o qəbil hekayətləri də birləşdirərək ayrıca araşdırma-yazıya çevirim.

Bəxtiyar müəllimin möhkəm yaddaşı vardı, şeirlərinin doğulma tarixçələrinin əksəri ən xırda cizgilərinədək hafizəsindəydi. O vaxt həmin niyyətimi gerçəkləşdirsəydim, bütün o əhvalatlar danışılaraq yazılaşdırılsaydı, nə qədər maraqlı bir kitab alınardı! Heyiflər ki, bir dəfə özü ilə də bölüşdüyüm bu istəyim elə niyyət olaraq qaldı. Amma bəzi şeirlərinin tarixçəsini özü yazmışdı, bəzilərini soruşmuşdum, mənə söyləmişdi, bəzi şeirlərinin törəməsinin qığılcımlarının haradan gəlmiş olmasını dostları Xudu Məmmədovdan, Nurəddin Rzayevdən, Habil Əliyevdən, Şirməmməd Hüseynovdan eşitmişdim.

Lakin başqa bir işi isə hər halda etdim və Bəxtiyar müəllimin mütəmadi lentə aldığım həmin söhbətləri ilə də haçansa yazacağım kitabınmı, ya sanballı bir esseninmi bünövrəsi yarandı.

Onunla vaxtaşırı görüşlərimizdən savayı tez-tez də telefonla danışardıq. Hər dəfə həmin söhbətləri əvvəldən sona lentə alardım. Telefon danışıqlarımız müxtəlif səbəblərdən olurdu. Ya özü mənim hansısa yazımı oxuyub, ya çıxışımı, verilişimi dinləyəndən sonra təəssüratını bölüşərdi, ya mən hansısa sualla, dəvətlə ona müraciət edərdim. Telefon danışığımızın yazıldığını o bilməsə də, mən bilirdim və ona görə də hər dəfə mühüm bir mətləblə, ya hansısa şəxsiyyətlə, hadisəylə bağlı onun münasibətini, xatirəsini sözarası soruşardım. Həmin saatlar uzunluqlu lentlər də indi ayrıca bir sərvətdir və onlar da yazılaşma növbəsini gözləyir.

Yay mövsümündə Bəxtiyar müəllim, adətən, bir neçə aylığa Şəkiyə köçər, oradakı evində yaşayardı. Şəkini çox sevirdi və bu doğma torpağa min bir tellə bağlı idi. Qəribədir ki, ekranda-efirdə, səhnələrdə, auditoriyalarda, lap elə adi insani ünsiyyətlərində Bəxtiyar müəllim həmişə təmiz, ədəbi Azərbaycan dilində danışsa da, evdəki tələffüzündə hərdən Şəki ləhcəsi açıq-aşkar sezilərdi.

Tək özü yox, elə ailə üzvləri də evdə həmin şakərdən vaz keçə bilmirdilər.

Bir dəfə bir şəkili Bəxtiyar müəllimə gileylənir ki, ata-baba yurduna bu qədər bağlı olsan da, niyə indiyəcən Şəkiyə bircə dənə də şeir həsr etməmisən?

Və həmin qəfil, haqlı sual bir qora dönərək alışmış, ustadın yeni şeirini yaratmışdı:

Bir nəğmə yazmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm heç zaman xırdalanmasın.

Könlümdən ucalan bu avaz, bu səs,
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına "sevirəm" deməz,
Mən də deməmişəm, a Şəkim mənim.

Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şeirimdə görünmür adın.
Mənim oxuduğum nəğmələrimi
Mənim qulağıma sən pıçıldadın.

...Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.


Bunlar sadəcə şair sözü seyil, quruca bəyanat deyil. Bəxtiyar Vahabzadə ömrü boyu düşüncəsi ilə, mübarizələri ilə yalnız vətəndaşı olduğu Azərbaycan Respublikasının deyil, həm də ərazicə, əhalicə bu Azərbaycandan qat-qat böyük, çox guşələrini heç vaxt görmədiyi, lakin ilahi bir məhəbbətlə sevdiyi Cənubi Azərbaycanın şairi oldu. Səbəbsiz deyil ki, onun ömründə və yaradıcılığında həlledici yer tutan "Gülüstan" poeması da bu millətin ən ağır faciəsinə, parçalanmağımıza, ikiyə bölünməkliyimizə həsr edilmişdi.

Bəxtiyar Vahabzadəni mən şəxsən 1971-ci ilin sentyabrından tanımışam, elə ilk tanışlıq günümüzdən ta onu itirdiyimiz çağlaracan daimi mehriban ünsiyyətimiz olub. Həm mütəmadi izlədiyim yaradıcılığı, həm vaxtaşırı təmaslarımız, fikir mübadilələrimiz, eləcə də aradan keçmiş vaxtın yaratdığı olmuşlara üstdən baxa bilmək fürsəti onu həm bir insan, həm yaradıcı, həm də ictimai xadim kimi dəqiq görüb qiymətləndirməyə imkan verir.

Həmin il mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsinə qəbul olunmuşdum, Bəxtiyar müəllimin böyük oğlu İsfəndiyar da mənimlə eyni qrupda idi. Türk, fars, ərəb şöbəsi hamısı birlikdə 40 civarında tələbə idi və mən həm fars qrupunun, həm də bütöv heyətin sinif nümayəndəsi idim.

Elə başlanğıcdan hamımız bir ailə üzvü kimi yaxın idik və həmin səmimiyyət, doğmalıq indiyədək davam etməkdədir. İsfəndiyarlasa elə lap əvvəldən digər qrup yoldaşlarımıza nisbətən daha simsar idik.

Fakültəmiz ovaxtkı Kommunist, bugünkü İstiqlaliyyət küçəsində, indi bütünlüklə Əlyazmalar İnstitutuna verilmiş binada, Bəxtiyar Vahabzadənin mənzili isə oçağkı Hüsü Hacıyev, hazırkı Azərbaycan küçəsində - "Yazıçılar evi" kimi məşhur olan binada yerləşirdi. Buradan ora piyada 5-10 dəqiqəlik yol idi. Elə dərsə başladığımız ilk həftədən hər gün məşğələlərimiz bitən kimi gedərdik İsfəndiyargilə. Saatlarla birgə olardıq. Tapşırıqları yerinə yetirərdik, əlavə oxu materiallarını araşdırardıq, musiqi dinləyərdik. Və Bəxtiyar müəllim də tez-tez bizim söhbətlərimizə müdaxilə edər, bizi dialoqa, mübahisəyə çəkərdi. İndi hiss edirəm ki, bizi sərbəst düşüncəyə alışdırmağa cəhd edir, höcətlərdən adlayaraq müstəqil qənaətlərə gəlməyə daha çox mail olmağımıza səy edirmiş.

Elə o vaxtlardan hamının böyük şair kimi qəbul etdiyi Bəxtiyar Vahabzadə mənimçün həm də doğma bir insan, əziz Bəxtiyar əmi idi.

Lakin o dövrdə baş verən bir hadisə məni çox təəccübləndirdi.

1973-cü ildə bir gün fakültə rəhbərliyi şad xəbər verdi ki, Tehran Universitetində xarici ölkədən yığılacaq 20-25 tələbənin dərs alacağı bir qrup təşkil edilir. SSRİ-dən də ora Moskva, Leninqrad (indi Sankt-Peterburq), Orta Asiya və Azərbaycandan seçiləcək 5 tələbə göndəriləcək. Bakıda məni seçmişdilər.

Bununla bağlı sənədlər hazırlayır, müxtəlif qurumlarda yoxlamalardan keçirdim. Əsas müsahibələrdən biri ovaxtkı Oktyabr, indiki Yasamal Rayon Partiya Komitəsində olmalıydı. Həmin il Türkmənçay müqaviləsinin bağlanmasının 145-ci ili tamam olurdu. Adətən, rayon komsomol və partiya komitələrində siyasi hazırlığın səviyyəsini imtahan etmək məqsədilə sual-cavablarda Azərbaycanın Rusiyaya birləşməsinin bizə nə verdiyini də soruşurdular. Həmin gün müsahibəyə də İsfəndiyargildə dərslərimizi hazırlayandan sonra, axşamüstü yollanmalıydım. Bəxtiyar müəllim məsələdən xəbərdar idi və mənə bəzi məsləhətlərini verəndən sonra dedi ki, Türkmənçayla bağlı soruşsalar, ayıq ol, bunun mütərəqqi addım olması, Rusiyaya birləşməyimizin Azərbaycanın müasir ölkə kimi inkişafına çox faydalar verməsindən danış.

Mən o vaxtlar Bəxtiyar Vahabzadənin "Gülüstan"ını sadəcə oxumamışdım, başdan-sona əzbər bilirdim, özü də bundan agah idi.

Püxtə, tükü-tükdən seçən insan idi, təbii, hiss edirdi ürəyimdən keçə bilər ki, bu dediyiniz sözlər nədir, o yazdığınız poema nə?

Fikrimdə dolaşanları oxuyubmuş kimi düşüncəli-düşüncəli əbədilik beynimə həkk olunacaq öyüdünü verdi:

"Hər adamla eyni tərzdə, hər yerdə eyni dildə danışmazlar. Ürəyindəki ürəyində, dilindəki dilində".

Bunu mənə ürəyi ilə dili, düşüncəsi ilə qəlbi arasında sərhəd olmayan, amma başı müsibətlər çəkəndən sonra pak amalından dönməsə də, daha ehtiyatlı hərəkət etməyin vərdiş və dərslərini mənimsəmiş, bunu ardıcıllarına da təlqin edən bir müdrik deyirdi.

Və bu misralar Bəxtiyar Vahabzadənin 1958-ci ildə - Rusiya ilə İran arasında Azərbaycanı ikiyə bölməkçün imzalanmış Gülüstan müqaviləsinin 145, Türkmənçay müqaviləsinin 130-cu ilinin tamamında yazdığı, 1960-cı ildə çap edilmiş - Sovet İttifaqında, sovet mətbuatında dərc edilmiş "Gülüstan" poemasındandır:

Ey kağız parçası, əvvəl heç ikən
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə araladın sən,
Özün kağız ikən aralanmadın,
Köksünə yazılan qəlb atəşindən
Niyə alışmadın, niyə yanmadın?
Ağalar bilmədi birdir bu torpaq,
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.


Bütün çap məhsullarının ən ciddi senzuradan keçdiyi sovet dönəmində bəs bu misralar hansı möcüzə ilə dərc edilə bilmişdi?

Bundan ötrü bir qəhrəman ruhlu insana borcluyuq və Bəxtiyar Vahabzadə də onu həmişə xüsusi sayğıyla anardı.

"Gülüstan" poeması 1960-cı il 23 və 26 oktyabr tarixlərində "Nuxa fəhləsi"ndə çap edilmişdi və bu, yaralanaraq müharibədən qayıdandan sonra həmin redaksiyada işləməyə başlayan, 1945-ci ildən ömrünün sonuna - 1974-cü ilin dekabrınadək həmin qəzetə redaktorluq edən cəsarətli və qeyrətli ziyalı Məhyəddin Abbasovun qətiyyəti sayəsində baş tutmuşdu.

O vaxt hər rayonun həftədə üç dəfə çıxan öz qəzeti vardı və yalnız rayon qəzetləri redaktorlarına Bakıya gəlmədən məsələni yerində həll etmək, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən idarə adı ilə fəaliyyət göstərən siyasi senzorun vəzifəsini də yerinə yetirərək qəzetin çapına imza atmaq səlahiyyəti verilmişdi.

Bəxtiyarın üsyan püskürən bu misralarını Bakıda hansı ağlı başında olan senzor çapa imzalardı:

Min ləkə vurdular şərəfimizə,
Verdik, sahibimiz yenə "ver" dedi.
Lap yaxşı eləyib, doğrudan, bizə
Biri "baran" dedi, biri "xər" dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca hey deyindilər.

Bir neçə gün sonra "Nuxa fəhləsi" qəzetinin "Gülüstan"ın dərc edildiyi iki nömrəsi əl-əl gəzməyə başlayır və insanlar bu poemanı köçürərək ölkə boyu yayır, hər yerdə oxuyur, müzakirə edirlər.

Bəxtiyar Vahabzadənin partiya sıralarından qovulması, universitetdə müəllimlikdən kənarlaşdırılması və azadlıqdan məhrum edilməsi məsələsi qoyulur.

Unudulmaz Heydər Əliyev o hadisə ilə bağlı təfərrüatları belə dəqiqləşdirirdi: "Mən hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi qoyulmuşdu. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbət apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxt böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayəti yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında şeirlər yazırdı".

Heydər Əliyev Bəxtiyar Vahabzadəyə məsləhət görmüşdü ki, bir müddət auditoriyalarda görünməsin, uzunmüddətli elmi məzuniyyət götürərək doktorluq dissertasiyasını yazsın.

Bu məsləhətə əməl etdi şair və nə universitetdəki işindən çıxarıldı, nə partiyadan kənarlaşdırıldı. Qısa müddətdə "Səməd Vurğunun həyat və yaradıcılığı" adlı doktorluq dissertasiyasını yazıb tamamladı, zəruri prosedur və müzakirələrdən sonra 1964-cü ildə uğurla müdafiə də elədi.

Daha nə tövsiyə etmişdi Heydər Əliyev?

Demişdi ki, sənin əleyhinə olanların ağzını bağlamaq üçün Vladimir İliç Lenin haqqında bir əsər yaz.

Və Bəxtiyar Vahabzadə "Leninlə söhbət" adlı poema qələmə aldı və professor Qulu Xəlilov da həmin əsərə "Lenin zəkasının işığı ilə" sərlövhəli bir ön söz yazdı.

Bəs Bəxtiyar Vahabzadə o poemasında Lenin zəkasının işığı ilə necə irəliləyirdi, nə yazırdı?

Lenindən sitat gətirirdi: "Mücərrəd həqiqət yoxdur, həqiqət həmişə konkretdir". Dərhal da mənbəni göstərirdi: əsərlərinin 32-ci cildi, səhifə 89-90.

Başlayırdı Leninə söykənərək ürəyini boşaltmağa:

Həqiqət! Ən böyük nəğməsən...
Ancaq
Səni dinləməyə qulaqlar sağır.
Həqiqət,
Gözünün içinə baxmaq,
Nə qədər gərəksə, o qədər ağır!

Həqiqət! Könülə - yaxından-yaxın.
Əmələ - uzaqdan-uzaqsan nədən?
Dünyanın tarixi
Qurbanlarının
Qanıyla yazılıb dövri-qədimdən.

Yalanlar al-əlvan, yalanlar min-min,
Deyir gecəyə bax, zülməti görmə.
Yalanlar... Ağ yalan qara gerçəyin
Üzünə rəng çəkir, gözünə sürmə...

Sözlərin üzündə kirşanı, rəngi,
Dili uzunsa da, ömrü çox qısa.
Yaşaya bilərmi zülmün nəhəngi,
Udub həqiqəti, yalan qusmasa?!


Bu sətirləri oxuyan azərbaycanlıların heç biri çörəyi qulağına-burnuna yemirdi. Onlar hamısı sovet gerçəkliyinin axarında yaşayırdı və gündə yüz dəfələrlə bu abırsız-həyasız ideologiyanın qırmızı-qırmızı necə ağa qara dediyinin, qəzetindən, radiosundan, televiziyasından, kürsülərindən riya horralarının əndərildiyinin şahidi olurdular. O səbəbdən də qəşəng anlayırdılar ki, Bəxtiyar daşı hansı bostana atır, eyhamı hara vurur.

Lenini iqtibas edirdi, "dahi rəhbər"in əsərlərinin 33-cü cildinin 309-cu səhifəsindən bu parçanı epiqraf götürərək ("Xalq kütləsi içərisində biz hər halda dənizdə bir damcıyıq və biz yalnız o zaman idarə edə bilərik ki, xalqın dərk etdiyini düzgün ifadə edək") elə həmişə dediyini deyirdi:

Üfüqdən genişdir, göylərdən dərin
Xisləti, qüdrəti, hikməti xalqın.
Onun zəkasıyla düşünənlərin
Qolunda birləşir qüvvəti xalqın.

Xalqa arxalanan xalqsevərlərin
Özü də xalq üçün arxaya döndü.
Xalqa arxasını çevirənlərin
Arxası həmişə yerdə göründü.

Azadlıq uğrunda axan qanların,
Kim deyir, buxarı göyə sovrulur?
Xalqın qəm oduna alışanların
Dayaq nöqtəsi də xalq özü olur.

Dərk etdim bu böyük həqiqəti mən:
Sevgin hər atəşdən keçirər səni.
Xalqı dərk etməsən, xalqı sevməsən,
Xalq nə dərk eləyər, nə sevər səni.


Və 1976-cı ildə Lenin haqqındakı bu əsərinə görə Sovet Azərbaycanının Dövlət mükafatını aldı, 1984-cü ildə isə SSRİ Dövlət mükafatına layiq görüldü.

Ağıllı siyasət belə olur. Həm sözünü deyirsən, işini görürsən, həm də bütün bunlara görə sənə cəza verməli olan səni bəh-bəhlə təltif edir!

Əslində isə ehtiyatlılıq Bəxtiyar Vahabzadəyə çox da xas olan xüsusiyyət deyildi. Bəxtiyar müəllim cəsur, çəkinməz bir kişi idi və bica deyil ki, onun bu ötkəmliyini, ruhunun yenilməzliyini amerikalı müəllif Kinzer Stefan da elə şeirlərindəncə duyaraq bu haqda ABŞ-da, nüfuzlu "Nyu-York Tayms"da ayrıca məqalə dərc etdirmişdi.

Bəxtiyar Vahabzadənin ilk gənclik illərindən ən etibarlı dostlarından olmuş professor Şirməmməd Hüseynov şairə Leninin bir başqa "köməyi" haqda da maraqlı bir yaddaşını bölüşür. Deyir, Bəxtiyarın "Gülüstan" poemasına görə vurulduğu çağlarda V.İ.Leninin 1901-ci ildə "İskra" qəzetində çap edilmiş "Stoletie russkoqo ştıka v Qruzii" ("Gürcüstanda rus süngüsünün 100 illiyi") adlı məqaləsinin surətini çıxararaq ona verdim ki, bundan qalxan kimi istifadə elə. Lenin həmin məqaləsini Gürcüstanın Çar Rusiyası tərəfindən ələ keçirilməsinin 100 illiyinin orada bayram edilməsinə hazırlıqların getməsi ilə əlaqədar yazıbmış və gürcülərə qeyzlənirmiş ki, işğalın da ildönümünü bayram edərlər?

"Bəxtiyara dedim ki, bundan yaxşı tut acaq? Lenin Rusiyanı "xalqlar həbsxanası" adlandırır. İndiyəcən dünyada bircə nəfərə rast gəlinibmi könüllü gedib həbsxanaya girsin, sonra da illər boyu həmin günü bayram kimi qeyd eləsin?"

Bəxtiyar Vahabzadənin oturub-durduğu, dostluq etdiyi Şirməmməd Hüseynov kimi şəxsiyyətlərin hər biri millət dərdlərinə həssas olan insanlar idi və söhbətləriylə bəzən bilərəkdən, bəzən özlərindən xəbərsiz Bəxtiyara hansısa yeni şeirlərini yaratmağa impulslar verirdilər.

Bəxtiyar Vahabzadə dərdlə döyüşəndə güclü olurdu və bunu ömrünün sonlarında verdiyi bir müsahibəsində də boynuna alıb: "Məni dərd yazdırır. Mən dərdi axtarıram. Məni yazdıran dərddir, kədərdir. Sevincdə mən xoşbəxtlik görmürəm. Dərd insanı düşündürür:

Dərdim olmasaydı, dərd tutmaq üçün
Dərdin dəryasına tilov atardım.
Sevinci qaşıyıb, vallah, mən hər gün
Sevincdən özümə dərd yaradardım.
Əgər olmasaydı dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim".


Bəxtiyar Vahabzadəyə Tanrı tükənməz ilham, fitri şairlik istedadı ilə bərabər bir filosof xisləti də ərməğan etmişdi. Onda batinə enməyə, cövhərə dalmağa, adi olanda qeyri-adini qavramağa canatma vardı. Təsəvvüf şairlərinə, illah da Mövlana Cəlaləddin Rumiyə, bu cərəyanın fəlsəfəsindəki hikmətə sonacan vaqif olmağa çox səy edirdi.

Böyük şərqşünas alim Rüstəm Əliyevlə bir ara çox yaxın idilər və Bəxtiyar müəllimgildə onların qızğın təsəvvüf söhbətlərinə çox şahid olmuşam.

Allahdan, peyğəmbərdən, ruhdan, insanın, dünyanın mahiyyətindən gərək hər kəs yazaraq özünü gülünc vəziyyətə salmaya. Çünki bunlar elə ülvi məfhumlardır ki, onlardan yazmaq səlahiyyətini qazanmaqçün gərək onillərlə təfəkkür dəryasına baş vurasan, çox kitabları mütaliə edəsən, çox hikmətlərdən hali olasan.

İndi xeyli uzaqlarda sayrışan 1970-ci illərin əvvəllərində oğlu İsfəndiyarla mənə təsəvvüfi idrakın layları, bu düşüncə şəbəkəsinin şəriət, təriqət, mərifət, həqiqət kimi mərhələlərinin varlığından, həmin təfəkkür mərtəbələrinin hər birinin özəlliklərindən ilk dəfə yerli-yataqlı, həm də son dərəcə sadə bir dillə Bəxtiyar müəllim söz açmışdı.

Və o özü şeirində həqiqət mərtəbəsinə yovuq olan seçilmişlərdən idi. Olmasaydı, Allahı bu cür görə, bu cür tərənnüm edə, adi insanlara da Pərvərdigarı bu sayaq insanca anlada bilərdimi?

Allah! Bilirik, cisim deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah.

İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Gördüklərimiz zahiridir, bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir Allah.

Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Zülmətdə, cəhalətdə, ədavətdə gö rünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
Ən yüksək olan zirvəyə mütləq demək olmaz,
Ülviyyətə çatmaqdakı niyyətdədir Allah.


Mənsub olduğu xalqa xidmət artıq hər böyük şairin adından başlanır. O söz ustası xalqı, Vətəni haqqında ömrü boyu bircə sətir belə yazmasa da, xalq onunla ən azı məhz böyük, şöhrətli övladı olduğu üçün iftixar edir. Hər ata-ana balası ilə qürrələnən kimi. Çünki hər adlı-sanlı övladın şöhrətindən millətinə, yurduna da mütləq pay düşür. Lakin qələmi, zəkası və fəaliyyətləriylə ömrü boyu xalqın daha artıq yüksəlişləri üçün bilavasitə mübarizə aparmış qüdrətli yaradıcıların adları, təbii ki, xalqın yaddaş kitabına əbədilik həkk olunur.

Bəxtiyar Vahabzadə məhz o yurdsevər, millətpərvər sənətkarlardandır ki, ali vətəndaşlıq duyğusu ömrü boyu onunla yol yoldaşı oldu.

Bəxtiyar Vahabzadəni səciyyələndirən başlıca amillərdən biri odur ki, mübarizələrini tarixi baxımdan yetərincə mürəkkəb bir zaman şəraitində, Sovet İttifaqında ciddi siyasi senzuranın və total nəzarətin mövcudluğu şəraitində həyata keçirmişdir.

Artıq Azərbaycanın müstəqilliyə qovuşduğu ilk aylarda, 1991-ci ildə Azərbaycan parlamentindəki çıxışında şair belə etiraf edirdi: "Durğunluq illərində beynimizi gəmirən fikirləri açıq yaza bilmir, hadisəni başqa ölkələrə keçirib sözümü deyirdim. 1968-ci ildə Asiya və Afrika yazıçılarının Daşkənd müşavirəsində iştirak edirdim. Öz fikrimi bir afrikalı yazıçının dili ilə belə ifadə eləmişdim: guya afrikalı yazıçı imperiya dövlətlərinə müraciətlə belə deyir:

Sizin kimi bir insanıq,
Biz nə daşıq, nə dəmirik.
Yetər, artıq biz heç kəsə
Yamaq olmaq istəmirik.
...Yaman dərddir,
Gözün ola,
amma görə bilməyəsən.
Yaman dərddir,
Dilin ola,
Nə danışıb, nə dinəsən.
Yaman dərddir,
Ağlın ola,
Özgəsinin ağlı ilə düşünəsən".

Bu sözləri afrikalının deyil, SSRİ tərkibindəki Azərbaycanın şairinin dilə, qələmə gətirdiyini nəzərə alanda bunun sırf antisovetizm olduğunu görürsən və sovet rejimi də belə dikbaşları, adətən, həbslə, sürgünlə, qapalı psixiatriya müalicəxanalarının daimi xəstəsi olmaqla "mükafatlandırırdı".

Bəxtiyar "qızım, sənə deyirəm, gəlinim, eşit" prinsipi ilə yazırdı. "Yollar - oğullar" poemasını Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr etmişdi.

Sovet dövrü Azərbaycan ədəbiyyatını vərəqləyən və o əyyamların siyasi mühitindən yetərincə hali olmayanlara əcaib gəlməsin ki, şair və yazıçılarımız özümüzün dağlardan hündür dərd-sərimiz ola-ola niyə Afrika və Amerika zəncilərinin hüquqlarını qorumaqçün haray salmağa, canfəşanlıqla sıra-sıra əsərlər yaratmağa belə sinov gedirlərmiş. Ya nədən ədiblərimizin neçəsi Fransa istilasına və müstəmləkəçiliyinə məruz qalan məzlum Əlcəzair xalqına belə həmrəylik nümayiş etdiriblər?

Bu şeirlərin hamısı atalar sözü kimidir - üzdəki anlamı da doğrudur, alt qatdakı həqiqəti də vacibdir. Amma üst qatdakı həqiqət dərindəki, dibdəki gerçəyi ifadə edərkən senzor qayçılarından qorunmaq naminə düşünülmüş ədəbi fənd, diqqətyayındırıcı örtükdür.

Guya fransızca təhsil almış, fransızlaşmış, manqurtlaşmış əlcəzairlini deyir, amma biz anlayırdıq axı şairin məramı nədir, dərk edirdik ki, hədəf sapı özümüzdən olan baltalardır:

Əyil, özün əyil, xalqı əymə sən,
Bu haqqı heç kəsə verməyib Vətən!
Sığın ömrün boyu qoltuğa, sığın!
Lənət bu halına, min dəfə lənət!
Xalqını satmaqla o qazandığın
Sərvətə, şöhrətə, şərəfə lənət!

Səni qınamıram, sən öz elində
Aldın təhsilini firəng dilində.
Firəng tarixini sənə keçdilər,
Özünə yad oldun, yada vuruldun.
Firəng tarixini sən bildin əzbər,
Babandan, atandan xəbəsiz oldun.


Bəxtiyar Vahabzadə bu poemanı yazanda 1962-63-cü illər idi və Azərbaycan sovet oxucusu bu misraları oxuya-oxuya zehnində "firəng dili", "firəng tarixi" sözlərini başqa kəlmələrlə əvəzləyirdi.

Dəmir zindanlara saldılar bizi,
Parisə daşıyıb sərvətimizi.
Gəlib evimizdə bizi soydular,
Ancaq adımızı vəhşi qoydular.
Bir soruşan yoxdur bu gəlmələrdən:
Bu vəhşi dediyin sənsən, yoxsa mən?

1960-70-ci illər Azərbaycan oxucusu bu şeirdə Parisi Paris oxumurdu, çünki apaydınca bu misralarda asılı Azərbaycanın qismətini, öz taleyini görürdü.

Və beləcə hər misrası ilə Bəxtiyar Vahabzadə könüllərdəki istiqlal ocağını şölələndirirdi.

Bəxtiyarın şair çöhrəsinin məziyyətlərindən, ən ümdə üstünlüklərindən biri də bu idi ki, o, heyrətlənməyi, sidq ürəkdən, məsum uşaq səmimiyyəti ilə heyran qalmağı bacarırdı. Məhz gözəllik qarşısında mat qala bildiyinə, bütün başqa istedadları ilə yanaşı, valeh olmaq qabiliyyətinə də sahibliyi üzündən daim məftun qalaraq məftunedici müdrik və zərif misralar doğurmağı bacarırdı.

Misilsiz kaman ustası Habil Əliyev haqqında Bəxtiyar Vahabzadənin şeirləri də var, ayrıca məqaləsi də. Habil ustad özü mənə danışırdı ki, Bəxtiyar bəzən eyni bir muğamı mənə dönə-dönə ifa etdirirdi və təəccüblənirdim ki, neçə dəfə təkrar eləməyimə baxmayaraq, hər yeni çalğıya yenə mütəəssir olur, qəhərlənir, həyəcanlanır.

Bu haqda elə Bəxtiyar Vahabzadə özü də yazıb: "Muğam" poemasının bir müzakirəsində mənə belə bir sual verdilər: "Niyə indi yeni muğamlar yaranmır?"

Məgər bu gün dinlədiyimiz "Segah" yüz il əvvəlki "Segah"dırmı? Xeyr, o, həmişə dəyişir, ildən-ilə yeniləşir.

...Muğam köklü-köməcli, qollu-budaqlı bir ağacdır. Onun yarpaqları göydə, kökü torpaqdadır. Yaradıcı ifaçı onu yarada-yarada çalanda budaqlarda təzə pöhrələr puçurlayır...

...Bəzən 2-3 saat ərzində mən Habilə eyni muğamı bir neçə dəfə çaldırmışam. Hər çalğısında eyni muğam başqa rəngdə, başqa təravətdə səslənmişdir".

Bəxtiyar Vahabzadənin sözlərinə çoxlu mahnı bəstələnib. Bu mahnıların bir çoxu artıq bəlli olan şeirlərə qoşulubsa, müəyyən hissəsini ya Bəxtiyar müəllim hazır musiqiyə yazıb, yaxud da bəstəkarla birgə işləyərək ortaya çıxarıblar.

Bəxtiyar Vahabzadənin bu sahədəki ardıcıl fəaliyyətinin qəlbəyatan əsas cəhəti odur ki, incəliklə hikmətliliyin qovuşduğu bu mətnlərlə Azərbaycan mahnısının poetikası, söz baxımından göyçəkliyi, cilası artıb.

Bəxtiyaraqədərki Azərbaycan bəstəkar mahnılarının çoxunun mətnində ifrat bəsitlik sezilir ki, bəzən ilk baxışda gözəl melodiya səni sanki aldadır və bu kəsiri tutmağa imkan vermir. Lakin diqqətlə məğzə varanda mətnlə musiqi arasında qabarıq səviyyə fərqi olduğu qənaətinə gəlirsən.

Bəxtiyar müəllim simfonik musiqini də, muğamı da, sazı da sevirdi, həm bu müxtəlif istiqamətli musiqilərdən yaxşı baş çıxarırdı.

Evlərində onun sakitcə uzanaraq saatlarla dünya bəstəkarlarının, elə bizim Qara Qarayevin simfonik əsərlərini dinləməsi xatirimdədir.

Muğama vurğunluğu isə başqa aləm idi. Muğamı sadəcə məftunluqla dinləmirdi, qulaq asdıqca vəcdə gəlirdi, haldan-hala düşürdü.

Muğam sənətimizi dərindən bilməsi və bu irsə atəşin məhəbbəti olmasaydı, "Muğam" kimi misilsiz bir əsəri də yaza bilməzdi.

Bu, yalnız bir şairin muğamdan aldığı təəssüratların, daxilində qaynayan duyğu burulğanlarının bəhrəsi olan poema deyil. Yəni yüksək şairanəlik öz yerində, eyni zamanda bu poemada elm var, ayrı-ayrı muğamların, onların şöbə və guşələrinin fəlsəfi dərki, yozumu, incədən-incəyə təhlili və yozumu var.

Bəxtiyar Vahabzadə bu əsəri dahi Üzeyir Hacıbəyliyə ithaf edib. Özü mənə söyləmişdi ki, həyatında Üzeyir bəyi bircə dəfə, cavan vaxtlarında Dram Teatrındakı bir tamaşanın fasiləsində görüb.

Nəzərlərini əfsanəvi maestrodan çəkə bilmirmiş. Üzeyir bəy bu baxışları hiss edir, onu pərəstiş duyğusuyla seyr edən gəncə sarı çevrilərək şəfqətlə gülümsəyir: "O təbəssüm, Üzeyir bəyin simasındakı o işıq indiyəcən gözümün qabağından çəkilmir".

Üzeyir bəyin şah elmi əsəri - “Azərbaycan xalq musiqisinin əsasları” risaləsi muğam və musiqi tədqiqatçılığı, mədəniyyət tariximiz üçün nə qədər önəmlidirsə, Bəxtiyar Vahabzadənin “Muğam” poemasını da milli sənətimizin bu sahəsinə həsr edilən ən sanballı poetik inci kimi eyni şərəflə həmin musiqişünaslıq abidəsinin yanında ucalmağa layiq hesab edirəm.

Bəxtiyar “Çahargah”ı belə xırdalayır:

“Çahargah”ın “Müxalif”i
Çaldıranda at saldıran,
Qılınclardan od aldıran
Döyüş səsi...
“Çahargah”ın “Cövhəri”si
Kol dibində
Qar altında
Çıxan tənha bənövşənin üşüməsi.
Qılınc səsi, qalxan səsi,
Bənövşənin üşüməsi.
Biri hünər,
O birisi göz yaşıdır.
O sərtliklə bu incəlik
Bir muğamda yanaşıdır.


“Şur”u hamımız saysız dəfələrlə dinləmişik. Amma kim “Şur”un özəyini Bəxtiyar kimi belə görə bilib?

Çoxdan unudulmuş, yeri qalmış yaradır “Şur”,
Birdən yada düşmüş bir ötən macəradır “Şur”.
Qürbətdə Vətən həsrəti, yurdunda bir anlıq
Yaddaşda yanıb, tez də sönən xatirədir “Şur”.


Bir rəssama deyin “Rast”ın şəklini çəksin. Aydındır ki, duyduğunu çəkməlidir. Amma sənin duyduğunun həm də o musiqinin daxilindəki elmi təmələ bağlantısı olmalıdır axı. Mahiyyəti bilməsən, təkcə hissiyyata arxalansan, çətin uzağa gedəsən.

Bəxtiyar “Rast”ı belə görür, belə göstərir:

Dağlarda göynəyən Məcnundur “Segah”,
“Rast” onun atası... Nəsihət eylər.
Məcnun - səhralara gətirər pənah,
Ata - bu sevdanı məzəmmət eylər.

“Rast” - müdrik bir ağıl, dərin düşüncə,
Danışır təmkinlə, aramla tək-tək.
“Segah” - bir istəyin, eşqin dalınca
Mələyə-mələyə qaçan bir ürək.


Bəxtiyar qədəm-qədəm “Rast” şəhərini dolaşır, bircə-bircə “Rast” qəsrinin qapılarını açır.

“Üşşaq” aşiqlər, sevgililər deməkdir. Bu söz, bu guşə sanki məhəbbət ovqatlı “Segah”a daha yaraşandır.

Amma “Üşşaq” “Rast”ın tərkibindədirsə, deməli, onun aşıladığı məna “Rast”ın ümumi fikir ahənginə uyğun olmalı, bu muğamın siqləti ilə tən gəlməlidir. Və Bəxtiyar o çaları tapa bilir:

Bir aqilin hikmətli nəsihətləridir “Rast”,
Tarix danışan köhnə rəvayətləridir “Rast”.
“Üşşaq”ı verir sirli suallar bizə rəng-rəng,
Eşqin də cavabsız qalan hikmətləridir “Rast”.
“Dilkəş”də pıçıldar bizə dünya kədərindən,
İnsanın ədalətli şikayətləridir “Rast”.
Öz dərdini qışqırmaz o, ahəstəcə söylər,
Lakin əzabın son dəmi, sərhədləridir “Rast”.

Bu əsərdəki başlıca tapıntısı nədir Bəxtiyarın? O, muğamla, muğama bağlı təsniflər, mahnılar, rənglər, rəqslər və milli tariximiz, milli kimliyimiz, insani keyfiyyətlərimiz arasında bağlantının dəqiq mənzərəsini cızır, həmişə eşitdiyimiz muğamı bizə həm də söz fırçası ilə rəsm etdiyi tablo təki göstərməyi bacarır:

Tanımaqmı istəyirsən
Görmədiyin bir xalqı sən?
Əvvəl onun nəğməsinə sən qulaq as,
Onu öyrən.
Öz sözünü, sorğusunu
Xəyalını, duyğusunu
Xalq yaşadır nəğməsində.
Tarixin bir dövrü yatır,
Bir bəmdəki “ah” səsində
.

Muğam həmişə qəzəllə, əruzla bağlı olub. Məntiqlidir ki, şair bu poemasının “fəsil” deyə biləcəyimiz hər bölümünü Məhəmməd Füzuli “Leyli və Məcnun” məsnəvisində edən sayaq qəzəllə tamamlayır. Lakin həm bu, həm Bəxtiyarın əruzdakı bütün digər şeirlərindəki çox xoşagəlim bir məziyyətin üstündən onu görməzliyə vuraraq, ayrıca qiymətləndirmədən ötmək günahdır.

Əruzu Azərbaycan dilinin ahənginə nə qədər ustalıqla yatırıb, dilimizin və əruzun ruhunu incitmədən onların nə qədər kamil vəhdətini yarada bilib ustad!

İstiqlal duyğusu, Vətənini, millətini hər cəhətdən azad görmək ehtirası nəfəsi gedib-gəldikcə Bəxtiyar Vahabzadənin varlığında çırpınan nəbz idi. Bu amalına görə başının daşlardan-daşlara dəydiyi də, az qala bütün gələcəyinin məhvolma təhlükəsi altında qaldığı da olmuşdu.

1981-ci ildə də Bəxtiyarın həyatında qeyri-adi hadisə baş verdi. O, çox hissiyyatlı adam idi, daxili həyəcanını, coşqunluğunu da gizlətməsi mümkün deyildi.

1981-ci ilin qış günlərində isə o nəinki evinə, iş yerinə, heç Bakıya, Azərbaycana da sığmırdı.

1981-ci il yanvarın 23-də baş vermiş hadisə onun həyatında bir fırtınanın qopması, möhtəşəm vulkan püskürməsi kimi idi.

Zahirən də, daxilən də, istedadca da, ruhca da bir-birinə çox yaxın, az qala eyni olan iki zirvə görüşmüşdü.

Bilavasitə deyil, sadəcə telefonda.

Həmin axşam Bəxtiyar Vahabzadə ilə Məhəmmədhüseyn Şəhriyar telefonda danışmışdılar. Di gəl, bu telefon söhbəti yüz əyani görüşdən daha artıq idi.

Elə dövr idi ki, xarici ölkə ilə telefon rabitəsinə girmək də xeyli müşkül idi. Gərək bir-iki gün qabaqdan sifariş edəydin, sonra da hansı saatda, hansı dəqiqədə səni umduğun nömrə ilə birləşdirəcəklərini bilmədən saatlarla telefonun yanında oturub gözləyəydin. Başadüşən camaatımız yaxşı anlayırdı ki, xüsusi xidmət orqanları xariclə (hələ daxildəkiləri qoyaq bir yana) danışıqları mütləq dinləyir, lentə alır.

Bu, adi telefon danışıqlarına bənzəyən söhbət deyildi.

Bəzən dəqiqələr uzunu susurdular - biri bu başda qəhərlənirdi, digəri o başda kövrəlirdi.

Şəhriyar Güneyin butaykı Azərbaycana xiffətinin, həsrətinin rəmzi idi, Bəxtiyar bu sahildəki Azərbaycanın Arazın o tərəfindəki parçamıza tamarzılığının, hicranının simgəsi.

Onlar telefonla danışmışdılar, elə san, o tayla bu tay qovuşmuşdu:

Telefon telləri, sizə bu axşam
Həsrətin nə boyda ehtiyacı var!
Xəttin bu başında mən dayanmışam,
Xəttin o başında ustad Şəhriyar.

...Üzünü görmədim hələ bircə an,
Nisgilə döndərdi bu nisgil bizi.
Ancaq əlli ilin dost-tanışından
Yaxşı tanıyırıq bir-birimizi.

Doğrudan da belə idi. Bəxtiyarın kim, Şəhriyarın kim olduğunu onların ikisindən yaxşı bilən olmazdı.
Ürəyi, bəlkə də, arzularla hamıdan daha dolu olan bu iki qüdrətli soydaşın bir müştərək ali arzusu da vardı.
Adi bir insan arzusu - qovuşmaq, sərhədsiz, maneəsiz, əngəlsiz, çəpərlərsiz qardaşlıq edə bilmək!

Məndən xəbər aldın: - Neçə yaşın var?
Yaşımı söylədim. Dedin: “Min alqış!”
Dedim: “Niyə alqış, ustad Şəhriyar?”
Dedi ki, cavansan, sən mənə baxmış.
Arzum göyərmədi, keçibdir yaşım,
O gözəl günləri sən gör, qardaşım!(5, 37)

Həmin arzular arzusuna iki mühümdən-mühüm körpünü isə bu iki millət zirvəsi bu telefon qonuşması və qovuşmasından onillər öncə yaratmışdılar.

Şəhriyar “Heydərbabaya salam”ı, Bəxtiyar “Gülüstan”ı ilə!

1981-ci il azadlıq sevdalı ruhların ümidlərlə qol-qanad açdığı vaxt idi. Möcüzə sanılası hadisələr baş vermişdi. İranda inqilab olmuş, şahlıq rejimi devrilmiş, yeni era başlanmışdı.

Sovetlərsə hələ ayaq üstə, yerində idi.

Və Bəxtiyar Vahabzadə zahirən guya İranda baş verənləri nəzərdə tutaraq yazdığı bu sətirlərlə həm də heç vəchlə bağışlamadığı sovet rejiminin də tezliklə həmin aqibəti yaşayacağına işarə edirdi:

Zamanın qəribə oyunları var,
Dünən dağ dediyin uçulur bu gün.
“Mənəm-mənəm!” deyən imperiyalar,
Dünənki quluna qul olur bu gün.

1981-ci il idi və Şəhriyar da, Bəxtiyar da telefonda səs-səsə, ürək-ürəyə olduqları 23 yanvar axşamında xoşbəxt idilər və ülvidən-ülvi diləklərinin çox da uzaq olmayan sabahlar içərisində bərq vurduğuna qəlblərində fəhmlə duyduqları qəti əminlik vardı.

Düz 10 il sonra sovet quruluşu da devrildi, sosialist düşərgəsi də çökdü, SSRİ də tar-mar oldu.

Bəxtiyar Vahabzadə Azərbaycanın, qələm qardaşı Şəhriyarın görməyi arzuladığı xoşbəxt sabahlarının hamısına şahid olmasa da, hər halda bir çoxlarını gördü. Həm də sadəcə görmədi, həmin səadətləri millətə, yurda gətirənlərdən oldu.

(SSRİ-nin dağılacağına, müstəqilliyin gələcəyinə Bəxtiyar müəllim tam qətiyyətlə inansa da, bütün bunların belə erkən, öz ömrü içərisində baş verə biləcəyinə bir az tərəddüdlü kimiydi. Bu səadətə bir qədər uzaq illərdə çatılacaq nemət kimi baxırdı.

O da, əqidə və məslək qardaşlarının çoxu da.

Bəxtiyar Vahabzadə gülə-gülə bu qəmli əhvalatı danışardı ki, bir dəfə Xudu Məmmədovgildə imişlər.

Bəxtiyar müəllim "Azərbaycanın gələcəyi, müstəqilliyi və Türkiyə Cümhuriyyəti, bu babətdə ən böyük arzunuz" söhbətini ortaya atır. Özü mülahizələrini bölüşür, deyir ki, ən ali istəyim parçalanmış Azərbaycanı birləşmiş və xoşbəxt görməkdir, Nurəddin Rzayev fikirlərini söyləyir, arzulayır ki, kaş Azərbaycan dünyanın qabaqcıl ölkələri kimi parlaq bir inkişafa çataydı. Növbə çatır Xudu müəllimə. Qayıdır ki, mənim bu baxımdan ən böyük arzum odur ki, günlərin birində qapım döyülsün. Açıb görüm ki, gələn türk ordusunun əlində süngülü tüfəng olan əsgəridir. Xəbər alsın ki, kommunist Xudu Məmmədov bu mənzildə yaşayır? Cavab verim ki, bəli, mənəm. Desin: "Türkiyədən gəlmişik ki, Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələyək!"

Rəhmətliklər Nurəddin müəllim də, Xudu müəllim də, Bəxtiyar müəllim də 1970-ci illərin sonlarında baş vermiş bu əhvalatı sonralar təbəssümlə xatırlayırdılar. Lakin məsələnin gülüşsüz, acı tərəfi odur ki, SSRİ-nin laxlayıb çökə bilməsi ehtimalı 1970-ci illərdə bu qədər qeyri-adi, fantastika, xülya kimi idi).

Həmin telefon söhbətindən 10 il sonra Bəxtiyarın Azərbaycanı istiqlalına çatdı. Azadlıq, müstəqilliksə heç vaxt öz-özünə, kiminsə töhfəsi kimi qızıl boşqab içərisində nazil olmur. Onun uğrunda mübarizələrə qatlaşmasan, o amalı müdam bağrının başında bəsləməsən, istiqlal gələrmi?

Bəxtiyarsa bu daşlı-kəsəkli, bəzən həyatını, bəzən azadlığını, bəzən özünün və ailəsinin bütün gələcəyini itirmək təhlükələriylə dolu yolun dönməz yolçuluğunu ilk gəncliyindən intixab etmişdi.

Daha 10 il ötdü. Sonra daha bir neçə il.

Bəxtiyarın 90-ı onsuz yetişdi, ölməz şair 100 yaşına, ondan sonrakı yuvarlaq ildönümlərinə səmt götürdü.
90-ı gələndə Bəxtiyar artıq həyatda yox idi, Şəhriyarsa ondan da əvvəl gedib.

Ancaq böyük, müqəddəs arzuları ilə bərabər ən sönməz ümidləri də insanlara yadigar qalıb.

Bu sözləri Bəxtiyar Şəhriyara və əslində, otaylı-butaylı bütün Azərbaycana söyləyirdi:

İnamdır yaşadan bizi, ey ustad,
O bizi yaşatdı, biz də arzunu.
İnsan ölməyibsə, qurtarmır həyat,
Həyatın sonudur inamın sonu.


Bəxtiyar Vahabzadə dilimizin aşiqi idi, vurğunu idi.

Bəlkə də aşiqi, vurğunu deyimlərindən daha dəqiq, əsl yerinə düşəni "Məcnunu idi" ifadəsidir. Dilimizin saflığı, qorunması, cəmiyyətdə layiq olduğu yüksək mərtəbəni tutması üçün o, ömrü boyu mübarizə apardı.
Sovet dövründə mətbu sözün xalqa çatanadək qat-qat senzuralardan keçməyə vadar olduğu çağlarda Bəxtiyar dil mübarizələrini bəzən üstüörtülü deyişlərlə, Ezop diliylə bəyan edirdi. Qanan onsuz da qanırdı, lap elə həmin yazıların nəşrinə, çapına icazə verən senzorlar da anlayırdılar. Və o çılğın vətənçi şeirlərin qarşısını almırdılar. Axı həmin senzorlar özləri də azərbaycanlı idilər.

1967-ci ildə sovet ideoloji maşınının qan-qan deyən vaxtlarında Bəxtiyar Vahabzadə "Latın dili" adlı bir ittihamnamə yazıb. Yox, buna sadəcə gözəl şeir demək yetərli deyil.

Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır.
Latın dili!
Millət ölüb, dil yaşayır.
"Ana" deyən, "torpaq" deyən,
"Vətən" deyən
yox bu dildə.
Ancaq yenə yaşar bu dil,
Sabah bizim ərzimizin
Sərhədindən o yana da
Qoşar bu dil.
Bəlkə bütün ulduzları
Gəzər bu dil.
Döyüşlərdə zəfər çalıb,
Ölən ərə bənzər bu dil.
Vətəni yox,
Milləti yox,
Yaşar özü.
Elmlərin təməlidir
əvvəl sözü, axır sözü.


Şeirin sonunda tarixin yanında guya şeirin yazıldığı yeri də nişan verir: Kasablanka. Şeirin içərisində də işarə edir ki, guya əhvalat vaqe olur uzaq Atlantika sahilində. Ancaq həmin o illərdə bu şeiri oxuyan hər azərbaycanlı gözəlcə başa düşürdü ki, burada söhbət küncə sıxışdırılmış, yüksək kürsülərə yolunu rus dilinin bağladığı azərbaycancadan gedir.

...Atlantika sahilində
Coşa-coşa
Daşa-daşa:
Mən azadam, mən xoşbəxtəm, -
Deyir natiq yad dilində.
Söylə, natiq,
İndi nəyə inanaq biz -
Qulağamı, ya gözəmi?
Əmələmi, ya sözəmi?
"Mən azadam, müstəqiləm" sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər, de, kim sənə azad deyər?
Söylə, necə azadsan ki,
Komalarda dustaq olub
ana dilin?
Böyük-böyük məclislərdən itirilib ilim-ilim.
...Sən dərdə bax,
Vətən də var,
Millət də var,
Ancaq onun dili yoxdur.
Elə bil ki,
Güzgü kimi hamar, şəffaf royalın var,
Dili yoxdur.
İndi söylə,
Hansı dilə ölü deyək?
Vətən varkən,
Millət varkən
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa uzun əsrlərdən
keçib gələn,
xalqı ölən,
özü qalan bir diləmi?


1999-cu il idi, o vaxtlar çalışdığım Bakıdakı Amerika Universitetində Azərbaycanşünaslıq lektoriyası təşkil etmişdim. Ayda bir-iki dəfə tariximizlə, milli kimliyimizlə, dilimizlə, ruhumuzla bağlı bir məruzə qoyurduq və hansısa görkəmli mütəxəssisin etdiyi o çıxışı dinləmək, müzakirələrə qatılmaqçün Azərbaycanın ən seçmə ziyalılarını dəvət edirdim.

Bəxtiyar müəllim həmin görüşlərin əksərinə təşrif gətirirdi.

Yadımdadır ki, ilk gəlişi vaxtı bir pərtlik də yaşanmışdı.

Nurəddin Rzayevlə gəlmişdi.

Universitetə vədələşdiyimiz saatdan 10-15 dəqiqə tez çatdıqlarından onları həyət qapısında qarşılamağa çıxmağımı gözləmədən özləri əraziyə daxil olublarmış və elə ilk tuş gəldikləri tələbələrin birindən soruşublarmış ki, iclasın keçiriləcəyi zal haradadır?

Uşaqlar öz aralarında ingiliscə söhbət edirlərmiş, bu da təbii idi, çünki həmin universitetdə təhsil ingiliscəydi. Üstəlik, bu tələbələrdən bir çoxu dil vərdişlərini dərinləşdirmək, mükəmməlləşdirmək üçün bir il-ilyarım ABŞ-da amerikan ailələrində yaşamışdılar.

İşin tərsliyindən Bəxtiyar müəllimin ilk rastlaşdığı, öz aralarında ingiliscə danışan bu tələbələr həm də orta məktəbin rus bölməsini bitirdiklərindən rusca onlarçün elə ana dili kimiydi. Və Bəxtiyar müəllimgil onlardan tədbirin keçirildiyi zalın yerini xəbər alanda həmin tələbələr aralarındakı ingiliscə söhbətlərini kəsərək ədəblə rusca cavab verirlər ki, düz gedin, sonra bir qədər sola burularsınız.

Bəxtiyar müəllimi od götürür və onların üstünə qışqırır ki, bu nə deməkdir, niyə öz ana dilinizi bəyənmirsiniz, nəyə görə azərbaycancaya belə alçaldıcı münasibət bəsləyirsiniz?

Uşaqlar bu gözlənilməz sərt münasibətdən çaşıb qalırlar.

Əhvalatı bir neçə dəqiqə sonra Bəxtiyar müəllim özü mənə danışdı və deyəsən, yeniyetmə tələbələrlə belə kəskin danışdığına görə peşmanlıq da keçirirdi. Qayıtdı ki, vallah, bu dil məsələsində lap xəstə kimi olmuşam, hərdən heç əsəblərimi idarə də edə bilmirəm.

Amma bu nə həmin günün əsəbi idi, nə də bundan əvvəlki 3-5 ilin hirsi. Çox illər öncə, yəqin ki, oxşar vəziyyətin yaratdığı başqa bir nigaranlıq ona bu misraları dedirtmişdi:

Bilmirsənsə dilini, sən Vətənin üzünə
istəmədən ağ oldun.
Sən özünə bir ögey, özgəyə yamaq oldun.
...Bilsən də yad dilini lap yadın özü kimi,
Səni doğma bildimi?
Bilməyib, bilməyəcək!
Ona "can, qurban" desən,
o, haqqını yeyəcək.
Ürək qızdırmayacaq sənə "özgəsən" deyə,
Sənin özününkü də satılmış biləcəkdir
qardaşını özgəyə.
...Öz doğma övladına doğma ana dilini
Öyrətməyən analar.
Bəs ana adlanmağa sizin haqqınızmı var?!
Dilinizi danırkən
özünüzü dandınız,
Ancaq bu alçaqlığı siz ucalıq sandınız.
Ey kökündən ayrılıb öz-özündən qaçaqlar,
Əmin olun,
sizi də bir zaman danacaqlar!


Müstəqillik əldə etdik, bir gəlmə dilin Azərbaycandakı bro-bro əyyamları ötüb-keçdi, ancaq bu yandan ingilis dili hər tinbaşı boy verməyə üz qoydu. Əskidən qalmış - "xaricdən gələn mal şirin olar" - şakərimizlə girəvə düşdükcə indi ingilis dilinin Azərbaycan dilindən qabağa çıxarılmasına başlandı.
Bəxtiyar yenə coşdu:

Bir zaman ruscaydı reklam işıqlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.


Bəxtiyar belə Bəxtiyar idi. O, milli dil, milli ruh məsələlərində ömrü boyu belə barışmaz, bu cür dönməz, belə güzəştəgetməz oldu.

Bəxtiyarsızıq, lakin Bəxtiyar Vahabzadənin narahat ruhu milləti ilə bir yerdədir. Dünən belə idi, indi belədir, gələcəkdə də belə olacaq. Və ən böyük dilək də odur ki, sevimli şairin Vətənə və millətə bağlı bütün ülvi arzuları parlaq bir gerçəyə dönsün, "bəxtiyar" kəlməsinin səadət siqləti yaxın bir sabahın qoynunda tam doğrulsun!

Bəxtiyarın bəxtiyar olacağı günlər Millətin və Yurdun da hər an intizarında olduğu məsud tarix anlarıdır! O əziz günlərin hökmən gələcəyinə hamıdan çox inanan elə Bəxtiyar Vahabzadənin özü idi və bu bəxtiyar gəlişin niyə labüd olduğunun səbəbini də söyləmişdi: "Axı dünya fırlanır!"../525.az/

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 3 600 | Yüklənmə tarixi: 27.01.2019 16:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031