manera.az
manera.az

Bizim “Yad” dilimiz

📅 20.12.2018 13:47

Bizim “Yad” dilimiz
Əvvəllər düşünürdüm ki, niyə bizim ədəbiyyatımızda Avropa və dünya səviyyəli romanlar çıxmır. Bu fikrimdə tamamilə yanılmışam. Son dönəmlər oxuduğum kitablar arasında müasir milli ədəbiyyatımızın nümunələri daha çox üstünlük təşkil etməyə başlayıb. Müasir yazıçılarımızdan seçib oxuduğum hekayələr, məqalələr, romanlar mənim qəlbimdə yenidən gələcəyə böyük bir ümid işartısı yaratdı.

Bir neçə həftə əvvəl Pərviz Cəbrayıl tərəfindən qələmə alınmış “Yad dildə” romanını oxumağa başladım. Roman haqda müxtəlif vaxtlarda olduqca müsbət fikirlər eşitmişdim və bu eşitdiyim fikirlər doğrultusunda romana marağım birə-beş artmışdı. Romanın səhifələrini çevirdikcə sonrakı səhifələrdə hansı hadisələrin olacağını səbirsizliklə gözləyirdim. Yazıçının üslubu, yaratdığı obrazlar, obrazlar arasında qurulan dialoqlar, hadisələrin cərəyan etdiyi məkanlar çox ustalıqda yaradılmışdı.

Təsvir edilən ən əsas iki məkan var. Onlardan birincisi İçərişəhər, digəri isə Bayırşəhərdir. İçərişəhərə su verilmir. İnsanlar susuzluğun gətirdiyi çətinliklərə dözməyə çalışırlar. Bayırşəhərdən İçərişəhərə giriş qadağandır. İçərişəhər polislər tərəfindən mühafizə olunur. Heç bir şəxs oraya buraxılmır. Yazıçı tərəfindən bu məkanlara verilən adlar oxucu üçün romanı bir az da sirli edir. Bu adlar bizə yad olmasa da, əslində əsər vasitəsilə yadlaşmağa başlayır.

Digər bir məqam isə su ilə bağlıdır. Belə ki, su metaforasının işlənməsi ilə bir çox mətləblər aydınlanmağa başlayır. Su bildiyimiz kimi, təmizliyin, aydınlığın, saflığın rəmzi kimi xarakterlər daşıyır. Su bütün çirkləri yuyub aparır. Oxucu romanda bunun əksini görür. Suyun olmaması ucbatından roman boyu müxtəlif obrazların çirkli işləri ortaya tökülür. Təmiz qalmaq istəyən insanlar böyük qətiyyət, iradə ortaya qoymağa məcbur olurlar.
Bundan başqa, romanda iki tərəf “Asilər” qrupu və “Xunta”nı idarə edən Polkovnik daim oxucunun diqqət mərkəzində yer alır. Polkovnik obrazı ilə əsərin əvvəlində qısa olsa da tanış ola bilirik. Özünü allah sayan Polkovnik şair olan əmisi oğlundan əsl allahın sirrini öyrənməyə çalışır. Lakin buna heç cür nail ola bilmir. Yazıçı bu obrazın həqiqi adını əsərinin sonunacan oxucu üçün gizli saxlayır. Mən bu obrazı Corc Oruellin “1984” əsərinindəki böyük qardaş ilə müqayisə edərdim. Həmin əsərdə oxucu nə qədər səy göstərsə də, böyük qardaşın var olub-olmamasını dəqiq öyrənə bilmir. Digər tərəfdə isə “Asilər” qrupunun üzvləri var ki, yazıçı bu üzvləri oxucu üçün sirlilikdən azad edir. Bu qrupda yer alan üzvlərin sıradan, adi insanlar olması oxucunun gözündə qiymətini yüksəldir.

Qrupun gizli rəhbəri Çe adında varlığı və yoxluğu dəqiq bilinməyən inqilab ruhu ilə yoğrulmuş biridir. Üzvlər onunla sadəcə internet üzərindən yazışmaq vasitəsilə əlaqə saxlaya bilirlər. Çe tərəfindən verilən tapşırıqları yerinə yetirən üzvlər mövcud rejimə qarşı savaş açırlar. Və bunun bədəlini ağır şəkildə ödəməyə məcbur edilirlər. Polislər tərəfindən ələ keçirilən qrup üzvləri saatlarca sorğuya çəkilib, işgəncəyə məruz qalırlar. Onlardan tələb edilən sadəcə bir şeydir. “Asilər” qrupunun rəhbəri Çenin əsl kimliyi və adı. Ələ keçirilən üzvlərdən hər biri onu şəxsən tanımadıqlarını, həyatda heç vaxt görmədiklərini desələr də, bu məlumatlar polisləri heç cür qane etmir. Xunta tərəfindən təkcə qrup üzvləri deyil, onların ailə üzvləri də müxtəlif yollarla ilişdirilib tələyə salınır. Və bu da mübarizənin ləngiməsinə, qrupun parçalanmasına səbəb olur.

Allah haqqında İçərişəhəri mühafizə edən əsgərlər arasında keçən maraqlı, mübahisəli dialoqlar oxucu üçün əsərin yeni qatını ortaya çıxırır və bu zaman oxucu əsəri dini cəhətdən də özü üçün sorğulamağa başlayır. Əsgərlərin səmada buludlar tərəfindən yaradılan allah sözünə oxşar təsviri telefonla lentə alması, dillərindən allah sözünün düşməməsi, allahı öz qəlblərində axtarmayıb göydə axtarmaları ironik şəkildə bizə çatdırılır. Allahın dilini anladıqlarını zənn edən əsgər və polislər xalqın dilini anlamaqda çətinlik çəkirlər. Şəhərə gələn turisti allah sayan əsgərlərin timsalında yazıçı bizə vacib bir məqamı - qurtuluşu daxildə deyil də, xaricdə axtardığımızı işarə edir.

Kirvə obrazı haqqında bir neçə fikir demək istərdim. Bu obrazın timsalında mən romanın ən talesiz, bəxtsiz, həyatı alınmayan insanını gördüm. Bir neçə il Rusiyada yaşayan Kirvə burada həyatın dibində özlərinə yer eləmiş insanlar ilə oturub-durur. Batya adında biriylə tanış olan Kirvə onunla dostlaşır. Amma bəxtsiz taleyi Kirvəni burada da buraxmır. Sahibindən əl çəkməyən it kimi bəxtsizlik də ondan heç bir vəchlə ayrılmaq istəmir. Rusiyada tanış olduğu bir fahişəni pis yoldan çəkindirən Kirvə onunla evlənir. Amma bu evlilik uzun sürmür, qız Kirvənin min bir əziyyətlə yığdığı pulları oğurlayıb aradan çıxır. Bu xəbər tezliklə yayılır. Batya və onun yanındakı insanlar Kirvəni lağ hədəfinə çevirib ona o qədər gülürlər ki, Kirvə gizlənməyə yer axtarır. Ardıcıl aldığı bu zərbələrin ucbatından yaddaşsızlıq sindromu yaşayan Kirvə Rusiyadan öz vətəninə qayıtsa da, ona elə gəlir ki, o yenə də qərib ölkədədir. Vətən anlayışının yadlaşmasını Kirvənin timsalında çox gözəl görürük. Digər məqam isə bundan ibarətdir ki, Kirvədə yaddaşsızlıq, unutqanlıq xəstəliyi ilə yazıçı xalqımızın hər şeyi tez zamanda unutmasını qabardır. Bir xalqa edilən əməllərin xalq tərəfindən unudulması qədər dəhşətli bir vəziyyət təsəvvür edilə bilməz. Unutqanlar xoşbəxtdirlər demiş Fridirix Nitsşe. Mən bu fikirlə heç vaxt razı ola bilməmişəm. Keçmişi, xatirələri, dəhşətləri unutmaq insanı xoşbəxt etsə də, onun əsl kimliyinin yox olmasına gətirib çıxarır. Unudanlardan, unutqanlardan olmayaq .

Əsər haqqında daha çox söz yazmaq, fikir söyləmək olar. Amma burada yazını bitirməyi düşünürəm. Pərviz Cəbrayılın “Yad dildə” əsərini oxumanızı istəyərdim. Belə romanları oxuyub, oxutdurub, daha böyük kütləyə çatmasına çalışmalıyıq.
Dilimizin, vətənimiz, kimliyimizin yadlaşmaması diləyi ilə.

Nəcəf Əsgərzadə
MANERA.AZ


Baxış sayı - 1 678 | Yüklənmə tarixi: 20.12.2018 13:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031