manera.az
manera.az

“Elçin. Yazıçının yaradıcılıq yolu” təqdim olundu

“Elçin. Yazıçının yaradıcılıq yolu” təqdim olundu
Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığına həsr etdiyi “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları kitabxananın nəzdində “Açıq kitabxana”da elektron kitab köşkü ilə tanış olublar.
“Elçin. Yazıçının yaradıcılıq yolu” təqdim olundu
MANERA.AZ xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb. “Xalq Yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir. Ötən əsrin 60-70-ci illərində Elçinin dadlı-duzlu, real həyatdan götürülmüş hekayələri necə oxunurdusa bu gün onun yazdığı hekayələr, romanlar, xüsusilə də tarixi romanlar eyni bir həvəslə oxucular tərəfindən sevilir”, - deyə K.Tahirov vurğulayıb.

Qeyd edib ki, Elçinin bədii yaradıcılığının janr müxtəlifliyi də onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: hekayə, povest, roman, dram və bu müxtəliflikdə aydın görünən bir özünəməxsusluq meyarı.
“Elçin. Yazıçının yaradıcılıq yolu” təqdim olundu
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son zamanlar Milli Kitabxanada keçirilən önəmli tədbirlərin təşkilindən danışıb. Qeyd edib ki, bu məkanda reallaşan kitab təqdimatları xüsusi əhəmiyyətə malikdir.

“Bu gün böyük bir alimin - Nizami Cəfərovun Xalq Yazıçısı Elçin haqqında yazdığı bu kitab görkəmli yazıçının ədəbi fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Müəllif burada yazıçının yaradıcılığını ədəbi dolğunluğu ilə təqdim edir. Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Onun obrazları hər dövr üçün aktualdır. Müəllifin yazdığı bu kitab bir daha bizə Elçinin ədəbi fəaliyyətini təhlil etməyə və onun yaradıcılığı haqqında düşünməyə istiqamət verir. Elçinin yaradıcılığı uzun illər çoxsaylı tədqiqatlar mövzusu olaraq qalacaq”, - deyə nazir söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Əlyazmalar İnstitutunun şöbə müdiri Tehran Əlişanoğlunun ədibin yaradıcılığı və yeni kitabla bağlı geniş məruzəsi dinlənilib.

Alim bildirib ki, Elçin ədəbiyyatımızın canlı klassiklərindədir. Onun haqqında yazmaq, həm də müasir, çağdaş ədəbiyyat haqqında yazmaq deməkdir. Bu monoqrafiyada yazıçının bütün yaradıcılığı təhlil olunub və yeni kontekstdən yanaşılıb. Elçinin əsərlərinin öz ahəngi və ritmi var. Müəllif kitabda yazıçının yaradıcılığını 3 mərhələdə təqdim edib - altmışlardan yetmişlərə, səksənlərdən doxsanlara və klassikin müasirliyi.

Elçinin yaradıcılığını yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Şairi Fikrət Qoca onun yaradıcılıq axtarışlarından danışıb. Görkəmli yazıçının yaradıcılığına yaxından bələd olduğunu söyləyən şair Elçini peşəkar ədəbiyyatçı kimi xarakterizə edib. O deyib ki, Elçinin ictimai-siyasi fəaliyyətlə məşğul olması onu heç zaman yaradıcılıq axtarışlarından saxlamayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirib ki, belə bir kitabın ərsəyə gəlməsi ölkəmizin ədəbi mühitində çox əlamətdar hadisədir. “Bu kitabı ədəbi nəzəriyyəçilik və ədəbi dilin işlədilməsi baxımından mühüm bir hadisə kimi qiymətləndirirəm. Kitab akademik üslubdan uzaq yaradıcı yanaşmanın məsuldur. Elçin müəllimin yaradıcılığı haqqında çox danışılıb. Onun yaradıcılığı sonsuza qədər müraciət edilməli və tədqiq olunmalı mənbədir. Bu kitab, eyni zamanda, onun yaradıcılığını yeni yanaşmada təqdim edir”,- deyə A.Məsud vurğulayıb.

Xalq Şairi Nəriman Həsənzadə qeyd edib ki, Elçin ədəbiyyatşünas, böyük alim kimi deyil, həm də ictimai xadim kimi fəaliyyəti olan ziyalıdır. Elçinin dünya səviyyəli bir yazıçı olduğuna diqqət çəkən N.Həsənzadə bildirib ki, onun yaradıcılıq təkamülünün sərhədləri sonsuzdur. Elçin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material var. Əsas mənbə onun bənzərsiz, mükəmməl və tükənməz istedadıdır.

Tədbirdə Bakı Dövlət Universitetinin professorları Təhsin Mütəllimov, Cahangir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AMEA-nın Nizami adına Əlyazmalar İnstitutunun əməkdaşı Nərgiz Cabbarova, Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək kitabın məziyyətləri, Elçinin yaradıcılığı, habelə yeni nəşrin elmi-tədqiqat mənbəyi kimi mükəmməl bir monoqrafiya olduğu barədə fikirlərini bölüşüblər.

Bütün iştirakçılara və dəyərli fikirlərə görə çıxışçılara minnətdarlığını bildirən müəllif, akademik Nizami Cəfərov deyib ki, kitab hazırlanarkən Elçinin bütün əsərlərini yenidən mütaliə edib. “Kitab yazıçı Elçin haqqındadır. Mənin üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. Ədəbiyyatımızın təəssübkeşi olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Buna ehtiyacımız var”,- deyə N.Cəfərov vurğulayıb.
“Elçin. Yazıçının yaradıcılıq yolu” təqdim olundu
Müəllifə minnətdarlığını bildirən Xalq Yazıçısı Elçin qeyd edib ki, bu kitab ədəbiyyatşünaslıq ilə tənqidin kəsişdiyi nöqtənin ifadəsidir. Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan biri kimi müəllifə xüsusi təşəkkür edirəm.

Sonda iştirakçılar Xalq Yazıçısı Elçinin kitablarından ibarət sərgi ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031