manera.az
manera.az

Kofe - Rəvan Cavidin hekayəsi

📅 05.01.2019 14:38

Kofe - Rəvan Cavidin hekayəsi
Əslində, soyuq kofedən yazmaq mənim üçün bir az çətindir. Soyuq, buz kimi kofenin qəribə bir dadı olur. İndi o dadı xatırladım. Qoxusu da qıcqırmış tut qoxusu kimi. Əgər suda tam həll olmayıbsa, ümumiyyətlə, tamını hiss etməyəcəksiniz.

Qumlu sudu, fırlanacaq dişlərinizin arasında. Səhər oyanan kimi soyuq kofedən bir qurtum içsəniz, tualetə qaçıb hələ də udmağa ürək eləmədiyiniz o mayeni əl-üz yuyanın çanağına boşaldacaqsınız. Az qala qusasınız. Şişirtmirəm. Doğrudan da elədir. Soyuq kofe bu dünyadakı ən acı mayedi. Necə ki, vərəqlərin arasında bənövşələri qurutmağa başlayanda ilk bir həftədə dözülməz qoxu gəlir, elə iylənir soyuq kofe.

***

Şimal rayonlarından birinə iki günlük istirahətə getməyi qərara alanda dağlara çoxdan qar yağmışdı. Onsuz da dağa çıxmaq fikrim yox idi. Bu vaxtlar Qafqazda canavarın, ayının ac vaxtıdı. Duman da qatı. “Niva”lar həmişəkindən baha işləyir dağlara. Ona görə də planlamışdım ki, şəhərin mərkəzində bir hoteldə dincəlib qayıdım. Elə də etdim. Dekabrın birinci həftə sonu bel çantama kitab, qeyd dəftəri, dolma qələm, bir də fotoaparatımı yığıb axşam yola çıxan avtobusla üzü şimala yol aldım. Şimala getdikcə havada qatı duman ətrafı görünməz edirdi. Xırda yağış damcıları avtobusun pəncərəsindən yapışır, amma, küləyə gücü çatmayıb harasa uçurdu. İndi sizə başqa bir sirr də verim. Bunu deməyəcəkdim, baxıram ki, deməsəm, maraqsız olacaq. Həmin rayonda məni keçmiş sevgilim gözləyirdi. Bəli, mən iki günü onunla hoteldə keçmişdən və gələcəkdən danışmaqla, bir də sevişməklə keçirəcəkdim.

Afətlə tanış olanda o artıq ölkənin ən məşhur fotoqrafı idi. Onu məşhurluğunun səbəbi və sirri fərqliliyindəydi. Afət ölülərin şəklini çəkirdi. Günlərini morqda keçirirdi. Ölü adamların üzündəki donmuş stiuasiyaları, zamanı, mimikalarına yazılmış sonuncu qırıq cümlələri fotoaparatın obyektivində həbs edirdi. Hər gün bir neçə meyitin şəklini çəkər, sonra evində bu şəkillərdən xaliqələr yaradardı. Şəkillərini dərgilərdə, internet saytlarında görəndə sevinirdim. Əsl sənət əsərləri idi. Heç vaxt onun iş otağına girməmişdim. Nə yalan deyim, qorxurdum. Həmişə bizdə görüşərdik. Gecə yarısına qadər filmə baxar, sonra mənim yazılarıma göz atar, sonra da səhərə qədər sevişib səhərin həzin mehindən xumarlanıb yatardıq. Ondan sonra çox qızla sevgili oldum, heç biri Afət qədər məni anlaya bilmədi. Hekayələrimi yaxşı təhlil edirdi. Birinci onun fikrini alırdım. Zarafatla deyirdi ki, sən öl, sənin şəklini özüm çəkəcəyəm. Onun bu zarafatından narahat olduğumu deməliyəm. Əlləri buz kimi olurdu. Morqda işləməkdən rəngi də hərdən mənə meyit rəngini xatırladırdı. Ancaq nə bilə bilərdim ki?! Guya meyit görmüşdüm mən?... Daha bir qəribə xasiyyəti də var idi. Yatmazdan qabaq soyuq – buz kimi kofe içib yatardı. O qədər soyuq olurdu ki, Afət yox, mən içsəm, dilim ağzımdaca donardı. Hər dəfə gecədən qalmış kofeni içəndə onu xatırlayıram.

Afət özü də soyuq kofe kimi idi. Çiyinlərindən öpəndə qəribə bir qoxu dolurdu burnuma. Dərisi də bəzən acı olurdu. Buna baxmayaraq çox “peşəkar” sevişirdi. Barmaqlarını saçlarımın arxasına keçirib sinəsinə tərəf çəkməyi sevirdi. İniltisi məni daha da ehtiraslandırar, daha da hərarətlə sevişərdik. Yenə də soyuq olurdu. Hər gün bir az da ölülərə oxşamağa başlamışdı. Artıq təkcə dərisinin rəngi ilə, əllərinin soyuqluğu ilə yox, həm də dadı ilə, qoxusu ilə də mənə morqda qalaq-qalaq yığılmış insan cəsədlərini xatırladırdı. Lakin yanıla da bilərdim. Mən ki ömür boyu ölü görməmişdim.

Avtovağzalda qarşıladı. Görən kimi boynuma sarıldı, sevgili olduğumuz günlərdəki kimi bərk-bərk qucaqladı. Ovucları tərləmişdi, gözlərinin içi parıldayırdı. Məni görməyinə sevinmişdi, bunu hiss edə bilirdim. Şəhərin mərkəzinə yaxın yerləşən “AB” hotelinə yollandıq. Bizi bir otaqda yerləşdirməsi üçün hotel sahibinə balaca bir yalan da deməli olduq. Guya ər-arvadıq. İnanmadı, ancaq, pul şirin şeydi, dediyi qiymətə o dəqiqə razılaşan kimi sorğu-sualı kəsdi. Afət tez mətbəxə keçib kofe hazırladı. Yatmağa hazırlaşana qədər soyusun deyə. Mən də dəftərimi çıxarıb yol qeydlərimi yazdım. Hoteldən razı qalmışdım. İsti, komfortlu, yığcam, səliqəli.

“AB”... Qəşəng adı var hotelin - sviterini soyuna-soyuna mənə tərəf gəlirdi.
İki hərfdi də. Yəqin bayaqkı ləzginin adı ilə soyadının baş hərfləridir. Ya da oğlu və qızının da adının baş hərfləri ola bilər. Ortağının və özünün də, nə bilim. Bəlkə də su mənasında qoyublar – gözlərimi səhifədən çəkmədən ağlıma gələn bütün variantları saydım. Afət qolunu boynuma dolamışdı artıq.

“AB” Misirdə ölüm allahı Anubisin adını xatırlatdı mənə. – qulağıma pıçıldadı.
Sizə yalan deməyəcəm, yenə qorxdum. Hər dəfə Afət ölülərdən danışanda hürkürdüm. İçimə anlaşılmaz bir tədirginlik gəlirdi. Soyuq tər alnımı isladırdı. Pıçıltı ilə danışması lap məni özümdən çıxarırdı. Ölü deyəndə üzündə heç vaxt sevmədiyim acı təbəssüm yaranırdı. Kinolarda gördüyüm silsilə qətllər törədən qatillər kimi gülürdü. Hərdən onun qadın olduğuna da şübhə edirdim. Şeytan kimi toxunmağı var idi. Burnunun ucu sivri idi, bu da onu daha çox iblisə oxşadırdı. Nə isə... Təbii ki bunlar bir yazıçının təxəyyülüdü. Həm də şeytan görməmişəm axı.

Bizə nə?! – deyib dodaqlarından öpdüm.
Hoteldəki ilk gecəni sadəcə sevişməklə keçirdik.

***

Səhər mən ondan tez oyanmışdım. Yatanda rəngi-ruhu özünə gəlirdi keçmiş sevgilimin. Meyit simasından çıxırdı. Ona görə, onu yatanda izləmək mənə xoş gəlirdi. Qarşımda dümağ sifəti olan iblisə oxşayan qadın yox, saçları ipək kimi, yanaqları azca qızarmış, kirpikləri uzun, mürgülü gözəl olurdu. Burnunun da sivriliyi itib-batırdı, ya da mənə elə gəlirdi. Yadımdadır ki, həmin səhər oyananda nəfəs almaqda çətinlik çəkirdim. Ayaqlarım titrəyirdi. Sanki döşəmə bir ipdən ibarət idi və mən tualetə qədər olan yolu bu ipin üzərindən keçməliydim. Yolun yarısında yıxıldım. Başım fırlanırdı, ürəyim bulanırdı, otağın içi aptek içi kimi qoxuyurdu. Güc-bəla ilə tualetdə unitazın yanında çöməlib başımı əllərimin arasına aldım. Qusmağım gəlirdi, amma, boğazımda nəsə tıxanıb qalmışdı – qusa bilmirdim. Əllərim o qədər sürətlə əsirdi ki, indi biləklərimdən qopub yerə düşəcəyindən qorxurdum. Çoxlu səs eşidirdim, lap çox. Qonşu nömrədə çəkilən sifonun səsini belə. Onun ardınca şırıltı ilə kanalzasiya borusuna axan suyun səsini. Mənə elə gəlirdi ki, Afətin nəfəsini də eşidirəm.

Qapının arxasında kiminsə ayaq səslərinə fikrim düyünlənmişdi. Bu qədər səsin içindən ən dəqiq onu duyurdum. Afətin deyildi, kişi addımları idi. Divana tərəf gedirdi. Qalxıb qapını açmaq istəsəm də, ayaqlarım sözümə baxmadı. Tərin içində səndələyirdim. Qusa bilsəydim bir az rahatlayardım, ancaq, alınmırdı. Hər yeri bulanıq görürdüm. Nəbzim o qədər gec, eyni zamanda o qədər şiddətlə döyünürdü ki, elə bilirdim arteriya damarım biləyimin üstünə çıxıb. Əlimi unitaza söykəyib dəfələrlə qalxmağa cəhd elədim, elə bilməyin ki, ölməməyə səy göstərmirdim. Çalışırdım, ayağa durub üzümə su vurmaq istəyirdim. Alınmırdı. Mənə naməlum olan kişi otaqdan çıxırdı. Ayaqqabılarının takkıltısı qulaqlarımı cingildədirdi. Uğultunun içində ürəyim sıxılırdı. Elə bil ölürdüm, hardan bilim?! Birdən ki ölməmişdim. Bilmirdim necə olur. Yadıma təkcə bir şey düşürdü: Gecə Afətin içdiyi soyuq kofedən mənim də hazırlayıb içməyim. Adam kofedən zəhərlənməz axı. Zəhərlənsəydi, Afət çoxdan ölmüşdü. Ölü bir adam görməmişdim düzü. Bilmirəm, bəlkə ölmüşdü. İndi yeganə dərdim qusa bilməmək idi.

Bir azdan hər şey sakitləşdi. Bu vəziyyətdə olmasaydım, otaqdakı səssizlikdən diksinərdim. Nəbzim dayanmışdı. Ciyərlərimin hərəkətini hiss etmirdim. Dodaqlarımdan mayenin axdığını dərimin üşüməsindən duya bilirdim. Buz kimi bir su idi. Afətin içdiyi kofelərdən də soyuq. Hər şeyi aydın görürdüm. Gözümü qapıya zilləyib meyit kimi durmuşdum. Meyit də deyirəm, heç bilmirəm meyit necə olur. Afət əlində fotoaparat içəri girdi. Soyuq barmaqları ilə alnıma tökülən saçları sağa tərəf daradı. Ona heç nə deyə bilmirdim. Səsim də çıxmırdı. Allah kimi dinməz idim. Sakit. Afət bir neçə dəfə şəklimi çəkib qapını örtüb tualetdən çıxdı.

***

İndi Afətin iş otağında qalıram. Çölə çıxmıram. Hər səhər soyuq kofe içirəm, bir də axşam. Sonra yatıram. Mənimlə bərabər burada çoxlu adamlar var. Hamımız gün boyu yerimizdən tərpənmədən Afətin şəkilləri necə düzəltdiyinə tamaşa edirik. Mən arada belə hekayələr də qururam. Hərdən Afət kofeni bir az ilıq gətirir mənə. Bilir ki, ilıq içəndə hekayə yaza bilirəm../sim-sim.az/

MANERA.AZ


Baxış sayı - 1 462 | Yüklənmə tarixi: 05.01.2019 14:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031